Məhkəmə qərarları › İş №1(049)-249/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-249/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-249/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, əvvələr məhkum olunmamış, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 11/43 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 23 may 2023-cü il tarixdə saat 11.25-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 21 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri, kiçik bazar adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,198 qram və -0,190 qram, ümumi təmiz çəkisi - 0,388 qram olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngdə kristal formada psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 22 yanvar 2023-cü il tarixdə, saat 12:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Girdəni kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təxminən bir ildir ki, metamfetamindən istifadə edir. 21 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərindəki “Kiçik Bazar” adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata iki bükümdə metamfetamin almışdır ki, sonradan istifadə etsin. Lakin, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Girdəni kəndində olduğu zaman polis işçiləri onu saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan şalvarın cibindən həmin 2 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin metamfetamin ona məxsusdur, onu 21 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərində “Kiçik Bazar” deyilən yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata almışdır. Bundan sonra həmin metamfetamin bir zərfə qoyularaq möhürlənmiş və o, vəkili ilə birlikdə həmin zərfin üzərinə imza etmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilmiş, etdiyi əməli tam dərk edir, peşmandır, himayəsində ikisi azyaşlı olmaqla üç uşağın və ailənin yeganə qazanc gətirən olduğunu nəzərə alaraq bağışlanmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etiraf ifadələri ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD disk, məhkəmə-kimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertiza üzrə rəylər və digər ibtidai araşdırma sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında onun və ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Məstiəli oğlunun iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 12:20-də Lənkəran rayonu Girdəni kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən şəffaf sellofanda olan iki ədəd büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərdə metamfetamin olduğunu bildirmişdir. Həmin 02 ədəd büküm olan metamfetamin elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Məstiəli oğlu, Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 22 yanvar 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd psixotrop maddə olan metamfetaminin çəkisi 0,49 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr metamfetamindir, həmin kütlələr ona məxsusdur. Həmin kütlələri Lənkəran şəhəri, “Kiçik bazar” adlanan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 02 bükümdə, 20 manat qarşılığında almışdır. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 19/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxsM oğlunun üzərindən götürülmüş kütlələr.....” sözlər və imzalar olan zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,198 qr: -0,190 qram; ümumi təmiz çəkisi: -0,388 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonra qalıq çəkisi 0,288 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlər və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə psixotrop maddələri əldə edərək istifadə etməyə başlamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayış və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı - xx.xx.2010-cu il təvəllüdlü Lamiyyə və xx.xx.2021-ci il təvəllüdlü Ataş, eləcə də bir yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Ruslana adlı 3 uşağı vardır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə o, MSY-dən azad olunmuşdur. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,288 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs polinarkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,288 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar