Məhkəmə qərarları › İş №1(049)-224/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-224/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-224/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:00 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nuri qızı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Büerosunun vəkili Müdafiəçi iştirakı ilə, 06 avqust 1972-ci ildə Lənkəran rayonu, Gəgiran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran rayonu, Şilavar kəndində yerləşən bacısı Zərərçəkmiş şəxs Nuri qızının evində qonaq olarkən, bacısı Zərərçəkmiş şəxs həmin vaxt qonşuya getmək üçün evdən çıxdığını görüb özgə əmlakıni gizli olaraq talamaq qərarına gəlməklə bu məqsədlə yaşayış sahəsi olan evin yataq otağınının qapısını açıb ev sahibəsi Zərərçəkmiş şəxs hər hansı bir razılığı olmadan qanunsuz həmin otağa daxil olaraq, saxlanc yeri hesab edilən sandığın üzərində asılmış kiçik qıfılı əli ilə möhkəm dartmaqla qıraraq, sandığın içərisindən sonuncuya məxsus 3400 pulu gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nuri qızı bacısıdır. Onunla aralarında heç bir qəsdi qərəzçiliyi olmamışdır. Günay Lənkəran rayonun Şilavar kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Günayın evinə qonaq getmişdir. Bir neçə gün onlarda qalmışdır. O axşamlar qonaq otağında yatır. Günay isə uşaqları ilə birlikdə öz yataq otağında yatırdı. Fəhləliklə məşqul olduğu üçün maddi vəziyyəti çox pis idi. Çoxlu borcları vardır. xx.xx.2022-ci il tarixdə Günay öz yataq otağında döşəklərin altından nəsə götürüb sandığa qoymuş, həmin vaxt Günayı yataq otağının zala açılan qapısından görmüşdür. Günay isə ona baxdığını görməmişdir. Həmin gün saat 14:00-da Günay ona qonşuya getdiyini deyib uşaqlarını götürüb evdən çıxmışdır. O da həmin vaxt evdə tək olmuşdur. O Günayın əri X2 işlədiyini, həmişə evə pul göndərdiyini bilirdi. Ona görə oğurluq etmək qərarın gəlmişdir. Günayın yataq otağına daxil olmuş, orada divarın yanında yerdə qoyulmuş sandığa yaxınlaşmışdır. Sandığın üzərində kiçik nazik klid vardır. O həmin kilidi əli ilə möhkəm dartıb qırmışdır. Sandıxı açıb içərisini axtaranda orada paltarların altında sellofanda evə aid sənədlərlə birlikdə qoyulmuş pulu görüb götürmüşdür. Pulu saydıqda pul 2000 manat olmuşdur. Qeyd etdiyi kimi maddi vəziyyəti pis olduğu üçün həmin pulu götürmüşdür. Yenə sandığın ağzını bağlayıb kilidi yerinə keçirmişdir. Həmin gün saat 16 radələrində Günay gəldikdən sonra ona Bakı şəhərinə getməli olduğunu deyib əşyalarını götürüb Bakıya yola düşmüşdür. O telefonu bir müddət söndürmüşdür. Günay sonra ona zəng edərək niyə pulu oğurladığını deyə soruşanda, ona pul lazım olduğu üçün götürdüyünü demişdir. Günayda da şikayət etdiyini bildirdikdə, ona narahat olamamasını, işləyib pulunu qaytaracağını deyərək şikayəti geri götürməsini xahiş etmişdir. O Günayın evindən 3.400 manat deyil, 2.000 manat götürmüşdür. Ona vaxt veriləcəyi təqdirdə həmin pulları Günaya qaytaracaqdır. Lakin həbsdə olduğu üçün pulunu qaytara bilmir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyəcəyini və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs Nuri qızı ifadəsində bildirmişdir ki, evlidir və himayəsində 3 azyaşlı uşağı vardır. Hazırda ailəsi ilə birlikdə Lənkəran rayonun Şilavar kəndində yaşayır. Təqsirləndirilən şəxs qardaşıdır. Onunla aralarında heç vaxt qəsdi qərəzçilikləri olmamışdır. Valeh onlara get gəl edir, ona baş çəkir, hətta onlarda bir neçə gündə qalmışdır. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayının əvvəllərində Valeh onlara qonaq gəlmişdir. Valeh onun evində təxminən 10-15 gün qaldıqdan sonra ona iki günə Bakıya işləməyə gedəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00-da evdən çıxarkən yataq otağında döşəklərin arasında saxladığı 3400 manat pulu götürüb sandığa qoymuşdur. Sonra sandığı öz nazik qıfılı ilə kilidləmişdir. Valehdə həmin vaxt qonaq otağında olmuşdur. Uşaqları həmin vaxt məktəbdə olmuşlar. O evdən çıxanda Valehə qonşuya getdiyini demişdir. O saat 16 radələrində evə gələndə Valeh ona artıq Bakıya yola düşdüyünü demişdir. Ona bəs iki gün sonra gedəcəkdin niyə birdən qərarını dəyişdin deyə soruşanda, Valeh ona işi çıxdığını buna görə getdiyini demişdir. O əşyalarını toplaylb çıxıb getmişdir. Valeh getdiyi günün səhəri səhər saatlarında ona pul lazım olduğu üçün sandığı açanda orada saxladığı 3400 manat pulunun yerində olmadığını görmüşdür. O Valehdən şübhələnmişdir. Çünki sonuncu dəfə onlarda Valeh olmuşdur. Ondan başqa onlara heç kəs gəlməmişdir. O evdən bayıra çıxıb heç yerə getməmişdir. Buna görə Valehə zəng etsə də o telefonu sondürmüşdür. Onunla əlaqə saxlaya bilmədiyi üçün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Valehlə əlaqə saxlamış, Valeh ona ondan şikayətini götürməsini xahiş edərək və pulunu qaytacağını demişdir. O da Valehə pulu verdikdən sonra şikayətini götürəcəyini deyərək razılaşmışdır. Valehə növbəti dəfə zəng edib onunla əlaqə saxlayarkən, Valeh ondan pulu tələb etməməyini, pulu götürməyi barədə yaxşı etdiyini, şikayəti götürmədiyi təqdirdə gəlib onun evini yandıracağını demişdir. O cavabında Valehə «mənə heç bir şey edə bilməzsən» deyib pulunu ondan tələb etmişdir. Valeh də ona pulu götürdüyünü, buna görə əcəb etdiyini, ona heç bir şey edə bilməyəcyini deyib onu söyüb təhqir etmişdir. Valehin oğurladığı pul qonaq otağında döşəyin arasında olsa da, o həmin pulu öz yataq otağında sandığa qoymuşdur, sandığın qıfılını da bağlamışdır. Valeh onlardan getdikdən sonra Valehdən başqa onlara heç kəs gəlməmişdir. O da evdən bayıra çıxmamışdır. Zərərçəkmiş şəxs X3 çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 Bahəddin oğlu ifadəsində göstərmişdir ki, o Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir rütbəsi polis kapitanıdır. Lənkəran rayonun Şilavar kəndi onun xidməti ərazisidir. Lənkəran rayonun Şilavar kənd sakini Zərərçəkmiş şəxs Nuri qızı xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonun Şilavar kəndində yerləşən evindən, onun evinə qonaq gəlmiş qardaşı Valeh adlı şəxs 3400 manat pulunu oğurlamışdır. Bu barədə məlumat əldə etdikdən sonra tərəfindən Zərərçəkmiş şəxs ilə sorğu aparılarkən qardaşı Valeh onara qonaq gəldiyini, evdə olmadığı vaxt Valeh evin yataq otağında sandığda saxladığı 3400 manat pulu gizli olaraq götürdüyünü, həmin gün o Baklı şəhərinə getdiyini, pulunun yerində olmadığını gördükdən sonra Valehə zəng edərək pulunu niyə götürdüyün dedikdə, Valehdə ona əcəb etdiyini, ondan şikayətini geri götürməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Valehin hazırda Bakı şəhərində hansı ünavanda yaşaması barədə soruşduqda, Günay ona Valehin Bakı şəhərində yaşadığını konkret olaraq hansı ünvanda yaşaması barədə məlumatı olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edildikdən bir müddət sonra Lənkəran ŞRPŞ-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən Bakı şəhəri Suraxanı rayonu ərəzisidə saxlanılaraq Lənkəran polis şöbəsinə gətirilərək istintaq bölməsinə təhvil verilmişdir. Tərəfindən Təqsirləndirilən şəxsla bu barəd söhbət aparılarkən o borcu olduğu üçün bacısı Günayın evindən pulu oğurladığını bildirirək törətdiyi cinayət etiraf emiş və peşmançılığını bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsindən göstərmişdir ki. o Lənkəran ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində barəsində axtarış elan edilməsi haqqında qərara icraatına daxil olduqdan sonra tərəfindən əməliyyat axtraış tədbirləri keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində müxtəlif ünvanlarda kirayələrdə qalması barədə məlumat aldıqdan sonra yerinin onun tutulması istiqmətində əməliyyat tədbirləri keçirilməyə başlanılmışdır. xx.xx.2023-cü il tarixdə tərəfindən Suraxanı Rayonun Polis İdarəsi-nin 30-cu PŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirlərlə həmin gün saaat 19:45-də Bakı şəhəri Suraxanı rayonu ərazisində yaxalanaraq xx.xx.2023-cü il tarixdə 00:30-da Lənkəran ŞRPŞ-na gətirilərək ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Tərəfindən Təqsirləndirilən şəxsla bu barəd söhbət aparılarkən o bacısı Günayın evindən pulu oğurladığını bildirirək törətdiyi cinayət etiraf emiş və peşmançılığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Lənkəran rayonun Şilavar kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında baş vermiş və Zərərçəkmiş şəxs ifadəsini əyani şəkildə göstərmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 19:45-də Bakı şəhəri, Surxanı rayonu ərazisində tutulmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə göstərərək törətdiyi oğurluğu təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, İbadov X4 Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmünə əsasən Azərbaycan SSR Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3 və 4-cü hissələri ilə təqsirli bilinərək şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-35/2023 №-li 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayonlararası Psixatiriya Xəstəxanasın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İbadov X4 Rayonlararası Psixatiriya Xəstəxanasında xx.xx.2013cu il tarixdən «Baş beyin üzvi xəstəliyi nəticəsində yaranan davranış pozuntusu, ağıl zəifliyi» diaqnozu ilə qeyddiyyatdadır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nuri qızının evindən götürdüyü pulu saydığını və pulun 3400 manat məbləğində olduğunu bildirmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1054 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Üzvü şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunayıb ki, o qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiləyyətlidir. Lənkəran Şəhəri İHB-nın Gəgiran kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, İbadov X4 rayonu, Gəgiran kəndində qeydiyyatda olsa da, 10 ildir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yaşayır və yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Lənkəran ŞRPŞ-nın CAB-nə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Zərərçəkmiş şəxs Nuri qızının evindən oğurluğu Təqsirləndirilən şəxs etməsinə dair əməliyyat məlumatları əldə edilmşdir. Təqsirləndirilən şəxs həmin oğurluqdan başqa hər hansı bir yerdə cinayət törətməsi və yuxud törətdiyi oğurluq hadisəsində başqa bir şəxsin iştirakının olması barədə CAB-nə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ibtidai istintaqda verdiyi ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, yəni 3400 manat deyil, 2000 manat məbləğində pulu oğurlaması barədə ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid ifadələri ilə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 3400 manat məbləğində pul oğurlaması barədə verdiyi ifadə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bir biri ilə uyğunluq təşkil edir. Buna görə də məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında 2000 manat pul oğurlaması barədə verdiyi ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs CM-nin CM-nin 56.1.2-cü maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli CPMnin 158.2-ci maddəsinə əsasən faktiki olaraq saxlandığı vaxtdan, yəni 28 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Zərərçəkmiş şəxs Nuri qızına ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablanmaqla, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Nuri qızına ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar