Məhkəmə qərarları › İş №1(049)-225/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-225/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-225/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs Lənkəran rayon Boladi bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxx 1973-cü ildə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.1 və 188.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına dəmirdən olan tikanlı məftillə su kanalı boyunca hasarlayıb tutaraq, həmin torpaq sahəsində özbaşına kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərmişdir. Bundan başqa, o, 19 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə torpaq sahəsi və torpaq sahəsinin kənarında yerləşən su kanalının içərisinə çəkilmiş dəmir setka çəpərə görə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşmış və əli ilə qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq sonuncuya sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı xəsarətini yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonu Boladi kənd sakinləri Şahid1 və Zərərçəkmiş şəxs həmkəndliləridir. Onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Famillə arasında 2022-ci ilin aprel ayından etibarən su kanalında quraşdırdığı setka çəpərlə bağlı ziddiyyət vardır. Famil 2-ci Qarabağ müharibəsinin qazisidir. Onun Boladi kəndi ərazisində yaşadığı evdən təxminən 1-2 km uzaqlıqda olan 2 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi əvvəllər Boladi kəndi ərazisində yerləşmiş Nizami adına sovxozun toyuq ferması olmuşdur. O, həmin torpaq sahəsini xüsusi mülkiyyətinə keçirəndən sonra torpaq sahəsində kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərir. Həmçinin həmin torpaq sahəsində iri və xırda buynuzlu heyvanlar saxlayır. Familin yaşadığı evlə həmin torpaq sahəsinin arasında setka çəpər olmuş, hazırda həmin çəpər Famil tərəfindən sökülmüşdür. Həmin torpaq sahəsinin sol tərəfində su kanalı yerləşir. Əvvəllər həmin torpaq sahəsində yerləşən toyuq fermasının giriş qapısının yanından su kanalının ortasından suyun axarına mane olmamaq şərti ilə irigözlü setka çəpər çəkilmişdir ki, kənd camaatının toyuq, ördək və qaz quşları toyuq fermasının ərazisinə keçməsin. O da həmin torpaq sahəsini xüsusi mülkiyyətinə keçirəndən sonra su kanalının içərisində olan setka çəpərin dağılmış hissələrini təxminən 10 il bundan əvvəl bərpa etmişdir ki, qonşuluqda yaşayan kənd camaatının toyuq, ördək və qaz quşları onun torpaq sahəsinə girib əkininə ziyan vurmasınlar. 2022-ci ilin aprel ayında kənd bələdiyyəsinin sədri Nümayəndə onun mobil telefonuna zəng edərək "Famil sənin torpaq sahəndən örüş sahəsinə mal heyvanlarını ötürmək üçün yol istəyir, əgər imkan varsa Familə örüş sahəsinə keçmək üçün yol ver" bildirdikdə Nümayəndə, əgər torpaq sahəsindən Familə yol verərsə, Familin heyvanlarının onun əkin sahəsinə ziyan vuracaqlarını demişdir. Nümayəndə da ona "sən Famillə görüş, bəlkə ona başqa formada xeyrin dəydi" bildirmişdir. O da səhərisi günü, saat 08 radələrində fermadan çıxanda Famillə rastlaşmış və Familə "sən Salmanın yanına gedib, ondan mənim torpaq sahəmdən örüş sahəsinə keçmək üçün yol istəyirsən, amma mən sənə yol versəm sənin mal heyvanların mənim əkinimə girib ziyan vuracaqlar, istəyirsənsə, sənə başqa formada köməklik edim" bildirmişdir. Famil də ona, Salmandan, onun torpağından keçib örüş sahəsinə getmək üçün yol istəmədiyini, Salmadan onun həyətinə girmədən başqa yerdən yol istədiyini bildirmişdir. O da Familə, burada ancaq onun torpaq sahəsinin yerləşdiyini bildirmişdir. Famil də onunla işi olmadığını bildirmişdir. Bundan sonra, o, Famildən ayrılıb yaşadığı evə getmişdir. Təxminən 7-8 gündən sonra Nümayəndə yenə də onun mobil telefonuna zəng edərək, Qazi Familin mal heyvanlarına onun torpaq sahəsindən örüş sahəsinə keçmək üçün yol almaq məqsədilə Lənkəran şəhəri İcra Hakimiyyəti başçısının qəbuluna yazıldığını və Famili İcra başçısının müavini Mikayıl müəllimin qəbul etdiyini və Mikayıl müəllimin onu qəbuluna çağırdığını bildirmişdir. O da həmin günü saat 15-16 radələrində Mikayıl müəllimin qəbuluna getmiş və onunla görüşmüşdür. Mikayıl müəllim ona, X5isi olduğunu, Familin mal heyvanlarını örüş sahəsinə ötürmək üçün onun torpaq sahəsindən yol istədiyini bildirib, Familə 1-2 metr enində torpaq sahəsindən yol verməyini ondan xahiş etmişdir. O da Familə torpaq sahəsindən yol verərsə, Familin mal heyvanlarının onun əkininə ziyan vuracaqlarını, amma bu barədə böyükləri ilə məsləhət edəcəyini Mikayıla bildirmişdir. Kəndə qayıtmış, bu barədə anası Firəngizlə məsləhətləşmiş və anası Firəngiz, Familə öz torpaq sahəsindən yol verməyini ona tövsiyə etmişdir.O da anası Firəngizlə razılaşmış və Familə həmin torpaq sahəsindən örüş sahəsinə getmək üçün 2 metr enində yol vermişdir. Famil isə həmin yolun enini 5 metr etmiş, amma, o, anası Firəngizə görə Familə heç nə deməmişdir. Təxminən 10 gündən sonra Familin toyuq-cücəsinin, ördək və qazlarının onun əkin sahəsinin ortasında olduğunu və əkdiyi çiyələkləri yediklərini görmüşdür. O, həmin toyuq-cücə, ördək və qazları əkin sahəsindən çıxarmış və əkin sahəsindən çıxıb Familin həyət qapısının qarşısına getmişdir. Famili küçəyə çağırmış və Familə, əkdiyi çiyələklərə xeyli pul xərclədiyini, onun toyuq-cücələrinin,ördək və qazlarının əkin sahəsinə girərək, ona ziyan vurduqlarını bildirib, bununla bağlı bir tədbir görməyini Famildən xahiş etmişdir. Famil də onunla razılaşmışdır. Amma Familin toyuq-cucələri,ördək və qazları yenə də onun torpaq sahəsinə girərək, əkininə ziyan vurmuşlar. Hər dəfə də onun işçiləri, Elman və Nəhmət, Familin toyuq-cücələrini, ördək və qazlarını əkin sahəsindən çıxarmışlar.O, bu barədə dəfələrlə Familə desə də, Famil onun sözlərinə əməl etməmişdir.O, 2022-ci ilin avqust ayında fermadan çıxdığı zaman Familin fermanın həyətinin qıraqları dəmirdən, ortası isə dəmir setkadan olan giriş qapısını söküb çıxarmaq istədiyini görmüşdür. O, idarə etdiyi VAZ21150 markalı, ** BO *** nömrəli avtomobilini Familin yanında saxlamış və maşından yerə düşmüşdür. Sonra isə Famildən, nə üçün onun fermasının həyət qapısını söküb çıxarmaq istədiyini soruşmuşdur. Famil də, ona, həmin yerdə əvvəllər qapı olmadığını və buna görə də qapını sökmək istədiyini, onu həmin yerdən çıxardacağını bildirmişdir. O da telefonla kənd icra nümayəndəliyində işləyən Zauru və bələdiyyənin sədri Nümayəndə həmin yerə çağırmışdır. Bir neçə dəqiqədən sonra Zaur və Salman, ona məxsus fermanın qapısının yanına gəlmişlər və Famili evinə aparmışlar. O da yaşadığı evə getmişdir. 19 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində anası Firəngizin doğum günü olduğu üçün əkin sahəsində işləyən fəhlələri tez evlərinə göndərmişdir. Özü isə həmin günü saat 17-18 radələrində idarə etdiyi maşına əyləşib fermadan çıxdığı zaman, su kanalının içərisinə çəkdiyi irigözlü setka çəpərin Familin əmisi oğlu Barat tərəfindən kəlbətinlə doğrandığını görmüşdür. O, tez maşını saxlamış və maşından yerə düşmüşdür. Baratdan, nə üçün su kanalının eninə çəkdiyi setka çəpəri sökdüyünü soruşduqda Barat da, setka çəpəri sökməyi ona Familin göstəriş verdiyini bildirmişdir. O da hirslənmiş və Barata "ə,küçük kanaldan çıx, həmin setkanı ördək və qazların əkin sahəmə keçib mənə ziyan vurmamaları üçün çəkmişəm" bildirmişdir. Mobil telefonu ilə 102 xidmətinə zəng edib setka çəpərinin Barat tərəfindən sökülməsi barədə məlumat vermişdir. Bu zaman təxminən 15 metr fermadan aralıda dayanmış Famil fermanın ərazisinə daxil olmuş və ona yaxınlaşaraq "həmin setka çəpəri sökməyi Barata mən göstəriş vermişəm, sən kimsən ki, onun kanaldan çıxmasını tələb edirsən, səni bu fermandan qovacam, ördəklərimi və qazlarımı da sənin fermanın həyətinə ötürəcəm" bildirmişdir. Həmin vaxtı Famil, onun üstünə hücum etmişdir. Barat isə əlində olan balta ilə su kanalından çıxmış və onu əlində olan balta ilə sağ qılçasından, sağ qolundan və qarnından vurmuşdur. Həmin vaxtı Famil, onların arasına girmiş və Baratı ondan aralamağa çalışmışdır. Amma Barat, Familin əlindən çıxıb yenidən onun üstünə gəlmişdir. O, tez əli ilə Baratın sinəsindən itələmiş və Barat su kanalına düşmüşdür. O da Baratın arxasınca su kanalına düşmüşdür. Həmin vaxtı Baratın sifətinə bir sillə vurmuş və Baratın əlindən baltanı almışdır. Həmin vaxtı səsküyə fermada qalan Nəhmət və qohumu Elman, onların yanına gəlmişlər. Barat su kanalından çıxmış və Familin evinə getmişdir. O da su kanalından çıxıb Liman polis bölməsinə getmiş və baş vermiş hadisə barəsində ərizə ilə müraciət etmişdir. 6,48 hektar torpaq sahəsinin 2 hektarı onun xüsusi mülkiyyətindədir. Ona məxsus 2 hektar torpaq sahəsinə bitişik olan 4,48 hektar torpaq sahəsi 2015-ci il tarixdən etibarən onun istifadəsindədir və o, həmin torpaq sahəsində kartof, qarğıdalı,arpa,buğda və yonca otu əkib becərmişdir 4,48 hektar torpaq sahəsinə dair, mülkiyyət, istifadə və ya icarə hüququ olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona СM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamı qəbul etmədiyini, zərərçəkmiş şəxsə hər hansı zərər vurmadığını bildirərək, həmin hissədə barəsində bəraət verilməsini, CM-nin 188.3-cü maddəsi ilə özünü təqsirli bildiyini bir daha belə əməllərə yol verməyəcəyini, əməlindən peşiman olduğunu bildirmiş, həmin hissədə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən etibarən Lənkəran rayonu Boladi bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyənin qarşısında duran vəzifələr, kənd yollarının təmiri, torpaq vergilərinin yığılması, bələdiyyə mülkiyyətinə aid olan ətraf mühitin mühafizəsi təşkil edir. Boladi bələdiyyəsi Lənkəran rayonunun Boladi kəndini əhatə edir. Lənkəran rayonunun Boladi kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır.Onunla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonunun Boladi kənd ərazisində Təqsirləndirilən şəxs, özünün xüsusi mülkiyyətində olan 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Boladi bələdiyyəsindən hərrac yolu ilə Təqsirləndirilən şəxs dayısı Boladi kənd sakini X12 almışdır. Cavid Ağayev həmin 2 hektar torpaq sahəsini 2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin 2 hektar torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmişdir. Lakin,Təqsirləndirilən şəxs təxminən 2015-ci il tarixdən etibarən dəmirdən olan tikanlı məftillərlə su kanalı boyunca özbaşına hasarlayıb, çiyələk və digər kənd təsərrüfatı məhsulları əkib-becərdiyi 4,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Boladi bələdiyyəsinin mülkiyyətinə aiddir. Anarın həmin 4,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququna aid sənədləri olmamışdır. 2022-ci ilin təxminən aprel-may aylarında Boladi kənd sakini, 2-ci Qarabağ Müharibəsi qazisi Zərərçəkmiş şəxs, ona "mal heyvanlarımı kəndin ümumi istifadəsində olan otlaq sahəsinə apara bilmirəm, Anara de, mənə öz torpaq sahəsindən yol versin" bildirdikdə bu barədə Anarla danışmış və Anardan xahiş etmişdir ki, öz torpaq sahəsindən otlaq sahəsinə keçməsi üçün Familə yol versin. Familin yaşadığı ev Anarın torpaq sahəsinin qonşuluğunda yerləşir. Anar da ona, əgər Familə örüş sahəsinə keçməsi üçün yol verərsə, Familin mal heyvanlarının onun əkin sahəsinə ziyan vuracaqlarını bildirmişdir. Lakin, o, X5isi olduğu üçün Anarla bir neçə dəfə söhbət etdikdən sonra, Anarı razılığa gətirmiş və Anar öz torpaq sahəsindən örüş sahəsinə keçməsi üçün Familə yol vermişdir.Təxminən 1-2 aydan sonra Famillə Anarın arasında torpaq üstündə mübahisə olduğunu eşitmişdir. Həmçinin 20 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində eşitmişdir ki, Anar, Famil və Familin əmisi oğlu Barat, Anar tərəfindən ev quşlarının əkin sahəsinə keçməməsi üçün su kanalının içərisinə çəkdiyi dəmirdən olan setka çəpərə görə 19 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində həmin su kanalının kənarında bir-birləri ilə dalaşmışlar. Daha sonra zərərçəkmiş şəxs Nümayəndə məhkəmə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İİİ qrup əlildir. 19 il Müdafiə Nazirliyinin hərbi hissəsində baş gizir rütbəsində xidmət etmişdir. O, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. O, Fizuli, Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir. O, Fizuli rayonunun Aşağı Veysəlli kəndində baş və sağ qol nahiyyələrindən yaralanmışdır. Hal-hazırda pensiya alır. Onun heç kimlə düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs, onun evinin yaxınlığında ferması vardır. Həmçinin Təqsirləndirilən şəxs Boladi Bələdiyyəsinə məxsus torpaq sahəsinin 2 hektardan çox hissəsini zəbt edərək, özünə məxsus olan 2 hektar torpaq sahəsinə birləşdirib çiyələk əkib-becərir. Həmçinin Təqsirləndirilən şəxs su kanalını öz mənafeyi üçün doldurmuşdur. O, səhəti ilə əlaqədar təsərrüfatla məşğul olmaq istəmişdir. Ona məşğulluq idarəsindən 3 baş iribuynuzlu inək verilmişdir. Həmçinin özünün də 4 baş iribuynuzlu heyvanı vardır. Ümumilikdə 7 baş mal heyvanı vardır. Həmin heyvanları örüş sahəsinə buraxmaqdan ötrü yolu olmamışdır. Örüş sahəsinə gedən yolu Təqsirləndirilən şəxs zəbt etmişdir. Boladi kənd bələdiyyəsinin sədri Nümayəndə müraciət edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq örüş sahələrini tutaraq yollarını bağladığını deyib, ona yol verilməsini istəmişdir. Nümayəndə 2 ay ərzində Təqsirləndirilən şəxsla danışıqlar aparmış və baş vermiş mübahisələrdən sonra ona Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsindən örüş sahəsinə keçmək üçün təxminən 5 metr enində yol verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs su kanalının sağ və sol tərəflərini dəmir çəpər (setka) ilə bağlamışdır. Anardan nə səbəbə su kanalını bağladığını soruşduqda Anar ona heyvanların onun əkin sahəsinə girdiyini deyərək bağladığını bildirmiş və həmin toru açdırmaqdan imtina etmişdir. 19 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində ördək və qazlarının su kanalı boyu üzməsi üçün maneə yaradan Anarın qoyduğu dəmir setka çəpəri söküb atmaq üçün əmisi oğlu Baratla birlikdə, Anarın qoyduğu qapının yanına getmişdir. Onun səhəti imkan vermədiyi üçün su kanalına düşə bilməmiş və əmisi oğlu Barat dəmir setkanı sökməsi üçün onun verdiyi balta ilə kanala düşmüşdür. Barat setkanı sökərkən, Anar idarə etdiyi avtomobillə həmin yerə gəlmiş və Barata "küçük sən kanalda nə üçün setkanı sökürsən, həmin yer mənim ərazimdir, su kanalından çıx rədd ol" bildirmişdir. Anara "qaz və ördəklərimin yolunu bağladığın üçün Barata mən demişəm ki, setkanı söksün" bildirmişdir. Həmin vaxtı Anar, ona nə üçün qaziliyindən istifadə etdiyini bildirmişdir. O da qaziliyinin bu məsələyə dəxli olmadığını Anara bildirmişdir. Barat da Anara "sənin Famillə işin olmasın, qoy mən sudan çıxım söhbət edərik" bildirmişdir. Anarla setkaya görə mübahisə edən zaman Barat su kanalından çıxmış və əlində olan balta ilə onlara yaxınlaşmışdır. Anar Barata "sənə bir dəfə hörmət etmişəm, indi isə sənə hörmət etməyəcəm" deyib, əli ilə Baratın boğazından yapışıb boğmağa başlamışdır. Anar Baratı əli ilə boğduğu üçün Barat əlində olan balta ilə Anarın ayaqlarından vurmuşdur. Anarla Baratı bir-birindən ayırmaq üçün onların arasına girmək istəyərkən, Anar əli ilə qəsdən onun sinəsindən itələyərək yerə yıxmışdır. Yerə yıxılarkən sağ qolu bədəninin altında qalmış və qolu müharibə vaxtı sındığı yerdən yenə də sınmışdır. Həmin vaxtı Anar Baratı su kanalına tullamışdır. Barat Anarı əli ilə tutduğu üçün Anar da su kanalına düşmüşdür. Anar su kanalında Baratla əlbəyaxa olub dalaşmağa başlamışdır. Həmin vaxtı Anar Baratı yumruqla vurmuşdur. Qolunun ağrısından qışqırdığı üçün Anar və Barat bir-birlərindən ayrılıb su kanalından çıxmışlar. Anar maşınına əyləşib harasa getmişdir. Barat isə ona yaxınlaşmış və o, Baratın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib tibbi yardım maşının gəlməyini istəmişdir. Təcili tibbi yardım maşını onların yanına gəlmiş və o, Baratla birlikdə təcili tibbi yardım maşınına əyləşib Lənkəran rayon xəstəxanasına getmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər və sağ qolunu gipsə salmışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ona vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs həbs edilməsini istəmədiyini, lakin onun cəzalandırılmasını istəyir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir, ədavəti və düşmənçiliyi olmamışdır. Lənkəran rayonu Boladi kənd sakini Zərərçəkmiş şəxs, onun doğma əmisi oğludur. Famil 2-ci Qarabağ müharibəsi qazisidir. Anarın Boladi kəndi ərazisində torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ferması vardır. Anar həmin torpaq sahəsində çiyələk və qarğıdalı əkib-becərir. Familin evi Anarın həmin torpaq sahəsi ilə qonşuluqda yerləşir. Famillə Anarın arasında örüş sahəsi ilə bağlı ziddiyyət vardır. Belə ki, Anar öz torpaq sahəsindən Familə mal heyvanlarının örüş sahəsinə keçməsi üçün yol verməmiş, amma çox söz-söhbətdən sonra Anar Familə 2-3 metr enində yol vermişdir. Amma Anar su kanalının içərisinə dəmir setka tor çəkdiyi üçün Familin ev quşları həmin kanalı keçib örüş sahəsinə çıxa bilmir və buna görə də onların arasında ziddiyyət yaranmışdır.19 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində əmisi oğlu Famil onu evinə çağırmış və ona, qaz və ördəklərinin örüş sahəsinə keçməməsi üçün Anarın su kanalının içərisinə setka çəpər çəkdiyini, o, əlil olduğu üçün həmin setka çəpəri sökə bilmədiyini bildirmiş və həmin setka çəpəri sökməyini ondan xahiş etdikdə Famillə razılaşmış və Familin evinin qarşısına gəlmişdir. Famil ona balta vermiş və onlar Anarın torpaq sahəsinin giriş qapısının yanına gəlmişlər. O, su kanalına düşmüş və əlində olan kəlbətinlə və balta ilə setkanı sökməyə başlamışdır. Bu zaman Anar idarə etdiyi avtomobilə su kanalın yanına gəlmiş və maşından yerə düşərək, ona "küçük sən nə üçün setka çəpəri kəsirsən, çıx rədd ol kanaldan" bildirmişdir. Həmin vaxtı əmisi oğlu Famil Anara yaxınlaşmış və Anara "ona mən demişəm, setkanı söksün, çünki həmin setka qaz və ördəklərimin örüş sahəsinə keçməsinə mane olur" bildirmişdir. Anara, Famildən kənar durmağını və kanaldan çıxıb onunla söhbət edəcəyini bildirmişdir. Kanaldan çıxmış və Anara yaxınlaşan zaman, Anar, ona "küçük sənin boğazını üzərəm" deyərək, boğazından tutub onu boğmağa başlamışdır. Həmin vaxtı Famil, onları bir-birindən ayırmaq üçün aralarına girən zaman Anar əli ilə Famili itələmiş və Famil yerə yıxılmışdır. Həmin vaxtı Famil qışqıraraq qolunun sındığını bildirmişdir. Həmin vaxtı Anar onun boğazından yapışdığına görə, o, Anarın əlindən çıxmaq üçün balta ilə Anarın ayağından və qarnından yüngülcə vurmuşdur. Anar, onu itələyib su kanalına atmışdır. Anardan tutduğu üçün, Anar da su kanalına düşmüşdür. Həmin vaxtı Anar yumruqla onun sağ gözünün üstündən vurmuşdur. Bu zaman Famil qışqıraraq zarıdığı üçün Anarla, o, bir-birlərindən ayrılmışlar və kanaldan çıxmışlar. Anar maşınına əyləşib harasa getmişdir. O isə Familin yanına getmişdir. Famil onun mobil telefonu ilə 102 xidmətinə zəng edib həkim çağırmışdır. Təcili tibbi yardım maşını onların yanına gəlmiş və onları Lənkəran rayon xəstəxanasına aparmışlar. Familə tibbi yardım göstərdikdən sonra onlar yaşadıqları evə qayıtmışlar. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Boladi kənd sakinləri Şahid1 və Zərərçəkmiş şəxs həmkəndliləridir. Qohumluğu ədavəti və ziddiyyəti olmamışdır. Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Anarla da ədavəti və ziddiyyəti olmamışdır. Anarın Boladi kəndi ərazisində torpaq sahəsi vardır. Həmin torpaq sahəsi əvvəllər Boladi kəndi ərazisində yerləşmiş Nizami adına sovxozun toyuq ferması olmuşdur. Anar həmin torpaq sahəsində kartof, buğda, arpa, qarğıdalı və yonca otu əkib-becərir. Anarla işləyəndən sonra isə Anar kartofu çiyələklə əvəz etmişdir. Həmçinin Anarın həmin torpaq sahəsində ferması da vardır. 2021ci ilin avqust-sentyabr aylarında Anara, heç bir yerdə işləmədiyini bildirmiş və onu da yanında işə götürməyini Anardan xahiş etdikdə Anar da onunla razılaşmış və o, Anarın yanında fəhlə kimi işləməyə başlamışdır. Anarın yanında Astara rayonundan olan Nəhmət və onun arvadı Səringül də işləmişdir. Nəhmət Anarın həmin torpaq sahəsində olan fermasında çoban işləmişdir. Familin yaşadığı evlə Anara məxsus həmin torpaq sahəsinin arasında setka çəpər olmuş, hazırda həmin çəpər Famil tərəfindən sökülmüşdür. Həmin torpaq sahəsinin sol tərəfində su kanalı yerləşir. Əvvəllər həmin torpaq sahəsində yerləşən toyuq fermasının giriş qapısının yanından su kanalının ortasından suyun axarına mane olmamaq şərti ilə irigözlü setka çəpər çəkilmişdir ki,kənd camaatının toyuq, ördək və qaz quşları toyuq fermasının ərazisinə keçməsin. Anar da həmin torpaq sahəsindən istifadə edəndən sonra su kanalının içərisində olan setka çəpərin dağılmış hissələrini bərpa etmişdir ki, qonşuluqda yaşayan kənd camaatının toyuq, ördək və qaz quşları onun əkin sahəsinə girib əkininə ziyan vurmasınlar. 2022-ci ilin aprel ayının axırlarında Anar, Familin onun torpaq sahəsindən örüş sahəsinə keçmək üçün yol istədiyini və o da Famil Qarabağ qazisi olduğu üçün ona yol verdiyini, amma Familin mal heyvanlarının torpaq sahəsinə ziyan vuracağını ona bildirmişdir.Təxminən 10 gündən sonra Familin toyuq-cücələrinin, ördək və qazlarının əkin sahəsinin ortasında olduqlarını və çiyələkləri yediklərini görmüşdür. Həmin vaxtı Anar da bu hadisəni görmüşdür. O və Anar həmin toyuqcücə,ördək və qazları əkin sahəsindən çıxarmışlar. Anar bu barədə Famillə danışmaq üçün onun həyət qapısının qarşısına getmişdir. Bir neçə dəqiqədən sonra Anar onun yanına qayıtmış və ona, Familin toyuq-cücələrini,ördək və qazlarını bir də əkin sahəsinə buraxmayacağına söz verdiyini bildirmişdir. Amma bir neçə gündən sonra Familin toyuqcucələrini, ördək və qazlarını yenə də əkin sahəsinin ortasında görmüşdür. Həmin vaxtı çiyələk sahəsində işləyən adlarını bilmədiyi qadınlarla birlikdə Familin toyuq-cücələrini, ördək və qazlarını əkin sahəsindən çıxarmışdır. Bu hal dəfələrlə davam etmişdir. Anar bu barədə dəfələrlə Familə desə də, Famil, Anarın sözlərinə ehtinasız yanaşmışdır. 19 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Anar, əkin sahəsində səyyari işləyən adlarını bilmədiyi qadınlara "evdə mənim vacib işim var, siz evinizə gedin, səhər gəlib işləyərsiniz" bildirmişdir. Həmin günü, saat 18 radələrində Anar VAZ 21150 markalı maşınına əyləşib getmişdir. Velosipedinə əyləşib Anarın arxasınca getmişdir. Torpaq sahəsinin giriş qapısına çatmağa bir neçə metr qalmış, Famillə Anarın su kanalının kənarında bir-birləri ilə mübahisə etdiklərini görmüşdür. Onların yanına çatan zaman, Familin Anarın üstünə hücum etdiyini və Anarın bir az geri çəkildiyini görmüşdür. Həmin vaxtı Barat su kanalından çıxmış və əlində olan balta ilə Anarın üstünə gəlmişdir. Famil, Baratla Anarın arasına girmiş və Baratı kənara çəkmək istəmişdir. Bu zaman Barat balta ilə Anarın qarnından və qılçasından vurmuşdur. Həmin vaxtı onun idarə etdiyi velosiped aşmış və sonra nə baş verdiyini görməmişdir. O, yerdən qalxan zaman Baratla Anarın su kanalının içərisində olduqlarını görmüşdür. Həmin vaxtı Familin evlərinə tərəf qışqıraraq kiməsə "qolum sındı tez 102 xidmətinə zəng elə" dediyini eşitmişdir. Famil evlərinə tərəf getmişdir. Barat və Anar su kanalından kənara çıxmışlar. Bundan sonra Barat Familin arxasınca getmişdir. Anar isə Baratın baltasını yerdən götürüb maşına əyləşərək harasa getmişdir. O da yaşadığı evə getmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailə üzvülərilə birlikdə Astara rayonunun Pəlikeş kəndində yaşayır.Onun əsl adı Nəhmət olsa da, onu Rafət adı ilə tanıyırlar.Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Anarla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Lənkəran rayonu Boladi kənd sakinləri Şahid1 və Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin mart-aprel aylarından etibarən tanıyır. Onlarla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Anarın Boladi kəndi ərazisində torpaq sahəsi və həmin torpaq sahəsində ferması vardır. O, təxminən 10 il ərzində fasilələrlə Anarın fermasında çoban işləmişdir. O, arvadı Səringüllə birlikdə torpaq sahəsinin giriş qapısının içəri tərəfdən solunda yerləşən kiçik evdə yaşamışdır. O, axırıncı dəfə 2022-ci ilin mart ayında işləmək üçün fermaya gəlmiş və çoban işləməyə başlamışdır. Anar torpaq sahəsində çiyələk və qarğıdalı əkibbecərir. Familin yaşadığı evlə Anara məxsus həmin torpaq sahəsinin arasında setka çəpər olmuşdur, hazırda həmin çəpər Famil tərəfindən sökülmüşdür. Həmin torpaq sahəsinin sol tərəfində su kanalı yerləşir. Torpaq sahəsinin giriş qapısının yanından su kanalının ortasından suyun axarına mane olmamaq şərti ilə irigözlü setka çəpər çəkilmişdir ki,kəndd camaatının toyuq, ördək və qaz quşları toyuq fermasının ərazisinə keçməsin.Anar da həmin torpaq sahəsindən istifadə edəndən sonra su kanalının içərisində olan setka çəpərin dağılmış hissələrini bərpa etmişdir ki, qonşuluqda yaşayan kənd camaatının toyuq, ördək və qaz quşları onun əkin sahəsinə girib əkininə ziyan vurmasınlar. 2022-ci ilin aprel ayının axırlarında Anar, ona və Elmana, Familin onun torpaq sahəsindən örüş sahəsinə keçmək üçün yol istədiyini və o da Familin Qarabağ qazisi olduğu üçün ona yol verdiyini,amma Familin mal heyvanlarının torpaq sahəsinə ziyan vuracaqlarını bildirmişdir. Təxminən 10 gündən sonra Elman, Familin toyuq-cücələrinin, ördək və qazlarının əkin sahəsinin ortasında olduqlarını və çiyələkləri yediklərini ona bildirmişdir.O da həmin hadisənin şahid olmuşdur.Həmin vaxtı Anar da bu hadisəni görmüşdür. Elman və Anar həmin toyuq-cücə, ördək və qazları əkin sahəsindən çıxartmışlar. 19 sentyabr 2022-ci il tarixdə, saat 17-18 radələrində su kanalından səs gəldiyini eşitmişdir. Evdən çıxıb su kanalının kənarına yaxınlaşmış və Baratın əlində olan balta ilə su kanalının içərisinə çəkilmiş setka çəpəri kəsib doğradığını görmüşdür. O, dərhal evə qayıtmış və Anara zəng edib, Baratın su kanalının içərisinə çəkilmiş setka çəpəri doğradığını bildirmişdir. Bir neçə dəqiqədən sonra Anar idarə etdiyi maşınla su kanalının yanına gəlmiş və maşından yerə düşmüşdür. Həmin vaxtı, o, evin qarşısında dayanmışdır. Anar su kanalının kənarına yaxınlaşmış və qışqıraraq Barata "ə, küçük sən nə üçün setka çəpəri kəsib doğrayırsan, kanaldan çıx" bildirmişdir. Həmin vaxtı Famil Anara yaxınlaşaraq "sən kimsən ki, burada ağalıq edirsən, Barata mən demişəm ki, setka çəpəri kəsib doğrasın ki, mənim ev quşlarım su kanalında üzə bilsinlər" bildirmişdir. Həmin vaxtı Anar da Familə, onun ev quşlarının dəfələrlə əkin sahəsinə girərək ziyan vurduqlarını bildirib, nə üçün setka çəpəri sökdürdüyünü Famildən soruşmuşdur.Famil də yaxşı edib setkanı sökdürüyünü bildirərək Anarın üstünə hücum etmiş və Anar bir az geri çəkilmişdir.Həmin vaxtı Barat su kanalından çıxmış və Anara yaxınlaşmışdır.X16 arasına girmiş və Baratın qarşısına keçmişdir.X17 yan keçərək, balta ilə Anarın qarnından və qılçasından vurmuşdur.Həmin vaxtı Famil qışqıraraq "ay qolum" deyib, onun yaşadığı evin divarına söykənmişdir.Anar Baratı əli ilə su kanalına itələmiş və Barat su kanalına düşmüşdür.Anar da Baratın arxasınca su kanalına düşmüşdür. Sonra isə Famil evlərinə tərəf qışqıraraq kiməsə "qolum sındı tez 102 xidmətinə zəng elə" bildirmişdir. Famil evlərinə tərəf getmişdir. Barat və Anar su kanalından kənara çıxmışlar. Bundan sonra Barat Familin arxasınca getmişdir. Anar isə Baratın baltasını yerdən götürüb maşına əyləşərək harasa getmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş: Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 937 nömrəli rəyindən görünür ki; Vət.Zərərçəkmiş şəxs bədəni üzərində-sağ bazu sümüyünün sınığı aşkar edilmişdir.Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli, 01/937 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı aşkar edilmişdir.Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə itələnib yerə yıxılması zamanı sağ bazu nahiyyəsinin distal hissəsinin zərblə bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 22 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-451/2023 nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubundan görünür ki, Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan və özbaşına hasarlayıb tutaraq, əkibbecərmə işləri apardığı torpaq sahəsinin ümumi ölçüsünün 6,48 hektar olması müəyyən olunmuşdur.Mövcud baza məlumatlarına əsasən bu (6,48 ha) torpaq sahəsinin 2,0 hektarı xüsusi mülkiyyət,4,48 hektarı isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması məlum olmuşdur.Belə ki, 2,0 hektar torpaq sahəsi üzərində Təqsirləndirilən şəxs xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 yanvar 2015-ci il tarixli,********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmışdır.Araşdırma zamanı sözügedən bələdiyyə mülkiyyətinə aid 4,48 hektar torpaq sahəsinin Lənkəran rayonunun Boladi kəndi ərazisində aparılan torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən Boladi bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar (öruş) olması müəyyən edilmişdir. Eyni zamanda "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən bələdiyyə mülkiyyətinə aid 4,48 hektar torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin və tikilialtı) kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı və yetkinlik yaşına çatmış övladları - X3, X2, X4, X9 ilə birlikdə, Lənkəran rayonu, Boladi kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şübhəli şəxsin tutulması haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:44-də şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o həbsdən azad olunmuş, qərarın surəti xx.xx.2023-cü il saat 18:35-də Anar Məmmədova təqdim edilmişdir. Lənkəran rayon Boladi Bələdiyyəsinin 22 iyul 2023-cü il tarixli arayışından görünür ki, həmin bələdiyyənin mülkiyyətində olan 4,48 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs müraciəti bələdiyyə iclasında müzakirə olunmuş və 10 iyul 2023-cü il tarixli 10 saylı qərar əsasında sənədləşmə işlərinin həyata keçirilməsinə başlanılmışdır. Sənədləşmə işləri başa çatmadığından Təqsirləndirilən şəxsla icarə müqaviləsinin bağlanması hələlik mümkün olmamışdır. Zərərçəkmiş şəxs Nümayəndə məhkəmyə təqdim etdiyi ərizəsindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 188.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs o, 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin ümumi istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına dəmirdən olan tikanlı məftillə su kanalı boyunca hasarlayıb tutaraq,həmin torpaq sahəsində özbaşına kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərmişdir. Bundan başqa, o, 19 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə torpaq sahəsi və torpaq sahəsinin kənarında yerləşən su kanalının içərisinə çəkilmiş dəmir setka çəpərə görə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşmış və əli ilə qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq sonuncuya sağ bazu sümüyünün aşağı 1/3-nin distal metafizindən distal hissəyə uzanan travmatik sınığı xəsarətini yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərər vuran xəsarət yetirmişdir. yəni CM-nin 127.1 və 188.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə, şahidlər Şahid1 və Şahid1 ifadələri, məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 937 nömrəli və 01 mart 2023-cü il tarixli 01/937 nömrəli rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin və müdafiə tərəfinin çıxışlarının CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmədiyini və ona bəraət verilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan sübutlarla təkzib edildiyindən həmin dəlillər özünü müdafiə xarakterli olmaqla işdə olan digər sübutlarla tam təkzib olunur. CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində CM-nin 127.1 və 188.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onun təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən CM-nin 127.1 və 188.3-cü maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1 və 188.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən yimayəsində yetkinlik yaşına çatmış uşaqları olmaqla ailənin yeganə gəlir gətirən şəxsi olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı aradan qaldırılması (CM-nin 188.3-ü maddəsinə münasibətdə), yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və onun işləməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalı və CM-nin 66.2-ci maddənin tələblərinə əsasən qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra qurumuna həvalə olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-3 47, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 188.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1(bir) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə isə 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 3(üç) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 3(üç) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3(üç) il 5(beş) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Boladi kəndində yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar