Məhkəmə qərarları › İş №1(049)-210/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-210/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-210/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi və təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan və barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus, "VAZ 2106 minik” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə Boradigah-Lənkəran avtomobil yolunun Lənkəran rayonunun Şağlaser kəndi ərazisində keçən hissəsində Masallı rayonunun Boradigah qəsəbəsi istiqamətindən Lənkəran şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə onun hərəkətinin əksi istiqamətində hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edib təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili Şağlaser kəndi ərazisində çiskinli-yağışlı havada Boradigah qəsəbəsi istiqamətindən Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə 70-80 km/saat sürətlə idarə edərkən, yolun hərəkət hissəsi ilə onun hərəkətinin əksi istiqamətdə, yəni Lənkəran rayonu Şağlaser kəndi ərazisində Boradigah qəsəbəsi istiqamətində yolun solu ilə düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs sağ qolundan, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin alın şüşəsinin sağ tərəfi ilə Lənkəran şəhəri istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından içəriyə doğru 0,3 metr məsafədə vurmuş və nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ dirsək sümüklərinin yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Veravul kəndində yaşayır. Onun VAZ 2106 markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili və sürücülük vəsiqəsi vardır. 11 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi avtomobillə Masallı rayonunun Boradigah qəsəbəsindən çıxıb yaşadığı Lənkəran rayonu Veravul kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtı çiskinli-yağışlı hava olmuşdur. O, idarə etdiyi avtomaşınla Veravul kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə idarə etməyə başlamışdır. Şağlaser kəndi ərazisində hərəkətdə olduğu zaman təxminən 40-50 metr məsafədən Veravul kəndi istiqamətində yolun sağ hərəkət hissəsinin kənarı ilə, yəni yolun ehtiyat hissəsi ilə iki qadının piyada Boradigah qəsəbəsi istiqamətində hərəkət etdiklərini görmüşdür. O, həmin qadınların yanına çatanda, qadınlardan biri elə bil ki, nəyinsə üstündən tulanmaq istədiyindən sağ ayağını asfaltın üzərinə qoymuş və sağ qolunu açmışdır. Bu zaman idarə etdiyi avtomobilin alın şüşəsinin sağ tərəfi həmin qadının sağ qoluna dəymiş və qadın yerə yıxılmışdır. Zərbənin təsirindən maşının alın şüşəsi sınmış və şüşə qırıntıları maşının içərisinə tökülmüşdür. O, avtomobili tez saxlamış və maşında olan kişi və qadından hər hansı bir xəsarət alıb-almadıqlarını soruşmuşdur. O, tez maşından düşüb həmin qadına yaxınlaşmış və qadının yerdə oturduğunu görmüşdür. O, həmin qadından hər hansı bir xəsarət alıb-almadığını soruşmuşdur. Həmin qadın da sağ qolunun ağrıdığını ona bildirmişdir. O, həmin qadını xəstəxanaya öz maşını ilə aparmaq istəsə də, maşının alın şüşəsinin sındığı üçün fikirləşmişdir ki, bu vəziyyətdə həmin qadını xəstəxanaya apara bilməyəcəkdir. Həmin vaxtı yaxınlıqda olan mağazada işləyən bir kişi VAZ2107 markalı maşınla onların yanına gəlmiş və onlar həmin qadını maşına əyləşdirmişlər. O, həmin maşına oturmaq istəyəndə sürücü, ona "sən burada dayan, mən qadını xəstəxanaya aparacam" bildirmişdir. Bundan sonra, həmin kişi maşını sürüb getmişdir. Lakin, o, həmin yerdə qalmamış və maşınına əyləşib Şağlaser kənd xəstəxanasına getmişdir. Amma onları xəstəxanada görmədiyi üçün tanışı Cil kənd sakini Tahirə zəng edib, onu yanına çağırmışdır. Tahir onun yanına gəldikdən sonra, o, Tahirin maşını ilə Lənkəran Mərkəzi rayon xəstəxanasına gəlmişdir. Xəstəxanada VAZ 2107 markalı maşının sürücüsü ilə görüşmüş və ona məlum olmuşdur ki, həmin sürücünün adı Rəfayıldır və Rəfayıl həmin qadının qaynıdır. Həmçinin xəstəxanada ona məlum olmuşdur ki, həmin qadının adı Aynurdur və Aynurun sağ qolu sınmışdır. Təxminən 25-30 dəqiqədən sonra Lənkəran polis şöbəsinin əməkdaşları xəstəxanaya gəlmişlər və o, polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gəlmişdir. Hadisə zamanı avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışlar və ona dəyən ziyanı ödəmişdir. Bu səbəbdən xahiş edir ki, barəsində olan CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilsin. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonu Şağlaser kəndində yaşayır. O, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində əmisi Yaşarın gəlini Şehnurənin yaşadığı evə getmiş və o, Şehnurə ilə birlikdə, həmkəndlisi və qonşusu Pərvanənin atası Əliməmmədin yas mərasimində iştirak etmək üçün evdən çıxıb Boradigah istiqamətində yolun sol ehtiyat hissəsi ilə piyada mərhum Əliməmmədin evinə tərəf getməyə başlamışlar. Həmin vaxtı yağış yağdığı üçün əllərini gödəkcəsinin ciblərinə qoymuşdur. O, həmin vaxtı asfaltın kənarı ilə hərəkətdə olmuş, Şehnurə isə onun sol tərəfi ilə hərəkətdə olmuşdur. Kənd baxçasının bərabərinə çatdıqda qarşı tərəfdən Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan bir maşın onun sağ qolundan vurub, onu yerə yıxmışdır. Həmin avtomobil hadisə yerindən təxminən 10-15 metr qabağa gedib dayanmış və maşının sürücüsü maşından düşüb onun yanına gəlmişdir. Onu vuran VAZ2106 markalı maşının sonradan adını bildiyi sürücüsü Əyyub adlı şəxs ondan xəsarət alıb-almadığını soruşmuşdur. O da sağ qolunun ağrıdığını bildirmişdir. Bu zaman yolun əks tərəfində olan mağazanı işlədən qaynı Rəfayıl onların yanına gəlmiş və onu idarə etdiyi VAZ2107 markalı maşınına qoyub Şehnurə ilə birlikdə Şağlaser kənd xəstəxanasına aparmışdır. Həmin xəstəxanada ona ağrı kəsici iynə vurmuşlar və qaynı Rəfayıl həmin maşını ilə onu Lənkəran Mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onu tibbi müayinədən keçirdikdən sonra məlum olmuşdur ki, sağ qolu sınmışdır. O, hadisə zamanı VAZ2106 markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəqiq hansı sürətlə hərəkətdə olduğunu bilməmiş, amma həmin maşın təxminən 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanı tam olaraq ödənilmişdir və aralarında barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Şağlaser kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aynurun yaşadığı evlə onun yaşadığı evin araməsafəsi təxminən 80- 100 metrdir. O, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində həmkəndlisi Pərvanənin mərhum əri Əliməmmədin yas mərasiminə getmək üçün Aynurla birlikdə yaşadıqları evdən çıxıb, Şağlaser kəndi ərazisində piyada Masallı rayonunun Boradigah qəsəbəsi istiqamətində yolun sol kənarı ilə mərhum Əliməmmədin evinə tərəf getməyə başlamışlar. Həmin vaxtı yağış yağmışdır. Aynur asfalt yolun üzərində, yəni kənarı ilə hərəkət etmiş, o isə Aynurun sol tərəfində torpaq yolda hərəkət etmişdir. Bu zaman qarşı tərəfdən gələn ağ rəngli VAZ2106 markalı maşın Aynurun sağ tərəfindən vurub yerə yıxmışdır. Həmin avtomobil Lənkəran şəhəri istiqamətində təxminən 10-15 metr getdikdən sonra dayanmış və maşından düşüb onların yanına gəlmişdir. O, sonradan adını bildiyi həmin avtomobilin sürücüsü Əyyub adlı şəxslə birlikdə Aynuru yerdən qaldırıb yolun kənarında yerdə oturtmuşlar. O, tez yaxınlıqda olan mağazaya tərəf qaçmış və həmin mağazanı işlədən Aynurun qaynı Rəfayıla, Aynuru maşın vurduğunu bildirmişdir. Bundan sonra, o, qaçaraq Aynurun yanına qayıtmışdır. Rəfayıl da idarə etdiyi maşınla onların yanına gəlmişdir. X2 maşınına əyləşdirmişlər və Şağlaser kənd xəstəxanasına aparmışlar. Xəstəxanada Aynura ağrıkəsici iynə vurmuşlar və onlar X1 rayon xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Aynuru müayinədən keçirəndən sonra məlum olmuşdur ki, Aynurun sağ dirsəyi sınmışdır. Onlar xəstəxanada olarkən Əyyub da onların yanına gəlmişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri xəstəxanaya gəlmişlər və o, polis işçisinə hadisə barəsində izahat vermişdir. Bundan sonra, Əyyub polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə getmişdir. O, həmin gecəni xəstəxanada Aynurun yanında qalmış və səhərisi günü Aynurla birlikdə yaşadıqları Şağlaser kəndinə getmişlər. Baş vermiş hadisə zamanı VAZ2106 markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 70-80 km/saat sürətlə hərəkətdə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Şağlaser kəndində yaşayır. Onun yaşadığı həmin kənddə asfalt yolun kənarında yerləşən kiçik mağazası vardır və o, həmin mağazada ticarətlə məşğul olur. Zərərçəkmiş şəxs onun qardaşı Fərayilin arvadıdır. Onlar da Lənkəran rayonunun Şağlaser kəndində yaşayırlar. 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində mağazada olduğu zaman Şehnurənin onu çağırdığını eşidib mağazadan çölə çıxmış və Şehnurənin ona tərəf qaçdığını görmüşdür. Şehnurə onun yanına çatan kimi "Aynuru maşın vurub tez gəl" bildirmişdir. Şehnurə geri qayıtmış, o isə VAZ2107 markalı maşınına əyləşib Aynurun maşınla vurulduğu yerə getmişdir. Aynurun avtomobillə vurulduğu yerlə onun mağazasının araməsafəsi təxminən 35-40 metrdir. Həmin vaxtı yağış yağmış və hava qaranlıq olmuşdur. O, maşından yerə düşüb Aynurun yanına yaxınlaşmışdır. Aynurun Lənkəran şəhəri istiqamətində yolun sağ kənarında yerdə oturduğunu, Aynurun yanında da Şehnurə və adını bilmədiyi bir kişinin dayandığını görmüşdür. O,Aynurdan nə baş verdiyini soruşmuş və Aynur da ona "Şehnurə ilə birlikdə Masallı istiqamətində yolun solu ilə piyada getdiyim zaman bu kişi idarə etdiyi maşınla Masallı istiqamətindən gələrək mənim sağ qolumdan vurub yerə yıxdı" bildirmişdir. Həmin kişi də Aynurun dediklərini təsdiq etmişdir. Bundan sonra, o və Şehnurə, Aynuru yerdən qaldırıb onun maşınının arxa salonuna uzatmışlar. Sonra isə həmin kişi hadisə yerində qalmışdır. O isə maşınını idarə edərək, Şehnurə ilə birlikdə Aynuru Şağlaser kənd xəstəxanasına aparmışlar. Həmin xəstəxanada həkim Aynura ağrıkəsici iynə vurduqdan sonra, X1 rayon xəstəxanasına aparmağı məsləhət görmüşdür. Bundan sonra, o, idarə etdiyi avtomobillə X1 rayon xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Aynuru tibbi müayinədən keçirdikdən sonra məlum olmuşdur ki, Aynurun sağ dirsəyi sınmışdır. O və Şehnurə xəstəxananın binasının birinci mərtəbəsində dayandıqları zaman Aynuru avtomobili ilə vuran kişi onların yanına gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki, həmin kişinin adı Əyyubdur və o, Lənkəran rayon Veravul kənd sakinidir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri xəstəxanaya gəlmişlər və Əyyubu Lənkəran polis şöbəsinə dəvət etmişlər. Əyyub da polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə getmişdir. Aynur həmin gecəni xəstəxanada qalmış və səhərisi günü Əyyubun adını bilmədiyi qaynı Aynuru yaşadığı evə gətirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Lənkəran rayonunun Cil kəndində yaşayır. Lənkəran rayonu Veravul kənd sakini Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Əyyubla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. O, Simuzərlə ailə həyatı qurmamışdan əvvəl, arvadı Simuzər Əyyubun qonşuluğunda yaşamışdır. O, Simuzərlə ailə həyatı qurduqdan sonra Əyyubla yaxın münasibəti yaranmışdır. Əyyubun istifadəsində VAZ-2106 markalı avtomobili vardır. 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə olduğu zaman Əyyub onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək "Lənkəran rayonunun Şağlaser kəndi ərazisində maşınla adam vurmuşam, adamı Lənkəran şəhər xəstəxanasına aparıblar, maşınımın alın şüşəsi sınıb, gəl məni xəstəxanaya apar" bildirmişdir. O da idarə etdiyi Nissan Sony markalı maşını ilə yaşadığı evin həyətindən çıxıb Şağlaser kəndi ərazisinə getmiş və Əyyubun asfalt yolun kənarında dayandığını görmüşdür. O, idarə etdiyi maşını Əyyubun maşınının yanında saxlamış və maşından yerə düşüb Əyyubla görüşmüşdür. Həmin vaxtı yağış yağmışdır. O, Əyyubdan hadisənin necə baş verdiyini soruşmuşdur. Əyyub da Masallı rayonunun Boradigah qəsəbəsindən çıxıb yaşadığı Veravul kəndi istiqamətinə gələn zaman həmin yerdə qarşısına Boradigah qəsəbəsi istiqamətində yolun sol kənarı ilə piyada hərəkət edən iki qadının çıxdığını və avtomobili ilə qadınlardan birinin sağ qolundan vurduğunu, həmin qadını da həmkəndlisinin xəstəxanaya apardığını ona bildirmişdir. O, Əyyubun maşınına baxan zaman maşının alın şüşəsinin sındığını görmüşdür. Əyyub ona "sən qabaqda get, mən də sənin arxanca gəlirəm, maşını qaynım Nazimin həyətinə qoyum, sonra məni xəstəxanaya apararsan" bildirmişdir. O da Əyyubla razılaşmış və maşınının sükanı arxasına əyləşib Veravul kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Əyyub da həmin maşını ilə onun arxasınca gəlmişdir. Əyyub maşını Nazimin həyətinə qoymuş, sonra onun maşınına əyləşmişdir. Onlar Lənkəran rayon xəstəxanasına getmişlər. Onlar xəstəxanada Əyyubun maşınla vurduğu sonradan adını bildiyi Aynurun qaynı Rəfayılla görüşmüşlər və Əyyub Aynurun vəziyyətini soruşmuşdur. Rəfayıl da Aynurun sağ qolunun sındığını bildirmişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri xəstəxanaya gəlmişlər və Əyyubla söhbət etdikdən sonra Əyyubu Lənkəran polis şöbəsinə dəvət etmişlər. Əyyub da polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə getmişdir. O isə yaşadığı evə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı təyin edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 15 aprel 2024-cü il tarixli 8/891 nömrəli rəyindən görünür ki, “VAZ-2106” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomabili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 23 fevral 2024-cü il tarixli, 176 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ dirsək sümüklərinin yerini dəyişən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nın 15 aprel 2024-cü il tarixli, 3-13-16-5/2-4088/2024 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Veravul kənd sakini, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2015-ci il tarixdə "B" kateqoriyalı AE-420806 saylı sürücülük vəsiqəsi verilmişdir, sürücülük hüququndan mərhum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, VAZ- 2106 markalı avtomobili "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olub-olmamasını müəyyən etmək üçün 11 yanvar 2024-cü il tarixdə saat 22:10 dəqiqədə, o, tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmaması 11 yanvar 2024-cü il tarixli, 000076 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının 01 iyun 2024-cü il tarixli, 1868 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş xx.xx.2024 tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə yaşadığı ərazi üzrə müsbət xarakteriza olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsinə baxmayaraq məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyan tam olaraq ödənilmişdir və aralarında barışıq əldə olunmuşdur. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də ərizəni nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ixcraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsinə əsasən, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə həmin maddə ilə cinayət işinin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar