Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-235/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Canıyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:15 xx xxxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 6(altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri M.Əsədov küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “kiçik bazar” ərazisində, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,212 qram; -0,242 qram; -0,201 qram; -0,189 qram; -0,186 qram; -0,181 qram ümumi təmiz çəkisi -1,211 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:30-da Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndi ərazisində saxlanılaraq Liman PB-yə gətirilmiş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bədəninin ağrısından əziyyət çəkir. Təxminən bir ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini siqaretin zərli kağızında yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. 17 fevral 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmışdır. Söhbət edən zaman birbirilərinin narkoman olduqlarını bilmişlər. O, həmin şəxsdən narkotik vasitə istəmiş, həmin şəxsdə ona üzərində narkotik vasitə olduğunu bildirmiş və 40 manata altı bükümdə narkotik vasitə olan heroin satmışdır. O da həmin şəxsdən aldığı narkotik vasitəni əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Məqsədi bədənində ağrılar olan zaman istifadə etmək olmuşdur. Elə həmin gün, yəni 17 fevral 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Lənkəran rayonu, Göyşaban kəndi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu Liman PB-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis bölməsinə getmişdir. Polis bölməsində şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibindən istifadəsi üçün saxladığı altı büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin altı büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 1,39 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş altı büküm heroini bir zərfə qoyub bağlamış və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Təqsirləndirilən şəxs son sözündə, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirini etiraf edib səmimi ifadə verməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhəri, M.Əsədov küçəsi ev 19-da qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 17 fevral 2023-cü il tarixdə raportla Liman PB-nin rəisinə müraciət etmişdir. Bölmə rəisi tərəfindən təsdiq edilmiş 17 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Liman PB-nin polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid3 Rəfail oğlundan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində küçədə yolda piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxt yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-yə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bu barədə raportla bölmə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 Rəfail oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş altı bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 1,39 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 17 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri “kiçik bazar” ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 40 (qırx) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Rəfail oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 17 fevral 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 6 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2023-cü il tarixli, 19/208 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram; 0,242 qram; 0,201 qram, 0,189 qram, 0,186 qram, 0,181 qram ümumi təmiz çəkiləri- 1,211 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-ci il tarixli, 202 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür «Sübutların qiymətləndirilməsi» haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi götürülmüş bir ədəd kağız paketdə, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 0,971 qram narkotik vasitə olan heroin (ilkin ümumi xalis çəkisi 1,211 qram olmuşdur) iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran ŞRPŞnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair DVD diskin maddi sübut qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Muradlı X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 05 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(049)-133/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 6 (altı) ay azaldılmışdır. Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2023-cü il tarixli, 4(049)-67/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 25 fevral 2023-cü il tarixli 368 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Muradlı X2 şəhəri M.Əsədov küçəsi ev 19-da atası, anası və qardaşı ilə birlikdə yaşamışdır. Subaydır və və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid2, Şahid3 Rəfail oğlu və Şahid1 məhkəmə iclasında verdikləri təsdiqedici ifadələri, məhkəməkimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, 17 fevral 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istintaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 6(altı) ay azaldılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirini etiraf edib səmimi ifadə verməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 6 ədəd bükümdə 0,971 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 01 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6 ədəd bükümdə 0,971 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-235/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-235/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver