Məhkəmə qərarları › İş №1(049)-25/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-25/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-25/2023 11.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 09 avqust 1983-cü il tarixdə Bakı şəhəridə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumuluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cianyət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 2022-ci ilin fevral ayında şəhid məclisində olarkən orada tanıdığı Masallı rayonu, Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs xəstəliyi ilə əlarədar özünə 2-ci qrup əlillik dərəcəsi təyin etdirmək istədiyini biləndən sonra, dələduzluq, yəni etibardan su-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs özünün müvafiq əlaqələri olduğuna inandırıb etibarını qazanandan sonra, 1000 manat qarşılığında Zərərçəkmiş şəxs 2-ci qrup əlillik dərəcəsi təyin edilməsində köməklik göstərəcəyini bildirərək, 1010 manat pul vəsaitinin 01 mart 2022-ci il tarixdə saat 13:15-də Lənkəran şəhərində yerləşən ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən öz adına olan 4239 1515 1142 3462 saylı kart hesabına köçürülməsinə nail olmuş və Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında X4 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1999-cu ildə ailə həyatı qurmuş, 2004-cü ildə həyat yoldaşı dünyasını dəyişmişdir. Hal-hazırda bir övladım var və subaydır. Bakı şəhəri, 3-cü mikrorayon dairəsində ona məxsus «Şəfa» hicama sağlamlıq mərkəzi vardır. Hal-hazırda həmin sağlamlıq mərkəzi fəaliyyət göstərmir. Masallı rayonunda yerləşən Masallı-İstisu sanatoriyasında masajist-fizioterapevt kimi işləyir. Əsasən yay aylarında Masallıda işləyir. Mütəmadi olmasa da şəhid məclislərində iştirak edir. Əsasən şəhid valideynlərinə və şəhidin digər ailə üzvlərinə şəhidlərin şəkili olan müxtəlif maketlər təqdim edirdi. Axırıncı dəfə təxminən fevral ayında Masallı rayonunda şəhid mövludu ilə əlaqədar iştirak etmişdir. Məclisdə olan zaman həmin şəhidin anası Fatma adlı qadınla tanış olmuş, ona şəhid oğlunun şəkili olan həmin maketdən istədiyini bildirmişdir. O da onunla razılşaraq şəhidin şəkillərini telefonla ona atmasını istəmişdir. Həmin maketi düzəltdikdən sonra fevral ayında onu təqdim etmək məqsədilə həmin şəhid ailəsinə getmişdir. Şəhid anası olan Fatma adlı qadına həmin maketləri təqdim etmişdir. Onlara gedən zaman Fatma adlı qadın ona bir gecə onlarda qalmağını istədi. O da həmin gecə onların evində qalmışdır. Səhəri gün 2 tanımadığı qadın və sonradan adını bildiyi Elmar adlı bir kişi gəldi. Həmsöhbət olan zaman Elmar ondan nə ilə məşğul olduğunu soruşduqda ona masajist-fizioterapevt olduğunu bildirdi. Bunu bildikdən sonra özünün ürəyində xəstəlik olduğunu bildirərək özünə pensiya düzəltməyə çalışdığını bildirdi. Bunu eşidən zaman şəhid məclislərində iştirak edərkən tanış olduğu, özünü ürək həkimi kimi təqdim edən Sahib həkimin bu işdə Elmara köməklik edə biləcəyini fikirləşmiş, çünki Sahib adlı şəxs 2022-ci ilin yanvar ayında anası Zərnişan Sariyevaya da təqaüdə çıxmağa köməklik edə biləcəyini bildirmişdi. O zaman Sahib ona bildirmişdi ki, 2500 manat qarşılığında anasına təqaüdə çıxmağa köməklik edə bilər. Lakin sonradan onda həmin pul olmadığından daha bu barədə heç bir danışığı olmadı. Elmara tanış ürək həkiminin vasitəsilə ona əlillik dərəcəsi almağa köməklik edə biləcəyini bildirdi. Bakı şəhərinə gedən zaman fevral ayında Sahib adlı həkimlə «Şəfa» hicama sağlamlıq mərkəzində görüşüb ona şəhid qohumunun xəstə olduğunu, özünə əlillik dərəcəsi təyin olunmasını istədiyini bildirmişdir. Sahib bu işin əvvəlcə 2000 manata, daha sonra şəhid qohumu olduğunu nəzərə alaraq 1000 manata həll edə biləcəyini bildirdi. O da Elmara bu barədə məlumat verdikdən sonra 2 gün ərzində həmin pulu ona kart vasitəsilə göndərəcəyini bildirdi. Daha sonra Elmar mənimlə telefon əlaqəsi saxlayaraq 1000 manat pulu tapdığını, onu necə göndərəcəyini soruşdu. O da özünə məxsus "xxxx" ASC-yə məxsus 5239 1515 1142 3462 nömrəli bank kartını «Whatsapp» vasitəsilə Zərərçəkmiş şəxs göndərdi. O göndərilən hər 100 manata 1 manat komissiya tutulacağını nəzərə alaraq həmin kart hesabına 1010 manat pul göndərdi. Pul kart hesabına köçürülən günü axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsində yerləşən fərqli bankomatlardan 2 dəfəyə həmin pulu nağdlaşdıraraq çıxarmışdır. Pul onda olandan sonra Sahib həkimlə danışaraq həmin pulun onda olduğunu bildirmişdir. Sahib işinin olduğunu bildirərək növbəti gündə pulu ondan alacağını bildirdi. Ertəsi gün saat 18:00 radələrində «Şəfa» sağlamlıq mərkəzində Sahiblə görüşərək 1000 manat pulu ona vermiş, Sahib də bir həftə ərzində ona məlumat verəcəyini bildirərək ordan ayrılmışdır. Təxminən mart ayının 3-4-də şəhid anası Fatma adlı qadın ona zəng edərək Zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olmadığını, verdiyi 1000 manat pulu geri istədiyini bildirdi. Dərhal Sahibə zəng edərək, Zərərçəkmiş şəxs verdiyi 1000 manat pulu geri istədiyini ona demiş, Sahib onunla növbəti gün görüşəcəyini və bu məsələni həll edəcəyini bildirmişdir. Səhəri gün Sahibə zəng edərək görüşməli olduğunu Sahibə bildirmişdir. Sahib ona Bakı şəhərində olmadığını, Şəmkir rayonunda şəhid məclisində olduğunu deyərək sonra görüşəcəyini bildirdi. O vaxtdan sonra dəfələrlə Sahiblə əlaqə saxlamağa cəhd etsə də müsbət nəticə əldə edə bilməmişdir. Zərərçəkmiş şəxs ona dəfələrlə zəng edərək əlillik dərəcəsinin təyin olunmasını istəmədiyini, onun kart hesabına atdığı 1000 manat pulu geri qaytarmağını istəyirdi. 30 aprel 2022-ci il tarixində 140 manat pulu onun kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs X1 sözündə bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət iş mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı oğlu X5 44 günlük vətən müharibəsində şəhid olmuş, bacım F.Qasımova oğluna məclis təşkil edən zaman orada şəhid ailələrinə şəhid övladlarının şəkilləri olan maketlər təqdim edən, özünü Bakı şəhəri 3-cü mikrorayon dairəsində yerləşən «Şəfa» sağlamlıq mərkəzinin baş həkimi kimi təqdim edən, adının Şəfa olduğunu bildiyi qadını tanımışdır. O ürək xəstəsi olduğuna görə özünə əlillik dərəcəsi təyin etdirmək istəyirdi. Bunu evdə də bildirmişdi. Bacısı F.Qasımova da bu işdən xəbərdar olduğundan Şəfa ilə bu barədə danışmışdır. Sonradan Şəfa, bacısı və digər qohumları ilə bir yerdə olan zaman Şəfa adlı qadın həkim tanışı olduğunu, 1000 manat qarşılığında ona əlillik dərəcəsi təyin edilməsinə köməklik edə biləcəyini bildirdi. O da onunla razılaşmış, daha sonra Lənkəran şəhərində yerləşən «Yelo Bank»a gələrək 1500 manat kredit pul götürmüş, Şəfaya zəng edərək pulu ona necə verə biləcəyini bildirmişdir. O da ona Masallı rayonunda yerləşən taksi şoferləri vasitəsilə göndərməyini istədi. Lakin o bununla razılaşmayaraq ondan kart hesabı göndərməsini istəmişdir. O "xxxx" ASC-yə məxsus 5239 1515 1142 3462 kart hesabını ona göndərdi. O da Lənkəran şəhərində yerləşən ödəmə terminalı vasitəsilə hər 100 manat pula 1 manat komissiya tutulduğunu nəzərə alaraq həmin kart heabına 1010 manat pul göndərmişdir. Pulu ona göndərdikdən 14 gün sonra həkimə getməli olduğunu, ağır xəstəliyilə əlaqədar olaraq həkim tərəfindən ona əlillik dərəcəsi təyin edilməsi ilə bağlı epikriz yazıb veriləcəyini bildirdi. 14 gün keçdikdən sonra Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadı. Dəfələrlə onunla əlaqə saxlamağa cəhd etmiş, lakin hər dəfə danışanda onu yubatdığını anlamışdır. Növbəti danışdığında ona əlillik dərəcəsi təyin edilməsini istəmədiyini, onun kart hesabına atdığı 1000 manat pulu geri istədiyini bildirdi. O da pulun onda olmadığını, tanış həkimdə olduğunu nə vaxt həmin həkim pulu geri verərsə o zaman qaytaracağını bildirdi. O da Təqsirləndirilən şəxs onu aldatdığını anlayaraq bu barədə baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə məlumat vermişdir. Mən şikayət edəndən sonra Təqsirləndirilən şəxs bacısı Fatma Qasımova ilə danışaraq «Yelo Bank»dan götürdüyü 1500 manat kreditin ödənilməsinə təyin olunmuş aylıq 142 manatın özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bacısı ona bu barədə məlumat verdikdən sonra o da razılaşaraq özünə məxsus olan "xxxx" ASC-yə məxsus kartını “Whatsapp”la Şəfayətə göndərmişdir. 30 aprel 2022-ci il tarixində onun hesabına 140 manat pul göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə çıxışında bildirmişdir ki, hal-hazırda X4 ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, X2 heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə işə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Əməliyyat və Statistik İnformasiya idarəsinin arayışından görünür ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(049)-362/2022 nömrəli qərarından görünür ki, X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 07 may 2023-cü il tarixli nömrəli məktubundan və ona əlavə edilmiş tutma protokolundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X4 xx.xx.2023-cü il tarixdə Masallı rayonu, İstisu pansionatı ərazisində tutularaq Lənkəran ŞRPŞnin MSY-yə yerləşdirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Şəfayət Sarıyeva ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs Şəfayət Sarıyeva ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini, ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs X3 cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X4 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə məsuliyyətdən azad edildiyindən X3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. X3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar