Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-229/2024 18.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi X11 iştirakı ilə xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, həmin qəsəbədə qeydiyyatda olan və yaşayan, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, X7 məxsus “VAZ 2106 minik” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində, Lənkəran şəhərində yerləşən “Ləvəngi” dairəsi istiqamətindən Həzi Aslanov küçəsi istiqamətində asfalt yolla idarə edərkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini pozaraq idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "VAZ2106 minik" markalı avtomobili hərəkət sürəti 3,24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə hərəkət etdirərkən qeyd olunan yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə bilməyib yol hərəkəti qaydalarını pozaraq yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına tərəf düzünə piyada hərəkət edən, yolda avtomobilin hərəkətdə olduğunu gördükdən sonra asfaltın üzərində dayanan piyada - 18 iyun 1978-ci il təvəllüdlü Lənkəran şəhər sakini X5 ayaq üstə, sol yan-arxa tərəfindən avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq minik avtomobilinin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində zərərçəkmiş şəxs X4 ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol böyrəyin zədələnməsi, sol peritonarxası qanaxma, sağ bud və sol baldır sümüklərinin açıq yerini dəyişən sınıqları, sol mil-bilək sümüklərinin qapalı sınığı, sağ bud, sol baldır nahiyələrində əzilmiş-cırılmış yaralar, alın, sağ almacıq, sağ bazu oynağı, sağ dirsək oynağı, gövdənin sol arxa səthi, sol mil-bilək oynağı nahiyələrində sıyrıqlar, sağ əl nahiyəsində qançırdan ibarət xəsarətlər alaraq başın, belin və hər iki aşağı ətrafın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol böyrəyin zədələnməsi, sol peritonarxası qanaxma, sol baldır, sağ bud sümüklərinin açıq sınıqlarından ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayır. Onun "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. Amma onun öz avtomobili yoxdur. xx.xx.2024-cü il tarixdə ad günü olduğu üçün saat 21-22 radələrində, o, sinif yoldaşları Şahid1, Şahid3, Elmar Abiyev və dostları Turan, İbrahim və Elnurla birlikdə ad gününü qeyd etmək üçün İbrahim, Əlizadə və Elminin idarə etdikləri avtomobillərə əyləşərək Nərimanabad qəsəbəsindən çıxıb Lənkəran şəhəri “Ləvəngi” dairəsində yerləşən bir kafeyə getmişlər. Onlar kafedə oturub yeyib-içmişlər və saat 23 radələrində kafedən çıxmışlar. Onlar avtomobillərlə bir qədər şəhəri gəzib Liman şəhərinə qayıtmaq qərarına gəlmişlər. Kafedə olarkən o, Elmin, İbrahim və Turan spirtli içki qəbul etməmişlər. Amma Əlizadə, Elmar və Elnur spitli içki içmişlər. Əlizadə spirtli içki qəbul etdiyi üçün öz avtomobilini idarə etməyi ona təklif etmiş, o da Əlizadə ilə razılaşmışdır. O, Əlizadənin idarə etdiyi albalı rəngli “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçmişdir. Əlizadə də avtomobilin qabaq oturacağında əyləşmişdir. İbrahim özünün idarə etdiyi “VAZ 2106” markalı avtomobilin, Elmin isə özünün idarə etdiyi “Mercedes Benz” markalı avtomobilin sükanı arxasına keçmiş, lakin o, uşaqlardan hansının İbrahim və Elminin avtomobillərində olduğuna fikir verməmişdir. Onlar bir-birilərinin arxasınca “Ləvəngi” dairəsindən düz keçib yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar. O, idarə etdiyi avtomobilə yanacaq vurduqdan sonra onlar geri qayıtmışlar və “Ləvəngi” dairəsindən dönüb Şəhidlər Xiyabanı küçəsində yolun sağ hərəkət hissəsi ilə Lənkəran şəhərinin mərkəzinə doğru hərəkət etməyə başlamışlar. Elmin idarə etdiyi avtomobillə irəlidə, İbrahim də Elminin arxasınca hərəkət etmişlər. O özü isə idarə etdiyi avtomobillə İbrahimin idarə etdiyi avtomobilin arxasınca hərəkətdə olmuşdur. “Şəhidlər Xiyabanı” dairəsinə çatmağa az qalmış o, İbrahimin idarə etdiyi avtomobili ötüb keçmək üçün avtomobilin sürətini artırmış və sol tərəfdən İbrahimin idarə etdiyi avtomobili keçmişdir. Bu zaman yolun sağ tərəfindən sol tərəfinə piyada keçən bir qadının qəflətən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını görmüşdür. Həmin vaxtı avtomobili sürətlə idarə etdiyi üçün əyləci basmağa macal tapmamış və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin qadını vurmuşdur. Sonra isə əyləci basmış, amma avtomobilin sürətini azaltsa da, yol yaş vəziyyətdə olduğundan avtomobil Şəhidlər Xiyabanı darəsində yerləşən beton yolayrıcının kənarına dəyib dayanmışdır. O və Əlizadə tez avtomobildən düşüb yolun ortasına düşmüş qadına yaxınlaşmışlar. Onlar həmin qadını İbrahimin avtomobilinə qoymuşlar. İbrahim qadını Lənkəran şəhər xəstəxanasına aparmışdır. Əlizadə Elminin avtomobilinə əyləşib xəstəxanaya getmiş, o isə hadisə yerində qalmışdır. Təxminən 5-6 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Bu zaman Əlizadə də hadisə yerinə gəlmiş və ona həmin qadının öldüyünü bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadının adı Vüsalə Əliyevadır. O özü baş vermiş hadisə zamanı hər hansı xəsarət almamışdır. Baş vermiş hadisə zamanı avtomobili 80-90 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan və Əlizadədən başqa heç kim olmamışdır. O, piyada hərəkətdə olan Vüsaləni qəflətən, təxminən, 2-3 metr məsafədən görmüşdür. Avtomobili sürətlə idarə etdiyi üçün saxlamağa imkan tapmamış və Vüsaləni vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərmişdir ki, o, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmuş, hadisənin baş verməsindən dərhal sonra X4 xəstəxanaya aparılmasını və ona tibbi yardım göstərilməsini təşkil etmişdir. X2 aldığı xəsarətlərin dərəcəsi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmamışdır. O və ailə üzvləri X4 dəfn və yas mərasimlərində də iştirak etmiş, həmin mərasimlərin təşkili üçün onun ailə üzvlərinə maddi yardım etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Barəsində olan cinayət işi üzrə qərar qəbul edərkən qeyd etdiyi halları nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs - ölmüş X4 hüquqi varisi X15 məhkəmə iclasında şahid qismində ifadə verərək göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri - arvadı X8 və övladları ilə birlikdə yaşamışdır. O özü Lənkəran şəhəri Kommunal müəssisəsində fəhlə işləyir, arvadı Vüsalə Əliyeva isə Lənkəran şəhərində fərdi yaşayış evlərində xadimə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, işdən çıxıb yaşadığı evə gəlmiş, ancaq arvadı Vüsalənin hələ evə gəlmədiyini görmüşdür. Həmin gün saat 23-24 radələrinədək Vüsalənin evə gəlmədiyini görüb narahat olmuş və onun mobil telefon nömrəsinə zəng etmişdir. Telefona bir kişi cavab vermiş, o, həmin kişidən kimliyini soruşduqda polis əməkdaşı olduğunu ona bildirmişdir. O, həmin şəxsdən arvadı Vüsalənin mobil telefonunun nə üçün onda olduğunu soruşmuş və polis əməkdaşı da ona arvadını “Şəhidlər Xiyabanı” dairəsində avtomobil vurduğunu bildirmişdir. O, dərhal evdən çıxıb piyada “Şəhidlər Xiyabanı” dairəsinə gəlmiş və yolun ortasında polis əməkdaşlarının olduğunu görmüşdür. Lakin arvadı Vüsaləni orada görməmiş, hazırda adını xatırlamadığı polis əməkdaşından Vüsalənin harada olduğunu soruşmuşdur. Həmin polis əməkdaşı da ona X9 Rayon Xəstəxanasında olduğunu bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və xəstəxanada ona məlum olmuşdur ki, Vüsalə almış olduğu xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxs X4 hüquqi varisi X15 ifadəsində, eyni zamanda, göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailə üzvləri onun arvadı X4 dəfn və yas mərasimlərində iştirak etmiş, həmin mərasimlərin keçirilməsində və digər işlərdə onlara yaxından köməklik etmiş, dəfn və yas mərasimlərinin təşkili üçün çəkilən bütün xərcləri ödəmişlər. Baş vermiş qəza bədbəxt hadisə olmaqla ehtiyatsızlıqdan törənmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs və ailə üzvlərinin ona və ailə üzvlərinə diqqət və qayğı göstərməsi, onların problemləri ilə maraqlanması, maddi və mənəvi ehtiyaclarını ödəməsi hazırda da davam edir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs X4 hüquqi varisi X15 məhkəmə iclasında notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmiş və ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayır. Onun "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, anası Arifənin mülkiyyətində olan “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. xx.xx.2024-cü il tarixdə Güloqlanın ad gününü qeyd etmək üçün saat 21 radələrində, o, Güloqlan, Elmin, Elmar, Turan, İbrahim və Elnur birlikdə, onun, İbrahimin və Elminin idarə etdikləri avtomobillərə əyləşmişlər və Nərimanabad qəsəbəsindən çıxıb Lənkəran şəhəri “Ləvəngi” dairəsində yerləşən bir kafeyə getmişlər. Onlar kafedə oturub yeyib-içmiş və saat 23 radələrində kafedən çıxmışlar. Onlar avtomobillərlə şəhəri bir qədər gəzib Liman şəhərinə qayıtmaq qərarına gəlmişlər. Kafedə, o, Elmar və Elnur spirtli içki qəbul etmiş, Güloqlan, Elmin, İbrahim və Turan isə spirtli içki içməmişlər. O, spirtli içki qəbul etdiyi üçün avtomobilini idarə etməyi Güloqlandan xahiş etmiş, Güloqlan da onunla razılaşmışdır. Güloqlan onun idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasına keçmiş, o isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Digər şəxslər də İbrahim və Elminin idarə etdikləri avtomobillərə əyləşmişlər. Onlar bir-birinin ardınca “Ləvəngi” dairəsindən keçib yanacaqdoldurma məntəqəsinə daxil olmuş, Güloqlan avtomobilə yanacaq vurduqdan sonra geri qayıtmışlar. Bundan sonra “Ləvəngi” dairəsindən dönüb Şəhidlər Xiyabanı küçəsi ilə Lənkəran şəhərinin mərkəzinə doğru, yolun sağ hərəkət hissəsi ilə hərəkət etməyə başlamışlar. Elmin idarə etdiyi avtomobillə irəlidə olmuş, İbrahim də idarə etdiyi avtomobillə Elminin arxasınca hərəkət etmişdir. Güloqlan isə idarə etdiyi avtomobillə İbrahimin idarə etdiyi avtomobilin arxasınca hərəkətdə olmuşdur. “Şəhidlər Xiyabanı” dairəsinə çatmağa az qalmış Güloqlan İbrahimin idarə etdiyi avtomobili ötüb keçmək üçün sürəti artırmış və həmin avtomobili sol tərəfdən ötüb keçən zaman yolun sağ tərəfindən sol tərəfinə piyada keçən bir qadın qəflətən onların qarşısına çıxmışdır. Bu zaman Güloqlan avtomobili sürətlə idarə etdiyi üçün avtomobilin qabaq tərəfi ilə həmin qadını vurmuş, sonra isə əyləci basmışdır. Avtomobil “Şəhidlər Xiyabanı” darəsində yerləşən daş səkiyə dəyib dayanmışdır. O və Güloqlan dərhal avtomobildən düşüb yolun ortasına düşmüş qadına yaxınlaşmış və onu qadını İbrahimin avtomobilinə qoymuşlar. İbrahim həmin qadını Lənkəran şəhər xəstəxanasına aparmış, o özü də Elminin avtomobilinə əyləşib xəstəxanaya getmişdir. Güloqlan isə hadisə yerində qalmışdır. Xəstəxanada onlara məlum olmuşdur ki, Vüsalə adlı həmin qadın almış olduğu xəsarətlərdən ölmüşdür. Bundan sonra onlar hadisə yerinə qayıtmışlar və o, Güloqlana Vüsalənin öldüyünü bildirmişdir. Hadisə yerində olan polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra, o və Güloqlan polis şöbəsinə getmişlər. Güloqlanın idarə etdiyi “VAZ 2106” markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Baş vermiş hadisə zamanı Güloqlan avtomobili, təxminən, 80-90 km/saat sürətlə idarə etmişdir. O, piyada hərəkətdə olan Vüsalə Əliyevanı qəflətən, təxminən, 10 metr məsafədən görmüşdür. Hadisə zamanı ondan və Güloqlandan başqa avtomobildə heç kim olmamış, onlar özləri hadisə nəticəsində hər hansı xəsarət almamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2, X13 və Şahid4 da məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsi ilə hərəkətdə olarkən yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X5 avtomobili ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş və sonuncu aldığı bədən xəsarətlərindən ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş, hadisənin baş vermə şəraiti, vaxtı və yeri barədə müvafiq sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Təhlükəsiz şəhər müşahidə kamerasının qeydə aldığı videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan və həmin protokola əlavə olunmuş DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində hadisənin baş verdiyi anı özündə əks etdirən diskdə olan video görüntülərdə X1 şəhəri Şəhidlər Xiyabanı küçəsində “Ləvəngi” dairəsi istiqamətindən H.Aslanov küçəsi istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından sol kənarına tərəf düzünə piyada hərəkətə başlayır və yolun hərəkət hissəsində “Ləvəngi” dairəsi istiqamətindən H.Aslanov küçəsi istiqamətində avtomobilin hərəkətdə olduğunu görüb asfaltın üzərində dayanır və bu anda həmin istiqamətdə sürətlə hərəkətdə olan, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfi ilə piyada Vüsalə Əliyevanın sol tərəfindən vuraraq onu asfaltın üzərinə atır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, meyidin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14 nömrəli rəydən müəyyən edilir ki, X4 meyidinin məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, alın-təpə nahiyyələrindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol böyrəyin zədələnməsi, sol peritonarxası qanaxma, sağ bud və sol baldır sümüklərinin açıq yerini dəyişən sınıqları, sol mil-bilək sümüklərinin qapalı sınığı, sağ bud, sol baldır nahiyələrində əzilmiş-cırılmış yaralar, alın, sağ almacıq, sağ bazu oynağı, sağ dirsək oynağı, gövdənin sol arxa səthi, sol mil-bilək oynağı nahiyələrində sıyrıqlar, sağ əl nahiyəsində qançırdan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini, həmçinin, qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü tarixdə hərəkətdə olan minik avtomobilinin xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın ayaq üstə, sol yan-arxa tərəfdən vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb başın, belin və hər iki aşağı ətrafın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol böyrəyin zədələnməsi, sol peritonarxası qanaxma, sol baldır, sağ bud sümüklərinin açıq sınıqları səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1704 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3,24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yоl hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin (3,24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir). İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000735 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də tibbi müayinədən keçirilərkən onun ayıq olduğu, alkoqol sərxoşluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000736 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən edilir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 23:50-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilmiş BC dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP-nin Lənkəran rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-5/2-7063/2024 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunmamış və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinin və həmin tarixdə verilmiş etibarnamənin surətlərindən görünür ki, “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil X12 adlı şəxsə məxsusdur və Şahid1 həmin avtomobili etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024cü il tarixli 3168 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin baş verdiyi anı özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən edilir ki, “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil yekun məhkəmə qərarı qəbul edilənədk saxlanılması üçün, həmin avtomobili etibarnamə ilə idarə edən şəxs Şahid1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli 12-5/382 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nərimanabad qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, ailə üzvləri valideynlərindən və babasından ibarətdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxs X4 yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi və mənəvi yardım göstərməklə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək saxlanması üçün Şahid1 təhvil verilmiş “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra həmin avtomobilin mülkiyyətçisi X7 qaytarılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə maddi sübut - iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək saxlanması üçün Şahid1 təhvil verilmiş “VAZ 2106” markalı ** KP *** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəsini aldıqdan həmin avtomobilin mülkiyyətçisi X7 qaytarılsın. İş üzrə ekspertiza xərci olan cəmi 85 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-229/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-229/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver