Məhkəmə qərarları › İş №1(049)-199/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-199/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-199/2023 30.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:55 xx xxxxxx 1986-cı ildə Lənkəran rayonunda doğulmuş, subay, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Təqsirləndirilən şəxs, qanunsuz olaraq narkotik vasitələrin satışı məqsədilə, 19 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri “böyük bazar” ərazisindən istintaqa məlum olmayan mənbədən 20 (iyirmi) manat müqabilində 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,531 qram; -0,421 qram; -0,212 qram; -0,288 qram ümumi təmiz çəkiləri -1,452 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Sütəmurdov kəndində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin bükümlərdə və çəkidə narkotik vasitə olan heroin və şalvarının sağ yan cibindən narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, iki ildir ki, narkotik vasitə olan heroindən, zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər “Su səkkiz” adlanan ərazidə Sərxan adlı şəxsdən və bir çox vaxtlarda Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən təsadüfən rastlaşaraq almışdır. 19 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri “böyük bazar” ərazisində küçədə piyada gəzdiyi zaman bir şəxslə rastlaşmışdır. Söhbət əsnasında bir-birilərinin narkoman olduqlarını bilmişlər və o, həmin şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs də ona üzərində narkotik vasitə olduğunu demiş və 20 manata 4 bükümdə narkotik maddə olan heroini ona satmışdır. Məqsədi aldığı heroini bədənində ağrılar olan zaman istifadə etmək olmuşdur. Əldə etdiyi narkotik vasitə olan 4 bükümdə heroini əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Üzərində gəzdirdiyi tərəzini də heroini çəkdikdən sonra şalvarının sağ yan cibinə qoymuşdur. 19 yanvar 2023cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən evinə piyada gedən zaman küçədə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdib edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu bildirərək, onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkil ilə təmin etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən isə istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş dörd büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş dörd büküm heroini və elektron tərəzini qablaşdırılmışdır. Narkotik vasitəni özünün istifadə üçün üzərində saxlamışdır. Elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmaması üçün üzərində gəzdirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və satması barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 19 yanvar 2023-cü il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 19 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, bölmənin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis kapitanı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Sütəmurdov kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxt yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu ŞRPŞ-yə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş dörd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə və sağ yan cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin çəkisi 1,70 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 19 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən dörd bükümdə ümumi çəkisi 1,452 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün və satmaq məqsədi ilə üzərində saxladığını və elektron tərəzini isə narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli, 19/87 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,531 qram, 0,421 qram, 0,212 qram, 0,288 qram, ümumi təmiz çəkiləri 1,452 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni, narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 80 saylı rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(049)-31/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 63 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 24 fevral 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ümumi xalis çəkisi -1,252 qram olan heroin (ilkin ümumi xalis çəkisi 1,452 qram) və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut qismində tanınaraq iş materiallarında saxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 21 yanvar 2023-cü il tarixli, 95 nömrəli arayışından görünür ki, Vəliyev X2 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov KİƏDN-nin 22 fevral 2023-cü il tarixli, 150 nömrəli arayış və həmin tarixli 06 nömrəli xasiyyətnamədən görünür ki, Vəliyev X2 rayonu Sütəmurdov kəndində anası və bacısı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,531 qram; -0,421 qram; -0,212 qram; -0,288 qram, ümumi təmiz çəkisi -1,452 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədi narkotik vasitə alanda ona çəkidə aldatmamaları barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Fərahimin Vəliyevin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,252 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 4 ədəd bükümdə 1,252 qram çəkidə narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar