Məhkəmə qərarları › İş №1(049)-212/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-212/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-212/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 09:55 xx.xx.1966-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran şəhər 10 saylı tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran rayonu Digah kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 08 radələrində etibarnamə ilə idarə etdiyi X1 məxsus “VAZ 21043” minik markalı, universal tipli, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində, 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək, həmin vaxt yolu sağdan sola doğru keçmək istəyən piyada, xx.xx.1958-ci il təvəllüdlü Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla, sonuncuya sol qasıq sümüyünün yerdəyişməmiş sınığı, sol təpə-gicgah, sol əl nahiyələrində əzilmiş yaralar, sol bud nahiyəsində qançır kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. `Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, “VAZ 21043 minik” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 27 dekabr 2022-ci il tarixdə saat 08 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə hərəkət etmiş və Tofiq İsmayılov küçəsi istiqamətinə dönüb 10 saylı məktəbə getmişdir. Avtomobildə ondan başqa heç kim olmamışdır. T. İsmayılov küçəsinin kəsişməsinə çatanda işıqforun yaşıl işığı yanılı vəziyyətdə olmuş və o, avtomobilin sürətini tam endirib dönmə əməliyyatını etmiş və daha sonra yoluna davam edərək avtomobilin sürətini təxminən 30 km/saat sürətə qaldırmışdır. Həmin vaxt səhərin erkən saatları olduğundan hava tam açılmamış və yağışlı olduğuna görə yolun görünüşü onun üçün əlverişli olmamışdır. Dönmədən sonra təxminən 30 metr məsafə qət etmiş, bir anlığa ehtiyatsızlıq edib yolu sağdan-sola iti yerişlə, düzünə formada keçmək istəyən piyada Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs avtomobilinin qabaq sol yan hissəsi ilə tam yolun orta xəttinin üstündə vurmuşdur. Qadını vurandan sonra elə avtomobili yolun ortasında saxlamış və təsadüfən orada olan DYPB-nin əməkdaşlarının köməkliyi ilə qadını öz avtomobilinə qoyub Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonra, qadını müayinələrdən keçirmək üçün Diaqnostika Mərkəzinə və “Medical hospital”a aparmışdır. Təqsirləndirilən şəxs son sözündən bildirdi ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran şəhər 1 saylı tam orta məktəbdə texniki işçi kimi fəaliyyət göstərir. Hər gün səhər saat 08 radələrində evdə çıxıb işə piyada gedir. 27 dekabr 2022-ci il tarixdə də, saat 07 radələrində məktəbə getmək məqsədilə evdən çıxmışdır. Binaların arası ilə gəlib Tofiq İsmayılov küçəsini keçib oradan da binaların arası ilə Zərifə Əliyeva küçəsinə çıxmalı olmuşdur. Asfalt yola yaxınlaşıb sağa-sola baxıb avtomobil gəlmədiyini görüb yolu iti yerişlə keçməyə başlamışdır. Yolun tam ortasına çatanda bir avtomobil onu sol tərəfindən vurmuş və o, asfaltın üzərinə çırpılmışdır. Hadisə nəticəsində sol qasıq sümüyü sınmış, sol gicgah, sol əl, sol bud nahiyəsi əzilmişdir. Hadisədən dərhal sonra, orada yoldan keçən DYP əməkdaşları hadisə yerinə gəlmişlər. Sürücü Təqsirləndirilən şəxs avtomobili saxlayıb düşmüş və onu öz avtomobili ilə Lənkəran RMX-yə aparmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 23 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol qasıq sümüyünün yerdəyişməmiş sınığı, sol təpə-gicgah, sol əl nahiyələrində əzilmiş yaralar, sol bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 31 yanvar 2023-cü il tarixli 8/116 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ- 21043 markalı, 50CM624 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. 27 dekabr 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında protokoldan və foto cədvəldən görünür ki, **-CM-*** dövlət qeydiyyat nişanlı “VAZ” markalı 21043 modelli avtomobil X1 məxsusdur və Təqsirləndirilən şəxs həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil göy-yaşıl rənglidir. Avtomobilin qabaq sol yan işığının üstündə əzilmə izləri aşkar edilir. Baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs həmin izin piyadanı vurduqdan sonra yarandığını bildirir və göstərir. 05 yanvar 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində, Lənkəran ŞRPŞ-nin inzibati binası istiqamətində “Eldorado” və “Tic-Tac” mağazalarının qarşısında baş vermişdir. “CD diskdə olan materiallara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntünün ümumi vaxtı 17 saniyə təşkil edir. Görüntülərdə Təqsirləndirilən şəxs idarə etdiyi yaşıl rəngli “VAZ 21043 minik markalı” **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Şəhidlər Xiyabanı” istiqamətindən Zərifə Əliyeva küçəsi ilə hərəkət edərək işıqforun yaşıl işığında Tofiq İsmayılov küçəsinə düzgün manevr etmədən dönərək, öz hərəkət hissəsinin nisbətən orta xəttə doğru hissəsi ilə hərəkət edir və onun T.İsmayılov küçəsinə dönməsindən sonra 3 saniyə ərzində yolu sağdan sola keçmək istəyən piyada X2 asfalt yolun sağ yan hissəsindən asfalt yola birləşən ara yoldan iti yerişlə yolu düzünə keçmək üçün hərəkətə başlayır və Təqsirləndirilən şəxs həmin sürətlə hərəkət edərək piyadanı avtomobilin qabaq sol yan hissəsi ilə sonuncunu vurduqdan sonra avtomobili saxlayır. 27 dekabr 2022-ci il tarixli 2992 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. AC 034941 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdə “B” kateqoriyalı AC-034941 saylı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21043 minik markalı” **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil və iş materiallarına əlavə edilmiş içərisindən hadisənin görüntüləri olan bir ədəd CD disk cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, “VAZ 21043 minik markalı” **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək saxlanılmasından ötrü sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi, bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 432 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X6 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “VAZ 21043 minik markalı” **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı, hadisənin videogörüntüləri olan CD disk isə iş materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli 8/116 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “VAZ 21043 minik markalı” **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və hadisənin videogörüntüləri olan CD disk isə iş materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X6 Bölməsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar