Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-205/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, о, 01 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində 10 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, xeyli miqdarda, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi -1,063 qram ağ rəngli kristiallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Sütəmurdov kəndində yaşadığı evinin yaxınlığında küçədə saxlanılaraq, ünvanı ünvan 2ə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bədəninin ağrısından əziyyət çəkir. Beş ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 01 aprel 2024-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Böyük bazar ərazisində əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı, üzdən tanıdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə rastlaşmış və həmin şəxsdən psixotrop maddə istəmişdir. Həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 10 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. Aldığı psixotrop maddəni əynindəki şalvarının sağ yan cibinə qoymuşdurki, bədənində ağrılar olan zaman istifadə edər. 01 aprel 2024-cü il tarixdə saat təxminən 14:10 radələrində Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən evinə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibindən istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin bir büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Psixotrop maddə olan metamfetamin qəbul etməklə cinayət törətdiyini başa düşür, o psixotrop maddələri heç vaxt satmamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 01 aprel 2024-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 01 aprel 2024-cü il tarixli əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı X1 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 14:10 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Sütəmurdov kəndində küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim еtmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı X4 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq еtmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmişdir ki, təxminən beş ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 01 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Böyük bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 (on) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq еtmişlər. İş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfərləri polis serjantı Şahid2 baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. İş üzrə 01 aprel 2024-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 01 aprel 2024-cü il tarixli, 19/305 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 1,063 qram olan ağ rəngli kristiallardan ibarət maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxildir( Siyahı İ). Metafeminin təmiz çəkisi -1,063 qram, tədqiqata sərf edilən hissəsi 0,05 qram, qalıq çəki isə 1,013 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65,0 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 04 aprel 2024-cü il tarixli, 330 saylı məhkəmənarkoloji ekspertizasının rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 01 aprel 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. 03 aprel 2024-cü il tarixli, 112 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 14:00-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2024-cü il tarixli, 320 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 (bir) ədəd bükümdə, xalis çəkisi 1,063 qram olan psixotrop maddə metafetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, xalis çəkisi 1,013 qram olan psixotrop maddə metafetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diski isə iş materiallarında saxlanılması qərara alınmışdır. İstintaq sənədlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 20 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Hüseynov X5 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay azadlıqdan məhrum edilmiş, Salyan rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixli qərarı ilə 08 ay şərti azad olunmuş, xx.xx.2016-cı ildə cəzasını tam çəkib qurtarmış, Lənkəran rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2018-ci il tarixdə vaxtından əvvəl şərti azad etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Onun az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmasından 02 il keçdiyi üçün CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş və götürülmüşdür. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 152 nömrəli, 04 aprel 2024-cü il tarixli arayışından və 07 nömrəli, 04 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Hüseynov X5 rayonu, Sütəmurdov kəndində ailə üzvləri – arvadı X2, övladları 2009-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etraf edib peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, əvvəllər eyniməzmunlu cinayət törətməyə görə 2 dəfə - hər dəfəsində məhz azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, əvvəllər törətdiyi cinayətlərə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,013 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 1,013 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-205/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-205/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver