Məhkəmə qərarları › İş №1(049)-234/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-234/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-234/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:58 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazidə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,731qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 10:00-da Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, qəbir qazmaqla pul qazanır. Təxminən 2 ildir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini zərdə yandırıb tüstüsünü udmaqla istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir bükümdə metamfetamin almış, metamfetamini cibimə qoymuşdur ki, istifadə edər. Lənkəran şəhərindən yaşadığı Liman şəhərinə qayıtmış, saat 10 radələrində, yaşadığı evin yaxınlığında H.Aslanov küçəsi ilə piyada gedərkən yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib Liman polis bölməsinə gətirmişlər. Polis bölməsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bölmədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə, müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Ona polis əməkdaşı Fəhmin adlı şəxs tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm polis işçisi Fəhmin tərəfindən götürülmüş, polis əməkdaşları üzərindən aşkarlanmış metamfetamini haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmişlər, o, da aşkarlanmış metamfetamini saxlanıldığı gün Lənkəran şəhəri Kiçik bazar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisi 0,77 qram olması müəyyən edilmiş, daha sonra zərfdə qablaşdırılmış, o və vəkili tərəfindən zərfin üzəri imzalanmışdır. Protokol tərtib edilmiş və o, heç bir təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkarlanmamışdır. Müdafiəçisinin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis bölməsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmiş, üzərindən aşkarlanmış metamfetamin ona məxsusdur, polis əməkdaşlarından şikayəti yoxdur. Üzərindən aşkar edilən bir ədəd bükümdə metamfetamini xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri kiçik bazar ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Narkotik vasitələri üzdən tanıdığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış metamfetamini əldə etdiyi şəxsin adını bilmir, həmin şəxs 30-35 yaşlarında, arıq, orta boylu, qarayanız birisi olmuşdur. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi, üzərində saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla bölmənin rəhbərliyinə məruzə olunmuş və məlumatın yoxlanılması ona həvalə edildiyindən, Təqsirləndirilən şəxsin cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 01 fevral 2023-cü il tarixdə, saat 10:00-da Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin Liman PB-nin inzibati binasına gətirmişlər. Liman PB-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir büküm çıxarıb bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirib masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxsin üzərinə Fəhmin Nüsrətzadə tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin 0,77 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir. Özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gün Lənkəran şəhəri Kiçik bazar ərazisində tanımadığı şəxsdən ümumilikdə 20 manat verməklə alıb üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamini öz istifadəsi üçün üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini əldə etdiyi şəxsi ifşa etməmək üçün həmin şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 10:00-da saxlanılmış, saat 10:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. 01 fevral 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Liman şəhəri H.Aslanov küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə, 0,77 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü Lənkəran şəhəri Kiçik Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Bu da, bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli, 19/146 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,731qram olan ağ rəngli kristal şəkilli formada olan maddə metamfetamindir. Ekspertiza tədqiqatı üçün 0,05 qram metamfetamin istifadə edilmiş, 0,681 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli, 114 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ümumi təmiz çəkisi 0,731 qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin ekspertizadan sonra qalıq qalan hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhəri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X2 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,681 qram narkotik vasitə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,681 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar