Məhkəmə qərarları › İş №1(049)-210/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-210/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-210/2025 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 16:00 xx xxxx 2002-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, xx.xx.2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi haqqında qərarla Lənkəran Rayon Məhkəməsinin 1(049)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 13 sentyabr 2025-ci il tarixdə informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə həmin gün saat 14 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialının girişində müşahidə apardığı vaxt orada quraşdırılmış "xxxx" ASC-yə məxsus təmassız oxuyucu (NFC) funksiyalı bankomatın qarşısında dayanmış, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 ondan bankomat vasitəsi ilə kart hesabından pul vəsaitinin çıxarılmasında köməklik etməsini xahiş etdiyinə görə yaxınlaşaraq, sonuncunun adına olan, özündə şəxs və onun bank hesabında olan pul vəsaiti haqqında məlumatları əks etdirdiyinə, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti olduğuna görə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 4433 5103 hesab nömrəli plastik kartı ələ keçirərək, kartı bankomatın təmassız oxuyucu (NFC) funksiyasına yaxınlaşdırıb, kartın identifikasiya nömrəsini (pin kodu) Zərərçəkmiş şəxs2 öyrənərək, bankın kompüter sisteminə daxil olmaqla, hesabdakı pulun 1550 manat olduğunu görüb, guya hesabdan yalnız 1000 manat çıxara biləcəyini bildirərək, həmin məbləği çıxarıb sonuncuya təqdim etməzdən əvvəl Zərərçəkmiş şəxs2 görmədiyi şəraitdə ona məxsus plastik kartı yenidən bankomatın təmassız oxuyucu (NFC) funksiyasına yaxınlaşdırıb, kartı 1000 manat pul ilə birlikdə təhvil verdikdən və Zərərçəkmiş şəxs2 bankomatın qarşısından uzaqlaşdıqdan sonra bankomatın klaviaturasında kartın identifikasiya nömrəsini (pin kodu) yenidən yığaraq, bankın kompüter sisteminə daxil olmaqla, bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edərək, hesabda qalan, Zərərçəkmiş şəxs2 məxsus 540 (beş yüz qırx) manat məbləğində pul vəsaitini çıxararaq informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 sentyabr 2025-ci il tarixdə informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə həmin gün saat 18 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialının girişində müşahidə apardığı vaxt orada quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatlardan birinin qarşısında dayanıb bankomat vasitəsi ilə kart hesabından pul çıxarmaq əməliyyatını aparan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 arxasında dayanıb əl hərəkətlərini diqqətlə izləyərək kartın identifikasiya nömrəsini (pin kodu) öyrəndikdən və hesabda 1750 manat pulun olduğunu gördükdən sonra Zərərçəkmiş şəxs1 bankomatda xırda pul əskinasları qalmadığına görə əməliyyatı yarımçıq dayandıraraq təmassız oxuyucu (NFC) funksiyalı digər bankomatın qarşısına keçib, bankomat vasitəsi ilə kart hesabından pul vəsaitinin çıxarılması əməliyyatına başlayarkən, həmin bankomatda da, xırda nominallı pul əskinaslarının qalmadığını görüb, əməliyyatı sonlandırmadan bankomatın qarşısından uzaqlaşdıqda, dərhal həmin bankomatın qarşısına keçərək, Zərərçəkmiş şəxs1 adına olan, özündə şəxs və onun bank hesabında olan pul vəsaiti haqqında məlumatları əks etdirdiyinə, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti olduğuna görə elektron məlumat daşıyıcısı hesab edilən 4269 7388 4511 8466 hesab nömrəli plastik kartın yadında saxladığı identifikasiya nömrəsini (pin kodu) bankomatın klaviaturasında yığaraq, bankın kompüter sisteminə daxil olmaqla, bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edərək, hesabdan Zərərçəkmiş şəxs1 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini çıxararaq təkrar informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 sentyabr 2025-ci il tarixdə informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə həmin gün saat 15:50 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialının girişində müşahidə apardığı vaxt orada quraşdırılmış "xxxx" ASC-yə məxsus təmassız oxuyucu (NFC) funksiyalı bankomat vasitəsi ilə kart hesabından pul vəsaitinin çıxarılması əməliyyatını aparan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 arxasında dayanıb baxarkən hesabda 1008 manat pulun olduğunu gördükdən sonra həmin məbləği nağdlaşdıra bilməyən Zərərçəkmiş şəxs3 pulun hesabdan hissə-hissə çıxarmasını məsləhət gördüyü üçün köməkliyi ilə sonuncu özündə şəxs və onun bank hesabında olan pul vəsaiti haqqında məlumatları əks etdirdiyinə, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti olduğuna görə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 9025 2269 hesab nömrəli plastik kartın identifikasiya nömrəsini (pin kodu) bankomatın klaviaturasında yığaraq, bankın kompüter sisteminə daxil olmaqla, bankomat vasitəsi ilə plastik kartın hesabından 2 dəfəyə 500 manat və 300 manat pulu çıxardıqdan sonra qalan məbləği ələ keçirmək məqsədi ilə təklifi ilə Zərərçəkmiş şəxs3 kartı yenidən bankomatın təmassız oxuyucu (NFC) funksiyasına yaxınlaşdırıb bankomatın klaviaturasında kartın identifikasiya nömrəsini (pin kodu) yenidən yığaraq, bankın kompüter sisteminə daxil olmaqla, qalan 200 manat pulu nağdlaşdıra bilmədiyinə görə əməliyyatı sonlandırmadan bankomatın qarşısından uzaqlaşdıqda, dərhal həmin bankomatın qarşısına keçərək, əməliyyatı davam etdirib bankomat vasitəsi ilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edərək, hesabdan Zərərçəkmiş şəxs3 məxsus 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaitini çıxararaq təkrar informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran rayonun Nərimanabad qəsəbəsində anası Əliyeva Nailə ibrahim qızı ilə birlikdə yaşayır. Atası 3 il öncə vəfat etmişdir. Ondan başqa ailədə böyük qardaşı Orxan ailəsi ilə birgə onlardan ayrı yaşayır. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Vətən mühribəsinin iştirakçısı və Suqovuşanın azad olunmasına görə medalları vardır. Hər ay 80 manat təqaüd alır. O təqaüdünü X6 filialında və həmçini həmin banka məxsus bankomatlardan çıxarıb əldə edir. 13 sentyabr 2025-ci il tarixdə təxminən günorta saatlarında, 14 radələrində Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən "xxxx" ASC-nin Lənkəran filialının qarşısına gələrək müşahidələr aparmağa başlamışdır. Bu zaman sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi qadın, ondan kart hesabından pul çıxarılmasını istəmişdir. O, “NFC” təmassız oxuyucusunun mövcud olduğu bankomatın qarşısında olmuşdur. Ondan plastik kartı almış və NFC-yə yaxınlaşdırmışdır. Zərərçəkmiş şəxs2 kartının pin kodunu öyrənmiş və yazmışdır. Sistem açılmış kart hesabında 1550 manat olduğunu göstərmişdir. İlk olaraq həmin hesabdan 1000 manat pul çıxarmışdır. Plastik kart hələ də onda olmuş, həmin plastik kartı yenidən Zərərçəkmiş şəxs2 görmədiyi vaxt NFC-yə yaxınlaşdırmışdır. Zərərçəkmiş şəxs2 isə qalan 550 manatı çıxarmaq mümkün olmadığını bildirmiş, o da heç bir şey deməmiş və plastik kart ilə 1000 manatı ,Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Sistem açılmış və pin kodu daxil etmək kifayət etmişdir ki, yenidən kart hesabına daxil olsun. Zərərçəkmiş şəxs2 oradan uzaqlaşan kimi o pin kodu yenidən yığmış və kart hesabından 540 manat pulu məxaric edərək, oradan uzaqlaşmışdır. Həmçinin, 15 sentyabr 2025-ci il tarixdə də saat təxminən 18 radələrində yenidən eyni yerdə Lənkəran şəhəri M.Nəsirli küçəsində yerləşən "xxxx" ASC-nin Lənkəran filialının qarşısında olarkən sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyim şəxs NFC təmassız oxuyucusunun olduğu bankomatın qarşısına keçmişdir. Bu zaman o, plastik kartı NFC təmassız oxuyucusuna yaxınlaşdırmış, sistem açılmış və pin kodu daxil etmişdir, o da yığdığı pin kodu görmüşdür. O sistemə daxil olduqdan sonra çıxarmaq istədiyi məbləği daxil etmiş və yenidən istədiyi pul əskinasları olmadığı üçün sistemi sonlandırmadan oradan uzaqlaşmış, artıq bu zaman yenidən pin kodu yığmaq bəs etmişdir ki, hesaba daxil olsun və pul məxaric etsin və belə də etmişdir. Zərərçəkmiş şəxs1 artıq oradan uzaqlaşan kimi pin kodu yığmış və hesaba daxil olmuşdur. Hesabda 1750 manat pul olmuşdur. O həmin puldan 750 manat məxaric etmiş və oradan uzaqlaşmışdır. Daha sonra 20 sentyabr 2025-ci il tarixdə təxminən 16 radələrində yenidən eyni yerdə müşahidələr aparırmışdır. Bankomatın qarşısında yalnız bir nəfər var olmuş, o da adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 olmuşdur. Zərərçəkmiş şəxs3 ilk öncə NFC oxuyucusu olmayan bankomatın qarşısında olmuş və pulu çıxarmağında nəsə problem yarandığını görmüşdür. Bu zaman ona yaxınlaşmış və məxaric etmək alınmırsa bunu digər bankomatda yoxlaya biləcəyini demişdir və Zərərçəkmiş şəxs3 NFC oxuyucusu olan bankomata yaxınlaşmışdır. O arxada qalmışdır və əl hərəkətləri ilə onu başa salmışdır. Kart hesabında 1008 manat məbləğ olmuşdur. Zərərçəkmiş şəxs3 1000 manat pulu məxaric etmək istəmiş, lakin edə bilmirmiş, o ona hissəli şəkildə pulu çıxarmağı təklif etmiş və o ilk öncə 500 manat daha sonra isə 300 manat pulu kart hesabından məxaric etmişdir. Daha sonra isə o, qalan 200 manatı çıxara bilməmiş, çünki tutulacaq faiz məbləği Zərərçəkmiş şəxs3 tərəfindən nəzərə alınmamışdır. İmtina gəldikdən sonra, həmin şəxs tələsdiyi üçün sistemdən çıxış etmədən oradan ayrılmış, əməliyyata davam etmək üçün pin kodu yığmaq kifayət etmişdir. O da pin kodu artıq öyrəndiyi üçün Kamal oradan ayrıldıqdan sonra pin kodu dərhal yığmış və kart hesabından 195 manat pul məxaric edib götürmüş və oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində ən yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ali təhsillidir, hazırda təqaüdçüdür. Təqaüdünü "xxxx"-dan alır. Bundan əlavə "xxxx" a məxsus özünə aid “birbank” kartı vardır. Həmin karta bəzən pul köçürür. 15 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində özünə məxsus birbank kartında olan pulu məxaric etmək üçün "xxxx"ın Lənkəran filialının qarşısında yerləşən bankomata getmişdir. Saat 17:26 radələrində bankomata yaxınlaşmışdır. Həmin vaxt bankomatın yanında bir-iki nəfər şəxs olmuşdur. O həmin birbank kartını bankomata daxil etmişdir. Həmin vaxt ekranda 10,20 manatlıq əskinasların olmadığı göstərilmişdir. O, həmin vaxt kartdan 216 manat məxaric etmək istəmişdir. Bankomatda 10 və 20 manatlıq əskinaslar olmadığı üçün bundan imtina etmişdir. Bundan sonra digər bankomata yaxınlaşmışdır. Orada artıq kartı fiziki yolla bankomata daxil etməmiş, bankomatın üzərində olan təmassız oxuyucu olan hissəyə yaxınlaşdırıb uzaqlaşdırmış və sistem açılmışdır. Həmin vaxt kartında 1750 manat pul olmuşdur. O, bankomatda əməliyyatları icra edərkən yanında bir nəfər 20-25 yaşlarında kişi cinsli şəxs olmuşdur. Həmin şəxs ona baxmış, lakin kömək etməmişdir. Həmin bankomatda da 10 və 20 manat əskinaslar olmadığı üçün o fikirli olduğu üçün sistemdən çıxış etməyi unudub, dərhal oradan uzaqlaşmışdır. Oradan çıxıb Lənkəran şəhəri Xan evinin qarşısında yerləşən “Rahat market”in yanındakı bankomata getmişdir. Orada kartını bankomata daxil etmişdir. Saat 17:33 radələri olmuşdur. Kartı bankomata daxil etmiş və hesabdan birinci dəfə 216 manat, daha sonra 86 manat pul çıxarmışdır. Bundan sonra hesabında 698 manat qaldığını görmüşdür. Halbuki hesabda 1448 manat qalmalı idi. Hesabından 750 manat çıxarıldığını başa düşmüş, telefonuna 17:27-də kartından 750 manat çıxarılması ilə bağlı mesaj gəlmişdir. X6 filialının qarşısında olan bankomatdan pulun çıxarıldığını dərhal başa düşmüşdür. Çünki 17:26-da o, kartı bankomata daxil etmiş və orada 10 və 20 manat əskinaslar olmadığı üçün kartı götürüb oradan uzaqlaşanda artıq saat 17:27-də 750 manat pul oradan çıxarılmışdır. O, "xxxx"ın Lənkəran filialının qarşısında yerləşən bakomata getmişdir. Orada mühafizəçiyə yaxınlaşmış və bu barədə ona demişdir. Mühafizəçi onun iştirakı ilə kartı yoxlamış və müəyyən olunmuşdur ki, saat 17:27-də kartından həmin bankomat vasitəsilə 750 manat pul çıxarılmışdır. Həmin vaxt müəyyən olunmuşdur ki, o kartı orada yoxlayıb dərhal uzaqlaşan kimi kartın məlumatları ekranda qalmış, yanında dayanan şəxs kartdan 750 manat pulunu oğurlamışdır. O, bu barədə Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Daha sonra araşdırma zamanı hesabından pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəssində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Evdə əri Qadir Məmmədov, oğlanları, gəlini və nəvələriylə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Orta təhsillidir, təqaüdçüdür. Təqaüdünü "xxxx"-dan alır. Bundan əlavə "xxxx" a məxsus özünə aid “birbank” kartı vardır. Həmin karta bəzən pul köçürür. 13 sentyabr 2025-ci il tarixdə saat 14 radələrində özünə məxsus “birbank” kartından olan pulu məxaric etmək məqsədilə "xxxx"ın Lənkəran filialının qarşısında yerləşən bankomata etmişdir. Həmin vaxt bankomatın yanında ondan əvvəl iki qadın olmuş, o bankomata yaxınlaşanda həmin qadınlar oradan çıxmışlar. Lakin bankomatın yanında bir nəfər kişi cinsli 20-25 yaşlarında, orta boylu şəxs olmuşdur. O, bankomata yaxınlaşmış, həmin oğlan da bankomatın yanında dayanmışdır. O, hesabdan pul çıxara bilmədiyi üçün həmin şəxsdən ona kömək etməyi xahiş etmişdir. O, kartı həmin cavan oğlana vermiş və özü də yanında dayanıb baxmışdır. Həmin vaxt hesabında 1550 manat pul olmuşdur. Həmin şəxs kartı bankomata daxil etməmiş, nəyəsə toxundurmuş və kartı əlində saxlamışdır. Kartın kodunu həmin şəxsə demiş və o, kartın kodunu bankomatda yığdıqdan sonra ona kartda 1550 manat pul olduğunu, lakin bankomatdan həmin məbləğ deyil, 1000 manat çıxarmağın mümkün olduğunu demişdir. Həmin şəxs ona bu gün 1000 manatı götürməsini, qalan 550 manatı da saba götürə biləcəyini demişdir. O, razılaşmış və həmin şəxs kartından onun yanında 1000 manatını götürüb kartla birlikdə ona qaytarmışdır. Həmin şəxs kartı bankomata daxil etməmiş, sadəcə bankomatın qarşısında olan kart qoyulan yerin üstünə tutmuş və ekranda məbləğ göstərilmişdir. O, 1000 manatı götürüb kartla birlikdə dərhal bankomatdan uzaqlaşmışdır. O, pulu götürüb getdikdən sonra həmin şəxsin orada qalıb-qalmadığını bilməmişdir. Oradan çıxıb evə getmişdir. 15 sentyabr 2025-ci il tarixdə qalan 550 manat pulu məxaric etmək üçün yenidən həmin banka getmişdir. Bankomatın yanında dayanaraq bir qadından kartından pulun çıxarılmasında ona kömək etməsini xahiş etmişdir. Həmin qadın kartı yoxlamış və kartda pul olmadığını bildirmişdir. O, heç nə deməmiş evə gəlmişdir. Evdə nəvəsi Turan Məmmədov telefonla kartını yoxlayaraq 13 sentyabr 2025-ci il tarixdə saat 14:19-da kartından 1000 manat, heç bir dəqiqə keçməmiş, yəni saat 14:20-də kartından 540 manat götürüldüyünü demişdir. O, kartını yoxlayan həmin oğlanın kartından 1000 manat götürüb ona verəndən sonra qalan 540 manatı da götürüb getdiyini başa düşmüşdür. Həmin oğlan kartından 1000 manat çıxarıb ona verəndən sonra, kartın məlumatları təxminən bir neçə saniyə bankomatda qaldığı üçün o 550 manat deyil, 540 manatı götürüb getdiyi ona məlum olmuş, ona görə də şikayət etmişdir. Araşdırma nəticəsində kartından pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olduğu ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs X2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Loda kəndində qediyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir. Heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olur. "xxxx"-a məxsus özünə aid “birbank” kartı vardır. Həmin kartla alış-veriş edir. Bəzən ona pul köçürür. 20 sentyabr 2025-ci il tarixdə saat 15 radələrində özünə məxsus “birbank” kartından olan pulu məxaric etmək məqsədilə "xxxx"ın Lənkəran filialının qarşısında yerləşən bankomata etmişdir. Saat 15:55 radələrində bankomata yaxınlaşmışdır. Həmin vaxt bankomatın yanında heç kim olmamışdır. Kartını bankomata daxil etmişdir. Hesabda 1008 manat pul olmuşdur. O, həmin puldan 1000 manatını götürmək istəmiş, lakin bankomatdan həmin pulu bütöv şəkildə götürə bilməmiş, yəni imtina gəlmişdir. Bu zaman yanında dayanan 20-25 yaşlı bir oğlan ona “ola bilsin ki, kartın limitə düşüb, yəni pulu birdəfəlik vermir” demişdir. O, hiss etmişdir ki, həmin şəxs onun kartdan pulu götürməyini izləyir. Sadəcə olaraq ondan şübhələnməmişdir. Həmin şəxs ona demişdir ki, ilk növbədə kartdan 500 manat götürsün. O, həmin şəxsin dediyi kimi etmişdir. İlk növbədə kartdan 500 manat, daha sonra 300 manat götürmüşdür. Kartda 200 manat qalmışdır. O həmin pulu çıxartmaq istəyəndə 200 manatı götürə bilməmiş, çünki o, 195 manat götürə bilərmiş, qalan pul isə faiz olmuşdur. Həmin şəxs ona demişdir ki, kartı bankomata daxil etməsin, bankomatın yanında olan kartı yoxlamaq üçün nəzərdə tutulan yerə qoysun. O da həmin şəxsin dediyi kimi etmişdir. O, həmin şəxsin dediyi kimi kartı həmin yerə qoyandan sonra həmin şəxs özü onun kartının kodunu ekranda yığmış imtina gəldiyini demişdir. O, tələsdiyi üçün daha ekrana baxmamış kartını götürüb getmişdir. Evdə telefonda kartını yoxlamış və kartından 195 manat pul çıxarıldığını görmüşdür. Telefonda baxanda özünün 15:55-də 500 və 300 manatı götürdüyünü, 1 dəqiqə keçməmiş, yəni 15:56-da qalan 200 manat pulun da çıxarıldığını görmüşdür. O, dərhal bankomatın yanına qayıtmışdır. Bankomatın yanında başqa bir neçə şəxs olsa da, biraz əvvəl onun yanında olan pulu çıxaranda gördüyü şəxsi görə bilməmiş, evə qayıtmışdır. Elə həmin gün “102” xidmətinə zəng etmişdir. 23 sentyabr 2025-ci il tarixdə Lənkəran ŞRPŞyə gəlib şikayət etmişdir. Araşdırma nəticəsində kartından pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olduğu ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: 24 sentyabr 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Kapital Bank ASC-nin Lənkəran filialı tərəfindən təqdim edilmiş 02 (iki) ədəd DVD diskdə olan məlumatlara təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə baxış keçirilmiş, həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdəki videogörüntülərdəki şəxs həqiqətən Təqsirləndirilən şəxsdur və zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 yardım etdikdən sonra həmin şəxslərin uzaqlaşmağından istifadə edərək bank məlumatlarını bildiyindən və sistemin açıq olduğuna görə onlara məxsus pul vəsaitlərini oğurlamışdır. Zərər çəkmiş şəxslərin təqdim etdikləri kart hesablarının çıxarış sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 195 manat pul, xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs2 məxsus 540 manat pul xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs1 məxsus 750 manat pul xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Lənkəran filialının qarşısında quraşdırılmış həmin banka məxsus bankomatdan çıxarılması təsdiq olunur. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2025-ci il tarixli 512 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(049)-72/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs 3 epizod üzrə törətdiyi hər bir əməli ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-nin Lənkəran filialının qarşısında quraşdırılımış və üzərində NFC, yəni təmassız oxuyucu sistemi mövcud olan bankomatda həyata keçirmişdir. Kapital Bank ASC tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş 04 dekabr 2025-ci il tarixli №2025/204/33597 saylı məktubdan görünür ki, "xxxx" ASC-yə məxsus təmassız oxuyucu (NFC) funksiyalı bankomatlarda NFC istifadə olunmaqla vəsaitin nağdlaşdırılması prosesi bankomatın növünə görə fərqlənir. Belə ki, əvvəlki nəsil bankomatlarda NFC istifadə olunmaqla vəsaitin nağdlaşdırılması üçün plastik kart (yaxud kart əlavə olunmuş ödəniş vasitəçisi (googlepay/applepay) olan NFC funksiyalı mobil telefon) NFC oxuyucuya toxundurulur, ardınca kartın 4 rəqəmli PİN kodu, daha sonra məxaric olunacaq məbləğ daxil edilir və bundan sonra bankomat nağd vəsaitləri təqdim edir. Yeni nəsil bankomatlarda isə bu əməliyyatın icrası üçün plastik kart (yaxud kart əlavə olunmuş ödəniş vasitəçisi (googlepay/applepay) olan NFC funksiyalı mobil telefon) NFC oxuyucuya toxundurulur, ardınca kartın 4 rəqəmli PİN kodu, daha sonra məxaric olunacaq məbləğ daxil edilir və plastiki kartın (yaxud kart əlavə olunmuş ödəniş vasitəçisi (googlepay/applepay) olan NFC funksiyalı mobil telefon) yenidən NFC oxuyucusuna yaxınlaşdırılması tələb olunur. Bundan sonra bankomat nağd vəsaitləri təqdim edir. Hər iki növ bankomatda bu üsulla vəsaitin nağdlaşdırılması üçün plastik kartın (yaxud kart əlavə olunmuş ödəniş vasitəçisi (googlepay/applepay) olan NFC funksiyalı mobil telefonun) proses müddəti ərzində NFC oxuyucusunda qalması tələb olunmur. Yəni ki, məktubdan da görünür ki, NFC oxuyucusundan istifadə edərək plastik kartdan məxaric əməliyyatını həyata keçirmək üçün plastik kartın oxuyucu üzərində olması şərt deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 14 oktyabr 2025-ci il tarixli № 1(049)-37/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-466/2025 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və cəzasını tam çəkməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-466/2025 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 04 (dörd) gün müddət çıxılmaqla üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 28 oktyabr 2025-ci il tarixli, 814 nömrəli məktubdan görünür ki, Əlizadə X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən təqdim edilmiş 2 ədəd DVD disk, həmçinin DİNnin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim edilmiş və telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə verilmiş İ-8362 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə verilmiş İ-22221 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(049)-210/2026 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş olan həbs qətimkan tədbiri iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığının əvvəli qərarın elan edildiyi andan – xx.xx.2026-cı il tarixdən hesablanmışdır. xx.xx.2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi haqqında qərardan görünür ki, Əlizadə X3 Rayon Məhkəməsinin 1(049)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi zərəri tam şəkildə ödəmişdir. Ondan hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən təkrarən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi və təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin məcəllənin 59.2-ci maddəsinə əsasən Vətən Müharibəsi iştirakçısı olmaqla dövlət təltifləri ilə təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 ay 06 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa, CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 ay 06 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay 12 gün cəza müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 il 04 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Nərimanabad qəsəbəsindəki ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar