Məhkəmə qərarları › İş №1(049)-203/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-203/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-203/2025 05.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 13 may 2025-ci il tarixdə, axşam saat 21 radələrində Lənkəran rayonu, Separadi kəndində yerləşən yaşadığı evin qarşısında olarkən əvvəllər aralarında münaqişələri olduğuna görə münasibət saxlamadığı həmkəndlisi Zərərçəkmiş şəxs küçə ilə piyada yeriyərək onun qarşısından keçdiyi vaxt sonuncunun yeriş tərzinə iradını bildirməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruğu ilə Zərərçəkmiş şəxs burun və sol göz nahiyələrinə zərbələr vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün yerini dəyişməyən sınığı, sol göz almasına yayılmış qansızma, sol gözaltı və burun nahiyələrində qançırlarla nəticələnən xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs ilə təxminən 2- 3 ildir ki, aralarında narazılıq vardır. Belə ki, 2 il bundan qabaq Asiman atası Rövşənin mağazasına gəlmiş, aralarında mübahisə olmuş, Asiman atasını təhqir etməyə başlamış, həmin vaxt aralarında münaqişə baş vermişdir. Asiman onları polisə vermiş və polisdə araşdırma aparılmışdır. Araşdırma nəticəsində atası Şahid4 10 gün inzibati qaydada həbs edilmişdir. Bu hadisədən sonra aralarında narazılıq yaranmışdır və bir-birilərini danışdırmırlar. 2 ildən sonra, yəni 13 may 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs həmkəndlisi Şahid1 Ramik oğlu ilə birlikdə onun evinin qarşısından keçərkən Asiman onun gözlərinin içinə baxıb guya özünü göstərirmiş kimi, yəni əllərini aralayıb “lotu”ymuş kimi yerimişdir. Asiman gözlərinin içinə baxıb ona tərs-tərs baxmışdır. Buna görə də Asimana “bir az düzgün yeri” demişdir. Asiman yenə də öz hərəkətlərinə davam etmiş və bunu bir neçə dəfə təkrarlayıb Asimana düzgün yeriməsini bildirmişdir. Bunu dedikdən sonra Asiman arxaya çevrilib “hansı p.....z, hansı cındır bu sözü dedi” deyə bildirib onu təhqir etmişdir. Asiman onu təhqir etdiyinə görə Asimanın üstünə getmiş və Asiman da onun üzərinə hücum etmişdir. Bir-biriləri ilə dalaşmağa başlamışlar. Asimanla əlbəyaxa olmuş, əlbəyaxa zamanı o və Asiman bir-birilərinə yumruq və təpiklə zərbələr vurmuşlar. Zərbələri Asimana dəyməmiş, lakin sağ əli ilə vurduğu bir yumruq zərbəsi Asimanın sol göz nahiyəsinə dəymişdir. Bundan sonra atası Şahid4 qardaşı Şahid2 ilə birlikdə dərhal yanına gəlib onları ayırmağa başlamışlar. Atası onu, qardaşı Hacı isə Asimanı ayırmağa başlayıb onları ayırmışlar. Atası Asimanı yola salmışdır ki, çıxıb getsin. Asimanın burnundan qan axmışdır. Hadisə yerindən uzaqlaşmışlar. Asimanın yanında olan Şahid1 isə onları ayırmağa köməklik etməmişdir. Zərərçəkmiş şəxs göstərdikləri həqiqəti əks etdirmir. Asiman özü onu təhqir etdiyinə görə aralarında mübahisə yaranmış və qarşılıqlı olaraq dalaşmışlar. Atası və qardaşı onları ayırmışlar. Həmin vaxt qardaşı Şahid2 Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onu söydüyünə görə qarşılıqlı dalaşmışlar. Həmin vaxt hadisə yerində atası Şahid4, qardaşı Şahid2 və Asimanın dostu Rəqibdən başqa heç kim olmamışdır. Həmin vaxt səs-küyə kənar heç kim toplaşmamışdır. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs onunla dalaşarkən xırda xəsarətlər almışdır, lakin həmin vaxt polisə şikayət etmədiyinə görə xəsarətləri sağalmışdır. Zərərçəkmiş şəxs ilə dalaşdığı zaman sağ yumruqla sol göz nahiyəsinə zərbə vurmuş və Asiman xəsarət almışdır. Həmin vaxt Asimanın burnundan qan axmışdır. Münaqişə zamanı söyüş söyməmişlər. Həmçinin hadisə yerinə başqa heç kim gəlməmiş, dalaşma qısa müddət ərzində başa çatmışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs vurmadığını, münaqişə əsnasında əlinin dəyməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət ala biləcəyini, özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə çıxışlarında isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, etdiyi əməldən peşman olduğunu, həqiqətən də münaqişə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə ilə müraciət edərək Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməyinə dair 1(049)- 157/2025 nömrəli cinayət işi üzrə özünü təqsirli bildiyini, Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında qərarının təsir dairəsinə düşdüyünün nəzərə alınmaqla cinayət işinin icraatına amnistiyanın qərarının tətbiq edilməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla valideynləri ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Belə ki, 2 il bundan qabaq Amalın atası Şahid4 mağazasına getmiş, Şahid4la zarafatı olduğuna görə zarafatlaşmağa başlamışlar. Lakin Rövşən onu təhqir etməyə başlamış və oradan uzaqlaşmışdır. Sonra çayxanaya gedib Rövşənə zəng edərək “ayıb deyil məni təhqir edirsən, bu nə hərəkətdir?” demiş, Şahid4 telefonda onu yenidən təhqir etmişdir. Həmin gün evinə qayıdarkən Şahid4 oğlanları Amal və Hacı ilə birlikdə üzərinə hücum edib təhqirlər edərək üstünə daş atmışlar. Daşlardan heç biri ona dəyməmiş və oradan qaçaraq uzaqlaşmışdır. Buna görə həmin şəxsləri polisə vermiş və polisdə araşdırma aparılmışdır. Bu hadisədən sonra aralarında narazılıq yaranmış və birbirilərini dindirmirlər. 2 ildən sonra, yəni 13 may 2025-ci il tarixdə saat 21 radələrində dostu və həmkəndlisi Şahid1 Ramik oğlu ilə birlikdə yaşadıqları kənddə yerləşən çayxanadan çıxıb küçə ilə evlərinə doğru piyada hərəkət etmişlər. Hava qaralmışdır. Təqsirləndirilən şəxs evinin yaxınlığından keçdikləri zaman Təqsirləndirilən şəxs ona söz atıb uca səslə “elə yerimə ala” demişdir. Özünü eşitməməzliyə qoyub yeriməyə davam etmişdir. 3-4 addım yerimişdir ki, Amal yenidən eyni qaydada “elə yerimə ala” demişdir. Dayanıb arxaya çevrilərək Amala “nə olub, nə deyirsən” deyə soruşmuş, Təqsirləndirilən şəxs də ona nalayiq tərzdə cavab vermişdir. Amala “get öz şərini məndən uzaq et” demiş, bunu dedikdən sonra Təqsirləndirilən şəxs qaçaraq üzərinə gəlmişdir. Arxasını Amala çevirmişdir ki, bəlkə geri qayıdar. Lakin Amal geri qayıtmayıb üzərinə doğru qaçaraq gəlməyə başlamışdır. Çevrilmək istəmişdir ki, Amal sağ yumruğu ilə onun sol göz və burun nahiyəsinə güclü zərbələr vurmuşdur. Amal dayanmayıb zərbələrinə davam etmiş, bundan sonra Amalın atası Şahid4 hadisə yerinə gəlmişdir. Həmin zaman oraya gələn Amalın qardaşı Şahid2 də onu vurmuşdur. Amalın atası Rövşən onu arxadan tutub kənara çəkmiş, burnundan qan axmış və Amal hərəkətlərinə son qoymuşdur. Dostu Raqib də qorxduğu üçün kənarda qalıb köməyə gəlməmişdir. Daha sonra oradan evə getmiş, burnundan qan axdığına görə atası onun bu vəziyyətini görüb hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Aralarında 2 il bundan qabaq olan narazılığa görə ona sataşıb döymüşdür. Səs-küyə kənar heç kim toplaşmamışdır. Həmin münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt onlara heç bir zərbə vurmamış, xəsarət yetirməmişdir. Hadisə zamanı yalnız özünü zərbələrdən qorumağa çalışmışdır. Bədəni üzərində olan xəsarətləri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində yumruqla burun və göz nahiyələrinə qəsdən zərbələr vurması nəticəsində yetirmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Amal və Şahid2 adlı 2 oğlu vardır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs ilə 2-3 ildir ki, aralarında narazılıq vardır. Belə ki, 2 il bundan qabaq Asiman onun mağazasına gəlmiş, Asimanla əvvəllər aralarında zarafat olduğundan bir-biriləri ilə zarafatlaşmışlar. Bu dəfə də Asiman onunla zarafatlaşmağa başlamışdır. Lakin Asiman onu təhqir etməyə başlamış və uzaqlaşmışdır. Asiman bu dəfə onunla zarafat yox, ciddiyyətlə söz demişdir. Sonra Asimana zəng edib nə üçün onu təhqir etməsini soruşduqda Asiman telefonda yenidən onu təhqir etmişdir. Həmin vaxt aralarında münaqişə baş vermiş və Asiman onu polisə verdiyinə görə polisdə araşdırma aparılmış və nəticədə 10 gün inzibati qaydada həbs edilmişdir. Bu hadisədən sonra aralarında narazılıq yaranmış, bir-birilərini danışdırmamışlar. 2 ildən sonra, yəni 13 may 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs həmkəndlisi Şahid1 Ramik oğlu ilə birlikdə evlərinin yaxınlığından keçərkən onlara guya özünü göstərirmiş kimi yerimişdir. Buna görə də oğlu X2 “bir az düzgün yeri" demiş, həmçinin Amal bir neçə dəfə bu sözü təkrarlamışdır. Bunu dedikdən sonra Asiman arxaya çevrilib “hansı p....z, hansı cındır bu sözü dedi” deyərək oğlu Təqsirləndirilən şəxs doğru hücum etməyə başlamışdır. Təqsirləndirilən şəxs da Asimanın üstünə getmiş və yolda dalaşmağa başlamışlar. Əlbəyaxa zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərinə yumruq və təpiklə zərbələr vurmuşdur. Buna görə oğlu Şahid2 ilə birlikdə dərhal onlara tərəf qaçmışlar ki, onları ayırsınlar. O, Təqsirləndirilən şəxs, Hacı isə Asimanı tutub ayırmağa çalışmış və onları ayırmışlar. Asimanı yola salmışdır ki, çıxıb getsin. Asimanın burnundan qan axmışdır. Onlara “sizə bu lazımdırmı?” demiş və onları hadisə yerindən uzaqlaşdırmışdır. Asimanın yanında olan Şahid1 isə onları ayırmağa köməklik etməmişdir. Zərərçəkmiş şəxs göstərdikləri həqiqəti əks etdirmir. Asiman özü onun oğlu Təqsirləndirilən şəxs söydüyünə görə aralarında mübahisə yaranmış və qarşılıqlı olaraq dalaşmışlar. O və digər oğlu Şahid2 onları ayırmışlar. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs döydüyünə görə onlar qarşılıqlı dalaşmışlar. Həmin vaxt hadisə yerində o, oğlu Şahid2 və Asimanın dostu Rəqibdən başqa heç kim olmamışdır. Həmin vaxt səs-küyə kənar heç kim toplaşmamışdır. Həmin münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Asiman oğlu Amalla dalaşmış, lakin Amalda da heç bir xəsarət yoxdur. Zərərçəkmiş şəxs həmin xəsarətləri oğlu Təqsirləndirilən şəxs onunla xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində dalaşdığı zaman almışdır. Həmin vaxt Asimanın burnundan qan axmışdır. Məhkəmə baxışında dindirilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs onun oğludur, onunla bir evdə yaşayır. Təxminən 2 il bundan qabaq oğlu Zərərçəkmiş şəxs həmkəndlisi Şahid4 və oğlanları ilə münaqişəsi olmuş, həmin vaxt Şahid4 oğlu Asimanı döydüyünə görə şöbədə araşdırma aparılmış və Şahid4 10 gün inzibati qaydada həbs edilmişdir. Həmin vaxtdan etibarən aralarında narazılıq vardır və bir-birilərini danışdırmırlar. 13 may 2025-ci il tarixdə, saat təxminən 21:30 radələrində yaşadığı evə gəldiyi zaman oğlu Zərərçəkmiş şəxs əl-üz yuyanın qarşısında burnunu tutduğunu, burnundan qan axdığını görmüşdür. Asimandan nə baş verdiyini soruşduqda Asiman ona Şahid4 küçəsindən keçərkən Təqsirləndirilən şəxs guya onun yeriş tərzinə irad bildirməsi və buna görə də aralarında yaranmış mübahisəyə görə dalaşdıqlarını, Təqsirləndirilən şəxs yumruqla Asimanın göz və burun nahiyələrinə zərbələr vurub xəsarət yetirdiyini, bundan sonra da Amalın atası Rövşən və qardaşı Şahid2 guya onları ayırmasını, lakin əksinə olaraq onların da Asimanı vurduğunu demişdir. Asimanın gözü də göyərmişdir. Buna görə də istifadəsində olan 050-670-46- 16 saylı mobil nömrə ilə “102” xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətləri Təqsirləndirilən şəxs yetirmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid - Şahid2, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 Ramik oğlunun ifadələrindən görünür ki, onlar da yuxarıda göstərilən ifadələrlə mahiyyətçə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Cinayət işi materiallarının 13-15-ci vərəqlərində olan məhkəmə iclası zamanı tədqiq edilmiş 15 may 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, hadisə yeri Lənkəran rayonu Separadi kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərək Təqsirləndirilən şəxs həmin yerdə yeriş tərzinə irad bildirməsinə görə aralarında mübahisə yaranıb dalaşdıqlarını, sonuncunun onu döyüb xəsarət yetirdiyini göstərmişdir. Cinayət işi materiallarının 16-18-ci vərəqlərində olan məhkəmə iclası zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 may 2025-ci il tarixli, 273 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerini dəyişməyən sınığı, sol göz almasına yayılmış qansızma, sol gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarının 83-85-ci vərəqlərində olan məhkəmə iclası zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 3070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçmək, idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarının 38-ci vərəqində olan məhkəmə iclası zamanı tədqiq edilmiş DİN-nin BƏSll-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarının 124-126-cı vərəqlərində olan məhkəmə iclası zamanı tədqiq edilmiş Lənkəran ŞİHB-nin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamışdır. O, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır, Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarının 20-cı vərəqində olan məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır və cinayət işi materiallarında müsbət xarakterizə olunur. Cinayət işi materiallarının 113-115-ci vərəqlərində olan məhkəmə iclası zamanı tədqiq edilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə qeyd olunan iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməllərini istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispozisiyasına görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma qeyd edilən maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5-ci hissəsinin 1ci bəndinə əsasən məhkəmələr icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5-ci hissəsinin 1-ci bəndinin, eləcə də, qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübutlar və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5-ci hissəsinin 1-ci bəndinə əsasən xitam verilsin və o, həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə mülki iddia, maddi sübutlar və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim : Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar