Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-25/2022 07.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 1(049)-210/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına və 2760 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cərimə cəzası 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 02 oktyabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixiotrop maddə əldə ediərək saxlamаqlа dаşımışdır. Bеlə ki, о, məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,227 qram, 0,268 qram, 0,285 qram, 0,221 qram ümumi təmiz çəkisi 1,001 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini, 3 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,113 qram, 0,071 qram, 0,069 qram, ümumi təmiz çəkisi 0,253 qram olan kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2021-ci il tarixdə, saat 11:40-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Girdəni kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin narkotik vasitə heroin 4 ədəd şəffaf sellofan bükümlərin, psixotrop maddə metamfetamin isə 3 ədəd gümüşü rəngli kağız bükümlərin içərisində əynindəki şalvarın arxa sağ cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət narkotik vasitədən istifadə etmiş, lakin tutulduğu vaxtdan, yəni təxminən bir il üç aydır ki, istifadə etmir və hazırda ibadətlə məşğuldur. Narkotik vasitədən istifadə etdiyi vaxtlarda gündə 3-4 dəfə həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin istifadə etmişdir. Üzərində yeddi büküm deyil dörd büküm, yəni üç büküm heroin, bir büküm metamfetamin olmuşdur. Videoçəkiliş zamanı da onun üzərindən yeddi büküm yox dörd büküm aşkar edilmişdir. Həmin narkitik vasitə və psixotorp maddəni 10 oktyabr 2021-ci il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manata almışdır. Həmin gün, saat 11 radələrində onu Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında polis əməkdaşları tutmuş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahmar və Nəvai adlı şəxslər onu döymüş, bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Videçəkilişlə baxış zamanı onun üzərindən dörd büküm aşkar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Onun satış məqsədi olmamışdır, narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qrupa polis nəfərləri Şahid2 və Mirsəmid Camalov cəlb edilmişlər. 10 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Rzazadə X2 şəhəri, Ləvəngi dairəsi adlanan yerdə olması müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən dörd büküm şəffaf sellofan büküm narkotik vasitə heroinə bənzər kütlə və üç büküm gümüşü rəngli kağız büküm psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və narkotik vasitə heroinin ona özünə məxsus olduğunu, istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Tutulan zaman, habelə tutulduqdan sonra ona qarşı heç bir qanunazidd hərəkətə yol verilməmiş, habelə əməliyyat axtarış tədbirində Şahmar və Nəvai adlı polis əməkdaşları iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. 10 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Rzazadə X2 şəhəri, Ləvəngi dairəsi adlanan yerdə olması müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən dörd şəffaf sellofan büküm narkotik vasitə heroinə bənzər kütlə və üç gümüşü rəngli kağız büküm psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə və narkotik vasitə heroinin ona özünə məxsus olduğunu, istifadə etmək üçün saxladğını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Tutulan zaman, habelə tutulduqdan sonra qarşı heç bir qanunazidd hərəkətə yol verilməmiş, habelə əməliyyat axtarış tədbirində Şahmar və Nəvai adlı polis əməkdaşları iştirak etməmişdir. Cinayət işinin 28-29-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının arxa sağ cibindən 4 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər kütlə, 3 ədəd gümüş kağız bükümdə psixotrop maddə metamfetaminə bəmzər kütlə aşkar edilərək götürülmüş, heroinə bənzər kütlənin çəkisi 1.06 qram, psixotrop maddənin çəkisi 0.37 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və psixotrop maddələrin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi haqqında” 10 oktyabr 2021-ci il tarixli protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının arxa sağ cibindən 4 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər kütlə, 3 ədəd gümüş kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, heroinə bənzər kütlənin çəkisi 1.06 qram, psixotrop maddənin çəkisi 0.37 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və psixotrop maddənin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 45-46-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 oktaybr 2021-ci il tarixli, 19/1029 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş üç ədəd bükümdə təmiz çəkisi 0.253 qram olan maddə metamfetamindir və kimyəvi tərkibinə görə eynidir, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş dörd ədəd bükümdə təmiz çəkisi 1.001 qram olan maddə heroindir və kimyəvi tərkibinə görə eynidir. Cinayət işinin 74-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 1112 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-73-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 986 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 103-107-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat keçirildikdən sonra qalan 0.163 qram çəkidə metamfetamin və 0.881 qram heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək psixotrop maddə və narotik vasitəni satış məqsədi ilə əldə etməməsi, satış məqsədi ilə üzərində saxlamаqlа dаşımaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokoll və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. Təqsirləndirilən şəxsin üzərindən yeddi büküm deyil, dörd büküm aşkar edilməsi barədə göstərdikləri, məhkəmə iclasında özünün, habelə cinayət prosesinin tərəflərinin iştirakı ilə müvafiq texniki vasitə olan noutbuk komputerində baxılmış “şəxsi axtarışın keçirilməsi haqqında” 10 oktyabr 2021-ci il tarixli protokola əlavə edilmiş videogörüntü ilə tam təkzib edilmişdir. Eləcə də, təqsirləndirilən şəxsin tutularkən Şahmar və Nəvai adlı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, yuxarıda tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 986 nömrəli ekspert rəyi ilə də tam təkzib edilmişdir. Bundan başqa, cinayət işinin 2-40-cı vərəqlərində olan təhqiqat materiallarından və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs tutulması, təhqiqata təqdim edilməsi zamanı Şahmar və Nəvai adlı polis əməkdaşları iştirak etməmişlər. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ədəd ayrı-ayrı bükümdə narkotik vaistə heroin və üç ədadə ayrı-ayrı bükümdə psixotrop maddə metamfetamin əldə edərək daşımasını, yəni iki fərqli növdə həm narkotik vasitə, həm də psixotorp maddə əldə etməsini, eləcə də həm narkotik vasitənin ayrı-ayrılıqda qanunda nəzərdə tutulmuş şəxsi istehlak miqdarından artıq olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 22-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 oktyabr 2021-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə, saat 11.55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-69-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(049)-410/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 92-100-cü vərəqlərində olan Lənkəran Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 1(049)-210/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına və 2760 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cərimə cəzası 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 86-87-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə məhkum olunmuş şəxs cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmədə müəyyən edimişdir, Təqsirləndirilən şəxsn 02 oktyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarsa da, 10 oktyabr 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin 85 və 89-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və iki qardaşı ilə birlikdə Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində özünü yaxşı cəhətdən göstərə bilməmişdir, onun haqqında nümayəndəliyə bir neçə dəfə yazılı və şifahi şikayət daxil olmuş, qohumları və ailə üzvləri ilə münasibətdə yaxşı olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan bir ildən az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 1112 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.881 qram qalıq çəkisi olan heroin və 0.163 qram metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.881 qram qalıq çəkisi olan heroin və 0.163 qram psixotorp maddə metamfetamin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarda saxlanılsın. Məhkəmə məsrəfi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-25/2022
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-25/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver