Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-229/2023 24.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə 30 avqust 1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 23 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində həmin fərdi yaşayış evinə qapıdan qanunsuz daxil olaraq həmin evin yataq otağındakı çarpayıda, döşəyin altında qoyulmuş Zərərçəkmiş şəxs məxsus, xeyli miqdar təşkil edən 15.000 manat pul vəsaitini yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs onun oğlu Mahir Heydərov vasitəsilə tanımışdır. Mahir Heydərovla 10 ilə yaxındır ki, tanışdırlar. 2022-ci ilin noyabr ayının ortalarında bacısı Aynur Əliyevanın xəstə olduğunu, müayinə olunması üçün Bakı şəhərinə getməli olduğunu, lakin pulu olmadığı üçün müayinə olunmağa gedə bilmədiyini öyrənmişdir. İstəyirmiş ki, pul tapsın və bacısının xəstəliyinə maddi kömək etsin. 23 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evinə şəhid atası Taleh adlı şəxs ilə getmişlər. Məqsədi o olmuşdur ki, Taleh adlı şəxsin köməkliyi ilə Mahiri buraxdırsın və bunun müqabilində pul əldə etsin. Həmin vaxt Mudarisin həyət qapısını açmaq istəsə də qapı bağlı olmuşdur. Daş hasardan həyətə keçərək Mudarisin evinin qarşısına gələrək qapını açıb Mudarisi çağırmışdır. Lakin evdən ona səs verən olmadığı üçün evə daxil olmuşdur. Həmin vaxt Mudarisin evdə olmadığını görüb oğurluq etmək üçün Mudarisin evini axtarmaq qərarına gəlmişdir. Mudarisin evini bir qədər axtardıqdan sonra çarpayının altında pul olduğunu görüb tez pulu götürərək cibinə qoyub evdən çölə çıxmışdır. Sonra şəhid atası Talehin yanına gedərək Mudarisin evdə olmadığını bildirmişdir. Dostu ona nə üçün gec gəldiyini demiş, ona Mudarisin yaşlı və xəstə olduğunu, bu səbəbdən də onun eşitməsində problem olduğuna görə evi və həyəti axtardığını və Mudarisi tapa bilmədiyini, bu səbəbdən də bir qədər gec gəldiyini bildirmişdir. Dosdundan ayrılaraq evə gəlmiş və oğurladığı pulları sayaraq 5000 (beş min) manat pul olduğunu görmüşdür. İttiham aktında isə onun 15000 (on beş min) manat pul oğurladığı qeyd edilmişdir. Bununla razı deyildir. Həmin pul vəsaitlərindən təxminən min manatını bacısının müalicəsinə sərf etmiş, təxminən 2 min manatını sürücülük vəsiqəsini bərpa etmək üçün xərcləmiş, qalan hissəsini isə şəxsi tələbatlarımı ödəmək üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır. Azadlığa buraxıldıqdan sonra işləyərək dəymiş ziyanı ödəyə biləcəkdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2-də tək yaşayır. Təqaüdçüdür. İki oğlu var, hər ikisi həbsdədir. Böyük oğlu Sabit Heydərov bir neçə ildir ki, həbsdədir. O biri oğlu Mahir Heydərov da, narkotik vasitələrin istifadəçisi olduğu üçün 20 noyabr 2022-ci il tarixdə tutulmuşdur. Hazırda tək yaşayır. 2022-ci ilin avqust ayında yaşadığı evin həyətyanı torpaq sahəsinin 0,25 ha. (2,5 sot) satmışdır. Həmin torpaq sahəsini 15.000 manata satmışdır. Həmin 15.000 manat pulu oğlu Mahir həmişə yatdığı otaqda döşəyin altında qoymuşdur. Mahir 20 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra da, bir neçə dəfə pulun olduğu yerə baxmış və pul yerində olmuşdur. Sonuncu dəfə 22 noyabr 2022-ci il tarixdə gecə saat 23 radələrində pulun olduğu yerə baxmışdır. Pul yerində olmuşdur. Pulu sayıb yenidən yerində qoymuşdur. Özü həmin gecə pul olan otaqda yatmışdır. Səhər yəni 23 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində evin və küçənin qapılarını bağlayıb Lənkəran şəhər mərkəzi bazarına getmişdir. Bazarda təxminən 30 dəqiqə qalıb bəzi ərzaqlar alıb evə gəlmişdir. Həmin gün saat 12 radələrində artıq evdə olmuşdur. Qayıdandan sonra da, qapıları özü açıb içəri daxil olmuşdur. Evə girən kimi otağa keçib pul olan yerə baxmışdır. Görmüşdür ki, pul yerində yoxdur. Pulu sellofana büküb orada qoymuşdur. Bilmişdir ki, pul oğurlanmışdır. Lakin evin qapıları və pəncərələrində heç bir sındırılma izləri olmamışdır. Pulun yerində olmadığını bilib həyəcanlanmışdır. Ona görə də, həmin gün şikayət etməmişdir. 24 noyabr 2022-ci il tarixdə 102 xidmətinə zəng edib məlumat vermişdir. Evdən pulu 23 noyabr 2022-ci il tarixdə saat 11-12 radələri arasında oğurlanmışdır. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinin materiallarında olan 24 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanındə yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin giriş qapısından sağda yerləşən otaqda olan çarpayıdakı döşəkçənin altından Zərərçəkmiş şəxs məxsus 15.000 manat pul vəsaiti oğurlanmışdır. Cinayət işinin 60-63-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs оğlu ifadəsinin yerində yoxlanılması zamanı törətdiyi cinayət əməli barədə işin faktiki hallarına uyğun ifadə verərək hadisə yerində necə hərəkət etdiyini göstərmişdir. Cinayət işinin 84-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 fevral 2023-cü il tarixli, 177 nömrəli məhkəmə narkolojo ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-74 və 115-117-ci vərəqlərində olan təqsirləndirilən şəxsi dindirmə protokollarından görünür ki, müvafiq olaraq 13 fevral 2023 və 04 mart 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində oğurladığı pul vəsaitinin məbləğinin 15.000 manat olduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin evindən 15.000 manat deyil 5.000 manat oğurlamasına dair ifadəsini, onun ibtidai istintaq zamanı ifadələri, habelə zərərçəkmiş şəxsin ifadəsi ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdidir və iş üzrə müəyyən olunmuş hallarla üst-üstə düşmür. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini iş üzrə sübut qismində qəbul edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə—- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 40-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-83-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 4(049)-63/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 88-89-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti bitdiyi üçün xx.xx.2019-cu il tarixdə cəzadan azad olunmuşdur. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işinin 102-103-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, Səttərxan küçəsi, ev 31də qeydiyyatda olmaqla arvadı X2, oğlu X7 və qızı X5 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X5 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona dəymiş ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-229/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-229/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver