Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-230/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim X7, məhkəmə iclasının katibi X20, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə 18 aprel 2023-cü il tarixdə, saat 12.45-də Lənkəran Rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. O, şikayətini onunla əsaslandırmışdır ki, “X16” İctimai Birliyinin sədridir. Birliklərində Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil edilmişdir. “X16” İctimai Birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının daha da bütün dünyada tanınmasında var gücü ilə çalışır. X13 kimi şəxslər həm onun , həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Belə ki, X6, Youtube sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuma xələl gətirir. X8 Birliyi dağıtmaq məqsədilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq İctimai Birlikdən könüllü uzaqlaşan şəxləri həmin saxta qrupa daxil edərək, mütəşəkkil bir qrup yaratmışdır. Bu şəxsləri onun əleyhinə qaldıraraq, İctimai Birliyi dağıtmaq məqsədilə, şərəf və ləyaqəti alçaldan, şər böhtan xarakterli çıxışlar etmələrini tələb edir və Whatsapp qruplarında və sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır. X4 da vaxtilə bu YDDİB-mn üzvü olmuş, lakin bir müddət fəaliyyət göstərdikdən sonra ictimai Birliyin nizamnaməsinə zidd hərəkət edərək YDDİB-mn İdarə heyətinin qərarı ilə İctimai Birlikdən uzaqlaşdırılmışdır. Hal-hazırda X2 Asim Əvəz oğlunun rəhbərliyi ilə həmin saxta qrupda fəaliyyət göstərərək onun ünvanına şər-böhtan xarakterli çıxışlar edir, şərəf və ləaqətini alçaldaraq WhatsApp qruplarında və sosial şəbəkələrdə çıxışlarını yayır və onun nüfuzuna yetərincə xələl gətirir. X1 onun ünvanına nəlayiq söyüşlər söyərək Whatsapp sosial şəbəkəsində yaymışdır. Hesab edir ki, X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında X17 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla X3 CM-nin 147 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və «şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 147.1ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma hesab olunur. Həmin Məcəllənin 148-ci maddəsinə görə isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hesab olunur. Göründüyü kimi, şəxsin qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərtlərdən biri böhtan və ya təhqirin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasıdır. Lakin xüsusi ittihamçı həmin məlumatların bu şəkildə yayılması barədə sübutunu şikayətinə əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, CPM-nin 302.2.3-cü maddəsinə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №1(049)-230/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-230/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver