Məhkəmə qərarları › İş №1(049)-211/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-211/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-211/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1967-ci ildə Lənkəran rayonu Yuxarı-Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində nında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 18 aprel 2023-cü il tarixdə saat 15.25-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 2022-ci ilin dekabr ayının ortalarında Lənkəran rayonu Şürük kəndi ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 3 ədəd kibrit qutusunda və 1 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,255 qr; -2,579 qr; -3,424 qr; -1,814 qram, ümumi təmiz çəkisi -11,072 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 19 dekabr 2022-ci il tarixdə saat 11:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşən orta məktəbin yaxınlığında, küçədə saxlanılaraq CBRŞ-nin yerləşdiyi inzibati binaya gətirildikdən sonra üzərində şəxsi-axtarış keçirilən zaman həmin narktoik vasitə qurudulmuş marxiuana əynində olan gödəkcənin sol yan cibindən 3 ədəd kibrit qutusu və bir ədəd gümüşü rəngli bükümün içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Uzun müddətdir ki, narkotik vasitə - marixuanadan istifadə edir. 2022-ci ilin dekabr ayının əvvələrində özünün istifadəsi üçün Şürük kəndində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manata 3 kibrit qutusu marixuana almışdır. Aldığı marixuanadan bir neçə dəfə istifadə etmiş, qalanını da istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Lakin xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Səpnəkəran kənddə olduğu zaman polis işçiləri onu saxlayaraq BNMİ Cənub Şöbəsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan gödəkcəsinin cibində olan 03 kibrit qutusunda olan marixuananı çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin marixuana tərəzidə çəkilmiş, daha sonra bir zərfə qoyularaq həmin zərf möhürlənmiş və o, vəkili ilə birlikdə həmin zərfin üzərinə imza etmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, etdiyi əməli tam dərk edir, peşmandır, bağışlanmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafı ilə yanaşı, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, şahid ifadələri, ilkin təhqiqat materialları, habelə istintaq zamanı toplanmış istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin X4 Şöbəsinin əməliyyat müvəkkili, Şahid1 göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Tural Babayevin iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Səpnəkəran kəndindəki orta məktəbinin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq, Regional Şöbəyə gətirilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibindən 03 ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Həmin kibrit qutularınin içərilərinə baxış keçirtdikdə orada marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutularının içərisindəkinin marixuana olduğunu və onların özünə məxsus olduğunu bildirmişdir. Həmin kibrit qutulardakı maddə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kibrit qutuları və büküm zərfə qoyulmuş və həmin zərfin üzərinə möhür vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin X4 Şöbəsinin polis nəfəri Şahid3, Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 19 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibindən üç ədəd kibrit qutusu və bir ədəd gümüşü rəngli bükümdə, ilkin çəkiləri 18,52 qram, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kütlələr aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 19/1282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutusunda və 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzət kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd kibrit qutusunda və 1 ədəd gümüşü rəngli siqaret kağızında ayrı-ayrılıqda təmiz çəkisi 3,255 qram, 2,579 qram, 3,424 qram, 1,814 qram, ümumi təmiz çəkisi 11,072 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 10,992 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 1300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul edir, üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etməyində məqsədi istifadə etmək olmuşdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, MSY-dən azad olunmuşdur. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Cavadov X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 2 və 3-cü hissəsi, 38 və 23-1-ci maddələri ilə əməyə mütləq cəlb olunmaqla 03 il müddətə azadlıqdan şərti məhrumetə cəzasına məhkum olunmuş, bundan başqa, Sumqayıt şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 4-cü hissəsi, 39-cu maddələri ilə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan əlavə Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 06 il müddətə azadlıqdan məhrumetə cəzasına məhkum olunmuş, xx.xx.2004-cü ildə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 01 il 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilmiş və götürülmüşdür. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 10,992 qram olan narkotok vasitə - qurudulmuş marixuana, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 10,992 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar