Məhkəmə qərarları › İş №1(049)-231/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-231/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-231/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:10 xx xxxx 1967-ci ildə Lənkəran rayonunda doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Təqsirləndirilən şəxs, 2023-cü ilin yanvar ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq dörd ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qram, 0,180 qram, 0,152 qram, 0,178 ümumi təmiz çəkisi 0,665 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 20 yanvar 2023-cü il tarixdə saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Nərimanabad qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhərrayon polis şöbəsinin Liman polis bölməsinin ünvanı, ünvan 2 və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən isə bir ədəd işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, təxminən, 4 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən əldə etmişdir. Elektron tərəzini isə Lənkəran şəhəri mərkəzi bazarında almışdır. Tərəzini üzərində gəzdirməyində məqsədi narkotik vasitə istifadə edən zaman narkotik vasitənin çəkisini getdikcə azaltmaq və tərgitmək, əsasən də narkotik vasitə alanda ona çəkidə aldadılmaması olmuşdur. Sonuncu dəfə 19 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazarına gedib orada bir neçə dəfə narkotik vasitə aldığı, lakin şəxsiyyəti barədə heç bir məlumata sahib olmadığı şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün 4 ədəd bükümdə heroin almış və cibinə qoymuşdur. 20 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində olan zaman tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduqlarını deyib üzərində şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və onu Liman polis bölməsinin inzibati binasına dəvət etdikdə polis əməkdaşları ilə birlikdə bölməyə getməyə razılıq vermişdir. Bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçi ilə təmin edilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Ona üzərində hər hansı bir qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməyi təklif edimiş, o da əynində olan şalvarının sağ yan cibindən bir gün əvvəl istifadəsi üçün aldığı 4 ədəd sellofan bükümü, sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində ətraflı şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərində olan bükümlər elektron tərəzidə çəkilmiş və onların çəkisi 0,80 qram olmuşdur. Həmin bükümlər və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bildiyini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və xx.xx.1928-ci il təvəllüdlü atası X2 onun himayəsində olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatları realizə edilməsi üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun rəhbəri o, üzvləri isə polis nəfərləri olan Şahid2 və Şahid3 olmuşlar. 20 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsinə çıxıb müşahidələr aparmışlar və Təqsirləndirilən şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində küçədə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərini müşahidə edəndən sonra ona yaxınlaşmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı məlumat olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətiriləndən sonra araşdırma aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşya olduğu təqdirdə, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində olan 4 ədəd büküm, həmin şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyətə malik olan hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 0,80 qram olmuşdur. Həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmiş, qablaşdırmaların üzərində Təqsirləndirilən şəxs və müdafiəçisi imza etmişlər. Təqsirləndirilən şəxs şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr ona məxsusdur, həmin kütlələri Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Elektron tərəzini üzərində gəzdirməyində məqsəd isə narkotik vasitə alan zaman aldadılmamaq olmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 Məhəbbət oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları realizə edilməsi üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1, üzvləri isə o və polis nəfəri olan Şahid2 olmuşlar. 20 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsinə çıxıb müşahidələr aparmışlar və Təqsirləndirilən şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində küçədə aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərini müşahidə edəndən sonra ona yaxınlaşmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı məlumat olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətiriləndən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı Bəhruz Bayramova tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu elan edilmiş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşya olduğu təqdirdə, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində olan 4 ədəd büküm, həmin şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən iş üçün əhəmiyyətə malik olan hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 0,80 qram olmuşdur. Həmin bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmiş, qablaşdırmaların üzərində Təqsirləndirilən şəxs və müdafiəçisi imza etmişlər. Təqsirləndirilən şəxs şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr ona məxsusdur, həmin kütlələri Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Elektron tərəzini üzərində gəzdirməyində məqsəd isə narkotik vasitə alan zaman aldadılmamaq olmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən dörd bükümdə ümumi çəkisi 0,665 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını və elektron tərəzini isə narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli, 19/89 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,155 qram, 0,180 qram, 0,152 qram, 0,178 qram, ümumi təmiz çəkiləri 0,665 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni, narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 78 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(049)-32/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə Lənkəran Rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2005-ci il tarixdə ACDİÜ Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 60 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 24 fevral 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, iş üzrə bir ədəd kağız paketdə, 4 ədəd bükümdə, ümumi xalis çəkisi-0,545 qram olan heroin (ilkin ümümi xalis çəkisi 0,665 qram olmuşdur) və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair DVD disk isə maddi sübut qismində tanınaraq iş materiallarında saxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 25 fevral 2023-cü il tarixli, 366 nömrəli arayışından görünür ki, Şukriyev X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin 13 mart 2023-cü il tarixli, 12-5/185 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Şukriyev X3 rayonu Nərimanabad qəsəbəsində xx.xx.1928ci il təvəllüdlü atası X4 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,531 qram; -0,421 qram; -0,212 qram; -0,288 qram, ümumi təmiz çəkisi -1,452 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədi narkotik vasitə alanda ona çəkidə aldatmamaları barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 1928-ci il təvəllüdlü qoca atasının olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış bir ədəd kağız paketdə, 4 ədəd bükümdə, -0,545 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut bir ədəd kağız paketdə, 4 ədəd bükümdə, -0,545 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar