Məhkəmə qərarları › İş №1(049)-232/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-232/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-232/2024 05.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Astara rayonu, Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum edilməmiş, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində Lənkəran rayonu, Separadi kəndində küçədə tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni onu başqalarına qısqanması üstündə aralarında baş vermiş mübahisə zamanı yumruq ilə Zərərçəkmiş şəxs burnuna qəsdən iki yumruq zərbələri vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün qəlpəli sınığı, hər iki göz qapaqları-gözaltı, burun nahiyələrində qançırlardan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildə Rusiya Federasiyası Astarxan şəhər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasında qayıtmışdır. Astara rayonu, Kakalos kəndində qonşusu Eminin arvadı olan və Eminlə əvvəllər yaşamış X2 ilə o, altı aydır ki, yaxın münasibətdədir, yəni mütəmadi görüşüb bir-biriləri ilə sevişirlər. Günel üç aydır ki, ər evində yəni Astara rayonu, Kakalos kəndindən çıxıb öz iki uşağını götürüb anası evinə yəni, Lənkəran rayonu, Separadi kəndinə köçüb orada yaşayır. Təxminən 3-4 gün əvvəl o, bilmişdir ki, Günel ona başqaları ilə xəyanət edir. Buna görə o, 16 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Separadi kəndinə gedib Günelin işdən evə qayıtdığı vaxtda Separadi kəndinin girəcəyində küçədə bir ərzaq dükanının qarşısında onu gözləmiş və bir neçə dəqiqə keçəndən sonra Günel bir Mercedes markalı tünd yaşıl rəngli avtomobillə mağazaya gəlib nəsə alaraq həmin avtomobilə doğru gedərkən onu görməməzlikdən və saymamazlıq edərək həmin avtomobilə oturduqda o da həmin qapını açıb ayağının birini salona qoyub onun yanında oturmaq istəyərkən bu vaxtı Günel tanımadığı avtomobil sürücüsünə qışqırıb «sür» demişdir. Sürücü bir qədər yəni təxminən 5 metr sürüb saxlamış sürücü Günelə və həmçinin avtomobildə olan Günelin bacısı Nazxanıma avtomobildən düşmələrini tələb etmiş və onlar, ardıycada o, avtomobildən düşəndən sonra, o, avtomobilini sürüb oradan uzaqlaşmış, o, Günelə onu niyə aldatdığını soruşanda, Günel ona əcəb edirəm dedikdə, o, da əsəbləşib onun burnuna iki yumruq zərbələri vurmuş və onun burnundan qan açılmış, bunu görən bacısı Nazxanım onun boğazından tutub yapışmış, onu söymüş və sonra onu buraxmış və o, oradan uzaqlaşıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Astara rayonu Kakalos kəndində qeydiyyatda olsa da, son bir ayı uşaqlarını götürüb anasının evinə Lənkəran rayonu Separadi kəndinə köçüb orada yaşayır. O, əvvəllər Astara rayonu Kakalos kəndində yaşadığı üçün həmin kənd sakini Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. Təxminən 6-7 ay olar ki, o, Ramik ilə yaxından tanış olsa da, aralarında nə yaxınlıq nə də sevişmə olmamışdır. Lakin Ramikin onu sevdiyini, həmçinin onu qısqandığını bilir. Son zamanlar isə Ramik onu güdürmüş yəni, Lənkəran rayonu Separadi kəndinə gəlib onun işdən evə qayıtdığını yeri öyrənmişdir. Sonuncu dəfə 16 avqust 2024cü il tarixdə, saat 19 radələrində bacısı Nazxanımla birlikdə Girdəni kəndində Cəlilabad rayonundan Lənkərana qayıdan mikroavtobusdan düşəndən sonra orada bir tünd yaşıl rəngli Mercedes taksi yolla keçərkən saxlatdırmış və həmin taksiyə minib Lənkəran rayonu, Separadi kəndinin girəcəyində o, taksini saxlatdırıb dükana girib müəyyən ərzaq məhsulları alıb taksiyə qayıdıb oturduqda onun ardınca oraya gözləmədiyi halda gələn Ramik onun ardınca onun tərəfindən taksiyə minəndə o, taksi sürücüsündən avtomobilini sürməyini tələb etdikdə Ramik də qapını bağlamağa imkan verməmiş və taksi bir qədər yerindən getdikdən sonra saxlatdırmış və onlardan avtomobildən düşmələrini tələb etmiş və onlar yəni o, bacısı Nazxanım və Ramik avtomobildən düşəndən sonra tanımadığı taksi sürücüsü yol haqqını almadan sürüb oradan uzaqlaşmışdır. Ramik yolda ona hara getdiyni soruşanda o, Ramikə işə getdiyni dedikdə, Ramik cavabında yalan deyirsən və bunun üstündə aralarında mübahisə başlamış, mübahisə zamanı gözləmədiyi anda Ramik onun burnuna iki yumruq zərbəsi vurmuşdur. O, zərbədən yerə yıxılmış və burnundan qan açılmışdır. X3 tutaşanda sonra oraya tanımadığı şəxslər yaxınlaşsa da, Ramik oradan uzaqlaşmışdır, ondan sonra burnundan qan axdığı üçün bacısı Nazxanım 102- xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 20-23-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Separadi qəsəbəsi ərazisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 24-25-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli 765 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün qəlpəli sınığı, hər iki göz qapaqları-gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 41-42-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar