Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-20/2024 24.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 18:05 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə, 2022-ci ilin sentyabr ayının son günlərində, saat 18 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndində yerləşən evinin həyətində olarkən, evinin həyət qapısından təxminən 30 metr aralıda yerləşən asfalt yolun kənarında 1(bir) baş, ağ rəngli, diri çəkisi 100 kq olan erkək, albinos cinsli iribuynuzlu inəyin otladığını görüb, inəyi oğurlamaq qərarına gəlmiş və həmin tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus həmin inəyi oğurlamaqla, sonuncuya 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Boladi kəndində yaşayır. 2022-ci ilin sentyabr ayının sonlarında saat 18 radələrində yaşadığı evin həyətində olduğu zaman evin həyət qapısından təxminən 30 metr aralıda yerləşən asfalt yolun kənarında ağ rəngli bir iribuynuzlu heyvanın otladığını görmüşdür. O, həyətdən küçəyə çıxmış və həmin heyvanın diri çəkisinin təxminən 25-30 kq, ətlik çəkisinin 15-20 kq olan erkək cinsli olduğunu görmüşdür. O, həmin heyvanı 2-3 saat müşahidə etmiş və heç kimin onu aparmadığını gördükdən sonra sahibsiz olduğuna və itkin düşdüyünə əmin olmuşdur. Bundan sonra güclü yağışın başladığını gördüyü üçün həmin heyvanı həyətinə gətirməklə darvazasının yanında bağlamışdır. Bunu etməkdə məqsədi heyvanı oğurlamaq deyil, onu yağışdan qorumaq və sahibini tapmaq olmuşdur. Belə ki, uzun müddət kənddə keçirilmiş yas mərasimlərində və digər kütləvi yerlərdə 1 baş erkək cinsli iribuynuzlu heyvanı sahibsiz gördüyü üçün həyətində saxladığını bildirərək sahibini axtarmış və heyvan kimə məxsusdursa, gəlib apara biləcəyini demişdir. Lakin kənddə heç kim heyvanın kimə məxsus olmasını bilməmiş və gəlib aparan olmamışdır. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayının 14-dək heyvanı əvvəlcə həyətində, daha sonra isə ölməsin deyə tövlədə saxlamışdır. Heyvanı noyabr ayında soyuq havaya görə tövləyə salmışdır. Əgər heyvanı oğurlamaq niyyəti olsaydı, birbaşa tövlədə gizlədər, daha sonra isə satardı. Lakin onun oğurluq niyyəti olmadığı üçün heyvanı özündə saxlamış və 7 aydan çox ona qulluq etmişdir. Bu halı isə heç kimdən gizli saxlamamışdır. Heyvanı tapması ilə əlaqədar kənd icra nümayəndəliyində, kənd bələdiyyəsində və polis orqanlarında heç kəsə məlumat verməmişdir. Həmçinin öz digər heyvanlarını otlaq sahəsinə buraxsa da tapdığı həmin heyvanı tövlədə saxlamışdır. Hətta kənd caamatına məlumat verdiyi üçün iki nəfər başqa kəndlərin sakinləri ona yaxınlaşaraq özlərinə məxsus heyvanlarını itirdiklərini, onda olan inəyin həmin inək ola biləxəyini soruşmuş, o da bunu inkar etmişdir. Həmin şəxslərin kimliyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Sədaqət Fəttayev son sözün də elan edilmiş ittihamla özünü təsqirli bilmədiyini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, ailə üzvlər ilə birlikdə Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, fərdi təsərrüfatla məşğul olur və təsərrüfatında 7 baş iribuynuzlu mal heyvanları vardır. O, həmin mal heyvanlarını həyətində olan tövlədə saxlayır və ailə üzvülərinə məxsus 0,83 hektar torpaq sahəsində otarır. Onun yaşadığı ev Lənkəran rayonunun Zövlə kəndinin yaxınlığında yerləşir. Lənkəran rayonunun Boladi kəndinin ərazisi böyükdür və kəndə məxsus otlaq sahələrinin bir tərəfi Masallı rayonunun Təzəkənd kəndinin otlaq sahələri ilə sərhəddir. 2022-ci ilin sentyabr ayının axırlarında, saat 18 radələrində yaşadığı evin həyətində olduğu zaman, evin həyət qapısından təxminən 30 metr aralıda yerləşən asfalt yolun kənarında ağ rəngli bir iribuynuzlu mal heyvanının otladığını görmüşdür. O, həyətdən küçəyə çıxmış və həmin mal heyvanının təxminən diri çəkisinin 100 kq, ətlik çəkisinin 50 kq olan erkək cinsli olduğunu görmüşdür. O, həmin mal heyvanının sahibsiz olduğunu bilmiş və küçədə ətrafa baxaraq, heç kimin olmadığına əmin olduqdan sonra mal heyvanını gizlincə tutub, oğurlayaraq tövləsinə salmışdır. Bir neçə gün həmin mal heyvanını tövlədə gizlətmiş və sonra isə öz mal heyvanı kimi digər mal heyvanları ilə birlikdə otlaq sahəsinə aparıb-gətirmişdir. Sonra qərara gəlmişdir ki, həmin mal heyvanını böyüdüb sataraq qazanc əldə etsin.14 aprel 2023-cü il tarixdə, saat 16 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng gəlmiş və o, telefonu açıb zəngə cavab verərkən, hazırda adını xatırlamadığı bir nəfər şəxs Liman polis bölməsinin əməkdaşı olduğunu ona bildirmiş və onu Liman polis bölməsinə dəvət etmişdir. O da Liman polis bölməsinə getmiş və polis bölməsində ona məlum olmuşdur ki, oğurladığı həmin mal heyvanı Masallı rayonunun Təzəkənd kənd sakini Elgün adlı şəxsə məxsusdur. O, Liman polis bölməsinin işçiləri ilə birlikdə yaşadığı Boladi kəndində yerləşən evinin həyətinə getmişdir. Sonra isə həmin mal heyvanını otlaq sahəsindən gətirmək üçün idarə etdiyi motoskletlə otlaq sahəsinə getmişdir. Həmin mal heyvanını motoskletə qoyub yaşadığı evin həyətinə gətirmiş və oğurladığı həmin mal heyvanını Liman polis bölməsinin əməkdaşlarına təqdim etmişdir.Polis işçiləri həmin mal heyvanını Liman polis bölməsinə aparmışlar. O, həmin mal heyvanını oğurladığı üçün əməlindən peşmandır. O, başqa oğurluq hadisələri törətməmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Masallı rayonunun Təzəkənd kəndində tək yaşayır.Onun 2022-ci ilin sentyabr ayının son günlərinədək şəxsi təsərrüfatında iki baş iribuynuzlu inəyi olmuşdur. Həmin inəklərdən bir başı dişi, albinos cinsli ana inək, digəri isə həmin inəyin 5 aylıq balası olan erkək, albinos cinsli olmuşdur. O, həmin mal heyvanlarını həmişə yaşadığı Təzəkənd kəndi ərazisində yerləşən öruş sahəsində otarmışdır. Hərdən bir isə həmin inəkləri Lənkəran rayonunun Boladi kəndi ərazisində otarmışdır. Yaşadığı Masallı rayonunun Təzəkənd kəndi ilə Lənkəran rayonunun Boladi kəndinin ərazisində yerləşən otlaq sahələrinin bir hissəsi qonşudur. O, hər gün saat 7 radələrində həmin mal heyvanlarını aparıb otlaq sahəsinə ötürmüş, axşam saatlarında isə inəklər özləri yaşadığı evin həyətinə gəlmişlər. Hərdən bir isə özü otlaq sahəsinə gedib mal heyvanlarını yaşadığı evin həyətinə gətirmişdir. 2022-ci ilin sentyabr ayının son günlərində, saat səhər saat 7 radələrində həmin inəkləri aparıb Boladi kəndi ərazisində yerləşən otlaq sahəsinə ötürmüş və yaşadığı evə qayıtmışdır. Həmin günü axşam saatlarında dişi inək yaşadığı evin həyət qapısına gəlmiş, amma erkək cinsli inək isə gəlməmişdir. O, həmin axşam inəyini otlaq sahələrində axtarsa da tapa bilməmişdir. O, həmin vaxtı bu barədə polisə məlumat verməmişdir. Çünki fikirləşmişdir ki, özü tapar. O, itən inəyini təxminən bir ay ərzində qonşu kənd ərazilərində axtarmış, lakin tapa bilməmişdir. O, 2022-ci ilin noyabr ayının əvvəllərində appendisitdən Bakı şəhərində cərrahi əməliyyat olunmuş, özündə olan dişi inəyini də 3000 manata satıb cərrahi əməliyyatına və müalicəsinə xərcləmişdir. O, təxminən 3 ay ərzində evdən çölə çıxmamışdır. O, həmin erkək cinsli inəyini tapa bilmədiyi üçün anlamışdır ki, kimsə onu Boladi kəndi ərazisində oğurlamışdır. Buna görə də 14 aprel 2023-cü il tarixdə, saat 10 radələrində Liman polis bölməsinə getmiş və bir baş inəyinin Lənkəran rayonunun Boladi kəndi ərazisində naməlum şəxs tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Sonra isə Liman polis bölməsində izahat verdikdən sonra yaşadığı Masallı rayonunun Təzəkənd kəndinə qayıtmışdır. 15 aprel 2023-cü il tarixdə, saat 09 radələrində Liman polis bölməsinin Əzim adlı işçisi onu Liman polis bölməsinə dəvət etmiş, o da Liman polis bölməsinə gəlmiş və polis bölməsinin həyətində oğurlanmış həmin inəyini görmüşdür. Əzim adlı polis işçisi ondan «bu mal heyvanı sənindir?» soruşmuşdur. O da həmin inəyin ona məxsus olduğunu bildirmişdir. Əzim də, ona məxsus həmin mal heyvanını Boladi kənd sakini Sədaqət adlı şəxsin yaşadığı evin qarşısından keçən küçədə otladığını görüb oğurladığını bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700 manat ziyan dəymişdir. Çünki 2022-ci ilin sentyabr ayında oğurlanmış həmin mal heyvanının diri çəkisi 100 kq, ətlik çəkisi isə 50 kq olmuşdur. Həmin inək xüsusi albinos cinsli olduğu üçün bazarda başqa inəklərdən baha qiymətə satılır. Məhkəmə çıxışında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən qanuna uyğun cəza təyin olunmasını xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs bu barədə teleqramla məhkəməyə müraciət etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Lənkəran ŞRPŞnin Liman PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir, hazırda isə Masallı RPŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. o, Lənkəran rayonunun Boladi kənd sakini Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdən etibarən tanıyır. Sədaqətlə qohumluğu yoxdur, ədavəti və ziddiyəti də olmamışdır. Masallı rayonunun Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs da 14 aprel 2023-cü il tarixdən etibarən tanıyır. Elgünlə də qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Zərərçəkmiş şəxs 14 aprel 2023-cü il tarixdə, saat 10 radələrində Liman polis bölməsinə gəlmiş və bir baş, erkək cinsli inəyinin Lənkəran rayonunun Boladi kəndi ərazisində naməlum şəxs tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məxsus inəyi Lənkəran rayonunun Boladi kəndi ərazisində oğurlamış şəxsi və ya şəxsləri müəyyən edib, cinayət məsuliyyətinə cəlb etmək məqsədilə Liman polis bölməsinin rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin sahə polis rəisi, polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bu barədə tərəfindən aşkar və qeyri-aşkar qüvvələrə təlimatlar verilmiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus bir baş, erkək cinsli mal heyvanını 2022-ci ilin sentyabr ayının axırlarında Lənkəran rayonu, Boladi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından təxminən 30 metr aralıda yerləşən asfalt yolun kənarından oğurlayaraq həyətinə salmış və böyüdüb satmaq üçün hazırda tövləsində saxlayır. O, Təqsirləndirilən şəxs şübhələnib polisdən yanınmaması məqsədilə onun mobil telefon nömrəsini öyrənmiş və 14 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib onu Liman polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs də bir neçə dəqiqədən sonra Liman polis bölməsinə gəlmişdir. Liman polis bölməsində Təqsirləndirilən şəxslə baş vermiş oğurluq hadisəsi barədə müvafiq söhbətlər aparılmış və Təqsirləndirilən şəxs bir baş erkək cinsli inəyin onda olduğunu, lakin oğurlmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin inəyi polis işçilərinə təqdim edə bilər. Bundan sonra, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Mircan Quliyev və Liman polis bölməsinin polis sahə rəisi, polis kapitanı Şahid3 həmin inəyə baxış keçirimiş və Liman polis bölməsinə gətirilməsi məqsədilə Təqsirləndirilən şəxslə birlikdə Lənkəran rayonunun Boladi kəndinə getmişlər. Bir müddətdən sonra Mircan Quliyev və Şahid3, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir baş erkək cinsli mal heyvanını Liman polis bölməsinin həyətinə gətirmişlər. 15 aprel 2023-cü il tarixdə Mircan Quliyev tərəfindən Liman polis bölməsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs təqdim etdiyi inək Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş və Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin inək ona məxsusdur və 2022-ci ilin sentyabr ayının axırlarında Lənkəran rayonunun Boladi kəndi ərazisində oğurlanmış inəkdir. Məhkəmə istintaqında Şahid3 Camaləddin oğlu digər Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür.) Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvülər ilə birlikdə Lənkəran rayonunun Qumbaşı kəndində yaşayır. Masallı rayonunun Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs qonşu kənd sakini kimi tanıyır. Elgünlə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, Lənkəran rayonunun Boladi kənd sakini Təqsirləndirilən şəxs tanımır. Onun şəxsi təsərrüfatında iribuynuzlu heyvanları vardır. Həmin malları Lənkəran rayonunun Boladi kəndi və Masallı rayonunun Təzəkənd kəndi ərazisində yerləşən örüş sahələrində otarmışdır. Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən örüş sahələri ilə Masallı rayonunun Təzəkənd kəndi ərazisində yerləşən örüş sahələri qonşudur. O, Elgünlə 2021-ci il tarixdə örüş sahəsində tanış olmuşdur. Elgün də mallarını Boladi və Təzəkənd kəndi ərazisində yerləşən örüş sahələrində otarmışdır. Elgünün 2022ci ilin sentyabr ayının axırlarınadək bir baş inək və bir baş erkək cinsli dananı olmuşdur. Həmin mallar albinos cinsli olmuşdur. O, 2022-ci ilin sentyabr ayının axırlarında Elgünlə yaşadığı Qumbaşı kəndində görüşmüş və Elgün bir baş erkək, albinos cinsli inəyin axşam vaxtlarında örüş sahəsindən yaşadığı evin həyətinə gəlmədiyini və buna görə də həmin inəyi axtardığını ona bildirmişdir. O da inəyini hansı kəndin örüş sahəsinə buraxdığını Elgündən soruşmuşdur. Elgün də dünən səhər saatlarında inəklərini Boladi kəndi ərazisində yerləşən örüş sahəsinə buraxdığını ona bildirmişdir. O da Elgünə «sən inəyini Boladi kəndi ərazisində axtar, ola bilsin ki, sənin inəkyini Boladi kənd sakinlərindən kimsə oğurlamışdır» bildirmişdir. Bundan sonra Elgün ondan ayrılıb harasa getmişdir. 15 aprel 2023-cü il tarixdə, günorta saatlarında Elgünün Qumbaşı kəndində yerləşən avtobus dayanacağında durduğunu görmüş və Elgünə yaxınlaşaraq salamlaşıb görüşmüşdür. Həmin vaxtı Elgün ona, Liman polis bölməsindən gəldiyini, polis işçiləri inəyini oğurlayan şəxsi tapdıqlarını və hazırda inəyin bölmənin həyətində olduğunu bildirmişdir. O, Elgündən inəyin kimin oğurladığını soruşmuş, Elgün də inəyin Boladi kənd sakini Sədaqət adlı şəxsin oğurladığını ona bildirmişdir. Bundan sonra, o, Elgündən ayrılıb yaşadığı evə getmişdir. O, oğurlanmış inəyi Elgün otlaq sahəsində otararkən görmüş və həmin inək digər inəklərdən fərqli olmuş və cins inək olmuşdur. İnəyin qiymətini o bilmir və qiyməti qəssablar bilir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O və əri Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında saat 18 radələrində yaşadıqları evin həyətində olduqları zaman evin həyət qapısından təxminən 30 metr aralıda yerləşən asfalt yolun kənarında ağ rəngli bir iribuynuzlu heyvanın otladığını görmüşlər. Təqsirləndirilən şəxs heyvanı müşahidə etdikdən sonra yağışlı havada tələf olmasın deyə onu həyətdəki darvazanın yanında bağlamışdır. Uzun müddət heyvanın kimə məxsus olduğunu aydınlaşdırmaq və sahibinə qaytarmaq üçün hüzr mərasimlərində və kənddəki digər kütləvi yerlərdə bir baş erkək cinsli heyvanı tapdıqlarını və sahibi kimdirsə, gəlib apara biləcəyini demişlər. Onlar heyvanı həyətin yaxınlığında görən zaman həmin heyvan taqətsiz və oturaq vəziyyətdə olmuş, ayağa qalxa bilməmişdir. Bu səbəbdən ərim onu qucağında həyətə gətirmişdir. Əgər heyvan həyətə gətirilməsəydi, ölə bilərdi. Həmin heyvanı tapdıqları barədə kənd icra nümayəndəliyində, kənd bələdiyyəsində və polis orqanlarında heç kəsə məlumat verməmişlər. Məhkəmə istintaqında şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs bütün məhəllədə elan etmişdir ki, qapısına bir heyvan gəlmiş və onu tövləsində bağlamışdır. O, tapılan zaman heyvanı görmüşdür və qiyməti təxminən 200 manat olardı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirini seçilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir. «Baxış keçirilməsi haqqında» 14 aprel 2023-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonunun Boladi kəndində yerləşən fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs 1(bir) baş, ağ rəngli, erkək, albinos cinsli iribuynuzlu mal heyvanını təqdim edir və göstərir ki, o, həmin iribuynuzlu mal heyvanını 2022-ci ilin sentyabr ayının son günlərində, saat 18 radələrində yaşadığı nin həyət qapısından təxminən 30 metr aralıda olan asfalt yolun kənarında otladığını görüb, gizlincə oğurlayaraq həyətinə gətirib tövləsinə salmış və gələcəkdə böyüdüb sataraq gəlir əldə etmək istəmişdir. "xxxx" MMC-nin 15 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, təqdim olunmuş 1(bir) baş, ağ rəngli,erkək, albinos cinsli iribuynuzlu mal heyvanının 2022-ci ilin sentyabr ayının axırlarında orta bazar qiyməti 700 (yeddi yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Boladi qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Boladi kəndində yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) baş, ağ rəngli, erkək, albinos cinsli iribuynuzlu inək maddi sübut qismində tanınmışdır. xx.xx.2023 tarixli qəbzindən görünür ki, 1(bir) baş, ağ rəngli, erkək, albinos cinsli iribuynuzlu inək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, ona CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə törədilmiş əməlin cinayət olması, əməlin Təqsirləndirilən şəxs aiddiyəti, onun təqsiri tam sübuta yetirilir. Belə ki, CM-nin 177.1-ci maddəsinin dispozsiyasına və CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 1(bir) baş, ağ rəngli, diri çəkisi 100 kq olan erkək, albinos cinsli iribuynuzlu mal heyvanını tapdığını və bu barədə kənd camaatına məlumat verməsini, həmin heyvanı oğurlanmaması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, özünün və zərərçəkmiş şəxsin ibtidai istintaqda verdikləri ifadələri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X2 və X3 ifadələrinə qiymət verərək, hesab edir ki, həmin şahidlərin ifadələri Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin şahidlər Təqsirləndirilən şəxs oğurladığı heyvan barədə qeyri-müəyyən şəxsə məlumat verdiyi bildirmişlər, lakin təqsirləndirilən şəxsin həmin heyvanı tapması barədə kənd icra nümayəndəliyində, kənd bələdiyyəsində və polis orqanlarında heç kəsə məlumat vermədiklərini bildirmişlər. Digər tərəfdən həmin şahidlərin biri təsirləndirilən şəxsi arvadı, digər isə qohumudur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarlar onun CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7, 11,12, 17 və 18-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 177.1-ci maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməlin törədilməsinə görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsinin sanksiyası çərçivəsində aşağı həddə islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 17 aprel 2023-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət (həbsdə saxlanılmanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla) islah işləri cəzasının 8(səkkiz) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 1(bir) baş, ağ rəngli, erkək, albinos cinsli iribuynuzlu inəyin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində aylıq qazancının 5%-i dövlət nəfinə tutulmaqla 2(iki) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2023-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2(iki) gün müddət (1(bir) günə 4(dörd) gün hesabı ilə hesablanmaqla) ona təyin edilmiş 2(iki) ay müddətə islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancının 5%-i dövlət nəfinə tutulmaqla 1(bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut 1(bir) baş, ağ rəngli, erkək, albinos cinsli iribuynuzlu inəyin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-20/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-20/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver