Məhkəmə qərarları › İş №1(049)-219/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-219/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-219/2023 18.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, saat 10:35 xx xxxx 1995-ci il tarixdə Lənkəran rayonun Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonun Siyavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Bеlə ki, о, 2023-ci ilin yanvar ayının əvvəllərində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd bükümdə, ayrıayrılqda təmiz çəkiləri 0,218 qram, 0,134 qram, 0,215 qram ümumi təmiz çəkisi 0,567 qram olan ağ rəngli kristal formada olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərin görə eyni olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 10:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Siyavar kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan gödəkcənin sol yan cibindən siqaret qutusunun içərisində 3 ədəd kağız bükümlərin içərisindən həmin psixotrop maddə olan metamfetamin və gödəkcəsinin sağ yan cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamini qızıdırıb tüstüsünü çəkməklə qəbul edir. 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri böyük bazar adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata 3 büküm psixtrop maddə metamfetmin almışdır. Həmin metamfetmini siqaret qutusuna qoyub şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 10 radələrində yaşadığı kənddə yol ilə piyada evinə gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə gətirmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etməsi təklif olunduqda əynində olan gödəkcəsinin sol yan cibindən içərisində 3 büküm metafetamin olan siqaret qutusunu təqdim etmiş, üzərinə şəxsi axtarış keçirilən zaman gödəkcəsinin sağ cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı siqaret qutusunun içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Əldə etdiyi metamfetamini heç kəsə satmamış, ümumiyyətlə narkotik və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda psixotrop maddədən istifadə etdiyi üçün çox peşmandır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran rayonu Siyavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumatların dəqiqliyini bir neçə mənbədən yoxladıqdan sonra realizə edilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və tərkibi təsdiq edilmişdir. Əmrə əsasən qrupun rəhbəri o, üzvləri isə şöbənin ictimai təhlükəsizlik bölməsinin sahə rəisləri Rafael Quluzadə və Şahid3 olmuşdur. 05 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Siyavar kəndinə getmişlər. Orada bir müddət müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs aşkar etmişlər. Aqşin tək şəkildə piyada hərəkətdə olmuşdur, çevikliyi və gözlənilməzliyi təmin edərək Aqşinə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Aqşin onlardan hansı səbəbə yaxınlaşdıqlarını soruşan zaman Aqşinə barəsində daxil olmuş məlumatlarla bağlı üzərində şəxsi axtarış keçirməli olduğunu, lakin ətrafda insanların və nəqliyyat vasitələrinin intensiv hərəkətini nəzərə almaqla şəxsi axtarışın polis şöbəsində keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Vəkilin və onların iştirakı ilə videoçəkiliş müşayiəti altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməyini təklif etmiş, sonuncu da gödəkçəsinin sol yan cibindən bir ədəd “Argo” markalı siqaret çıxarıb içərisində psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Aqşinin təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 3 ədəd kağız büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərində olan bükümlərdə psixotrop maddə metamfetamin var, həmin bükümləri Lənkəran şəhəri mərkəzi bazarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb saxlamış, elektron tərəzini isə psixotrop maddə alan zaman çəkisi müəyyən etmək və aldadılmamaq üçün alıb üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şahid1 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi kimi xidmət edir. Lənkəran rayonu Siyavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə 05 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Siyavar kəndinə getmişlər. Orada bir müddət müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs aşkar etmişlər. Aqşin tək şəkildə piyada hərəkətdə olduğunu gördükdə sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Aqşinə barəsində daxil olmuş məlumatlarla bağlı üzərində şəxsi axtarış keçirməli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Vəkilin və onların iştirakı ilə videoçəkiliş müşayiəti altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməyini təklif etmiş, sonuncu da gödəkçəsinin sol yan cibindən bir ədəd “Argo” markalı siqaret çıxarıb içərisində psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Aqşinin təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 3 ədəd kağız büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd işlək vəziyyətdə olması yoxlanılan elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərində olan bükümlərdə psixotrop maddə metamfetamin var, həmin bükümləri Lənkəran şəhəri mərkəzi bazarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb saxlamış, elektron tərəzini isə psixotrop maddə alan zaman çəkisi müəyyən etmək və aldadılmamaq üçün alıb üzərində saxlamışdır. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunmuşdur. Şahid3 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Aqşin Məmmədovun hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi kimi xidmət edir. Lənkəran rayonu Siyavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Faiq baxiyevin icraatında daxil olmuş məlumatın realizə edilməsi məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Siyavar kəndinə getmişlər. Orada bir müddət müşahidə apardıqdan sonra Təqsirləndirilən şəxs aşkar etmişlər. Aqşin tək şəkildə piyada hərəkətdə olduğunu gördükdə sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Aqşin onlardan hansı səbəbə yaxınlaşdıqlarını soruşan zaman Aqşinə barəsində daxil olmuş məlumatlarla bağlı üzərində şəxsi axtarış keçirməli olduğunu, lakin ətrafda insanların və nəqliyyat vasitələrinin intensiv hərəkətini nəzərə almaqla şəxsi axtarışın polis şöbəsində keçirilməli olduğunu izah etmişlər. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Vəkilin və onların iştirakı, həmçinin Şahid3 tərəfindən həyata keçirilən videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməyini təklif etmiş, sonuncu da gödəkçəsinin sol yan cibindən bir ədəd “Argo” markalı siqaret çıxarıb içərisində psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Aqşinin təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 3 ədəd kağız büküm olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərində olan bükümlərdə psixotrop maddə metamfetamin var, həmin bükümləri Lənkəran şəhəri mərkəzi bazarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb saxlamış, elektron tərəzini isə psixotrop maddə alan zaman çəkisi müəyyən etmək və aldadılmamaq üçün alıb üzərində saxlamışdır. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən imzalanmışdır. Aqşin Məmmədovun hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materillarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret qutusunun içərisindən 03 ədəd bükümdə, ilkin çəkisi 0,75 qram olan psixotrop maddə metamfetamin, həmin gödəkçəsinin sağ yan cibindən isə bir ədəd, üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümlər və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması barədə” 05 yanvar 2023-cü il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret qutusunun içərisindən 03 ədəd bükümdə, ilkin çəkisi 0,75 qram olan psixotrop maddə metamfetamin, həmin gödəkçəsinin sağ yan cibindən isə bir ədəd, üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümlər və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Cinayət işininmateriallarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 19/05 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən psixotrop maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,218 qram, 0,134 qram, 0,215 qram, ümumi təmiz çəkisi 0,567 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs sağ gödəkçəsinin cibindən götürülmüş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetmain iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Cinayət işinin materillarına əlavə edilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2023-cü il tarixli 08 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018-ci ildən “Opium narkomanlığı” sindromu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, üzərində saxlaması, daşıması ilə məşğul olmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Lənkəran rayonu Siyavar kənd sakini Təqsirləndirilən şəxs psixotrop maddə aludəçisi olduğu, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlayaraq daşıdığı, elektron tərəzini isə əldə etdiyi narkotik vasitə və psixotrop maddələri realizə etmək üçün bükümlərə bölmək məqsədilə əldə edib üzərində gəzdirdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanıması və saxlanca verilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,567 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,417 qram qalığı, bir ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, 0,417 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün ötrü Lənkəran ŞRPŞnin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi iləsatış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin psixotrop maddələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, üzərində saxlamaqla daşınması əməllərini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 3 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzinin olmasından irəli gələn ehtimal və subyektiv mülahizələr dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş psixotrop maddəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Lakin, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizələrini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1 və Şahid3 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 03 bükümdə psixotrop maddə metamfetamini 0,567 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal psixotrop maddə qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 05 yanvar 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində üç ədəd bükümdə psixotrop maddəyə oxşar kütlən istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – kağız və ya sellofan kəsiyi, eləcə də, psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə psixotrop maddənin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyinə düçar olmasını və 2018-ci ildən ərazi narkoloji kabinetdə qeydiyyatda olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa psixotrop maddə “ehtiyatı” olmadığı halda 3 bükümdə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə toksikomaniya xəstəliyinin aşkar olunmasını, ərazi narkoloji kabinetdə 2018-ci ildən qeydiyyatda olmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Məhkəmə sonda belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız onun üzərində aşkar edilmiş psixotrop maddənin çəkisi və elektron tərəzinin olması təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, onun üzərindən aşkar edilmiş üç bükümdə psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Lakin onun həmin maddəni satmaq məqsədi olmamışdır. Elektron tərəziyə gəldikdə isə, o, bildirmişdir ki, həmin elektron tərəzi onun tərəfindən yalnız psixotrop maddə alınarkən aldanmaması və çəkisini müəyyən etmək məqsədi olmuşdur. İlkin daxil olmuş məlumatda hətta (raportda) Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, üzərində saxlaması, daşıması məzmunda olmuş, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məğul olması barədə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını gücləndirəcək əlavə heç bir sübutu əldə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ibtidai istintaqı aparan orqan Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat tapşırığına verilmiş cavabdan da, Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərə psixotrop maddəni satmasını və həmin şəxs və ya şəxslərin dairəsini müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, 2023-ci ilin yanvar ayının əvvəllərində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 3 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,218 qram, 0,134 qram, 0,215 qram ümumi təmiz çəkisi 0,567 qram olan ağ rəngli kristal formada olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərin görə eyni olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 10:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Siyavar kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan gödəkcənin sol yan cibindən siqaret qutusunun içərisində 3 ədəd kağız bükümlərin içərisindən həmin psixotrop maddə olan metamfetamin və gödəkcəsinin sağ yan cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,567 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran şəhər İHB-nın Siyavar kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verilmiş arayış və xasiyyətnaməsindən görünür ki, Babayev X3 rayonu Siyavar kəndində anası ilə birlikdə yaşayır, yaşadığı dövrdə özünü daim nümunəvi aparmış və hörmət qazanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış psixotrop maddənin miqdarını, eyni zamanda toksikomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs qısa müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 08 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi mülaicə təyin edilməli və o, ərazi narkoloji kabinetində 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.417 qram qalıq çəkisi olan metamfetamin və 01 ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.417 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar