Məhkəmə qərarları › İş №1(049)-2/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-2/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-2/2023 16.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 iyun 2018-ci ildə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,289 qram, 0,298 qram, 0,285 qram, 0,280 qram, 0,308 qram ümumi təmiz çəkisi-1,46 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 19 may 2021-ci il tarixdə, saat 22:50 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri “Ləvəngi” dairəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən həmin sayda narkotik vasitə heroin, sağ yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmamışdır, o, Lənkəran şəhərində Xan restoranında yemek yeyərkən polis şöbəsinə dəvət edilmiş və o, da razılaşaraq getmişdir. Onun üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilmişdir, onu döymüşlər, buna görə də verdiyi ifadələri təsdiq etmir. Məhkəmə iclasına verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan cinayət işinin 55-56-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, “2018-ci il tarixdə cəza müddəti bitdiyinə görə azadlığa çıxmışdır. Narkotik vasitə istifadəçisidir. Təxminən iki ildir ki, narkotik vasitə olan heroindən zərdə tüstüsünü iyləməklə qəbul edir. Əldə etdiyi narkotik vasitələri şəhər ərazisində tanımadığı şəxslərdən əldə edir. Bədənində narkotik vasitələrə təlabat olduğundan 18 may 2021-ci il tarixdə Lənkəran şəhərində “Böyük bazar” adlanan yerdə bir nəfər tanımadığı şəxsdən 5 bükümdə narkotik vasitə alıb 10 manat pul vermişdir. Aldığı narkotik vasitəni istifadə etməsi üçün əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. 19 may 2021-ci il tarixdə 22 radələrində Lənkəran şəhərində “Ləvəngi” dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına qarşı çıxmamış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, həmin vaxt əynində olan şalvarının sağ yan cibində olan bir sellofan bağlamada içərisində beş büküm narkotik vasitə olan heroinləri və sol yan cibində gəzdirdiyi bir ədəd elektron tərəzinin təqdim etmişdir. Həmin bükümlərin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir.” Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Patrul Xidməti Bölüyündə polis serjantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları Lənkəran ŞRPŞ-nın sabiq əməliyyatçısı Şahid1 icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış və o, da əməliyyat qrupunda iştirak etmişdir. 19 may 2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri “Ləvəngi” dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş, qollarından tutub və onu şöbəyə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibindən beş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sağ yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmiş və tərəzini aldığı narkotik vasitələrin çəkilərini bilmək üçün istifadə etdiyini demişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 оğlu cinayət işinin 83-84-cü vərəqlərində olan ifаdəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayon Şilavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Adili əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 19 may 2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri “Ləvəngi” dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşdür. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibindən beş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sağ yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir və tərəzini aldığı narkotik vasitələrin çəkilərini bilmək üçün istifadə etdiyini demişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Götürülmüş bükümlər tərəzidə çəkilmiş və çəkisi 1,66 qram olmuşdur. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X8 оğlu cinayət işinin 89-90-cı vərəqlərində olan ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları Lənkəran ŞRPŞ-nın sabiq əməliyyatçısı Şahid1 icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış və o, da əməliyyat qrupunda iştirak etmişdir. 19 may 2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri “Ləvəngi” dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş, qollarından tutub və onu şöbəyə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibindən beş bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sağ yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir və tərəzini aldığı narkotik vasitələrin çəkilərini bilmək üçün istifadə etdiyini demişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 24-26-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 19 may 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 22:50 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri “Ləvəngi” dairəsi ətrafında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibində saxladığı beş bükümdə narkotik vasitə heroin və sağ yan cibindən elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş beş bükümdə heroinin çəkisi 1,66 qram olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması barədə” 19 may 2021-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibində saxladığı beş bükümdə narkotik vasitə heroin və sağ yan cibindən elektron tərəzi aşkar olunmuşdur. Cinayət işinin 40-43-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 20 may 2021-ci il tarixli 19/442 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə aurı-ayrılıqda təmiz çəkiləri 0,289 qram; 0,298 qram; 0,285 qram; 0,280 qram; 0,308 qram ümumi təmiz çəkisi 1,46 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqat təqdim edilmiş heroinlərlə müqayisəli (eynilik) tədqiqat aparmaq mümkün olmadı. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 483 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-102-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram; 0,298 qram; 0,285 qram; 0,280 qram; 0,308 qram ümumi təmiz çəkisi 1,46 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, CD diskdə videogörüntü maddi sübut qismində tanınmış və 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram; 0,298 qram; 0,285 qram; 0,280 qram; 0,308 qram ümumi təmiz çəkisi 1,31 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 və X2 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi müayinəsi zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı eyni müdafiəçinin işitrak etməsi özülüyündə Təqsirləndirilən şəxs qeyrisəmimi ifadələrinin aşkara çıxarılmasını təmin edir. Bunlardan başqa, cinayət işinin 77-78-ci vərəqində olan və məhkəmədə elan edilməklər araşdırılmış məhkəmə tibbi ekspertizasının 22 may 2021-ci il tarixli, 354 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi onun əvvəllər məhkum edilmiş şəxs kimi hüquq mühafizə orqanlarına qarşı neqativ yanaşmasının təzahürü olmaqla bərabər gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin beş ayrı-ayrı bükümdə narkotik vasitə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində heroin izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 14-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-66-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 may 2021-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 73-76-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binqədi rayon məhkəməsinin - 26 iyul 2021-ci il tarixli, 4(001)-758/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 setyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinin 97-98-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnaməndən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qardaşı ilə birlikdə yaşayır, yaşadığı müddətdə tüfeyli həyat keçirmiş, narkotik maddələrə meyllidir. Cinayət işinin 92-93-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş müvafiq olaraq tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 09 ilə qədər artırılmış, Azərbaycan Respublikası Ali Məmkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən cəzası 08 ilə endirilmiş, xx.xx.2018ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. CM-nin 18.1-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Buna görə də təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, hazırda digər iş üzrə cəza çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 8 il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə toplanılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin hazırkı iş üzrə 19 aprel 2021-ci il tarixdə tutulmasını və barəsində həbs qətimkan tədbiri seçilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2021-ci il tarixdən hesablanmalıdır. CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 483 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomanioyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.31 qram qalıq çəkisi olan heroin və bir ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.31 qram qalıq çəkisi olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar