Məhkəmə qərarları › İş №1(049)-23/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-23/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-23/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1983-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin yanvar ayının sonlarında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus, Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq üsulu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd, 350 manat qiymətində böyük perforator, 01 ədəd, 200 manat qiymətində kiçik perforator, 01 ədədinin dəyəri 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 02 ədəd laqonda, 01 ədəd, 150 manat qiymətində olan drel və 01 ədəd bağlamasının qiyməti 100 manat olmaqla ümumi qiyməti 200 manat olan 02 bağlama plastik şlanq olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat dəyərində olan əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin aprel ayının ortalarında, Lənkəran rayonunda müəyyən edilməyən vaxtda və şəxsdən 02 (iki) bükümdə, ayrılıqda təmiz çəkiləri -0,231 qram, - 0,237 qram, ümumi təmiz çəkisi 0,468 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 11 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən beş ildir narkotik vasitə heroindən istifadə edir. Heroini hər gün qəbul etmişdir. Özü İİ qrup əlildir. İbtidai istintaq zamanı üzərindən narkotik vasitə aşkar edilmiş və bu barədə ifadə vermişdir, həmin ifadəni tədiq edir, lakin oğurluq cinayətini o, törətməmişdir, həmin cinayətdən xəbəri olmamışdır. O, tutulan zamanı heç bir video çəkiliş olmamış, üzərindən narkotik vasitə aşkar edilərkən video qeyd olmamışdır. Oğurluq hadisəsini ibtidai istintaq zamanı onun boynuna qoymuşlar, o, heç bir ifadəsində oğurluq etdiyini bildirməmişdir. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin 63-65-ci və 59-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokollarından görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində, 13 aprel 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə olan heroindən istifadə edir, təxminən 15 ildir ki, narkotik vasitə qəbul edir. Əsasən narkotik vasitə olan heroindən zərdə yandırıb tüstüsünü qəbul etmə üsulu ilə istifadə edir. 2022-ci ilin yanvar ayının sonlarında narkotik vasitə almaq üçün pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün gecə saat 01 radələrində yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən, Etiram adlı şəxsə məxsus yaşayış olmayan evin həyətinə daxil olmuşdur. 2 mərtəbəli, qabaq hissəsində plastik pəncərə olan evə yaxınlaşıb həmin pəncərəyə bir qədər güc tətbiq etmiş və açmışdır. Pəncərədən evə daxil olmuş və ətrafa nəzər etdikdə otaqlardan birində bəzi təmir-tikinti alətlərinin olduğunu görmüşdür. Elə evi axtarmadan həmin alətləri götürüb oranı tərk etmişdir. Daha sonra evə gəlib həmin alətlərə baxdıqda iki ədəd perforator, iki ədəd laqonda, bir ədəd drel, iki bağlama şlanq olduğunu müəyyən etmişdir. Növbəti gün həmin əşyaları Lənkəran şəhərinə aparıb 50 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa, o, 11 aprel 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində kiçik bazar deyilən yerdə üzdən tanıdığı şəxsdən iki bükümdə narkotik vasitə olan heroin almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə olan heroini iki bükümdə, 20 manat qarşılığında əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 11 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə getməkdən imtina etsə də polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələrim izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə ona təqdim etməyi bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən iki ədəd bükümdə narkotik vastə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitə olan heroin ona məxsusdur və həmin kütlələri 11 aprel 2022-ci il tarixdə Lənkəran şəhərində kiçik bazar deyilən yerdə üzdən tanıdığı şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Lənkəran rayonu, Səpnəkəran kəndində adını bilmədiyi şəxsin evindən perforator, laqonda, drel, şlanq oğurlamışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Saxlanılan şəxs də protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Oğurluq edərkən onun oğurluq etdiyini heç kim görməmişdir. Oğurluq etməkdə ona köməklik göstərən və ya onu oğurluq etməyə təhrik edən kimsə olmamışdır. O, bunu təkbaşına etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərdi ki, yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində, Ələt-Astara magistral yolunun yaxınlığında ona məxsus bağ sahəsi vardır. Həmin bağ sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirib təmir etdirmişdir. Təmir işləri zamanı istifadə edilən alətləri də evin birinci mərtəbəsində, otaqlardan birində qoymuşdur. 27 yanvar 2022-ci il tarixdə bağ evinə getmişdir, evə daxil olduqda təmir alətlərinin, yəni, bir ədəd kiçik və bir ədəd böyük olmaqla iki ədəd perforator, iki ədəd kiçik laqonda, bir ədəd drel, iki bağlama, bir bağlamasında 60 metr olmaqla ümumi 120 metrlik şlanqın yerində olmadığını görmüş və həmin alətlərin oğurlandığnı düşünərək DİN-in 102 xidməti-zəng mərkəzinə bu barədə məlumat vermişdir. Polis əməkdaşları onun məlumatı əsasında oğurluq edilən fərdi yaşayış evinə gəlmişlər, hadisə yerinə baxış keçirilb fotoşəkillər çəkmişlər. Polis əməkdaşlarına hadisə yerini təqdim etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı ona bağ evinə daxil olaraq oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyırmış, onunla arasında qərəzli münasibət olmamışdır. Oğurlanan əşyalardan bir ədəd böyük perforatorun qiyməti 350 manat, bir ədəd kiçik perforatorun qiyməti 200 manat, bir ədəd drelin qiyməti 150 manat, iki ədəd laqondanın ümumi qiyməti 300 manat, iki bağlama 60 metrlik su şlanqının qiyməti 200 manatdır. Ona ümumi 1200 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan tam olaraq ödənilmiş, buna görə təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da tədbirin keçirilməsində iştirak edirmişlər. 11 aprel 2022-ci il tarixdə, saat 20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məmmədov X1 rayonu, Səpnəkəran kəndində küçə ilə hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan büküm təqdim etmişdir. Həmin iki ədəd bükümlərin içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, toz şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Lənkəran rayonu, Səpnəkəran kəndində adını bilmədiyi şəxsin evindən oğurluq etmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tutularkən, habelə daha sonra heç bir fiziki, psixi zor tətbiq edilməmişdir. Nə o, nə də onun yanında təqsirləndirilən şəxs döyülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-də xidmət edir. Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsinin yoxlanması ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuş, o və əməliyyat müvəkkilli Şahid3 da tədbirin keçirilməsində iştirak etmişlər. 11 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məmmədov X1 rayonu, Səpnəkəran kəndində küçə ilə hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan büküm təqdim etmişdir. Həmin iki ədəd bükümlərin içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, toz şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Həmçinin Lənkəran rayonu, Səpnəkəran kəndində adını bilmədiyi şəxsin evindən oğurluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-də xidmət edir Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsinin yoxlanması ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuş, o və əməliyyat müvəkkilli Şahid3 da tədbirin keçirilməsində iştirak etmişlər. 11 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məmmədov X1 rayonu, Səpnəkəran kəndində küçə ilə hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofan büküm təqdim etmişdir. Həmin iki ədəd bükümlərin içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, toz şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Həmçinin Lənkəran rayonu, Səpnəkəran kəndində adını bilmədiyi şəxsin evindən oğurluq etmişdir. Cinayət işinin 48-60-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Cinayət işinin 30-32-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroinəbənzər maddə aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.56 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində Kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 11 aprel 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroinəbənzər maddə aşkar edilərək götürülmüş, həmin narkotik vasitənin çəkisi 0.56 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün Lənkəran şəhərində Kiçik bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs daha başqa hansı cinayət törətməsi soruşulduqda sonuncu Lənkəran rayonu, Səpnəkəran kəndində adını bilmədiyi şəxsin evindən 1 ədəd laqonda, 1 ədəd drel və 1 ədəd svarka aparatı oğurladığını etiraf etmişdir. Cinayət işinin 44-47-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2022-ci il tarixli, 19/444 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş iki ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0.231 və 0.237 qam olan, ümumillikdə təmiz çəkisi 0,468 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir, kimyəvi tərkibinə görə eynidirlər. Ekspert tədqiqinə 0.1 qram sərf edilmiş, qalıq 0.368 qram qalmışdır. Cinayət işinin 77-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş mütəxəssis rəyindən görünür ki, qeyd olunan 1 ədəd böyük perforatorun qiyməti 350 manat, 1 ədəd kiçik perforatorun qiyməti 200 manat, 1 ədəd drelin qiyməti 150 manat, 2 ədəd laqondanın hər birinin qiyməti150 manat olmaqla 300 manat, 2 ədəd bağlama şlanq bir bağlamasında 60 metr uzunluğu olan şlanqın qiyməti 100 manat olmaqla ümumi qiyməti 200 manatdır. Cinayət işinin 98-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 14 aprle 2022-ci il tarixli, 447 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ qrup əlil olduğundan narkomaniyadan məcburi müalicəyə əks göstərişi var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-118-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 22 may 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0,386 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,468 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü oğurluq cinayəti ilə təqsirli biməyərək o barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş CD disk və digər sənədlərlə təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, həmin hal məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirildiyindən məhkəmə tərəfindən müvafiq olaraq araşdırılması üçün ibtidai araşdırmaya rəhbərlik edən prokurora məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon prokurorluğunun 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin 100-101-ci vərəqlərində olan 14 aprel 2022-ci il tarixli 3033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə olmuşdur ki, bu hal da iş materiallarının 4-5-ci vərəqlərində olan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərardan da görünür. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulub polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilməsi zamanı oğurluq cinayəti törətdiyini özü etiraf etmişdir. Həmin hal, yəni oğurluq cinayətinin Təqsirləndirilən şəxs oğu tərəfindən etiraf olunması “Şəxsi axtarış və götürmə barədə” 11 aprel 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsü ilə də tam təsdiq olunur. Göründüyü kimi, 2022-ci ilin yanvar ayının sonunda Lənkəran rayonu, Səpnəkəran kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq edilməsi məhz Təqsirləndirilən şəxs etirafından sonra aşkar edilmiş və yalnız onun ifadəsindən sonra həmin sübutlar toplanmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Məmmədov X1 rayonu, Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmuş və anbardan ümumi dəyəri 1200 manat olan əşya oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iş materiallarına olan mütəxəssis rəyində göstərilən qiyməti zərərçəkmiş şəxsin bildirdiyi qiymət əsasında olduğu üçün həmin zərərçəkmiş şəxsin bildirdiyi kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 14-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-97-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 aprel 2022-ci il, saat 20:00-dan hesab edilmişdir. Cinayət işinin 126-127-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayonu, Səpnəkəran kənd inzibati ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Məmmədov X1 rayonu, Səpnəkəran kəndində arvadı, xx.xx.2015-ci il təvəllüdlü oğlu ilə birlikdə yaşayır, yaşayış müddəti ərzində özünü sakit aparmış, ondan şikayət daxil olmamışdır. Cinayət işinin 134-136-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarili qərarla şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət törədərkən məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsi, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, oğurluq etməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını, başqalarının əmlaklarını gizli yolla talayaraq ucuz qiymətə satmaqla gündəlik narkotik vasitə tələbatını ödəməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 447 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,368 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış izamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,368 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar