Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-198/2023 26.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü hissəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 may 2023-cü il tarixdə, saat 12.55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin yanvar ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq dörd ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,238 qram, 0,237 qram, 0,258 ümumi təmiz çəkisi 1,004 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 17 yanvar 2023cü il tarixdə saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Girdəni kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinin ünvanı ünvan 2 şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən isə bir ədəd işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ildə narkotik vasitədən istifadə etdiyində görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində amnistiya tətbiq edilərək cəzası 06 ay azaldılmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdığı bir neçə aydan sonra yenidən heroindən istifadə etməyə başlamışdır. Sonuncu dəfə 16 yanvar 2023-cü il tarixdə, axşam saat 20 radələrində Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 4 ədəd bükümdə heroin almış və ağrıları olan zaman qəbul etmək üçün cibinə qoymuşdur. 17 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Girdəni kəndində olan zaman polis əməkdaşları onu şöbənin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. O da əynində olan şalvarın cibində olan 4 ədəd sellofan bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Lakin həmin tərəzini ona “yükləmişlər”. Lakin bu barədə heç bir yerə şikayət etməmişdir. Əslində o, saxlanılan zaman onun üzərində tərəzi olmamışdır. Həmin tərəzini onun üzərinə polislər qoymuşlar. Təziq alıtında, eləcə də “lomka”da olduğundan müdafiəçisinin yanında həmin tərəzinində özünə məxsus olduğunu bildirmişdir. Ona sanksiya verilən zaman da, məhkəməyə tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdə “kakos “var. Şəxsi istifadəsi üçün Oruc adlı şəxsdən Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə almışdır. Elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Saxlandığı zaman və sonradan ona qarşı polislər tərəfindən zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsi özünün qismən etiraf ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlara təqsirləndirlən şəxsin narkotik vasitələrin satışı və istifadə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həta təqsirləndirlən şəxsin atası və bibisi bir necə dəfə həm rəsmi, həm də telefon vasitəsilə məlumat verərək təqsirləndirilən şəxsin narkotik vasitə əldə etmək məqsədilə onlardan pul tələb etdiklərini bildirmişlər. Buna görə də qrupun rəhbəri kimi o, qrupun üzvləri əməliyyat müvəkkilləri Məhəmməd Allahverdiyev və Şahid2 ilə bərabər 17 yanvar 2023-cü il tarixdə saat 10 radələrində təqsirləndirlən şəxsi Lənkəran rayonu Girdəni kəndində evinin qapısının yanında saxlayaraq polis şöbəsinə gətirmişlər. Saxlanıldığı vaxt təqsirləndirlən şəxs pis vəziyyətdə olmuşdur. Polis şöbəsinə onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarın cibindən dörd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd elektron tərəzi çıxararaq təqdim etmişdir. Götürülən bükümlər və elektron tərəzi zərfə qoyulub möhürlənərək qablaşdırıldıqdan sonra üstündə qeydlər aparılmışdır. Şifahi sorğu zamanı narkotik vasitəni özünün istifadəsi üçün üzərində göstərdiyini, onları Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə 20 manat qarşılığında Oruc adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə satıcıları tərəfindən aldadılmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ilə bütün istintaq hərəkəti iştirakçıları tanış olmuş və protokol onlar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman trəqsirləndirlən şəxs həmin bükümləri öz həmkəndlisindən aldığını, sonradan onunla münasibətlərini korlamamaq üçün onu Oruc adlı şəxsdən aldığını bildirmişdir. Təqsirlənmdirlən şəxsə qarşı nə fiziki, nə də ki psixiki təsir göstərməmişlər. Təqsirləndirlən şəxs sərbəst olaraq elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən ilkin çəkisi 1,13 qram olan dörd ədəd sellofan bükümdə narkotik vasitə heroin, şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və elektorn tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 19/67 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,238 qram, 0,237 qram, 0,258 ümumi təmiz çəkisi 1,004 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən götürülən elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəkilli olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat ( eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqatdan sonra heroinin qalığı 0,804 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 59 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan tələbnamədən, hökm, qərarların və Penitensiar Xidmətinin 5 saylı CÇM-nin arayışının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 03 iyun 2021-ci il hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məcəlləsinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4cü bəndi rəhbər tutularaq barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanmasıdır. Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə dörd bükümdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,238 qram, 0,237 qram, 0,258 qram, ümumi təmiz çəkisi 1,004 qram olan narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2023-cü il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin aşkar olunmuş elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə istər şəxsi axtarış zamanı verdiyi ifadəsində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həmçinin cinayət işinin materialları ilə tanış olan zamanı protokola etdiyi qeydlərdə üzərindən aşkar edilmiş narkotik vasitənin, həmçinin elektron tərəzinin ona məxsus olduğunu, lakin özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, yəni satış məqsədinin olmadığını bildirmişdir. Buna görə də məhkəmə aşkar edilmiş, dövriyyəsi qadağan olunmuş narkotik vasitənin, həmçinin elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olması hissəsində təqsirləndirilən şəxsin məhkəmə istintaqında deyil, ibtidai istintaq dövründə verdiyi ifadəsini inanadırıcı hesab edir. Məhkəmədə təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Ona qarşı psixiki təsir göstərildiyini göstərsə də bu barədə heç bir yerə şikayət etmədiyini, həmin vaxt “lomka”da olduğundan sanksiya zamanı da, məhkəməyə tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Bu hallar ona dəlalət edir ki, təqsirləndirlən şəxs heç bir təziqlə üzləşmədən sərbəst olaraq ibtidai istintaq zamanı ifadə vermiş və ondan aşkar olunmuş narkotik vasitə ilə elektron tərəzini özünə məxsus olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun üzərində elektron tərəzinin olmaması və narkotik vasitənin satış məqsədi olmadan üzərində gəzdirməsi barədə dəlilləri əsassızdır. Habelə ona qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yənin əvvəldə məhkum və yaşayış yeri üzrə mənfi xarakterizə olunduğunu, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü hissəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 234.2-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin islah olunmayaraq yenidən cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilməli və onun 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,804 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və onun 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,804 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(049)-198/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-198/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver