Məhkəmə qərarları › İş №1(049)-207/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-207/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-207/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1971-ci ildə Lənkəran rayonu, Seydəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Seydəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1,054 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib özündə saxlamaqla daşımış, 02 aprel 2024-cü il tarixdə saat 20 radələrində Şirvan st. X13 Lənkəran st. X11 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, Lənkəran dəmiryol stansiyası yaxınlığında, Sahil küçəsində saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Lənkəran st. Xətt polis məntəqəsinə gətirildikdən sonra həmin gün saat 22 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd polietilen bükümdə xeyli miqdarda, yəni 1,054 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, şəxsi axtarış zamanı üzərində aşkar edilmiş psixotrop maddə onun özünə məxsus olmuşdur. Belə ki, 02 aprel 2024-cü il tarixdə Şahin adlı tanışı ona xəstə olduğunu bildirərək, dərman qəbul etmək üçün şpris alıb gətirməsini xahiş etmişdir. O, Lənkəran şəhərində yerləşən dəmir yolu vağzalının yaxınlığında həmin Şahin adlı şəxsə yaxınlaşarkən o, üzərində olan bükümü ona verərək saxlamasını xahiş etmişdir. O, da həmin bükümü alaraq saxlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar, Şahin adlı şəxsin isə çıxıb getməsinə şərait yaratmışlar. Sonradan polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Göstərilənlərə əsasən, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Lənkəran rayon Seydəkəran kəndində yaşayır. Evlidir, 3 övladı vardır. Özü narkotik vasitələrdən istifadə etmişdir. 02 aprel 2004-cü ildə saat 20 radələrində Lənkəran şəhərində Lənkəran dəmir yol stansiyasının ərazisində gəzərkən yerdən bir ədəd kibrit qutusu tapmış, kibrit qutusunu götürüb açıb içərisinə baxanda həmin qutudan səffav selofan bükümün arasında psixotrop maddə metamfetaminə oxşar kütləni görmüş və özü istifadə etmək üçün həmin qutunu əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin vaxt Lənkəran dəmir yol stansiyasının yaxınlığında yerləşən aptekdən bir ədəd birdəfəlik spris də almışdır. Həmin tapdığı metamfetamini istifadə etmək üçün yer axtararkən orada xidmət aparan Lənkəran stansiyası X11 əməkdaşları onu saxlamışlar. Həmin polislərdən birini tanımış və adının Mahir olmasını bilmişdir. Polislər ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli şəxs olduğu üçün saxladıqlarını bildirib, onu özləri ilə xidmət etdikləri məntəqəyə aparmışlar. Daha sonra ora Şirvan Stansiyası XPB-nin təhqiqatçısı Sərxan Həsənov gəlmiş və onu şübhəli şəxs qismində saxlanılmasını bildirib üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını izah etmiş və Lənkəran vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyasını təqdim etmişdir. O, öz istəyi ilə X1 dövlət hesabına ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində olan narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. O, da gödəkçəsinin sağ cibində saxladığı 1 ədəd kibrit qutusunda olan şəffav selofan bükümdə olan psixotrop maddə olan metamfetamini, 1 ədəd bir dəfəlik şprisi, üzərində olan 1 ədəd mobil telefonu , 1 manat pulu təqdim etmişdir. 1 ədəd selofan bükümdə olan psixotrop maddə elektron tərəzidə təhqiqatçı S. Həsənov tərəfindən çəkilmiş, həmin kütlənin çəkisinin 1, 22 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə olan metamfetamin təhqiqatçı Sərxan Həsənov tərəfindən bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Üzərindən aşkar edilmiş 1 manat pul və 2 qutu siqaret şəxsi axtarışdan sonra ona təhvil verilmişdir. 1 ədəd «Samsunq» markalı telefon və 1 büküm metamfetamin isə təhqiqatçı tərəfindən protokol tərtib edilməklə götürülmüşdür. Şəxsi istehlak miqdarından artıq miqdarda pisixotrop maddə üzərində gəzdirməkdə özünü təqsirli bilir. O, həmin metamfetamini özü istifadə etmək üçün gəzdirmiş, heç vaxt narkotik vasitə və psixortop maddə satışı ilə məşğul olmamışdır. O, 050 -989-64-44 nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs əlavə ifadə verib bildirmişdir ki, onun Lənkəran şəhərində yaşayan Şahin adlı bir tanışı olmuş, Şahin 02 aprel 2024-cü ildə saaat 17:10-da 051 535 82 14 nömrəli mobil nömrə ilə onun 050 989 64 44 nömrəsinə zəng etmiş, onu Lənkəran dəmir yol stansiyasının ərazisinə bir yerdə psixotrop maddə olan olan metamfetamindən istifadə etmək üçün çağırmış, ona metamfetamini olmasını və gələrkən apteklərdən birindən şpris alıb gətirməsini xahiş etmişdir. O, da taksi maşınla Şahinin olduğu yerə Lənkəran dəmir yol vağazalı tərəfə getmiş, yoldan şpris almışdır. Şahinlə görüşərkən Şahin ona bir ədəd kibrit qutusunda selofan bükümdə metafetami vermiş, özü su almaq üçün mağazaya tərəf getmiş, Şahin qayıtdıqdan sonra polislər onu tutarkən Şahin qaçıb getmişdir. Onun üzərində şəxsi axtarış aparılarkən aşkar olunaraq götürülmüş 1,054 qram çəkidə psixotrop maddəni olan metamfetamini tapmamış, Şahin adlı şəxs ona vermişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yol Nəqliyyatında Polis İdarəsi İmişli st. X14 Şirvan stansiyası X13 Ləkrəran st. X11 rəisi vəzifəsində 2021-ci ildən xidmət edir. 02 aprel 2024cü il tarixdə icratına Lənkəran rayon Seyidəkəran kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması və gəzdirməsi barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə İ. Əliyevin ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi üçün Şirvan stansiyası X13 rəisi Zahid Əliyevin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona tapşırılmışdır. Qrupun üzvləri Lənkəran st. X11 polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 ilə bir yerdə təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərini keçirmişdik. Həmin gün saat 20 radələrində qrupun üzvləri ilə bir yerdə Təqsirləndirilən şəxs Lənkəran Dəmir yol Stansiyası ərazisində saxlamışlar. Onu saxlayarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaqda şübhəli olmasını izah etmişlər. Sonra vağzala yaxın Lənkrəran st. xətt polis məntəqəsinə gətirmişlər. XPM-nə gətirildikdən sonra onun üzərində şəxsi aparılmasından ötrü toplanmış material Şirvan stansiyası X13 təhqiqatçısı polis mayoru Sərxan Həsənova təhvil verilmişdir. Xidməti iş otağında adların qeyd olunan əməliyyat qrupunun üzvləri və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində saat 22 radələrində şəxsi axtarış aparılmışdır. Şəxsi atarış apırılmazdan əvvəl Sərxan Həsənov tərəfindən Təqsirləndirilən şəxsə müdafiə huquqları izah edilmiş və onun öz istəyi ilə Lənkəran vəkil bürosunun vəkili X2 müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan əşyaları, elcədə narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif olunmuşdur. İ. Əliyev əynində olan qara rəngli gödəkçənin sağ cibindən kibrit qutusunun içərisində şəffav sellofanda bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə Təqsirləndirilən şəxs Lənkəran dəmir yol stansiyasıysının yaxınlığından Xəzər dənizinin sahilindən tapmasını bildirmişdir. Bundan başqa onun üzərində 1 ədəd «Samsunq» markalı mobil telefon da aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisinin 1,22 qram olması müəyyən edilmişdir. Həmin 1 büküm psixotrop maddə olan metamfetamin oxşar kütlə təhqiqatçı Sərxan Həsənov tərəfindən bir ədəd kağız zərfə qoyulmaqla üzəri möhürlə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür.M. Ağayev həmçinin bildirmişdir ki, o, Şahin adlı şəxsi tanımır. İlkinin Şahinlə nə kimi əlaqədə olmasını bilmir, İlkinin Şahinlə görüşərkən ondan metamfetamini almasını görməmişdir. İ. Əliyevi daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran dəmir yol vağzalı ərazisində tək olarkən saxlamışlar. İ. Əliyev tutularkən ilkin dindirmə zamanı üzərində olan psixotrop maddənin özünə aid olmasını, Xəzər dənizin kənarından tapmasını onlara bildimişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o, tək olmuşdur. Onunla birlikdə Şahin adlı şəxs saxlanılmamışdır və o, həmin şəxsi tanımamışdır. İşin məhkəmə baxışı zamanı şahidlər - Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı ifadəsi elan edilməklə tədqiq edilən şahid X7 ifadsində bildirmişdir ki, o, Lənkəran şəhəri Z.Əliyev küçəsi 78 nömrəli evin 42 nömrəli mənzilində yaşamışdır. Hazırda Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum olunmuş və 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş, cəzasını 6 saylı cəzçəkmə müəsəssində çəkir. Təqsirləndirilən şəxs 5-6 ay əvvəl tanımış, bir yerdə bir neçə dəfə pul qoyub heroin və metamfetamin alıb istifadə etmişlər. İlkin çox vaxt heroini metamfetaminlə bir yerə qatıb suda həll edib iynə ilə bədəninə vurmaqla istifadə etmişdir. Təqsirləndirilən şəxs tutulmazdan bir-iki gün əvvəl onun 51 535 8214 nömrəli telefonuna bir neçə dəfə zəng edərək metamfetamini olmasını bir yerdə istifadə etmək istədiyini bildirmişdir. Ondan heroin tapmasını və metamfetaminə qatıb istifadə etmək istədiyini bildirmişdir. 02 aprel 2024-cü ildə İlkin ona təxminin saat 16-17 radələrində zəng edib danışarkən o, İlkinə metamfetamini özü ilə götürüb gətirməsini və yoldan da şpris almasını xahiş etmişdir. İlkin yanına gəldikdən sonra onunla görüşüb dənizin sahili tərəf gedərkən «Dalğa» adlanan yeməkxanaya daxil olub sprisə su doldurüb qayıdarkən İlkini polis əməkdaşları tutmuşlar. O, polislərin İlkini tutmasını kənardan görüb qaçıb çıxıb getmişdir. İlkinin üzərindən çıxan metamfetamin İlkinin özünə məxsus olmuş, onun barəsində İlkin yalan ifadə vermişdir. O, Təqsirləndirilən şəxslə tanış olandan sonra onunla tez-tez telefonla danışmış, sox vaxt İlkin ona zəng etmiş və onu axtarmışdır. Həmişə İlkin ona zəng edib axtararkən narkotik maddə və metafemini olmasını və gəlib bir yerdə istifadə etmək istədiyini bildirmişdir. O, da İlkinin dəvəti ilə onunla görüşmüş, bir yerdə narkotik vasitədən istifadə etmişlər. Bəzən şəxsi işi ilə əlaqədar İlkinə zəng edib danışmışlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 aprel 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran st. XPM-nə gətirildikdən sonra həmin gün 22 radələrində ona üzərində qanunsuz saxladığı psixotrop maddə, habelə cinayət xarekterli əşya və predmetləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən kibrit qutusunda şəffaf selofanda saxladığı psixotrop maddə metamfetaminə bənzər kütləni çıxırıb təqdim etmişdir. Həmin kütlənin metamfetamin olmasını, Lənkəran şəhərində Xəzər dənizinin sahilindən tapmasını bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin kütlənin çəkisinin 1,22 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş və onün üzərindən 1 ədəd şpris, 1 manat pul, 2 qutu siqaret, 1 ədəd “ Samsunq” markalı mobil telefon aşkar olunmuşdur. 1 manat pul ona geri qaytarılmışdır. Keçirilmiş şəxsi axtarış videokamera vasitəsi ilə çəkilmış və videogörüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən 03 aprel 2024-cü il tarixli, 3-1-16/2-18/367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "1 /imza var/ Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdəki 1 ədəd poletilen kəsiyi bükümündə təmiz çəkisi - 1,054 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfemindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazsində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir( Siyahı İ). Metafeminin təmiz çəkisinin -1,054 qram, tədqiqata sərf edilən hissəsinin 0,05 qram, qalıq çəkinin isə 1,004 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49,74 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 05 may 2024-cü il tarixli 407 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin Tibbi-Sosial ekspert sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə sat 17:00-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,054 qram olan psixotrop maddə metafetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,004 qram olan psixotrop maddə metafetamin İmişli stansiyası X14 maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənimişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair” Məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlilliyi vardır. Lənkəran şəhər İHB-nın Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12-39/143 nömrəli 08 may 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Əliyev X5 rayonu, Seyidəkəran kəndində ailə üzvləri – həyat yoldaşı X4, övladları 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X9 və 1995-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis tərəfindən saxlanıldıqdan sonra üzərində aparılan şəxsi axtarış zamanı üzərində olan psixotrop maddənin ona məxsus olmaması, saxlanılmamışdan əvvəl Şahin adlı şəxsin həmin psixotrop maddəni ona saxlamaq üçün verdiyini və o, saxlanılarkın polis əməkdaşlarının Şahin adlı şəxsin getməsinə şərait yaratmaları barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs göstərdiyi qeyd olunan xüsusatları təsdiq etməyərək Təqsirləndirilən şəxs saxlanılarkən onun tək olduğunu, Şahin adlı şəxsi görmədiklərini və tanımadıqlarını bildirmişlər. Şahim Babayev də ibtidai istintaq zamanı dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları təkzib etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əvvəlki ifadələrində üzərindən aşkar olunan 1,054 qram çəkidə psixotrop maddə metamfetamini tapdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində uşaqlarının olmasını, 3-cü qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Seyidəkəran yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və İmişli stansiyası X15 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,004 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat qırx yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Seyidəkəran yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi naroloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və İmişli stansiyası X15 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,004 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat qırx yeddi qəpik) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar