Məhkəmə qərarları › İş №1(049)-203/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-203/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-203/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 7 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri «Kiçik bazar» adlanan ərazidə satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,222 qram, 0,187 qram, 0,262 qram və 0,165 qram, ümumi təmiz çəkisi - 0,836 qram olan ağ rəngli kristal formada olan eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və 13 yanvar 2023-cü il tarixdə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin günü, saat 09:20-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə və çəkidə psixotrop maddə metamfetamin və əynində olan şalvarın sağ yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evin yaxınlığında Z.Əliyeva küçəsində olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüş onun üzərinə psixotrop maddə metamfetamin və 1 ədəd tərəzi qoymuşlar. O da buna etiraz etmiş, qeyd olunanların ona məxus olmadığını bildirmişdir. Bunu dedikdən sonra polis əməkdaşları onu döymüş, qeyd olunan psixotrop maddələrin və elektron tərəzinin ona aid olmasını deməsini tələb etmişlər. O döyüləcəyindən qorxduğundan ibtidai istintaq zamanı aşkar edildiyi qeyd olunan 4 büküm metamfetaminin və 1 ədəd elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Lənkəran Rayon Məhkəməsinə gətirilmiş, qorxduğu üçün məhkəmədə də ibtidai istintaq zamanı dediklərini təkrar etmişdir. Təqsirləndirilən şəxs son sözündə 4 büküm metamfetaminin və 1 ədəd elektron tərəzinin ona məxsus olduğunu, lakin həmin psixotrop maddələri özünün istifadəsi üçün əldə etdiyi, satış məqsədinin olmadığını, buna görə də özünü qismən, yəni CM-nin 234.1ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 13 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 09 radələrində Paşayev X3 şəhəri Z.Əliyeva küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, saxlama səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Daha sonra hal şahidləri Şahid4 və Ramiz Hadiyevin, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Lənkəran ŞRPŞ-də xidməti otaqların birində fotoçəkiliş vasitəsilə, ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini, şalvarının sol yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim edərək bükümlərin içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Məhəmməd Abdullazadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 bükümdə psixotrop maddə metamfetminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,02 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün ayrı-ayrı zərflərdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən zərflərin üzərini imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr metamfetamindir, həmin metamfetaminlər və elektron özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsə 30 manat verərək almış və üzərində saxlamışdır, elektron tərəzidən narkotik vasitə alarkən qədərini bilmək, çəkidə aldatmamaları üçün üzərində saxlamışdır. Müdafiəçi İntiqam Hüseynovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmış, lakin əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 07 il 06 müddətində azadlıqdan məhrum edildiyindən və törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətdən yayınmaq üçün yalan olaraq saxlanılıb üzərində şəxsi axtarış aparılarkən və ifadələrində aşkarlanmış psixotrop maddəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs qarşı nə onun, nə də ki digər polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zor tətbiq edilməmiş, ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməsini şahidi olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, bildirmişdir ki, 13 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində olarkən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ona yaxınlaşaraq bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər vətəndaşın üstünə baxış keçirəcəklər və ona baxışda hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, Şahid2 təklifi ilə razılaşaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Şöbədə polis əməkdaşları ilə birlikdə xidməti otaqlardan birinə keçmişlər. Saat 10:20-də polis əməkdaşları müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçirmişlər. Axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 4 ədəd büküm, sağ yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Həmin bağlamalara baxış keçirilən zaman hər dörd bükümdə kristal şəkilli psixotrop maddəyə bənzər kütlələr olması müəyyən edilmişdir. Dörd ədəd aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri 1,02 qram olması məlum olmuşdur. Onların iştirakı ilə bükümlər və elektron tərəzi zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərflərin üstü imzalarla təsdiq edilmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs zərflərin üzərini imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin kütlələr psixotrop maddə olan metamfetamindir, həmin kütlələr və elektron tərəzi ona məxsusdur, həmin kütlələri Lənkəran şəhəri Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 30 manat verərək almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilməsinin, onun döyülməsinin şahidi olmamışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 4 ünvanında anası ilə birlikdə yaşayır. Fəhləlik etməklə dolanır. 13 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində olarkən sonradan adını bildiyi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ona yaxınlaşaraq bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər vətəndaşın üstünə baxış keçirəcəklər və ona baxışda hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, Şahid2 təklifi ilə razılaşaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gəlmişdir. Şöbədə polis əməkdaşları ilə birlikdə xidməti otaqlardan birinə keçmişlər. Həmin otaqda digər hal şahidi kimi dəvət olunmuş, əvvəllər tanımadığı, sonradan adını bildiyi Ramiz Hadıyevi görmüşdür. Bundan sonra polis əməkdaşları əvvəlcə onların hər ikisinə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah etmişlər. Saat 10:20-də polis əməkdaşları müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə otaqda olan əvvəllər tanımadığı, sonradan adını bildiyi ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində axtarış keçirmişlər. O, əvvəllər Təqsirləndirilən şəxs görməmişdir və tanımır. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 4 ədəd büküm, sağ yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Həmin bağlamalara baxış keçirilən zaman hər dörd bükümdə kristal şəkilli psixotrop maddəyə bənzər kütlələr olması müəyyən edilmişdir. Dörd ədəd aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri 1,02 qram olması məlum olmuşdur. Onların iştirakı ilə bükümlər və elektron tərəzi zərflərə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərflərin üstü imzalarla təsdiq edilmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs zərflərin üzərini imza etməkdən imtina etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki; üzərindən aşkar edilmiş həmin kütlələr psixotrop maddə olan metamfetamindir, həmin kütlələr və elektron tərəzi ona məxsusdur, həmin kütlələri Lənkəran şəhəri Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 30 manat verərək almışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılara və ucadan oxunmuş, heç bir etiraz və şikayət daxil olmadığından protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhəri H.Abdullayev küçəsi 11/12-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 04 ədəd bükümdə 1,02 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə və şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 04 bükümdə kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhərində, Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən fotoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 19/43 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,187 qram, 0,262 qram, 0,165 qram, ümumi təmiz çəkisi 0,836 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan 1(bir) ədəd elektron tərəzi......» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəkilində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Metamfetamindən tədqiqata 0,2 qram (hər ob 0,05 qram) istifadə edilmiş, 0,636 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut hesab edilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,836 qram metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətindən, həmçinin Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Paşayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 1 ay 20 günündən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli, 4(049)-14/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər Mənzil Təsərrufatı idarəsi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Paşayev X3 şəhəri H.Abdullayev küçəsi ev 11/12 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri anası X2 və qardaşları X6, X4 və X5 ilə birlikdə həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə ümumi təmiz çəkisi-0,836 qram olan ağ rəngli kristal formada olan eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübut, «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin onun polis əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitələrin onun üzərinə qoyulması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Evdə elektrik avadanlıqlarını təmir etməklə dolanır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə məhkum olunub 07 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. 2017-ci il tarixdə azadlığa buraxılmışdır. Bir ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Narkotik vasitələri mütəmadi istifadə etmir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində olarkən orada üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 4 bükümdə psixotrop maddə metamfetamin almışdır. Aldığı bükümləri çəkidə onu aldatmaması üçün üzərində olan elektron tərəzi ilə çəkmişdir. Həmin şəxsə ümumilikdə bükümlərə görə 30 manat pul vermişdir. Metamfetamini alıb üzərimdə saxlamışdır ki, lazım olanda istifadə edər. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evin yaxınlığında Z.Əliyeva küçəsində olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polisin nəyə görə onu saxladığını başa düşüb polis əməkdaşlarına qarşı çıxmamış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan o, özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Daha sonra otağa 2 nəfər hal şahidi gəlmiş və bundan sonra isə müdafiəçinin, polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarın sol yan cibində saxladığı 4 ədəd bükümdə psixotrop maddə metamfetamini və şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin ona məxsus olduğunu, 4 ədəd bükümün metamfetamin olduğunu, həmin bükümləri saxlanılmamışdan bir gün qabaq kiçik bazar ərazisində tanımadığı şəxsə ümumilikdə 30 manat verməklə aldığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və metamfetaminlərin çəkisi 1,02 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmişdir. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı fotoçəkilişdən istifadə edilmişdir. Lakin o, zərflərin üzərini imzalamaqdan imtina etmişdir. Müdafiəçisinin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, psixotrop maddə və elektron tərəzi ona məxsusdur, polis əməkdaşlarından şikayəti yoxdur. Narkotik vasitə və ya psixotrop maddələri adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən əldə edir. Psixotrop maddə metamfetamini əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir. Kiçik bazar adlanan ərazidə, yolun kənarında narkotik vasitələrin satışı ilə məşğul olmasını bilir. Həmin şəxs arıq, orta boylu, qaraşın, 40-45 yaşlarında birisi olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli, 4(049)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Aşkar edilmiş 4 büküm metamfetamin və 1 ədəd elektron tərəzi ona məxsusdur və onun üzərindən çıxmışdır. Metamfetamini özü satmaq üçün deyil, istifadə etmək üçün əldə etmişdir. Hər gün narkotik vasitədən istifadə edir. Polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq və təsirlər olmamışdır. Əvvəllər CM-nin 234.4.3-cü maddəsi ilə 07 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Daimi yaşayış yeri vardır. Barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs onun döyülməsi, psixotrop maddə və tərəzinin ona məxsus olmaması ilə bağlı ibtidai istintaq dövründə heç bir fikir bildirməmiş, həbs qətimkan tədbiri də seçilərkən məhkəmə bu barədə məlumat verməmişdir. Tibbi müayinə zamanı da hər hansı şikayətinin olmadığını bildirmiş və bədəni üzərində xəsarət aşkar edilməmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun polis əməkdaşları tərəfindən döyülməsi, psixotrop maddələrin və tərəzinin onun üzərinə polis əməkdaşlar tərəfindən qoyulması barədə ifadələrini inadırıcı hesab etmir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayətin residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 1 ay 20 günündən vaxtından əvvəl şərti azad edilmiş, 6 illik məhkumluğun ödənilməsi müddəti keçməmiş, yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə ki, CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, cəzanı yüngülləşdirən halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbinə uyğun olaraq CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,636 qram olan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,636 qram olan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altımış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar