Məhkəmə qərarları › İş №1(049)-197/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-197/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-197/2023 04.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:00 xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayının əvvəllərində, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi -8,433 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 02 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin kibrit qutusunda və çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. 02 dekabr 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat qarşılığında bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana almış və üzərində saxlamışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin gün, yəni 02 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri, Ş.Zahid küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona təklif edilmişdir. O da əynindəki şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içində narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi qutunun içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr qurudulmuş marixuanadır, ona məxsusdur. Həmin kütlələri Lənkəran şəhərində yerləşən “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat qarşılığında almışdır. Təqdim etdiyim kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, mərhum oğlunun arvadı ilə birlikdə övladlarının onun himayəsində olmasını, ailənin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, polis nəfərləri Şahid2 və Şahid3 da əməliyyat tədbirinin keçirilməsində iştirak etmişlər. 02 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Kərimov X1 şəhəri, Ş.Zahid küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan kütlə təqdim etmişdir. Həmin kütləyə baxış keçirildikdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər bükümlərin çəkisinin 12,18 qram olması müəyyən edilmiş və həmin büküm ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, “kiçik bazar” ərazisində tanımadığı şəxsdən 30 manata almışdır, şəxsi istifadə üçün üzərində saxlamışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə, saat 15:00-da saxlanılmış, saat 15:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. 02 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 12,18 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, “kiçik bazar” ərazisində tanımadığı şəxsdən 30 manata almışdır, şəxsi istifadə üçün üzərində saxlamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli 19/1230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd kibrit qutusunda olan kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -8,433 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 28 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında” 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə Lənkəran ŞRPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 02 dekabr 2022-ci il tarixli ““Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. Maddi sübut kimi tanınmaq haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -8,433 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -8,413 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kərimov X1 şəhəri, Şeyx Zahid küçəsi 55 saylı evdə arvadı, gəlini və nəvələri – 2005-ci il təvəllüdlü X3 və 2007-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan nəvələrinin olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il saat tarixdək həbsdə olduğu 3 gün müddət - bir günə iki gün hesablanmaqla, 6 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 8.413 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək 3 gün şübhəli şəxs qismində tutularaq həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 6 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 8.413 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar