Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-211/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il 05 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına və 2350 manat cərimə məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkməsinin 03 mart 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarına əsasən 25 gün əvvəl vaxtından əvvəl şərti azad edilmiş, 21 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Qala Xiyabanı ev 5 mənzil 17-də qeydiyyatda olmaqla Lənkəran şəhəri, Həzi Aslanov küçəsi ev 49da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin aprel ayında Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-0,619 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 21 aprel 2024-cü il tarixdə, saat 12:20- də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün atası ondan şikayət etmişdir. Polis əməkdaşları onu Lənkəran şəhəri, H.Aslanov küçəsində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən çox peşmandır, ona şans verilsə, narkotik vasitələrdən bir daha istifadə etməyəcəkdir. Himayəsində bir nəfər azyaşlı uşağı var. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət işinin 128-130-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün, Lənkəran şəhərində yerləşən Kiçik Bazar adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata 1 büküm metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri Həzi Aslanov küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞnin dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququna əsasən vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da əynində olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun üzərində qanunla qadağan edilən əşya və yaxud predmet aşkar olunmamışdır. Şəffaf selofana baxış keçirilən zaman oradan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlənin metamfetamin olduğunu bildirmiş və ondan götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0.67 (sıfır tam altımış yeddi) qram müəyyən olunmuşdur. Həmin lədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və onun tərəfindən imzalanmışdır. Sonda üzərindən çıxan Redmi markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin şəxsi axtarış videoçəkiliş ilə çəkilmişdir. O, psixotrop maddəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. Onun psixotrop maddə qəbul etməyindən heç kimin məlumatı olmamışdır. O, polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə dindirlərkən ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri keçirilən zaman ona, “Ramin” adlı əməliyyat müvəkkili tərəfindən üzərinə psixotrop maddə olan metamfetamin qoyulmasını bildirsə də Lənkəran rayon məhkəməsində olan zaman iclas vaxtı o cür ifadə verməyinə səbəb, həbs olunmaqdan qorxduğu üçün ifadəsini sadaladığı kimi vermişdir. Polis şöbəsində olarkən heç kim ona psixotrop maddə olan metamfetamini verməyib, üzərində aşkarlanmış psixotrop maddə olan metamfetamin ona məxsusdur. Onu Lənkəran şəhəri “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində almışdır» Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur, onunla birlikdə əməliyyat müvəkkili Şahid2 və polis sahə rəisi Şahid3 tədbirin keçirilməsində iştirak etmişdirlər. 21 aprel 2024-cü il tarixdə axşam saat 12 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsirov X1 şəhəri, H.Aslanov küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etdi. Həmin sellofan bükümə baxış keçirildikdə bükümün psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu aşkar olundu. Bundan başqa vətəndaşın üzərində qanunla qadağan edilən əşya və yaxud predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, özünə məxsusdur. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 10 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 21 aprel 2024-cü il tarixdə axşam saat 12 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsirov X1 şəhəri, H.Aslanov küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması təqdim edərək həmin kütlənin kütlələr psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin is sahə rəisi vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 21 aprel 2024-cü il tarixdə axşam saat 12 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsirov X1 şəhəri, H.Aslanov küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması təqdim edərək həmin kütlənin kütlələr psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhəri, Kiçik Bazar ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 aprel 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında’’ protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibibdən sözügedən psixotrop maddə olan metamfetamini çıxararaq təqdim edib. Həmin 01 ədəd psixotrop maddə olan metamfetaminin çəkisi 0,67 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 01 bükümdə, 10 manat pulun qarşılığında almışdır. Cinayət işinin 46-48-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 22 aprel 2024-cü il tarixli 19/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm....” sözlər və imzalar olan zərfdəki, lədəd bükümdə təmiz çəkisi: -0,619 qram olan ağ rəngli kristalardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Tədqiqatdan sonra qalıq 0.569 qram olmuşdur. Cinayət işinin 59-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 22 aprel 2024-cü il tarixli, 369 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomanya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 16-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 12.20-də saxlanılmış, həmin gün saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-81-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 131-135-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,619 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,569 qram psixotrop maddə olan metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Nəsirov X1 şəhəri, H.Aslanov küçəsi ev 49 ünvanında, arvadı və xx.xx.2019-cu il tarixdə doğulmuş övladı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 91-95, 104-106 və 120-125-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamə, hökm və qərarlardan görünür ki, Nəsirov X1 Rayon Məhkəməsinin 05 iyun 2012-ci il tarixli hökmünə əsasəbn CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3400 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 22 may 2014-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qərarə ilə vaxtından əvvəl şərti azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il 05 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına və 2350 manat cərimə məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkməsinin 03 mart 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmış, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarına əsasən 25 gün əvvəl vaxtından əvvəl şərti azad edilmiş, 21 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarı tətbiq edilərək təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0.619 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli qaəraında müəyyən edilmişdir ki, CM-nin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 21 aprel 2024-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin 1(049)-263/2020 saylı, 25 noyuabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Nəsirov X1 Rayon Məhkəməsinin 1(049)-263/2020 saylı, 25 noyabr 2020-ci il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı olmasını CM-nin 59.1.4-cü maddəsində əsasən, əməlini etiraf edərək peşman olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 22 aprel 2024-cü il tarixli, 369 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs polinarkonaiyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.569 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.569 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-211/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-211/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver