Məhkəmə qərarları › İş №1(049)-214/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-214/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-214/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X13 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: xx xxxxxx 1997-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2, 66.5-ci maddələrinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, videokonfrans əlaqə sistemi vasitəsilə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki o, 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 7-dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinə qapının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla, qonaq otağından, paltar dolabından paltarların altında qoyulmuş 20 manat qiymətində mücrünü, içərisində olan 1.600 manat dəyərində bir ədəd rus istehsalı olan, 585 əyyarlı, 20 qram çəkidə, rekert qızıl qolbağı, 2.400 manat dəyərində bir ədəd rus istehsalı olan, 585 əyyarlı, 30 qram çəkidə, rekert qızıl boyunbağını və 300 manat pulu mücrü ilə birlikdə oğurlamaqla Zərərçəkmiş şəxs2, 4.020 manat dəyərində əmlakını və 300 manat pulu olmaqla ümumilikdə 4320 manat dəyərində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 aprel 2024-cü il tarixdə, saat 11 radələrində ünvan 5dən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinə qapının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla yataq otağından, yatağın üzərində qoyulmuş bir ədəd 3000 manat dəyərində “İphone 14 pro” markalı və bir ədəd 100 manat dəyərində “İphone 6” markalı mobil telefon olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə, 3100 (üç min yüz) manat dəyərində əmlakını təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri ünvan 2 ünvanından oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinə qapının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla qonaq otağından divanın üzərində olan 170 manat dəyərində “Samsung” markalı mobil telefonu oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 170 (yüz yetmiş) manat qiymətində əmlakını təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, əməlimdən peşmandır, ziyanın çoxunu ödəmiş, nə məqsədlə oğurluq etdiyini bilməmişdir. Zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, oğurladığı pulla geyim əşyaları almış, digər oğurladığını satdığından qaytara bilmir, zərəçəkmiş şəxs Süsən Abdullayevə təxminən 2700 manat məbləğində ziyan vurmuş, ziyanı ödəməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Liman şəhərində yerləşən avtobazada nəzarətçi işləyir. 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhərində yerləşən 7 №-li orta məktəbin yanında yaşayan avtomobil təmiri ustası olan dostu Eminlə görüşmək üçün Liman şəhərində avtobusa əyləşib Lənkəran şəhərinə gəlmişdir. O, Lənkəran şəhər bazarının yanında avtobusdan düşmüş və piyada 7 №-li məktəbə tərəf getməyə başlamışdır. Şəhidlər Xiyabanı dairəsinə çatdıqdan sonra yolun sağ tərəfində yerləşən ara yola daxil olmuş və piyada 7№-li məktəbə tərəf getməyə başlamışdır. Bir az getmiş ki, su içmək qərarına gəlmiş və su alıb içəmək üçün bir evin həyət qapısından içəri daxil olmuşdur. Həmin həyətdə bir mərtəbəli ev olmuş və o evin giriş qapısına yaxınlaşmış və əlilə qapını açıb evin dəhlizinə daxil olmuşdur. Giriş qapısı ilə üzbə-üz olan otağın şüşəsindən içəri baxanda görmüşdür ki, otaqda bir yaşlı kişi çarpayıda yatmışdır. O qoca kişini səsləsə də, həmin kişi oyanmamışdır. Bundan sonra o, yol tərəf də olan kiçik pilləkandan evin ümumi otağına daxil olmuş və görmüşdür ki, ümumi otaqda heç kim yoxdur. Bu zaman qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. O, ümumi otağın sol tərəfində yerləşən bir otağa daxil olmuş və həmin otaqda paltar şkafının olduğunu görmüşdür. O, paltar şkafının sol qapısını açmış və yuxarıdan birinci rəfdə olan paltarların altını axtaran zaman bir mücrü görmüşdür. O, həmin mücrünü götürüb açmış və görmüşdür ki, mücrünün içərisində pul, bir ədəd qızıl qolbağ, bir ədəd qızıl boyunbağı bir ədəd plastik pul kart vardır. O, tez həmin mücrünü oğurlayıb evdən küçəyə çıxmış və 7 №li məktəbə tərəf getməyə başlamışdır. Yolda o, mücrünü açmış və pulları götürüb sayanda görmüşdür ki, orada 300 manat vardır. O pulları və həmin qızıl əşyalarını mücrünün içərisindən götürdükdən sonra mücrünü və plastik kartı yolun kənarına tullamışdır. Sonra isə Eminin evinə getmiş və bir az onunla söhbət etdikdən sonra Qala Xiyabanı küçəsinə getmişdir. Orada olan kafelərin birində yeyib-içmiş, sonra isə tanımadığı taksi maşını ilə Liman şəhərinə qayıtmışdır. O, Liman şəhərində taksidən düşmüş və yaşadığı evə getmişdir. Evdə həmin qızılları anası Gülərə vermiş və yalandan ona demişdir ki, həmin qızılları pul əvəzinə ona zəhmət haqqı kimi vermişlər, səhər bu qızılları Masallı şəhərinə aparıb satsın. Anası Gülər də ona demişdir ki, özü niyə aparıb satmır? O da anasına demişdir ki, qramında onu aldadıb, az pul verərlər. Anası Gülər də ona inanmışdır. O, həmin qızıl əşyalarını oğurladığını anasına deməmişdir. Səhərisi günü anası Gülərlə birlikdə avtobusa əyləşib Masallı şəhər bazarına getmişlər. Bazarın yanında avtobusdan yerə düşüb bazara daxil olmuşlar. Qızıl mağazasının yanında anası Gülərə demişdir ki, çayxanada oturub onu gözləyəcəkdir. Bundan sonra anası ondan ayrılıb yaxınlıqda olan çayxanaya getmiş və masa arxasında oturub çay sifariş etmişdir. Anası isə mağazaya daxil olmuşdur. Bir neçə dəqiqədən sonra anası Gülərin çayxanaya tərəf gəldiyini görmüş və masa arxasından qalxıb ona yaxınlaşmışdır. Anası Gülər ona demişdir ki, qızıl əşyalarını cəmi 2160 manata satmışdır. O, anasından həmin pulların hamısını almış və demişdir ki, özünə paltar alacaq. Bundan sonra onlar paltar satılan mağazaya daxil olmuşlar və o, mağazadan özünə 33 manata bir dəst idman paltarı, 15 manata papaq, 25 manata krasovka, 17 manata makasin ayaqqabı almışdır. Sonra isə həmin mağazadan çıxıb başqa mağazaya daxil olmuşdur. Həmin mağazadan isə 22 manata qulaqçıq, 7 manata flesh kart və 4 manata flesh karta mahnılar yazdırıb götürmüşdür. Onlar həmin mağazadan çölə çıxmışlar və avtobusların dayandığı yerə tərəf piyada getməyə başlamışlar. Həmin vaxtı anası demişdir ki, ona bir ədəd su vedrəsi alsın. O da mağazadan anası üçün 4 manata su vedrəsi almışdır. Həmçinin bir mağazadan evə 70 manatlıq ərzaq məhsulları almışdır. O, aldığı paltarları, papağı, ayaqqabını, krasovkanı və ərzaq məhsullarını anasına vermiş və anası Gülər avtobusa əyləşib Liman şəhərinə qayıtmışdır. O isə piyada Masallı şəhərində gəzməyə başlamışdır. Masallı şəhərində bir kafeyə daxil olmuş və yeyib-içmişdir. O yeyib-içməyə 102 manat pul xərcləmişdir. Sonra isə avtobusla Liman şəhərində qayıtmış və qərara gəlmişdir ki, Bakı şəhərinə getsin. O, yaşadığı evə daxil olmuş və aldığı təzə idman paltarını, krasofkanı geyinmişdir. Sonra isə anasına demişdir ki, işi var bu gecə evə gəlməyəcək. Həmin vaxtı anası Gülər qazın borcunu vermək üçün ondan 10 manat pul istəmişdir. Amma o, anasına pul verməmişdir. O evdən çıxmış və tanımadığı taksi maşını ilə Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsinə gəlmişdir. Ləvəngi dairəsində tanmadığı taksi maşınına oturub Bakı şəhərinə getmişdir. 20 yanvar metrosunun yaxınlığında taksi maşınından düşmüş və sürücüyə 15 manat pul vermişdir. O, Bakı şəhərində diskotekada, barda və restoranda yeyib-içmişdir. Həmin gecə Bakı şəhərində dənizkənarı bulvar da gəzmişdir. Həmin gecəni yatmamışdır. Səhərisi günü 20 yanvar metrosunun yanına getmiş və yuxusu gəldiyi üçün kafeyə daxil olub kofe içmiş ki, yuxusu qaçsın. Sonra isə kafedə yeyib-içmişdir. Kafedən çıxmış və özünə 140 manata “Redmi” markalı mobil telefon almışdır. Həmin günü taksi maşınına əyləşib Liman şəhərinə gəlmişdir. Oğurluqdan qazandığı 2160 manat puldan xərclədiklərini çıxandan sonra cibində 600 manat pul qalmışdır. O, Liman şəhərində evinə 150 manata plastik qapı almış və tanımadığı usta həmin qapını evin otağına qoymuşdur. O, həmin ustaya 30 manat zəhmət haqqı vermişdir. Yerdə qalan pulları isə özü üçün xərcləmişdir. Bundan başqa 2024-cü ilin aprel ayının 22-si, saat 11 radələrində Lənkəran şəhərinə gəzməyə gəlmiş, həmin vaxt su içmək istəmiş və su almağa pulu olmadığından düşünmüşdür ki, hansısa həyətə girib su içsin. Lənkəran şəhərində M.Ağayev küçəsində təsadüfi bir həyətə daxil olmuşdur. Ev sahibini çağırsa da, həyətə çıxan olmamışdır. Evin aşağısından pilləkənlə yuxarı qalxmış, seyf qapıya əli ilə toxunmuş və qapının açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra dəhlizdə «ay ev yiyəsi» deyərək ev yiyəsini səsləmişdir. Heç bir səsin gəlmədiyini görüb dəhlizdən yataq otağına daxil olmuşdur. Yataq otağında, yataq dəstinin yanında qoyulmuş şkafın üzərində qoyulmuş bir ədəd qızılı rəngli, “İphone 6” markalı və bir ədəd qara rəngli “İphone 14 pro” markalı mobil telefonları götürmüş və oradan uzaqlaşmışdır. Aprel ayının 23-də, saat 13 radələrində, Lənkəran şəhər ərazisində tanımadığı bir telefon mağazasına yaxınlaşmış və “İPHONE 14 Pro” markalı mobil telefonu 50 manata satmışdır. Çünki telefonun ekranı kilidli olmuş və telefon xarab olduğunu düşünmüşdür. “İPHONE 6” markalı mobil telefonu isə özündə saxlamışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. “İPHONE 14 Pro” markalı mobil telefonu da polis şöbəsində təqdim etmişdir. Bundan başqa 28 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri “kürə” adlanan ərazidə olmuşdur. Həmin ərazidə bir dostu olduğuna görə dostunu axtarmışdır. Həmin ərazidə olan həyətlərin birinə daxil olmuşdur. Ev sahibini çağırmış, lakin səs gəlməmişdir. Evə daxil olmuş, otaqda, divan üzərində mobil telefon olduğunu görmüşdür. Bu zaman divana yaxınlaşmış, telefonu götürmüş və həyətə düşmüşdür. Ayaqqabılarını geyinib həyətdən çölə çıxanda bir oğlan uşağının onu çağırıb nə istədiyini soruşmuş və o da uşağa kirayəyə ev axtardığını bildirmiş, ondan qonşulardan ev kirayəyə veribvermədiyini soruşmuşdur. Həmin uşaqda kirayəyə ev verən qonşu tanımadığını bildirmişdir. O da heç nə olmamış kimi həyəti tərk etmişdir. Telefonu üzərində saxlamış ki, satıb puldan şəxsi ehtiyaclar üçün istifadə etsin. Həmin gün axşam radələrində isə polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə onu dəvət etmişlər. Polis şöbəsində həmin telefonuda təqdim etmişdir. O da üzərindən aşkar olunan telefonun oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə keçirilmiş baxış, ifadələrin yerində yoxlanılması, götürülmüş maddi sübutlarla, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs3 lazımi qaydada məlumat verilsə də, o, hazırki məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024 vəxx.xx.2024-cü il tarixlərdə məhkəmə iclaslarında iştirak edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın ödənildiyini, təqsiləndirlən şəxsdən tələbkar olmasa da, şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ünvan 5-də ikinci mərtəbə yaşayır, evin birinci mərtəbəsində qaynatası və qaynanası yaşayırlar. 22 aprel 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə o, müraciət etmişdir. Müraciətinə səbəb evindən oğurluq olması olmuşdur. Belə ki, o X14 mərkəzində defektoloq işləyir. 22 aprel 2024-cü il tarixdə, saat 10:20-də yuxudan oyanmış, arvadı isə saat 07:30-da Astara rayon Ərçivan qəsəbəsində yerləşən məktəbə avrobusla getmişdir. Saat 09 radələrində qaynatası azyaşlı qızını Lənkəran şəhəri Qaqla xiyabanında yerləşən hazırlıq kursuna aparmış və evə qayıtmışdır. O, həmin gün saat 10:20-də yuxudan oyandıqdan sonra özünə məxsus olan 3000 manat qiymətində “İphone 14 Pro” markalı mobil telefonu və 100 manat dəyərində “İphone 6” markalı mobil telefonlarını yataq otağında yataq dəstinin baş tərəfində, dolabın üzərində qoymuş və 1,5 metr aralıda olan sanitar qovşağa daxil olmuşdur. Təxminən 7-8 dəqiqə sanitar qovşağda qaldıqdan sonra yataq otağına qayıtmışdır. Mobil telefonların qulaqcıqları çıxarılaraq yatağın üzərinə atıldığını və telefonların isə yerində olmadığını görmüşdür. Evin qapısının açıq olduğunu görüb bilmişdir ki, evə həmin müddətdə kimsə girmiş və telefonlarını oğurlamışdır. Bundan sonra Lənkəran ŞRPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Onun telefonlarının ikisinin birlikdə dəyəri 3100 manat olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə, saat 11 radələrində evdə, öz otağında yatmışdır. X17 də sənəd üçün başqa yerə getmişdir. Oğluna tapşırmış ki, qonşudan təzyiq ölçən cihazı alsın. Oğlu da, yataq otağına daxil olmuş, təzyiq ölçən çihazı gətirmişdir. Həmin vaxtı azyaşlı oğlu Məhəmməd ona demişdir ki, həyətdə bir nəfər şəxs kirayəyə ev axtarır. O da, azyaşlı oğlu ilə birlikdə yataq otağından çıxmışlar. Həyətə çıxıb pilləkənə tərəf çıxan zaman başqa bir şəxsi həyətdə görmüşdür. Həmin şəxsin üzünü görməmiş, lakin arxadan onu görmüşdür. Həmin şəxs onun oğlundan bu yaxınlarda kirayə ev olub-olmadığını soruşmuşdur. Oğlu da həmin şəxsə əli ilə istiqamət vermişdir. O, oğlu Məhəmmədə səslənərək evə gəlməsini istəmişdir. Sonra isə mobil telefonunun olmadığını görmüşdür. Daha sonra başa düşmüşdür ki, həmin şəxs sakitcə evə girib divanın üzərindən 170 manat qiymətində olan “Samsung” markalı mobil telefonu oğurlamışdır. Daha sonra o, dərhal DİN- in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və bu barədə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, sonuncu tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Zərərçəkmiş şəxs2 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin o, xx.xx.2024-cü il tarixdə məhkəmə iclas zalında bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 06 aprel 2024-cü il tarixdə aptekə gedib evinə qayıtsa da, həmin vaxt evindən oğurluq edildiyini bilməmişdir. İki gündən sonra otağına girdikdə görmüşdür ki, mücrüsü yoxdu. Buna görə də polisə zəng etmiş, polis əməkdaşları evinə gələrək əl izlərini götürmüşlər. Verilən suallara cavab olaraq biuldirmişdir ki, oğurluq edildiyi zaman atası evlərində olmuş, lakin sonuncu oğurluq hadisəsini görməmişdir. Oğru evə açıq arxa qapıdan daxil olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 4320 manat məbləğində ziyan dəymişdir. Həmin ziyandan 3900 manat ödənilmişdir. X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qeyd etdiyi ünvanda atası X4 ilə birlikdə ünvan 347-də yaşayır. 08 aprel 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə mən müraciət etmişdir. Müraciətinə səbəb evindən oğurluq olması olmuşdur. Belə ki, o həmişə evdə olur. Lakin 06 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb Lənkəran şəhəri Starvay şadlıq sarayının yaxınlığında olan Refem marketə gedib alış-veriş etmişdir. Atası isə yaşlı olduğu üçün çox vaxtı yataqda olur. Həmin vaxt kimsə onun yaşadığı evə girib qonaq otağından paltar dolabında qoyduğu qızıl mücrüsü içərisində ona məxsus 20 qram rus istehsalı olan 585 əyyarlı rekert adlanan 1 ədəd qızıl qolbağı və 30 qram rus istehsalı olan 585 əyyarlı rekert adlanan qızıl boyunbağını və həmin mücrünün içərisində olan 300 manat pulu mücrü ilə birlikdə oğurlamışdır. Mücrünün içərisində bir ədəd atasının təqaüd kartıda olmuşdur. Onun bu barədə 08 aprel 2024-cü il tarixdə məlumatı olmuş və həmin vaxt polisə məlumat bildirmişdir. Hazırda onun qızıl-zinət əşyalarının dəyəri 4000 manat olmaqla ümumilikdə ona 4300 manat maddi ziyən dəymişdir. Təqaüd kartından isə pul oğurlanmamışdır. Həmin vaxt dərhal təqaüd kartını yenisi ilə əvəzləmişlər. Hazırda ona məlum olmuş ki, onun evindən oğurluq edən şəxs sonradan tanıdığı Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsi ev 4/2, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxsdur. Evdə oğurluq olan zaman atasının xəbəri olmamışdır. O, ziyanının tam ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, Lənkəran şəhərində telefon təmir yeri vardır və telefon ustası işləyir. 23 aprel 2024-cü il tarixdə Liman şəhər sakini kimi özünü təqdim edən Təqsirləndirilən şəxs onun işlədiyi telefon təmir dükünına gəlmiş, əlində “İphone Pro 14” markalı mobil telefonunu ona göstərmiş, şifrəsini unutduğuna görə həmin telefonu aça bilmədiyi üçün satdığını bildirmiş, o da telefonu 50 manat pul müqabilində digər telefonlara həmin telefonun hissələrini istifadə etmək məqsədi ilə almışdır. Bir neçə gündən sonra həmin telefonun oğurluq olduğunu polis əməıkdaşlarından öyrənmiş və telefonu sahibinə verilməsindən ötrü polis əməkdaşlarına qaytarmışdır. O, həmin telefonu alan zaman telefonun oğurluq olduğunu bilməmişdir. xx.xx.21024-cü il tarixdə məhkəmə iclasında şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq etdiyini və ifadə vermək istədiyini bildirib göstərmişdir ki, ailə üzvülərilə birlikdə ünvan 4 ünvanında yaşayır. O, Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xadimə işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Abdulla mobil telefon oğladığı üçün hazırda həbs olunmuşdur. Abdulla tutulmamışdan əvvəl özünün deməsinə görə Lənkəran şəhərində fəhlə işləmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində, saat 15 radələrində oğlu evə gəlmiş və ona bir ədəd adi toxunuşlu qızıl qolbağ bir ədəd "Reket" qızıl boyunbağı verərək demiş ki, işlədiyi işlə bağlı ona pul əvəzinə bu qızıl əşyalarını veriblər, aparıb satarsan. O da Abdullaya demiş ki, özün niyə aparıb satmırsan. Abdulla da ona demiş ki, qıramında onu aldadarlar, ona görə də birlikdə Msallı şəhər bazarına gedək, qızıl əşyalarının satarsan sözlərini demişdir. Səhərisi günü günorta saatlarında işdən çıxıb evə gəlmişdir. Sonra isə oğlu Abdulla ilə birlikdə evdən çıxıb küçədə dayanmış və avtobusa əyləşib Masallı şəhərinə getmişlər. Onlar Msallı şəhər bazarının yanında avtobusdan düşmüşlər və piyada bazara daxil olmuşlar. Bazarın içərisində olan qızıl satılan mağazanın qarşısına gəlmişlər və oğlu Abdulla ona demiş ki, o çayxanada oturub çay içəcək, "sən də mağazaya gir, qızılları sat çayxananın yanına gəl". O mağazaya daxil olmaq istəyərkən, adını bilmədiyi kök bir kişi mağazadan küçəyə çıxmış və uca səslə "qızıl alıram, qızıl alıram" deməyə başlamışdır. O həmin kişiyə demiş ki, qızılın qramını neçəyə alırsan. Həmin kişi də ona demiş ki, satlıq qızılın var? O da kişiyə demiş ki, hə qızıl satmağa gəlmişəm. Həmin kişi də ona demiş ki, qızılın qıramını əyyarına görə alır. Bundan sonra o həmin kişi ilə mağazaya daxil olmuş və qızıl əşyalarını ona vermişdir. Həmin kişi əvvəlcə boyunbağını yoxlamış və demiş ki, bunun əyyarı 500-dür. Sonra isə həmin kişi qızıl qolbağı yoxlamış və demiş ki, bu qızılın əyyarı 583-dür. Həmin kişi əvvəlcə boyunbağını elektron tərəzidə ölçmüş və ona demiş ki, çəkisi 27 qramdır. Sonra isə həmin kişi qolbağı elektron tərəzidə ölçmüş və demiş ki, çəkisi 5 qramdır. Sonra isə ona demiş ki, boyunbağının qıramını lom kimi 63 manata götürəcək, qolbağ isə yaxşı vəziyyətdə olduğu üçün lom kimi deyil qolbağa görə 450 manat pul verəcək. O da həmin kişi ilə razılaşmışdır. Həmin vaxtı kök kişinin yanına bir cavan oğlan gəlmiş və ona ata deyəndə anlamış ki, həmin cavan oğlan kök kişinin oğludur. Həmin kök kişi boyunbağıya görə ona 1710 manat, qolbağa görə isə 450 manat pul vermişdir. Həmin kişi ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O da həmin kişiyə demiş ki, şəxsiyyət vəsiqəsi üstündə yoxdur, əsli Ərkivan kəndindədir, amma Liman şəhərində yaşayır, adıda X2r. Bundan sonra həmin kişi ona demiş ki, düzün de, bu qızıllar sənindir? Birdən oğurluq olar. O da, həmin kişiyə demiş ki, "bax gör mən oğruya oxşayıram, həmin qızıllar oğlumundur, ehtiyacımız olduğu üçün satıram, əgər almaq istəmirsənsə başqa adama sataram". Həmin kişi jurnalda onun adını və yaşadığı ünvanı qeyd etdikdən sonra o mağazadan çıxmışdır. Sonra isə küçədə olan çayxanaya tərəf getmiş və oğlu Abdulla onu görən kimi oturacaqdan qalxıb ona tərəf gəlmişdir. Abdulla ona demiş ki, qızılları satdın? O da Abdullaya demiş ki, qızılları cəmi 2160 manata satdım. Abdulla ona demiş ki, pulları ver, özümə paltar alacam. O da pulları Abdullaya vermiş və onlar paltar satılan mağazaya daxil olmuşlar. Abdulla özünə bir ədəd papaq, bir dəst "odidas" idman paltarı, bir ədəd krassovka və iki ədəd "futbolka" köynək almışdır. Sonra isə onlar həmin mağazadan çıxmışlar və başqa bir mağazaya daxil olmuşlar. Abdulla həmin mağazadan bir ədəd qulaqcıq almış, bir ədəd də flesh karta mahnılar yazdırıb almışdır. Onlar həmin mağazadan çıxmış və avtobusların dayandıqları yerə tərəf piyada gəlməyə başlamışlar. Onlar piyada gedərkən bir mağazanın qarşısında su vedrələrinin olduğunu görmüş və Abdullaya demiş ki, "mənim üçün bir dənə vedrə al". Abdulla da ona bir ədəd vedrə almışdır. Bundan sonra onlar ərzaq mağazasına daxil olmuşlar və Abdulla ona demiş ki, ev üçün nə alım. O da Abdullaya demiş ki, konfet, quru çay və qab şampunu al. Abdulla da dediyi şeyləri aldıqdan sonra mağazadan çıxıb və avtobusa əyləşib yaşadıqları Liman şəhərində yerləşən evlərinə gəlmişlər. Abdulla evdə təzə aldığı paltarları geyinmiş və evdən çıxanda ona demiş ki, "qazımızın borcunu vermək üçün mənə 10 manat pul ver". Abdulla da ona demiş ki, pulu yoxdur. Bundan sonra Abdulla evdən çıxıb getmişdir. Abdulla 2 gündən sonra gecə vaxtı evə gəlmişdir. Təxminən 10 gün bundan əvvəl polislər Abdullanı tutmuşlar. Sonradan ona məlum olmuş ki, Abdulla oğurluq etdiyi üçün onu tutublar. 03 may 2024-cü il tarixdə onu Lənkəran polis şöbəsinə çağırmışlar və o Lənkəran polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona demişlər ki, sənin oğlun Abdulla qızıl əşyaları oğurlayıb. O da həmin polis işçisinə demiş ki, Abdulla evə bir ədəd qızıl qolbağ və bir ədəd qızıl boyunbağı gətirmiş və ona demiş ki, iş haqqının əvəzinə ona vermişlər, bu qızılları sat, o da həmin qızıl əlşyalarını Abdulla ilə birlikdə Masallı şəhərinə aparıb qızıl mağazasında satmışdır. Abdulla həmin qızıl əşyalarını oğurladığını ona deməmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini dəsdiq etdiyini bildirib göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhər sakinləri olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 evlərində baş vermiş oğurluq hadisələri üzrə əməliyyat tədbirləri tərəfindən keçirilmiş və daxil olmuş əməliyyat tədbirləri nəticəsində həmin evlərdən oğurlanmış mobil telefonları Lənkəran rayon Liman şəhər sakini olan əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəlləri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Odur ki, 28 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Lənkəran rayon Liman şəhərində saat 13 radələrində görüşmüş, onu Lənkəran ŞRPŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-də təhqiqatçı tərəfindən izahatı alınan zaman ünvan 6-də 28 aprel 2024-cü il tarixdə bir ədəd Samsung A12 markalı mobil telefonu oğurladığını bildirmiş və həmin telefon üzərində olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 1 ədəd Samsung A12 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra onun tərəfindən şifahi sorğu sual zamanı ona bildirmiş ki, Lənkəran şəhər ərazisindən də bir evdən iki ədəd İphone markalı mobil telefonu oğurlamışdır. Həmin telefonlardan bir ədədini telefon mağazasında satdığını, bir ədədi isə gizlətdiyini, hazırda onuda gedib gətirərək təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Abdulla Abdullazadə gedib gizlətdiyi həmin telefonuda gətirmişdir. Məlum olmuş ki, həmin telefon Lənkəran şəhər M.Ağayev küçəsi ev 21-də yaşayan Zərərçəkmiş şəxs3 evindən 22 aprel 2024-cü il tarixdə oğurlanmışdır. Cinayət işində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 5 ünvanı olan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evidir. Evin həyətinə giriş qapısı 2 laylı dəmir darvazadan ibarətdir, hasar mişar daşları ilə hörülmüşdür, həyətdə iki mərtəbəli fərdi yaşayış evi vardır. Evin giriş qapısı dəmir seyf qapıdan ibarətdir, evin hər iki mərtəbəsinin pəncərələri plastik materialdan hazırlanmışdır. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində sonitar qovşaqda olduğu 7-8 dəqiqə ərzində naməlum şəxs və ya şəxslər evin ikinci mərtəbəsində seyf qapının açıq olmasından istifadə edərək evə daxil olaraq ikinci mərtəbədə, yataq otağında yataq dəstinin yanında qoyulmuş şkafın üzərində qoyduğu iki ədəd ümumi 3100 manat qiymətində İphone markalı mobil telefonları oğurlamışlar. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 6 ünvanı olan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Evin həyətinə giriş qapısı 2 laylı dəmir darvazadan ibarətdir, hasar mişar daşları ilə hörülmüş və tor dəmir çəpərlə əhatələnmiş, həyətdə bir mərtəbəli fərdi yaşayış evi vardır. Evin giriş qapısı taxta qapıdan ibarətdir, evin pəncərələri taxta materialdan hazırlanmışdır. Baxış zamanı hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində öz otağında yatdığı zaman naməlum şəxs və ya şəxslər evin qonaq otağının qapısının açıq olmasından istifadə edərək evə daxil olaraq, həmin otağda divanın üzərində qoyduğu bir ədəd 170 manat qiymətində Samsung Galax A12 markalı mobil telefonu oğurlamışlar. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 7 ünvanı olan X3 məxsus fərdi yaşayış evidir. Evin həyətinə giriş qapısı 2 laylı aralı dəmirdən ibarətdir, evin dörd tərəfi tor dəmir çəpərlə əhatələnmiş, həyətdə bir mərtəbəli fərdi yaşayış evi vardır. Evin giriş qapısı taxta qapıdan ibarətdir, evin pəncərələri taxta materialdan hazırlanmışdır. Baxış zamanı hadisə yerini təqdim edən X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində mağazaya alış verişə getdiyi müddətdə naməlum şəxs və ya şəxslər evin qonaq otağının qapısının açıq olmasından istifadə edərək evə daxil olaraq, həmin otağda paltar dolabından paltarların arasında mücrünü bir ədəd qızıl qolbağ, bir ədəd qızıl boyunbağı və 300 manat pulunu oğurlamışlar. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd “İphone 14 Pro” markalı istifadəyə tam yararlı mobil telefonun orta bazarda ikinci əl satış qiyməti 2700 manat, bit ədəd “İphone 6” markalı istifadəyə tam yararlı mobil telefonun orta bazarda ikinci əl satış qiyməti 100 manat, bir ədəd “Samsunq Galaxy A12” markalı istifadəyə tam yararlı mobil telefonun orta bazarda ikinci əl satış qiyməti 150 manat, rus istehsalı olan bir ədəd 20 qram 585 əyyarlı rekert qolbağın orta bazarda satış qiyməti 1600 manat, rus istehsalı olan bir ədəd 30 qram 585 əyyarlı rekert boyunbağının orta bazarda satış qiyməti 2400 manatdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinib 05 müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə ilə azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X7 Məhkəmə Psixatrik Ekspertizasının 01 iyul 2024-cü il tarixli 1906 saylı rəyində Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respubliksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, bir ədəd “İphone Pro 14” markal, bir ədəd “İphone 6” markalı, bir ədəd “Samsung Galax A12” markalı mobil telefonlar və bir ədəd qızıl qolbağ maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. Cinayət işində olan qəbzlərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 evindən oğurlanmış bir ədəd qızıl qolbağı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 bir ədəd “Samsung Galax A12” markalı mobil telefonu, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə bir ədəd “İphone Pro 14” markal, bir ədəd “İphone 6” markalı telefonları təhvil almışlar. Cinayət işində olan şübhəli şəxs qismində tutulma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il, saat 02.10-dan hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfü ilə bağlı məhkəmə belə hesab edir ki, onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bundan əvvəl təqsirləndirilərək məhkum olunmuş CM-nin 177.2-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 05 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı xx.xx.2023-cü il tarixdən 02 il müddət keçməmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan bir ədəd qızıl qolbağın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, bir ədəd “Samsung Galax A12” markalı mobil telefonunun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, bir ədəd “İphone Pro 14” və bir ədəd “İphone 6” markalı telefonların zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X6 qalmış ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan bir ədəd qızıl qolbağın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, bir ədəd “Samsung Galax A12” markalı mobil telefonunun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, bir ədəd “İphone Pro 14” və bir ədəd “İphone 6” markalı telefonların zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs X6 qalmış ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar