Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-243/2024 05.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də sürücü işləyən, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, 05 noyabr 2024-cü il tarixdə, saat 17:06-da baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 30 aprel 2024-cü il tarixdə, saat 15 radələrində sürücü işlədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmaqla “BCD” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusla 7393 nömrəli marşrut vərəqəsi əsasında Lənkəran-Dairəvi marşrut xətti üzrə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə “Ləvəngi dairəsi” adlanan ərazi istiqamətində hərəkətdə olarkən marşrutun “Su-8” adlanan dayanacağında sərnişin düşürmək üçün avtobusu dayandırıb yenidən avtobusu hərəkətə başladıb təxminən 5 km/saat sürətlə idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin “Sürücünün hərəkətə başlama, yerdəyişmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin iştirakçıları üçün maneə yaratmamalıdır” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, texniki cəhətdən saz vəziyyətdə olan «PAZ- 32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkətini davam etdirib, hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, getdiyi istiqamətdə yolu soldan sağa keçmək istəyən piyada - ünvan 1 ünvanında yaşayan, xx xxxx 1939-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub, daha sonra avtomobilin qabaq sol təkəri ilə üzərindən keçərək avtobus təkərinin güclü zərbəsi nəticəsində piyadanın sıxılması və ya üzərindən keçməsindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik - hər iki gicgah, alın, təpə və ənsə sümüklərinin sınıqları, baş beynin ağır dərəcəli əzilməsi, hər iki gicgah - təpə - alın - ənsə nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların iki tərəfli sınıqları (sol l-X, sağ ll-X), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1750 ml), döş qəfəsin, qarının yumşaq toxumalar altına yayılmış qansızma, alın, ənsə, sol said nahiyələrində əzilmişcırılmış yaralar, sol bazu nahiyəsində qançır, hər iki diz qapağı, sağ əl, sağ dirsək oynağı nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş, döş qəfəsi və qarının küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları (hər iki gicgah, təpə, alın, ənsə), baş beyinin ağır dərəcədə əzilməsi, qabırğaların iki tərəfli sınıqları, hər iki ağciyər və dalağın zədələnməsi, daxili qanaxma nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli göstərmişdir ki, o, avtobusu dayanacaqdan idarə etməyə başlayan zaman mərhumu görməmiş, lakin görməli idi. Özü 1996-cı ildən sərnişin daşımaqla məşğuldur. Həmin günədək heş bir cinayət əməlini törətməmişdir. İbtidai istintaq zamanı isə göstərmişdir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 1996-cı ildən "xxxx" ASC-də sürücü işləyir. Nəqliyyat vasitələrini idarə etmək üçün “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. "xxxx" ASC-nə məxsus «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran (Böyük bazar) - Dairəvi marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti göstərir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında tibbi müayinədən keçib 07:45-də marşrutla hərəkət başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ilə üzü Ləvəngi dairəsi istiqamətində idarə etdiyi «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən sərnişin düşürmək üçün avtobusu “Su 8” adlanan dayanacaqda saxlayıb təxminən 2 dəqiqə sonra həmin istiqamətdə hərəkətə başlamışdır. Avtobusu təxminən 1 metr hərəkət etdirdikdən sonra avtobusun qabaq sol təkərinin nəyinsə üstündən keçdiyini hiss etmişdir. Avtobusu dərhal dayandırıb yerə düşmüş və baxdıqda avtobusla bir nəfər şəxsin üzərindən keçdiyini görmüşdür. Həmin şəxsə baxdıqda Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs öldüyünü bilmiş, çünki başı əzilmişdir. Dərhal avtobusu kənara çəkib Zərərçəkmiş şəxs yardım etmək üçün getmişdir. Zərərçəkmiş şəxs baxdıqda artıq öldüyünü görmüş, təcili tibbi yardım avtomobilinə zəng etmək istəmiş, lakin əlləri əsdiyinə görə yığa bilmədiyindən orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Avtomobillərin hərəkətinə mane olmamaq üçün avtobusu bir qədər qabaqda yolun kənarında saxlamışdır. Hadisə zamanı piyadanı görməmişdir. Həmçinin piyada, mərhum Zərərçəkmiş şəxs tanımış, həmişə beli bükülmüş vəziyyətdə gəzmişdir. Mərhumun meyiti asfaltda üzü üstə yerdə uzanmış vəziyyətdə olmuş, meyitin baş tərəfi “Halal” market istəqamətində olmuşdur. Yəqin ki, mərhum onun hərəkət istiqamətində yolun sol tərəfindən yolun sağ tərəfinə keçməkdə olmuşdur. Piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görməmiş, həmin şəxsin üzərindən keçdiyini hiss etmişdir. Həmin vaxt avtobusu hərəkətə başlatmış, sürəti təxminən 5 km/saat olmuşdur. Mərhum Zərərçəkmiş şəxs əvvəldən tanımışdır. Mərhum yaşlı olmuş və beli bükülmüş vəziyyətdə gəzmişdir. Zərərçəkmiş şəxs avtobusun qarşısından keçərkən onu görmədiyindən vurub üzərindən keçmişdir. Həmin vaxt avtobusda təxminən 8-10 nəfər şəxs olmuş, lakin həmin şəxsləri tanımır. Həmçinin hadisəni kimlərin görüb-görmədiyini bilmir. Məhkəmə iclasında o, əlavə olaraq bildirmişdir ki, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, üzrə özünü təqsirli bilsə belə, həmin əmələ görə təqsirliliyi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Mərhum atası Zərərçəkmiş şəxs “Çernobil” hadisələrində iştirak etmiş və həmin hadisədən sonra atasında sümük xəstəliyi yaranmış və beli bükülmüş vəziyyətdə gəzmişdir. 30 aprel 2024-cü il tarixdə, evinin qarşısında yerləşən qarajda olduğu zaman səs küy eşitmiş, kimsə onu səsləmişdir. Yola baxdıqda yolda bir neçə şəxsin toplaşdığını görmüşdür. Qaçaraq həmin yerə getdikdə mərhum atası Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Atasına yaxınlaşdıqda öldüyünü bilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “PAZ-32054” markalı, 42-AD- 089 dövlət qeydiyyat nişanlı avtobusla qarşısında piyada hərəkətdə olan atası Zərərçəkmiş şəxs vurmuş və avtobusla üzərindən keçmişdir. Belə ki, həmin vaxt atası üzü Ləvəngi dairəsi istiqamətində yolun solundan sağına keçib avtobusa minmək istəmiş, yolu keçən zaman “PAZ-32054” markalı, 42-AD- 089 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü atası Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə yerinə çatdıqda atasının meyiti üzü üstə, başı Ləvəngi dairəsi istiqamətində, “PAZ-32054” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobus isə həmin istiqamətdə meyitdən bir neçə metr qabaqda olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbi olmadığını bildirmiş, təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 30 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “PAZ” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran şəhəri “Ləvəngi” adlanan əraziyə doğru hərəkətdə olmuşdur. Avtobusda sürücünün yanında yerləşən sərnişin oturacağında oturmuşdur. Avtobusda təxminən 5-6 nəfər olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusda hərəkətdə olarkən sərnişin düşürmək üçün avtobusu “Su 8” adlanan dayanacaqda saxlayıb təxminən 1-2 dəqiqə sonra hərəkətə başlamışdır. Avtobus təxminən 1-2 metr hərəkət etdikdən sonra avtobusun nəyinsə üzərindən keçdiyini hiss etmişlər. Sürücü Təqsirləndirilən şəxs avtobusu dayandırmışdır. O da avtobusdan düşmüş və arxaya baxdıqda hərəkətdə olduqları avtobusun tanışı Zərərçəkmiş şəxs üzərindən keçdiyini, sonuncunun yerdə uzanmış vəziyyətdə olmaqla başından qan axdığını görmüşdür. Daha sonra polis əməkdaşları və təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişlər və mərhumu xəstəxanaya aparmışlar. Hadisənin necə baş verdiyini görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 may 2024-cü il tarixli, 11 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki gicgah, alın, təpə və ənsə sümüklərinin sınıqları, baş beynin ağır dərəcəli əzilməsi, hər iki gicgah-təpəalın-ənsə nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızma, qabırğaların iki tərəfli sınıqları (sol l-X, sağ ll-X), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1750 ml), döş qəfəsin, qarının yumşaq toxumalar altına yayılmış qansızma, alın, ənsə, sol said nahiyələrində əzilmiş- cırılmış yaralar, sol bazu nahiyəsində qançır, hər iki diz qapağı, sağ əl, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtobusun təkərlərinin güclü zərbəsi nəticəsində piyadanın sıxılması və ya üzərindən keçməsi zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə - baş, döş qəfəsi və qarının küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları (hər iki gicgah, təpə, alın, ənsə), baş beyinin ağır dərəcədə əzilməsi, qabırğaların iki tərəfli sınıqları, hər iki ağciyər və dalağın zədələnməsi, daxili qanaxma səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyun 2024- cü il tarixli, 8/1496 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərci 85 manat təşkil eləyir. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi «PAZ- 32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə “Ləvəngi dairəsi” adlanan ərazi istiqamətində hərəkətdə olarkən marşrutun “Su-8” adlanan dayanacağında sərnişin düşürmək üçün avtobusu dayandırıb yenidən avtobusu hərəkətə başladıb təxminən 5 km/saat sürətlə idarə edərkən getdiyi istiqamətdə yolu soldan sağa keçmək istəyən piyada - ünvan 1 ünvanında yaşayan, xx xxxx 1939-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub, daha sonra avtomobilin qabaq sol təkəri ilə üzərindən keçmişdir. Həmin vaxt avtobusda sərnişinlər Şahid1, Şahid2 və Şahid3 olması müəyyən edilmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli 000639 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü - Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, PAZ- 32054 markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC-nin mülkiyyətindədir və Lənkəran (B/bazar) - Dairəvi-2 marşrutu üzrə sərnişin daşıma fəaliyyətində istifadə edilir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə bağlanmış müddətli əmək müqaviləsi ilə "xxxx" ASC-də sürücü işləyir və əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli, 7393 nömrəli marşrut vərəqəsindən görünür ki, texniki cəhətdən saz olan «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobus 30 aprel 2024-cü il tarixdə saat 07:30-da Təqsirləndirilən şəxs tərəfindən sərnişin daşıma fəaliyyəti üçün qəbul edilmiş, həmçinin o, tibbi müayinədən keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran rayonu Sütəmurdov kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “BCD” kateqoriyalı, BE-001260 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirlməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və "xxxx" ASC-yə məxsus «PAZ-32054» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobus cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasından ötrü "xxxx" ASC-yə qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, o, onunla barışmış, gələcəkdə ona qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəməyə tədqiq edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında arayiş və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və 3 qızı ilə birlikdə yaşayaraq sonuncu qızı yetkinlik yaşına çatmamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxs və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən X4 müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun X4 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut "xxxx" ASC-yə məxsus “«PAZ-32054»” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" ASC-yə qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını X4 müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı X4 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə maddi sübut "xxxx" ASC-yə məxsus “«PAZ-32054»” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" ASC-yə qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-243/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-243/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver