Məhkəmə qərarları › İş №1(049)-246/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-246/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-246/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:20 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 2024-cü ilin may ayının əvvlərində yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən, xeyli miqdar hesab edilən 3 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin həyətinə baxış keçirilərkən xeyli miqdarda hesab edilən, əkilərək kultivasiya edilmiş 3 ədəd narkotik tərkibli çətənə kolları həyətyanı torpaq sahəsində yerləşən bağda torpağa əkilmiş halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Lənkəran rayonun Vilvan kəndində ailəsi ilə birlikdə yaşayır və fəhləliklə məşğul olub ailəsini dolandırır. O, evlidir, iki övladı var və əvvəllər məhkum edilməmişdir. Təxminən, 3-4 ildir ki, bədənində ağrılar olduğu üçün qurudulmuş marixuanadan istifadə edir. 2024-ci ilin may ayının əvvələrində, əvvəllər istifadə etdiyi qurudlmuş marixuanadan qalan, sayını dəqiq xatırlamadığı çətənə toxumlarından 3 ədədini götürüb həyətində olan bağda limon ağaclarının arasında torpağa əkmişdir. Əkdiyi 3 ədəd çətənə kolları yetişdikdən sonra onlara mütəmadi olaraq qulluq edib suvarmışdır. Ailə üzvlərinin çətənə kollarından xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər 11 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları həyətə daxil olub onu çağırmışlar. Ona narkotik tərkibli bitkilərin əkilibbecərilməsində şübhəli olduğunu deyərək həyətə baxış keçiriləcəyini bildirmişlər. O, həyətində çətənə bitkiləri əkməsindən polis əməkdaşlarının məlumatlı olmasını başa düşdüyü üçün həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazıb onlara təqdim etmişdir. Polis əməkdaşları dəvət edilmiş mütəxəssisin iştirakı ilə və videoçəkilişlə həyətə baxış keçirən zaman əkdiyi çətənə şitillərini onlara göstərmişdir. Həyətdəki limon ağaclarının arasında əkdiyi 3 ədəd çətənə koluna baxış keçirilmiş və çətənə kolları əkdiyi yerdən çıxarılaraq torpaqdan təmizləndikdən sonra qablaşdırılmaqla götürülmüşdür. Polis əməkdaşları ondan həyətində aşkar olunmuş çətənə kolları barədə soruşuduqda, çətənə kollarının özünə məxsus olduğunu və istifadə etmək üçün əkdiyini bildirimşdir. Sonra o, polis şöbəsinə dəvət olunmuş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin olunduqdan sonra sənədləşmə işləri aparılmışdır. Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ona oxunmuş və imzalarla təsdiq edilmişdir. O, etdiyi əməldən çox peşmandır. Həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkmişdir. Çətənə kollarını kiməsə vermək və ya satmaq barədə qabaqcadan heç kimə vəd verməmişdir. Becərdiyi çətənə kollarını satmaq məqsədi olmamışdır. Özü narkotik vasitə olan marixuana qəbul etsə də, onun satışı ilə məşğul olmamışdır. Əkdiyi çətənə kollarından dərib istifadə etməmiş, çünki onların tam yetişməsinə hələ 4-5 ay qalmışdır. Bundan başqa heç yerdə çətənə kolu əkməmişdir. Bu barədə heç kəsə heç bir söz deməmiş, onun özündən başqa həmin kollara heç kəs nəzarət etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərmişdir ki, o, ilk dəfədir ki, cinayət törədir və törətdiyi cinayət əməlini könüllü etiraf edir. Tərkibində narkotik vasitə olan çətənə bitkiləri əkib-becərdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında, eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonun Vilvan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkməsi barədə daxil olan məlumatla əlaqədar onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla yanaşı Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X5, PPXB-nin polis nəfəri X2 və sürücü polis nəfəri X9 cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində əməliyyat qrupunun üzvlərindən başqa Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Qurbanov, mütəxəssis qismində isə Şahid4 da dəvət edilmişlər. Onlar Lənkəran rayonun Vilvan kəndinə gedərək polis nəfəri Amil Ağayev tərəfindən aparılan video çəkiliş ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri yetişdirməsində şübhəli olduğu deyilmiş, bu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib həyətə baxış keçirmək istədikləri bildirilmişdir. Yusif Məmədov da buna etirazının olmadığını deyərək bu barədə ərizə yazıb təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunla qadağa olunmuş əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da həyətindəki bağda, limon ağaclarının yanında torpağa əkdiyi 3 ədəd kiçik ölçülü çətənə şitillərini onlara göstərmişdir. Mütəxəsis Şahid4 həmin bitkilərə baxdıqdan sonra onların çətənə bitkisi şitilləri olmasını, bitkilərə xüsusi olaraq aqrotexniki qulluq göstərildiyini, onların, təxminən, bir ay əvvəl əkildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bitkilər torpaqdan çıxarılmış, təmizlənərək zərfə qoyulmaqla qablaşdırılmışdır. Baxış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bu barədə soruşulduqda o, həyətində çətənə kollarını özü əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar və o, təhqiqatçı Bəhruz Qurbanov tərəfindən şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş çətənə kolları ilə bağlı protokol tərtib edilmiş, onlar protokolu imzalarla təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 da məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiklərini təsdiq etmişdir. Şahid4 məhkəmə iclasında, eyni zamanda, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Şiləvar kəndində yaşayır. 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş və alim-aqranom ixtisas dərəcəsini almışdır. Lənkəran rayonu Vilvan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin aşkar edilməsi ilə bağlı Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçiriləcək tədbirdə mütəxəssis qismində iştirak etmək üçün xx.xx.2024-cü il tarixdə saat 10 radələrində onu polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə getmiş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ilə birlikdə Lənkəran rayonun Vilvan kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilərkən evin bağ hissəsində limon ağaclarının yanında torpağa əkilmiş 3 ədəd, 30-70 santimetr hündürlüyündə olan narkotik tərkibli çətənə bitkiləri aşkarlanmışdır. Bitkilərə onun tərəfindən ətraflı baxış keçirildikdə məlum olmuşdur ki, həmin bitkilər becərilmiş, mütəmadi olaraq suvarılmış, aqrotexniki qaydada qulluq edilməklə ilkin inkişafı təmin edilmişdir. Bitkilərin, təxminən, bir ay müddətində əkilərək yetişdirildiyi müəyyən edilmişdir. Həmin bitkilər video çəkiliş aparılmaqla torpaqdan çıxarılaraq təmizləndikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı evin sahibi Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkdiyni bildirmişdir. Sonra birlikdə polis şöbəsinə getmişlər və bu barədə tərtib edilən protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və əkməsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə həmin şəxsin üzərinə, yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə, qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin rəisinin xx.xx.2024-cü il tarixli 3-13- 96/Ə216/2024 nömrəli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və əkməsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid1 (qrupun rəhbəri) X5, X2 və X9 (qrupun üzvləri) daxil edilmişlər. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından və həmin tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə həmin şəxsin Lənkəran rayonu ərazisində nəzarətə götürülməsi, cinayətin törədilməsində əsaslı şübhə və əlamətlər aşkar olunduğu halda, onun üzərinə, yaşadığı evin həyətyanı torpaq sahəsinə təxirəsalınmadan baxış keçirilməsi qərara alınmışdır. Qeyd olunan qərarın surəti məlumat üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Məmmədov X4 ŞRPŞ-nə ərizə təqdim edərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Həmin ərizənin bir hissəsi (şablon hissə) kompyuter avadanlığından istifadə edilməklə, bir hissəsi ilə əlyazma şəklində yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilir ki, həmin tarixdə saat 11:15-dən başlayaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə və mütəxəsisin iştirakı ilə axtarış aparılarkən onun yaşadığı evin həyətində yerləşən bağda tərkibində narkotik maddə olan çətənə kollarına bənzər 3 ədəd kol aşkar olunmuşdur. Torpaqda becərilmiş 3 ədəd bitkinin hündürlüyü 30-70 santimetr müəyyən edilmiş, həmin kolların dibləri yumşaq və nəm halda olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bitkilərin çətənə kolları olduğunu, həmin bitkiləri öz istifadəsi üçün əkdiyini bildirmişdir. Mütəxəsis çətənə kollarına baxdıqdan sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və bitkilərə xüsusi olaraq aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər torpaqdan çıxarılmaqla bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, mütəxəssis Şahid4 verdiyi xx.xx.2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu Veravul kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki tökmə torpaqda aşkar olunmuş, hündürlüyü 30-70 santimetr olan çətənəyə bənzər 3 ədəd bitki toxum şəklində əkilmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, dibləri yumuşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/508 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs həyətindən 3 ədəd çətənə bitkisi ....” sözləri və imzalar olan bir ədəd bağlamadakı, ümumi sayı 3 ədəd, ümumi təmiz çəkisi 100 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom tərəfindən verilmiş rəyə əsasən tədqiqata təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqat obyektinin 0,3 qramdan ibarət (hər obyektdən 0,1 qram) hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 99.7 qram olan hissəsi bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Elgün Məmmədovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 3 ədəd çətənə bitkisi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair tərib edilmiş xx.xx.2024-cü il tarixli 556 nömrəli rəy ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Şübhəli şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli tutma protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılaraq həmin gün saat 11:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Elgün Məmmədovun “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da həbsdən dərhal azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3116 saylı arayışından görünür ki, Məmmədov X4 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12-11/254 nömrəli arayışdan müəyyən edilir ki, Məmmədov X4 rayonu Vilvan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Məhkəmə Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə tərtib edilmiş “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokolla bağlı qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinin hansı zərurətdən yarandığı kifayət qədər əsaslandırılmamış və bunun üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi prosesinin rəsmiləşdirilməsi də qanunamüvafiq qaydada həyata keçirilməmişdir. Belə ki, hazırki cinayət işi üzrə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan məlumatları məhkəməyə təqdim etməklə müvafiq qərar əldə etmədən polis əməkdaşlarının özləri tərəfindən qərar qəbul edilməsinin səbəbi, müvafiq məhkəmə qərarı alınmadan həyata keçirilməsi zəruri olan təxirəsalınmazlığın nədə ifadə olunması “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda kifayət qədər mötəbər sübutlarla əsaslandırılmamışdır. Eyni zamanda, belə bir təxirəsalınmaz vəziyyət yarandığı halda, şəxsin özünün yazılı razılıq ərizəsinin də alınmasının hansı zərurətdən irəli gəldiyi də bəlli deyildir. Həmçinin, hazırki cinayət işinin materiallarına əlavə edilmiş və ittiham tərəfinin istinad etdiyi, Təqsirləndirilən şəxs adından yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli həmin razılıq ərizəsinin bir hissəsinin (şablon hissə) kompyuter avadanlığından istifadə edilməklə, bir hissəsinin isə ilə əlyazma şəklində yazılmış olması polis əməkdaşları tərəfindən yaşayış sahəsinə baxış keçirilməzdən əvvəl həmin ərizənin şablon hissəsinin əvvəlcədən tərtib edilməklə məzmununun sonradan Təqsirləndirilən şəxs diktə edilib yazdırılmaqla imza etdirildiyi ehtimallarını yaradır. Qeyd olunan hallar isə özü-özlüyündə yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş prosessual sənədin (ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutun) mötəbərliyini şübhə altına alır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsinin 3, 4, 5, 8, 9 və 10-cu bəndlərinin məzmununa görə əməliyyataxtarış fəaliyyətinin subyektləri, bir qayda olaraq məhkəmənin (hakimin) qərarı ilə telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi növündə əməliyyat-axtarış tədbirlərini tətbiq edə bilərlər. Həmin qanunun 10-cu maddəsinin İV hissəsinin 1 və 2-ci bəndlərinin məzmununa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Göründüyü kimi, hazırki cinayət işində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində qeyd edilən təxirəsalınmaz hallardan hər hansı birinin mövcudluğu subut edilmədiyi halda, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən hakimin qərarı olmadan yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, eyni zamanda, bununla bağlı qəbul edilmiş qərar qanuniliyinin yoxlanılması üçün 48 saat müddətində müvafiq məhkəməyə təqdim edilməmiş, həmin qərar məhkəməyə yalnız məlumat üçün göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında ayrı-ayrı konstitusiya normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin məzmununa görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. İşin məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda həmin əməliyyatın təxirəsalınmazlığı əsaslandırılmamış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin (yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətləri) aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarından göründüyü kimi, (ümumiyyətlə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətinə görə) bütün hallarda baxış məcburi xarakter daşıyır və qanunvericilik binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxışın barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxsin və yaxud hər hansı şəkildə baxışın keçirildiyi yerə aidiyyəti olan şəxsin (məsələn, yaşayış sahəsinin mülkiyyətçisinin və yaxud orada yaşayan şəxslərin) razılığı ilə keçirilməsini ehtiva etmir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs aid yaşayış sahəsinə baxış keçirilməsi, onun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər kultivasiya edilməklə əkilibbecərildiyi halda belə, bu faktın aşkar edilmə prosesi və bunun rəsmiləşdirilməsi ilə bağlı prosessual hərəkətlər qanunvericiliyin tələbinə uyğun şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar və qeyd olunan qərar əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara hazırki cinayət işi üzrə sübut növü kimi istinad edilə bilməz. Qanunvericiliyin tələbinə görə sübutlara obyektiv qiymət verilməsi dedikdə, sübutun məzmununu təşkil edən dəlillərin və faktların məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən qiymətləndirilməsi başa düşülür və bu da ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu araşdırmağı tələb edir. Sübut o halda mötəbər hesab edilə bilər ki, onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə, bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda, məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən narkotik vasitə olan çətənə bitkilərinin aşkar olunma şəraiti və bu prosesin rəsmiləşdirilməsi ilə bağlı tərtib edilərək ittiham tərəfindən məhkəməyə təqdim edilmiş “Baxış keçirilməsi və əşyanın götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokol, bir hissəsi kompyuter avadanlığından istifadə edilməklə Təqsirləndirilən şəxs adından yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli razılıq ərizəsi, habelə, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar əsasında həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin bununla əlaqədar hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, tərkibində narkotik maddələr (komponentlər) olan 3 ədəd çətənə (kannabis) bitkisi kollarının aqrotexniki qaydada qulluq edilməklə əkilib kultivasiya edilməsi faktı təsdiq olunduğundan, Təqsirləndirilən şəxs özü də həmin çətənə (kannabis) bitkilərinin onun özünə aid olmaqla öz istifadəsi üçün əkib kultivasiya etməklə becərdiyini həm ibtidai istitaq zamanı bildirdiyinə, həm də hər hansı təsir və ya təzyiq olmadan məhkəmə iclasında da etiraf etdiyinə görə məhkəmə törədilmiş əmələ məhkəmə istintaqında araşdırılmış faktlar və mötəbər sübutlar əsasında hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda qeyd edilən cinayət əməlinin törədildiyini sübuta yetirilmiş hesab edir. Məhkəmə tədqiq edilmiş mötəbər sübutlara bir-biri ilə əlaqəli şəkildə və müqayisəli təhlil aparılmaqla qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərsə də, polis əməkdaşları tərəfindən yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən onun törətdiyi əməli etiraf etdiyini, həmçinin, narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirmişdir. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin sayını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45-də şübhəli şəxs qismində tutularaq saxlanıldığı vaxtdan xx.xx.2024-cü il tarixdə saat 10:00-da tutulmadan azad edildiyi vaxtadək keçən 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş, hökmlə müəyyən edilmiş vaxt məhdudiyyəti ərzində daimi yaşayış yeri olan Lənkəran rayonu Vilvan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə, yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran ŞRPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 3 ədəd çətənə kolları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:45-dən xx.xx.2024-cü il tarixdə saat 10:00-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də, saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Lənkəran rayonu Vilvan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, 3 ədəd çətənə kolları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar