Məhkəmə qərarları › İş №1(049)-248/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-248/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-248/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:00 xx xxxxxx 1994-cü ildə Lənkəran rayonunda doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayında Lənkəran rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, təyinatı dəyişdirilməmiş, saz vəziyyətdə və atəşə yararlı yivli odlu “Mosin” konstruksiyalı sürgülü karabin silahını, 01 ədəd Frunze maşınqayırma zavodunda, 02 ədədi isə Tula patron zavodunda istehsal edilmiş, cəmi 03 ədəd 7,62x39 mm kalibrli, zavod üsulu ilə hazırlanmış həmin kalibrə malik “AKM”, “AKMS”, avtomatlarında, “RPK”, “RPKS” əl pulemyotlarında və “SKS” karabinlərində və uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı patronları əldə edib üzərində saxlayaraq daşımış, gəzdirmiş və yaşadığı Lənkəran rayonu Göyşaban kəndində yerləşən evində saxlamış, həmçinin 29 yanvar 2023-cü ildə Lənkəran şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq 40 (qırx) manat müqabilində 8 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,182 qram; -0,171 qram; -0,135 qram; -0,199 qram; -0,160 qram; -0,168 qram; -0,147 qram; - 0,176 qram ümumi təmiz çəkiləri -1,338 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon polis şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının 29 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Lənkəran rayonu, Göyşaban kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində küçə ilə piyada hərəkətdə olarkən saxlanılaraq ünvanı Liman şəhəri, Mikayıl Müşfiq küçəsi 24 olan Liman polis bölməsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış aparılarkən qeyd olunan 1 ədəd döyüş sursatı olan patron və elektron tərəzi əynində olan gödəkcəsinin sol qoltuq cibindən, qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin isə əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş və həmin tarixdə yaşadığı evinə baxış keçirilərkən yatdığı otaqdakı çarpayının altından döyüş sursatı hesab edilən iki ədəd parton və bir ədəd odlu silah aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, beş ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Heroini siqaretin zərli kağızında yandırmaqla tüstüsünü udmaqla qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən təsadüfən rastlaşaraq almışdır. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 10 radələrində Lənkəran şəhəri “kiçik bazar” ərazisində olan zaman “kiçik bazar” məscidinin yaxınlığında piyada gəzən zaman küçədə bir şəxslə rastlaşmış, söhbət əsnasında bir-birilərinin narkoman olduqlarını bilmiş, o həmin şəxsdən narkotik maddə istəmiş, həmin şəxs də ona üzərində 8 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin heroinləri ümumilikdə 40 manata satdığını demiş, o da həmin şəxslə razılaşmış və 40 manat pul müqabilində həmin şəxsdən 8 ədəd bükümdə heroinləri almışdır. 8 ədəd bükümdə narkotik vasitə olan heroini almaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Həmin gün, yəni 29 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu Göyşaban kəndində yerləşən yaşadığı evinə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, narkotik vasitələrin üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək onu Liman PB-yə dəvət etmişlər. O da heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Liman PB-yə getmişdir. Polis bölməsində şübhəli şəxs qismində tutulmuş, vəkil ilə təmin olunmuş, vəkilin iştirakı ilə üzərinə videoçəkiliş ilə axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən əldə etdiyi 8 ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyi elektron tərəzi, gödəkçəsinin sol qoltuq cibindən isə döyüş sursatı hesab edilən 1 ədəd 7,62 mm kalibirli avtomat gülləsi aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 8 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkiləri 1,47 qram olmuşdur. Daha sonra üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan 8 bükümdə heroin və bir ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, bundan sonra üzərindən aşkar olunmuş bir ədəd patronun haradan əldə etdiyi barədə polis əməkdaşları soruşanda bildirmişdir ki, 2022-ci ilin dekabr ayında Lənkəran rayonu Göyşaban kəndində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında olan zibillikdən üç ədəd 7,62 mm patronun və bir ədəd “karabin” markalı silahı tapmış və həmin silahı yaşadığı evdə yatdığı otaqda çarpayının altında iki ədəd patron ilə birlikdə gizlətmişdir. Karabin silahını və patronları ovçulara satmaq fikrində olduğunu qeyd etmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı evinə baxış keçirilmiş və yatdığı otaqdan çarpayısının altından həmin karabin silahı və iki ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən götürülmüş karabin silahı və patronlar ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, möhürlənmiş və həmin sənədləşməyə də vəkili ilə birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1 və 228.1-ci maddələri təqsirli bildiyini və həmin əməllərə səmimi peşmançılıq hissi keçirdiyini, əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və satması, habelə yaşadığı evində odlu silah və döyüş sursatı gizlədərək saxlaması barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 29 yanvar 2023-cü il tarixdə raportla Liman PB-nin rəisinə müraciət etmişdir. Bölmə rəisi tərəfindən təsdiq edilmiş 29 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan və Liman PB-nin polis nəfərləri, polis serjantı Şahid3, polis serjantı Şahid2, polis serjantı Şahid4 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 16:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində yaşadığı evinin yaxınlığında küçədə yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gedişgəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Liman PB-yə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bu barədə raportla bölmə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid4 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş səkkiz büküm də qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə, gödəkçəsinin sol qoltuq cibindən isə işlək vəziyyətdə olan bir ədəd elektron tərəzi və 1 ədəd 7-62 mm döyüş sursatı hesab edilən güllə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş səkkiz bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin çəkisi 1,47 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr, elektron tərəzi və bir ədəd 7-62 mm döyüş sursatı hesab edilən güllə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, vəkil və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmişdir ki, təxminən beş ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə səkkiz bükümdə heroini 29 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran şəhəri “kiçik bazar” məscidinin yaxınlığında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 40 manata, bir ədəd 7-62 mm döyüş sursatı hesab edilən gülləni isə 2022-ci ilin dekabr ayında Lənkəran rayon Göyşaban kəndində ağır cinayətlər məhkəməsinin yaxınlığındakı zibillikdən karabin silahı və üç ədəd güllə ilə birlikdə tapdığını bildirmişdir. Bundan başqa, yaşadığı evdə öz yatdığı otaqda karabin silahını və iki ədəd gülləni də gizlətdiyini bildirmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə onun təqdim etdiyi yol ilə getmişlər. Təqsirləndirilən şəxs öz evinin yatdığı otağını təqdim etmiş və yatdığı çarpayının altından torbanın içərisindən “karabin” silahını və 2 ədəd 7,62 mm-lik gülləni təqdim etmişdir. Karabin silahını və ümumilikdə üç ədəd güllələri zibilxanadan tapdığını, uyğun vaxtda ovçulara satmaq fikrində olduğunu bildirmişdir. Karabin silahı və 2 ədəd 7,62 mm-lik güllə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 29 yanvar 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə edilmiş DVD-R diskində olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən səkkiz bükümdə ümumi çəkisi 1,338 qram narkotik vasitə heroin, gödəkçəsinin sol qoltuq cibindən isə 1 ədəd 7,62 mm kalibrli güllə və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, arada satdığını və karabin silahı ilə birlikdə 2 ədəd 7,62 mm kalibrli gülləri isə tapdığını, nə vaxtsa ovçulara satacağı üçün yaşadığı evində gizlətdiyini göstərmişdir. 29 yanvar 2023-cü il tarixli, evə baxış protokoldan və protokola əlavə edilmiş DVD-R disklərində olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən bir ədəd “Mosin” konsturuksiyalı karabin silahının və iki ədəd 7,62 mm kalibrli güllələri aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin karabin silahı ilə birlikdə üç ədəd 7,62 mm kalibrli gülləri Lənkəran rayon Göyşaban kəndində zibilxanadan tapdığını, nə vaxtsa ovçulara satacağı üçün yaşadığı evində gizlətdiyini göstərmişdir. Məhkəmə-kimyəvi eskpertizasının 30 yanvar 2023-cü il tarixli, 19/120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdə 8 (səkkiz) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,182 qram, 0,171 qram, 0,135 qram, 0,199 qram, 0,160 qram, 0,168 qram, 0,147 qram, 0,176 qram ümumi təmiz çəkiləri 1,338 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 99 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-ballistik ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 3/169 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə 7,62 mm kalibrli, Mosin konstruksiyalı sürgülü karabindir, yivli odlu silahdır, təyinatı dəyişdirilməmişdir, saz vəziyyətdədir və atəşə yararlıdır. Təqdim edilmiş silahın üzərindəki zavod nömrələri sonradan kustar üsulla kənar predmet vasitəsilə pozulmuşdur və nömrənin ilkin formasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 03 (üç) patron 7,62x39 mm kalibrli olmaqla zavod üsulu ilə hazırlanmış həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarında, “RPK”, “RPKS” əl pulemyotlarında və “SKS” karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Onlardan 01 ədəd Frunze maşınqayırma zavodunda, 02 ədəd isə Tula patron zavodunda istehsal edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2; 177.2.3; 326.1 və 69.4cü maddələri 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarına əsasən cərimə cəzası 320 saat ictimai işlərlə əvəz edimiş, xx.xx.2019-cu il tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılıb. Məhkumluğu ödənilib. Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 4(049)-36/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Göyşaban KİƏD üzrə nümayəndəliyinin 03 fevral 2023-cü il tarixli xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində anası ilə birgə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 25 fevral 2023-cü il tarixli, 367 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. 02 aprel 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kağız paketdə, 8 ədəd bükümdə, ümumi xalis çəkisi-1,098 qram olan heroin (ilkin ümümi xalis çəkisi 1,338 qram olmuşdur), 1 ədəd elektron tərəzi və bir ədəd karabin silahı və 3 ədəd 7,62 mm kalibirli patronlar maddi sübut qismində tanınaraq saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və evə baxış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk maddi sübut qismində tanınaraq iş materiallarında saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,182 qram; -0,171 qram; -0,135 qram; -0,199 qram; -0,160 qram; -0,168 qram; - 0,147 qram; -0,176 qram ümumi təmiz çəkiləri -1,338 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədinin narkotik vasitə alanda ona çəkidə aldatmamaları barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, CM-nin 228.1-ci maddəsinin dispozisiyasına görə isə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 228.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsini və peşman olmasını (CM-nin 228.1-ci maddəyə münasibətdə) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 228.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılaraq qəti cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan bir ədəd kağız paketdə, 8 ədəd bükümdə, ümumi xalis çəkisi-1,098 qram olan heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, bir ədəd karabin silahı və 3 ədəd 7,62 mm kalibirli patronlar Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməli, şəxsi axtarış və evə baxış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatlarının ümumi dəyəri 124 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4(dörd) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut 1 ədəd kağız paketdə, 8 ədəd bükümdə, ümumi xalis çəkisi-1,098 qram olan heroin və 1 ədəd elektron tərəzi məhv edilsin, bir ədəd karabin silahı və 3 ədəd 7,62 mm kalibirli patronlar Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin, şəxsi axtarış və evə baxış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar