Məhkəmə qərarları › İş №1(049)-25/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-25/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-25/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Saat 14:55 07 avqust 1976-cı il tarixdə Lənkəran rayonu, Avrora (indiki Hirkan) qəsəbəsində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, həbs olunana qədər həmin ünvanda yaşamış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)- 169/2023 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri" “ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315-ci maddələri ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində etibarnaməsiz və alkoqollu içkinin təsiri altında qardaşı X2 məxsus “Mercedes-Benz E 240 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün həmin vaxt rayonun “Gərmətük dairəsi” ətrafında xidmət aparan Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılaraq alkoqollu içkinin təsiri altında və etibarnamə olmadan avtomobili idarə etdiyi müəyyən olunduğundan onu sərxoşluq müayinəsindən keçirmək və idarə etdiyi avtomobili Lənkəran ŞRPŞ-nin cərimə meydançasına yerləşdirmək üçün ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək səs-küy salıb, polis əməkdaşlarının ünvanına cəmiyyətdə qəbul olunmayan qeyri-etik və nalayiq ifadələr işlədərək hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyəcəyi və sağlamlıqlarına zərər vurması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz səxsiyyətini ətrafda olan çoxsaylı vətəndaşların şəxsiyyətinin fövqündə qoyub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, dövlət yol polisinə aid “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanunamüvafiq tədbirləri nəticəsində arxa sol oturacaqda əyləşdikdən sonra xidməti vəzifəsi ilə əlaqədar sərxoşluq müayinəsindən keçmək üçün Zərərçəkmiş şəxs1 avotomobili idarə edib bir qədər getdikdən sonra sonuncunun sifət nahiyəsindən sillə və yumruqla vuraraq alın nahiyəsində sıyrıq kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Dörd fəsil” restoranında qardaşı Rahim Rəhimovla birlikdə toy şənliyində iştirak etmişdir. Toya gedərkən avtomobili qardaşı idarə etmişdir. Toyda o, spirtli içkilərdən ancaq pivə qəbul etmiş, qardaşı isə qəbul etməmiş, sonuncu ümumiyyətlə içki içən deyildir. Saat təxminən 14 radələrində toydan çıxıb Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi istiqamətində qardaşına məxsus “Mercedes Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Aşağı Nüvədi qəsəbəsinə yaxın ərazidə qardaşı heyvanlar üçün yem aldıqdan sonra sonuncu yem olan avtomobilə əyləşmiş, o isə qardaşına məxsus avtomobili idarə etməyə başlamışdır. Təxminən 100-200 metr məsafə getdikdən sonra saat təxminən 15 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində yol polisləri ona saxla işarəsi vermiş, o, avtomobili saxlamış və avtomobildən düşüb YPX-nin əməkdaşlarına yaxınlaşmışdır. YPX-nin sonradan adını bildiyi əməkdaşı Zərərçəkmiş şəxs2 ona “Kia Sportage” markalı YPX avtomobilinə əyləşməyi təklif etmişdir. O da avtomobilin arxa sol oturacağında əyləşmişdir. YPX əməkdaşı ondan içkili olub-olmadığını ondan soruşmuş, o da həmin şəxsə toy şənliyində pivə içdiyini bildirmişdir. Bundan sonra YPX əməkdaşı Vüsal Şükürov idarə etdiyi avtomobilin açarlarını onlara təqdim etməli olduğunu bildirmiş, o, heç bir etiraz etməmiş, idarə etdiyi avtomobilin açarını Zərərçəkmiş şəxs2 vermişdir. O, spirtli içki qəbul etdiyindən YPX əməkdaşlarına “gəlin bu məsələni yoluna qoyaq” desə də, YPX əməkdaşları onunla razılaşmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 onun avtomobilini idarə etmiş, o isə YPX-nin avtomobilində oturub polis əməkdaşı ilə birlikdə polis şöbəsinə getmişlər. Yolda gələrkən sonradan adını Zərərçəkmiş şəxs1 olduğunu bildiyi YPX əməkdaşı, ona spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi üçün cərimə olunacağını bildirmişdir. Cəriməni ödəmək üçün 1000 manat pul lazım olduğunu bildirərək maddi imkanının olub-olmadığını soruşmuş, o da həmin əməkdaşa üzərində pul vəsaitinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona DYPB-nin rəisi Mirxəyal Hüseynovun ondan cərimənin pulunu alacağını bildirmişdir. Birlikdə Lənkəran ŞRPŞ-yə gəldikdən sonra avtomobil duracağa yerləşdirilmiş və daha sonra Lənkəran rayon narkoloji dispanserə gedib sərxoşluq müayinəsindən keçmişdir. Müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluq vəziyyətinin olması müəyyən edilmişdir. Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılan zaman onlara müqavimət göstərməmiş, eləcə də onları söyüb təhqir etməmiş, sadəcə saxlanılarkən içkili olduğu üçün sakit formada polis əməkdaşlarının tələblərinə “baş üstə” demişdir. YPX əməkdaşları da onunla nəzakətlə davranmışlar. Həmçinin Zərərçəkmiş şəxs1 polis avtomobilində döyməmiş, onların bütün qanuni tələblərini yerinə yetirmişdir. O, sifarişlə şərlənmişdir. O, polis əməkdaşlarını vurmaqla, eləcə də YPX maşınını yandıracağı, partladacağı ilə hədələməmişdir. Onun sərxoşluğu saxlanılarkən alkotester vasitəsi ilə yoxlanılmamışdır. Ona birbaşa Lənkəran ŞRPŞ-yə getməli olduğu bildirilmiş, o da etiraz etməmişdir. İbtidai istintaq zamanı guya hadisəni görmüş şahidlər ifadə vermişlər. O, həmin şəxslərin heç birini tanımır. Çünki YPX əməkdaşları tərəfindən saxlanılan vaxt yol kənarında heç kim olmamışdır. YPX əməkdaşları tərəfindən saxlanıldığı yerdə təxminən 2 dəqiqə qalmışdır. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2019-cu ildən Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində DYPB-nin inspektoru Zərərçəkmiş şəxs2 ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomolibi ilə xidmət aparan zaman “Mercedes-Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonu, “Gərmətük dairəsi”ndə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona saxla əmri vermişlər. Nəqliyyat vasitəsinin sürücüsü bir qədər irəlilədikdən sonra avtomolbili saxlamışdır. Zərərçəkmiş şəxs2 həmin nəqliyyat vasitəsinə yaxınlaşıb özünü təqdim etmişdir. Onlar bir qədər danışmış, sürücünün Zərərçəkmiş şəxs2 qarşı aqressiv hərəkətlər etməsini görüb onlara yaxınlaşmış, həmin zaman şəxsiyyəti sonradan müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 ona spirtli içkinin təsiri altında avtomobil idarə etməsi və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə qanunun tələbiin izah etməsinə görə Təqsirləndirilən şəxs onunla aqressiv danışmış, “Dörd fəsil” restoranında toy məclisində spirtli içki olan pivə qəbul etdiyini bildirmişdir. Spirtli içkinin təsiri altında avtomobil idarə etdiyindən ona nəqliyyat vasitəsinin açarlarını təhvil verilməsi və polis şöbəsinə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yenə də etiraz etməyə və onlarla mübahisə etməyə başlamışdır. Onların ünvanına küçə söyüşləri söymüş, onları vurmaqla, xidməti avtomobili yandırıb, partladacağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs səs-küy saldığı üçün ətrafdakıların diqqətini özünə cəlb etmiş, yoldan keçən digər sürücülər avtomobili saxlayıb onlara yaxınlaşmış, ətrafda 6-7 nəfər şəxs olmuşdur. Ətrafda olan şəxslər müdaxilə etmək istəsələr də, onlar həmin şəxslərə icazə verməmişlər. Daha sonra çətinliklə Təqsirləndirilən şəxs sakitləşdirib xidməti patrul avtomobilinə mindirməyə nail ola bilmişlər. Maşının qapısını açaraq ona xidməti patrul avtomobilinə minməyi təklif etmişlər, ilk əvvəl Təqsirləndirilən şəxs buna razı olmamış, daha sonra “sizin alkotesterden keçmirəm, məni narkolojiyə aparın” deyərək maşına minmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri, onun sakitləşdirilməsi təqribən 40-45 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs2 idarə etmiş, “Kia Sportage” markalı, **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomolibini isə o, özü idarə etmişdir. Təqsirləndirilən şəxs isə xidməti patrul avtomobilində sol arxa oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs2 qarşıda, o isə ondan arxada hərəkət etmişlər. Avtomobillər arasında ara məsafəsi təqribən 2 metr olmuşdur. Avtomobillər yolda hərəkətdə olarkən o, Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında avtomobil idarə etməsinin qanunazidd olmasını, onun özü və digər yol hərəkəti iştirakçıları üçün təhlükə törətdiyini bildirdikdə, Təqsirləndirilən şəxs yenidən aqressivləşmiş, oturduğu sağ arxa oturacaqdan ona sağ əli ilə sillə vurmağa başlamış, o avtomobili idarə edə-edə əli ilə Təqsirləndirilən şəxs sillə zərbələrindən yayınmağa çalışsa da, sillə zərbələrindən biri onun alnına dəymiş, bu zaman xidməti patrul avtomobilini yolun sağ hissəsinə çəkərək saxlamışdır. Onun avtomobili saxlamasını görən Zərərçəkmiş şəxs2 də avtomobili qarşıda saxlamış, avtomobildən düşərək nə baş verdiyini aydınlaşdırmaqdan ötrü onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onu avtomobildə vurduğunu öyrənən Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs sakitləşdirib yenidən yollarına davam edib Lənkəran ŞRPŞ-yə gəlmişlər. Polis şöbəsində müvafiq sənədləşmə aparılıb, sonra Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün onu Narkoloji Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs saxlayan zaman avtomobildə videomüşahidə kamerasının və səsyazan vasitənin işlək vəziyyətdə olmasını düşünmüşlər. Lakin sonradan həmin cizahların işləmədiyi müəyyən edilmiş və təmirə göndərilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onun səs-küy salması, onlara tabesizlik göstərməsi, onları söyməsi barədə mobil telefon vasitəsilə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində, əlində hər hansı kəsici-deşici alət və vasitə, eləcə də partladıcı və yandırıcı vasitə və predmet olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 2020-ci ildən Lənkəran ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində DYPB-nin inspektoru Zərərçəkmiş şəxs1 ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə xidmət aparan zaman “Mercedes-Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonu, “Gərmətük dairəsi”ndə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona saxla əmri vermişlər. Nəqliyyat vasitəsinin sürücüsü bir qədər irəlilədikdən sonra avtomobili saxlamışdır. O, özü həmin nəqliyyat vasitəsinə yaxınlaşıb sürücüyə özünü təqdim etmiş, təhlükəsizlik kəməri taxmamasın səbəbini sonradan rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs soruşduqda, sonuncu ona aqressiv formada cavab vermişdir. Təqsirləndirilən şəxs maşından düşməsini təklif etmiş, o, maşından düşərkən ondan spirtli içki iyi gəlirmişdir. İçkili formada maşın idarə etdiyi üçün ona irad bildirmişdir. Təqsirləndirilən şəxs irad bildirdiyi üçün sonuncu onu təhqir etmiş, “görərsiz sizin başınıza nə oyun açıram, siz məni tanımırsız” demişdir. Onlara yaxınlaşmış Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, onu nizam-intizama dəvət etmişlər. Ona nəqliyyat vasitəsinin açarlarını təhvil verməsi və polis şöbəsinə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yenə də etiraz etməyə və onlarla mübahisə etmişdir. Onların ünvanına küçə söyüşləri söymüş, onları vurmaqla, xidməti avtomobili yandırıb, partladacağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs səs-küy saldığı üçün ətrafdakıların diqqətini özünə cəlb etmiş, yoldan keçən digər sürücülər avtomobili saxlayıb onlara yaxınlaşmış, ətrafda 10-15 nəfər şəxs olmuşdur. Ətrafda olan şəxslər müdaxilə etmək istəsələr də, onlar həmin şəxslərə icazə verməmişlər. Daha sonra çətinliklə Təqsirləndirilən şəxs sakitləşdirib xidməti patrul avtomobilinə mindirməyə nail ola bilmişlər. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri, onun sakitləşdirilməsi təqribən 20-25 dəqiqə davam etmişdir. Maşına mindikdən sonra Təqsirləndirilən şəxs səsini ucaltmağa başlamış və maşından düşmək istəmişdir. Onlar məcbur qalıb, maşının qapıların içəridən bağlamış, bundan sonra qapılar bağlı olduğundan Təqsirləndirilən şəxs daha maşından düşə bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilini isə Zərərçəkmiş şəxs1 özü idarə etmişdir. O, qarşıda, Zərərçəkmiş şəxs1 isə ondan arxada hərəkət etmişlər. O, irəlidə hərəkət edərkən avtomobilin güzgüsündən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əl-qol hərəkətləri etdiyini, onu vurduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 avtomobili saxladığı üçün, o da avtomobili saxlayıb onlara yaxınlaşmışdır. Xidməti patrul avtomobilinə çatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yapışdığını görmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 neçə zərbə vurmasını görməmişdir. Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs sakitləşdirib yenidən yollarına davam edərək Lənkəran ŞRPŞ-yə gəlmişlər. Polis şöbəsində müvafiq sənədləşmə aparılıb, sonra Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün onu Narkoloji Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs saxlayan zaman avtomobildə videomüşahidə kamerası və səsyazan vasitə işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində, əlində mobil telefon istisna olmaqla hər hansı kəsici-deşici alət və vasitə, eləcə də partladıcı və yandırıcı vasitə və predmet olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman onun səs-küy salması, onlara tabesizlik göstərməsi, onları söyməsi barədə mobil telefon vasitəsilə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, kənddən şəhər istiqamətinə idarə etdiyi “VAZ 21015” markalı avtomobillə ləpə satmağa gələndə rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs avtomobillə “Şah Saray” şadlıq evinin qarşısından keçərək kənddə tərəf gedirdi. Onun özünün idarə etdiyi avtomobildə özündən başqa üç şəxs – Şahid3, Sabit və bir nəfər qadın olmuşdur. Hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. Saat təqribən 15-16 radələrində “Gərmətük dairəsi”nə yaxın ərazidə yol kənarında insanların toplaşdığını görmüş, nə baş verdiyini öyrənmək üçün avtomobili saxlayaraq düşmüşdür. Hadisə vaxtı heç bir dava-dalaş görməmiş, lakin Təqsirləndirilən şəxs polislərlə mübahisə etdiyini, onları söydüyünü, camaatın yığıldığını görmüşdür. Təxminən həmin əraziyə 25-30 nəfər şəxs yığılmışdı. Hadisə yerində 3 polis əməkdaşı və iki polis maşını olmuş, PPXB-yə məxsus maşın 100-150 metr aralıda dayanmış, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə əlbəyaxa olmasını görməmiş, hadisə yerinə başqa polis əməkdaşları da gəlmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs PPXB-yə məxsus maşına mindirmək istəmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs YPX maşınına mindirib aparmış, o da öz maşınına minib uzaqlaşmışdır. Hadisə yerində təqribən 10-15 dəqiqə qalmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində özünə məxsus “VAZ 21015” markalı avtomobillə yaşadığı Lənkəran rayonu Xolmili kəndindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən rayonun Gərmətük qəsəbəsi ərazisində yolun sol kənarında çoxlu sayda vətəndaşın toplaşdığını görmüşdür. O, avtomobilini yolun sağ ehtiyat hissəsində saxlayıb nə baş verdiyini öyrənmək üçün avtomobildən düşüb yolun sol tərəfinə camaatın toplaşdığı yerə tərəf getmişdir. Həmin yerə çatan zaman sonradan adını bildiyi Lənkəran rayonu Hirkan qəsəbə sakini Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları Vüsal Şükürov və Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. Həmin vaxtı ətrafa təxminən 20-30 nəfər şəxs toplaşmışdır. Təqsirləndirilən şəxs isə sərxoş vəziyyətdə olmuş, nə danışdığını bilməmişdir. Polis əməkdaşları Xalidə sərxoş olduğu üçün avtomobili idarə etməməli olduğunu, içkili halda özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoyduğunu izah edib avtomobili cərimə meydançasına aparmalı olduqlarını bildirsələr də, sonuncu polis işçilərinin qanuni tələblərinə qarşı çıxıb öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis işçiləri Təqsirləndirilən şəxs avtomobilə əyləşməsi üçün xahiş və tələb etsələr də sonuncu polis işçilərinin tələblərinə əməl etməyib uca səslə nalayiq ifadələr işlətmiş, polis işçilərini vurmaqla hədələmiş, avtomobillərini yandırıb, partladacağı ilə onları hədələmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu sakitləşdirmək istəsə də, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışan ətrafdakı şəxsləri dinləməmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs DYP-nin xidməti avtomobili olan “Kia sportage” markalı avtomobilə əyləşdirib polis əməkdaşları oradan uzaqlaşmışdır. Ətrafda olanlar da bir neçə dəqiqə orada qaldıqdan sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs sərxoş halda ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib uca səslə ünvansız söyüşlər söymüşdüt. Xalidin etdiyi xuliqanlıq hərəkətləri bir vətəndaş kimi onu və həmin vaxtı oraya toplaşan vətəndaşları narahat edərək haqlı narazılığa səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyini ifadəni təsdiq etməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, hadisənin hansı tarixdə olmasın dəqiq xatırlamır. Şahid1lə birlikdə sonuncunun maşını ilə bazara mal gətirərkən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs polislərlə dava etdiyini görmüşdür. Şahid1 maşını saxlamış, o da Qorxmazla birlikdə yol polisləri ilə mübahisə edən Təqsirləndirilən şəxs onlardan aralaşdırıb getmişlər. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid1 maşınında 3 nəfər – o, Qorxmaz və Vel kəndindən olan bir nəfər adını bilmədiyi kişi olmuşdur. Polis əməkdaşları “Gərmətük dairəsi”ndə dayanmışdılar. Hadisə də orada baş verib. Orada 3 nəfər YPX əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarını itələdiyini görmüşdür. O, içkili olduğundan polisləri söyürdü. Həmin vaxt ərazidən digər maşınlar keçsə də, ətrafda dəqiq sayını bilmədiyi şəxsləri görmüşdür. Adını bilmədiyi üçüncü şəxs isə Qorxmazın maşınından düşməmişdir. Hadisə yerində 1 polis maşını olmuşdur. Orada başqa polis maşını olmamışdır. Mübahisə 3-4 dəqiqə davam edib, onlar Təqsirləndirilən şəxs polislərdən aralamış, Təqsirləndirilən şəxs “cip” markalı maşına mindirilib aparılmış, onlar da Şahid1 maşını ilə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ümumiyyətlə ifadəsini oxumamış, nə də müstəntiq tərəfindən ifadəsi ona oxunmamışdır. İfadədə qeyd edilənlərin məzmununu bilmir. Müstəntiq ona imza etməsini bildirmiş, o da imza etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonunun Xolmili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir, təsərrüfatla, eləcə də iş olduqca fəhləliklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Lənkəran rayonu Hirkan qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Şahid1 məxsus “VAZ 21015” markalı avtomobillə yaşadığı Lənkəran rayonu Xolmili kəndindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən rayonun Gərmətük qəsəbəsi ərazisində yolun sol kənarında çoxlu sayda vətəndaşın toplaşdığını görmüşlər. Həmin vaxt avtomobildə digər həmkəndlisi Şahid2 da olmuşdur. Qorxmaz avtomobilini yolun sağ ehtiyat hissəsində saxlayıb nə baş verdiyini öyrənmək üçün avtomobildən düşüb yolun sol tərəfinə camaatın toplaşdığı yerə tərəf üçü də getmişdir. Həmin yerə çatan zaman sonradan adını bildiyi Lənkəran rayonu Hirkan qəsəbə sakini Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları Vüsal Şükürov və Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. Həmin vaxtı ətrafa təxminən 20-30 nəfər şəxs toplaşmışdır. Təqsirləndirilən şəxs isə sərxoş vəziyyətdə idi, nə danışdığını bilmirdi. Polis əməkdaşları Xalidə sərxoş olduğu üçün avtomobili idarə etməməli olduğunu, içkili halda özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoyduğunu izah edib avtomobili cərimə meydançasına aparmalı olduqlarını bildirsələr də, sonuncu polis işçilərinin qanuni tələblərinə qarşı çıxıb öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis işçiləri Təqsirləndirilən şəxs avtomobilə əyləşməsi üçün xahiş və tələb etsələr də sonuncu polis işçilərinin tələblərinə əməl etməyib uca səslə nalayiq ifadələr işlətmiş, polis işçilərini vurmaqla hədələmiş, avtomobillərini yandırıb, partladacağı ilə onları hədələmişdir. O və orada olan digər şəxslər Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışan ətrafdakı şəxsləri dinləməmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs DYP-nin xidməti avtomobili olan “Kia Sportage” markalı avtomobilə əyləşdirib polis əməkdaşları oradan uzaqlaşmışdır. Ətrafda olanlar da bir neçə dəqiqə orada qaldıqdan sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs sərxoş halda ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib uca səslə ünvansız söyüşlər söymüşdür. Xalidin etdiyi xuliqanlıq hərəkətləri bir vətəndaş kimi onu və həmin vaxtı oraya toplaşan vətəndaşları narahat edərək haqlı narazılığa səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xatırladığı qədər təqribən 1 ay əvvəl Anar adlı qohumu ona Xalid adlı onun uzaq qohumunun məhkəmədə olan işi üzrə şahid olduğunu bildirmişdir. O, hazırda iştirak etdiyi məhkəmə prosesində ona məlum olmuşdur ki, uzaq qohumu Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində məhkəməyə çağırılmışdır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, onun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində olduğu kimi Şahid4dur. Şahid2 adlı şəxsi tanımır. Onun adına da yaşadığı Lənkəran rayonu Vel kəndində, rayonda “Samir”, ata adına da “Xandadaş” demirlər. Şahid1 və Şahid3 da qonşu kənddən olan şəxslər kimi tanıyır. Dəfələrlə Şahid1lə tək və ya Şahid3lə üçü birlikdə kənddən Lənkəran şəhərinə və ya əksinə Şahid1 məxsus markasını bilmədiyi qara rəngli maşınla gedib-gəlmişlər. Şahid1 mal-qara alveri ilə məşğul olduğu üçün o və G.Səfərov Şahid1 köməklik göstərmişlər. Üçü birlikdə gedib-gələrkən bir neçə dəfə ayrı-ayrı şəxslərin yolda dava-dalaş etdiklərini görmüşlər. Lakin o, heç vaxt Təqsirləndirilən şəxs nə “Gərmətük dairəsi” adlanan ərazidə və ya başqa yerdə YPX əməkdaşları ilə dava-dalaş və ya mübahisə etməsinin şahidi olmamışdır. Ümumiyyətlə, məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsi də ilk dəfədir ki, görür. Şahid1 ifadəsində onun da Təqsirləndirilən şəxs yol polisləri ilə mübahisə etməsinin şahidi olmasını göstərməsinin səbəbini bilmir. O, heç vaxt hazırki cinayət işi üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində və Lənkəran Rayon Prokurorluğunda izahat və ifadə verməmişdir. Ona məhkəmə iclasında təqdim edilən anket məlumatları ona aid olan, Şahid2 adından verilmiş ifadədə icra edilmiş yazı və imzalar ona məxsus deyildir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonunun Xolmili kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir, təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qərəzli münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində tanışı Şahid1lə birlikdə Lənkəran şəhəri istiqamətində onun avtomobili ilə hərəkətdə olarkən rayonun Gərmətük qəsəbəsi ərazisində yolun sol kənarında çoxlu sayda vətəndaşın toplaşdığını görmüşlər. Nə baş verdiyini öyrənmək üçün Qorxmaz avtomobili saxlamış və onlar camaatın toplaşdığı yerə tərəf getmişlər. Həmin yerə çatan zaman sonradan adını bildiyi Lənkəran rayonu Hirkan qəsəbə sakini Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları Vüsal Şükürov və Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. Həmin vaxtı ətrafa təxminən 20-30 nəfər şəxs toplaşmışdır. Təqsirləndirilən şəxs isə sərxoş vəziyyətdə idi, nə danışdığını bilmirdi. Polis əməkdaşları Xalidə sərxoş olduğu üçün avtomobili idarə etməməli olduğunu, içkili halda özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoyduğunu izah edib avtomobili cərimə meydançasına aparmalı olduqlarını bildirsələr də, sonuncu polis işçilərinin qanuni tələblərinə qarşı çıxıb öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis işçiləri Təqsirləndirilən şəxs avtomobilə əyləşməsi üçün xahiş və tələb etsələr də sonuncu polis işçilərinin tələblərinə əməl etməyib uca səslə nalayiq ifadələr işlətmiş, polis işçilərini vurmaqla hədələmiş, avtomobillərini yandırıb, partladacağı ilə onları hədələmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışan ətrafdakı şəxsləri dinləməmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs DYP-nin xidməti avtomobili olan “Kia Sportage” markalı avtomobilə əyləşdirib polis əməkdaşları oradan uzaqlaşmışdır. Ətrafda olanlar da bir neçə dəqiqə orada qaldıqdan sonra çıxıb getmişlər. O da Şahid1lə birlikdə oradan getmişdir. Təqsirləndirilən şəxs sərxoş halda ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib uca səslə ünvansız söyüşlər söymüşdür. Onun etdiyi xuliqanlıq hərəkətləri bir vətəndaş kimi onu və həmin vaxtı oraya toplaşan vətəndaşları narahat edərək haqlı narazılığa səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun tərəfindən başlanaraq icraatına qəbul edilmiş, sonradan Təqsirləndirilən şəxs əməlləri onun tərəfindən qəbul edilmiş qərarla CM-nin 221.2.2 və 315-ci maddələrinə tövsif edilərək cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. Verilən suallara cavab olaraq Aqşin Axundov bildirmişdir ki, Şahid4 şahid qismində dəvət edib dindirmişdir. Şahid4 polis şöbəsinə digər Şahid1lə birlikdə gəlmişdir. Həmin vaxt Şahid4 şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Ümumiyyətlə dindirdiyi şahidlərin şəxsiyyətini təsdiq edən sənəd üzərində olmamışdır. İlk əvvəl Şahid1, daha sonra Şahid4 dindirmişdir. Dindirmə protokolu və izahat Şahid4 göstərdikləri əsasında tərtib edilmişdir. Dindirmə protokolu və izahat o və Şahid4 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin rəisi X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 barəsində xx.xx.2023-cü il tarixli ekspert rəyi onun tərəfindən verilmişdir. Təqsirləndirilən şəxs təqribən 7-8 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs1 müayinə edib rəy vermişdir. Müayinə etdiyi Zərərçəkmiş şəxs1 alnında balaca sıyrıq olmuşdur. Həmin sıyrıq küt əşyanın təsirindən yaranmışdır. Küt əşya dedikdə insan əli də nəzərdə tutulur. Yəni həmin xəsarət əl ilə də yetirilə bilər. Rəydə qeyd olunan xəsarət sillə və yumruğun təsirindən yarana bilərdi. Həmin xəsarət şəxsin özü tərəfindən də özünə yetirilə bilər. Həmin məsələlər istintaq yolu ilə araşdırılır və müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55-də tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsinə dair 3 iyun 2023-cü il tarixli, 125 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində Astara rayonu istiqamətində olan yolun sağ kənarında yerləşən “Avropa qapıları” adlanan mağazanın yaxınlığıdır. Həmin yer ictimai yer olmaqla vətəndaşların və avtomobillərin sıx hərəkətdə olduğu ərazidir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz minik” markalı **-BL-*** dövlət nişanlı avtomobilə baxış keçirilməsi haqqında 3 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, avtomobilin salonunda, saxlanc yerlərində, yük yerində və digər hissələrində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və sair aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 3 iyun 2023-cü il tarixli, 542 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində alın nahiyəsində sıyrıq aşkar edilmiş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlməklə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında həyata keçirilmiş, üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 iyun 2023-cü il tarixdən saat 17:55dən hesablanmışdır. Lənkəran rayon mərkəzi xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6- 58/2-595/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəliklə bağlı Lənkəran rayon mərkəzi xəstəxanasına müraciəti qeydə alınmamışdır. Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 376 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin icraatına mülki iş və cinayət işi daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Rəhimov X3 Rayon Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququ məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. Lənkəran RİHB-nın Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə ilə Lənkəran rayonunun Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü qızı X5 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X7 adlı uşaqları vardır. Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-dən daxil olmuş 20 iyun 2023-cü il tarixli, 3-13-16-5/2-5665/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Lənkəran ŞRPŞ-dən daxil olmuş 11 iyul 2023-cü il tarixli, 3-13-96/2-21004/2023 nömrəli məktubdan görünür ki, 3 iyun 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 DYPB-də xidməti istifadədə olan “Kia Sportage” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomobil ilə rayonun Velədi kəndi ətrafında xidmətdə olmuşlar. Lənkəran ŞRPŞ-dən daxil olmuş 11 iyul 2023-cü il tarixli, 3-13-96/2-21003/2023 nömrəli məktubdan görünür ki, 3 iyun 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYPB-də xidməti istifadədə olan “Kia Sportage” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomobildə olan video müşahidə kamerası, həmçinin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərlərində olan səs yazıcı cihaz texniki səbəblərdən çalışmadığından 3 iyun 2023-cü il tarixdə aid görüntülərin və səs yazılarının təqdim edilməsi mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş vəsatət təmin edilmiş, xx.xx.2023-cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı xidməti patrul avtomobili ilə xidmət aparmış Lənkəran ŞRPŞ-nin DYPBnin YPX inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E 240” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sonuncunun hərəkətləri barədə YPX inspektorları tərəfindən “Yol-patrul xidməti haqqında Təlimat”ın 13.13-cü bəndinə müvafiq olaraq, Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat verilib-verilməməsi, müsbət halda həmin məlumatın saat neçədə hansı məzmunda qeydə alınması ilə bağlı müvafiq jurnalda qeydiyyatı özündə əks etdirən təsdiqedici sənədlərin surətlərini, qeyd olunanlarla bağlı Növbətçi Hissəyə məlumat verilmədiyi təqdirdə isə onun səbəbləri barədə məlumatın, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə **-YP-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı xidməti patrul avtomobilinin və həmin xidməti patrul avtomobilində xidmət aparmış YPX inspektorlarının (xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə həmin xidməti avtomobildə xidmət aparmış YPX inspektorlarının adı, soyadı, ata adı və vəzifəsi göstərilməklə) videokamera və məsafədən səs ötürən mikrofon, radio-cihaz vasitəsi, alkotester, bort-kompüter və s. xüsusi vasitələrlə təchiz edilməsi və həmin xüsusi texniki vasitələrin işlək vəziyyətdə olub-olmaması ilə bağlı “Silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilib alınması Jurnalı”ndan (“Yolpatrul xidməti haqqında Təlimata 6 nömrəli əlavə) xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılmış qeydiyyatı özündə əks etdirən təsdiqedici sənədlərin surətlərinin, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs münasibətdə Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə” protokolun (“Yol-patrul xidməti haqqında Təlimata 14 nömrəli Əlavə) təsdiq edilmiş surətinin, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E 240” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı “Nəqliyyat vasitəsinin duracağa göndəriş (“Yol-patrul xidməti haqqında Təlimata 13 nömrəli Əlavə) Vərəqəsi”nin və “Nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə Jurnalı”ndan (“Yol-patrul xidməti haqqında Təlimata 10 nömrəli əlavə) xx.xx.2023-cü il tarixə aparılmış qeydlərin əks olunduğu təsdiqedici sənədlərin təsdiq edilmiş surətlərinin Lənkəran Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmış, Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə tapşırılmışdır. Lənkəran Rayon Məhkəməsinin 1(049)-347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə bağlı Lənkəran ŞRPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra onun hərəkətləri barədə DYPB-nin YPX inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs2 tərəfindən raportla şöbə rəhbərliyinə məruzə edilmiş, həmin raport şöbənin növbətçi hissəsində “şöbənin törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında” 2008 sayla qeydiyyata alınaraq araşdırma istintaq bölməsinin müstəntiqi, polis mayoru Aqşin Axundova həvalə edilmiş, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiqin qərarı əsasında müayinəyə göndərilmiş və müvafiq rəy alınmışdır. Sürücünün sərxoşluğu barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati protokol tərtib olunmadığı üçün kənarlaşdırma aktı tərtib edilməmişdir. Patrul avtomobilində quraşdırılmış videokamera və səs qeydlərinin iki aydan artıq müddətdə saxlanılmaması səbəbindən görüntünün təqdim edilməsinin mümkün deyildir. Lənkəran Rayon Məhkəməsinin “Qətimkan tədbiri haqqında” 28 fevral 2024-cü il tarixli, 1(049)-25/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(049)-25/2024 nömrəli məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli, 3135/2-7617 nömrəli məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icra edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə göstəriş verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə bağlı Lənkəran ŞRPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və idarə etdiyi “Mersedes-Benz E 240 minik" markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra onun hərəkətləri barədə DYPB-nin YPX inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 tərəfindən “Yol-patrul xidməti haqqında təlimat’ın 13.13-cü bəndinə əsasən raportla şöbə rəhbərliyinə məruzə edilmiş, həmin raport şöbənin növbətçi hissəsində “şöbənin törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında” 2008 sayla qeydiyyata alınaraq araşdırma istintaq bölməsinin müstəntiqi, polis mayoru Aqşin Axundova həvalə edilmişdir. Həmin raport əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və fakta görə cinayət işi başlanmışdır. Radio-cihaz, bort kompüter, alkotester və digər xüsusi vasitələr patrul avtomaşınına təhkim olunmuş, YPX əməkdaşına təhkim olunmamışdır. Odur ki, həmin vasitələrin təhvil təslimi "Yol-patrul xidməti haqqında təlimatda nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiqin göndərişi əsasında müayinəyə göndərilmiş və müvafiq rəy alınmışdır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati protokol tərtib olunmadığı üçün "nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə" protokol tərtib edilməmişdir.“Yol-patrul xidməti haqqında təlimat’a 13 nömrəli əlavədə “nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi" Azərbaycan Respublikası İXMnin 124.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsi qadağan olunmuş sahədə dayandığına, parklanma yerində 24 saatdan artıq saxladığına, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda müvəqqəti saxlanılması üçün inzibati xəta törətmiş şəxsin iştirakı olmadan evakuatorla DYPİ-nin duracağına göndərilir. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyindən idarə etdiyi “Mercedes-benz E240 minik" markalı 42BL222 dövlət nömrə nişanlı avtomobil isə DYPB-nin YPX inspektoru tərəfindən Lənkəran ŞRPŞnə gətirilmişdir. Buna görə də, nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs özünün iştirakı ilə Lənkəran ŞRPŞ-nə gətirildiyindən “nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi” tərtib edilməmişdir. Respublikanın iri şəhərlərində nəqliyyat vasitələri duracaqda siqnal idarələrinin işçilərinə təhvil verildiyi üçün həmin polis idarələrinin DYPŞ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanca verilərkən “Yol-patrul xidməti haqqında təlimat”a 10 nömrəli əlavəyə əsasən “nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı”nda müvafiq qeydlər aparılır. Lənkəran ŞRPŞ-də siqnal idarəsinin əməkdaşları çalışmadığından DYPBdə “nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı” tərtib olunmur. Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Benz E240 minik” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil ilə bağlı “nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə” akt tərtib edilmişdir. Mübahisə avtomobilin salonunda baş verdiyindən və qanunvericiliyə əsasən avtomobilin salonunda kamera olmadığından hadisənin baş vermə görüntüsünü təqdim etmək mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 4/652 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 44-45-ci vərəqlərində oln xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində “İmza” qrafasındakı imza; 68-69-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində “imza” qrafalarındakı imzalar - Şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 44-45ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 2-ci vərəqində “imza” qrafasındakı “Şahid2” əlyazmaları – Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 132 manat təşkil edir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Şahid3 adına "xxxx" MMC-də nömrələr qeydə alınmamışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Şahid3 adına "xxxx" şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır. "xxxx"MMC-dən daxil olmuş 18 mart 2024-cü il tarixli, 5801 nömrəli məktubla daxil olmuş məlumatlardan görünür ki,xx.xx.2023-cü il tarixdə saat-10.01.02-də 050-399-35- 25 saylı mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurulmuş,aralarında 101 saniyə danışıq olmuş, Şahid4 istifadəsində olan 050-527-62- 24 saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmiş, xx.xx.2023-cü il tarixdə saat-13.08.32-də ***-***-**-** saylı mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurulmuş, aralarında 32 saniyə danışıq olmuş, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonu Şıxəkəran kəndini göstərmiş, xx.xx.2023-cü il tarixdə saat-16.39.34-də, xx.xx.2023-cü il tarixdə saat - 16.58.09-da, xx.xx.2023-cü il tarixdə saat-16.58.36-da, xx.xx.2023-cü il tarixdə saat- 17.15.42-də, xx.xx.2023-cü il tarixdə saat-17.22.15-də,***- ***-**-** saylı mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zənglər vurulmuş, həmin zənglər vaxtı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Tütəpeştə və Şıxəkəran kəndlərini göstərmiş, xx.xx.2023-cü il tarixdə saat-13.22.25-də ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurulmuş,aralarında 27 saniyə danışıq olmuş, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Tütəpeştə kəndini göstərmiş, xx.xx.2023-cü il tarixdə saat-13.34.41-də ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurulmuş, aralarında 11 saniyə danışıq olmuş, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmiş, xx.xx.2023-cü il tarixdə saat- 14.05.00-da ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurulmuş, aralarında 17 saniyə danışıq olmuş, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat- 09.58.13-dən saat-20.40.23-ə kimi olan müddətdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 41 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran və Tütəpeştə kəndlərini göstərmiş, həmin gün Şahid4 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonunun Gərmətük qəsəbəsini göstərməmişdir. xx.xx.2023-cü il tarixdə saat- 06.45.48-dən saat- 22.46.51-ə kimi olan müddətdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 64 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran, Tütəpeştə və Gərmətük kəndlərini göstərmiş, həmin gün Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran şəhərini göstərməmişdir. xx.xx.2023-cü il tarixdə saat-09.29.50-dən saat- 22.00.58-ə kimi olan müddətdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 29 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran, Tütəpeştə və Hirkan kəndlərini göstərmişdir. "xxxx" MMC-dən daxil olmuş 2309.2024-cü il tarixli məlumatdan görünür ki, Şahid4 tərəfindən özünün istifadəsində olduğu qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinin X1 adına qeydə alındığı, həmin mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 20:28-də ***-***-**-** mobil telefon nömrəsindən zəng gəldiyi, telefon danışığının müddətinin 27 saniyə təşkil etdiyi, ***-***-**-** saylı mobil nömrənin anten məlumatının Lənkəran rayonu Vel kəndini göstərdiyi qeyd olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bundan başqa, həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 6 və 7-ci bəndində müvafiq olaraq qeyd edilmişdir ki, izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra, hakimiyyət nümayəndəsinə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsif edilməlidir. Xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də, əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qeyd edir ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində etibarnaməsiz və alkoqollu içkinin təsiri altında qardaşı X2 məxsus “Mercedes-Benz E 240 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün həmin vaxt rayonun “Gərmətük dairəsi” ətrafında xidmət aparan Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılaraq alkoqollu içkinin təsiri altında və etibarnamə olmadan avtomobili idarə etdiyi müəyyən olunduğundan onu sərxoşluq müayinəsindən keçirmək və idarə etdiyi avtomobili Lənkəran ŞRPŞ-nin cərimə meydançasına yerləşdirmək üçün ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək səs-küy salıb, polis əməkdaşlarının ünvanına cəmiyyətdə qəbul olunmayan qeyri-etik və nalayiq ifadələr işlədərək hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyəcəyi və sağlamlıqlarına zərər vurması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini ətrafda olan çoxsaylı vətəndaşların şəxsiyyətinin fövqündə qoyub qərəzli xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilir. Yuxarıda qeyd edilən ittihamla bağlı istintaq orqanının söykəndiyi sübutların əsasını zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və 3 nəfər şahid – Şahid1, Şahid3 və Şahid4 (cinayət işi materiallarında izahat və dindirmə protokolunda və ittiham aktında Şahid2 kimi qeyd edilmişdir) ifadələri təşkil edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslər və şahidlərin ifadələri arasında kifayət qədər ziddiyyətli məqamların olması müəyyən edilmişdir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs səs-küy saldığı üçün ətrafdakıların diqqətini özünə cəlb etmiş, yoldan keçən digər sürücülər avtomobili saxlayıb onlara yaxınlaşmış, ətrafda 6- 7 nəfər şəxs olmuşdur. Ətrafda olan şəxslər müdaxilə etmək istəsələr də, onlar həmin şəxslərə icazə verməmişlər. Təqsirləndirilən şəxs “sizin alkotesterden keçmirəm, məni narkolojiyə aparın” deyərək maşına minmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri, onun sakitləşdirilməsi təqribən 40-45 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman avtomobildə videomüşahidə kamerasının və səsyazan vasitənin işlək vəziyyətdə olmasını düşünmüşlər. Lakin sonradan həmin cizahların işləmədiyi müəyyən edilmiş və təmirə göndərilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onun səs-küy salması, onlara tabesizlik göstərməsi, onları söyməsi barədə mobil telefon vasitəsilə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs səs-küy saldığı üçün ətrafdakıların diqqətini özünə cəlb etmiş, yoldan keçən digər sürücülər avtomobili saxlayıb onlara yaxınlaşmış, ətrafda 10-15 nəfər şəxs olmuşdur. Ətrafda olan şəxslər müdaxilə etmək istəsələr də, onlar həmin şəxslərə icazə verməmişlər. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri, onun sakitləşdirilməsi təqribən 20-25 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onun səsküy salması, onlara tabesizlik göstərməsi, onları söyməsi barədə mobil telefon vasitəsilə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, onun özünün idarə etdiyi avtomobildə özündən başqa üç şəxs – Şahid3, Sabit və bir nəfər qadın olmuşdur. Hadisə vaxtı heç bir dava-dalaş görməmiş, lakin Təqsirləndirilən şəxs polislərlə mübahisə etdiyini, onları söydüyünü, təxminən həmin əraziyə 25-30 nəfər şəxsin yığıldığını görmüşdür. Hadisə yerində 3 polis əməkdaşı və iki polis maşını olmuş, PPXB-yə məxsus maşın 100- 150 metr aralıda dayanmış, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə əlbəyaxa olmasını görməmiş, hadisə yerinə başqa polis əməkdaşları da gəlmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs PPXB-yə məxsus maşına mindirmək istəmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Şahid1 maşınında 3 nəfər – o özü, Qorxmaz və Vel kəndindən olan bir nəfər adını bilmədiyi kişi olmuşdur. Polis əməkdaşları “Gərmətük dairəsi”ndə dayanmışdılar. Hadisə də orada baş verib. Orada 3 nəfər YPX əməkdaşı olmuşdur. Həmin vaxt ərazidən digər maşınlar keçsə də, ətrafda dəqiq sayını bilmədiyi şəxsləri görmüşdür. Adını bilmədiyi üçüncü şəxs isə Qorxmazın maşınından düşməmişdir. Hadisə yerində 1 polis maşını olmuşdur. Orada başqa polis maşını olmamışdır. Mübahisə 3-4 dəqiqə davam edib, onlar Təqsirləndirilən şəxs polislərdən aralamış, Təqsirləndirilən şəxs “cip” markalı maşına mindirilib aparılmış, onlar da Şahid1 maşını ilə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ümumiyyətlə ifadəsini oxumamış, nə də müstəntiq tərəfindən ifadəsi ona oxunmamışdır. İfadədə qeyd edilənlərin məzmununu bilmir. Müstəntiq ona imza etməsini bildirmiş, o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 isə ifadəsində göstərmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs nə “Gərmətük dairəsi” adlanan ərazidə və ya başqa yerdə YPX əməkdaşları ilə dava-dalaş və ya mübahisə etməsinin şahidi olmamışdır. Şahid1 ifadəsində onun da Təqsirləndirilən şəxs yol polisləri ilə mübahisə etməsinin şahidi olmasını göstərməsinin səbəbini bilmir. O, heç vaxt hazırki cinayət işi üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində və Lənkəran Rayon Prokurorluğunda izahat və ifadə verməmişdir. Göründüyü kimi, zərər çəkmiş şəxslərin özlərinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun qanunsuz hərəkətlər etməsinə görə ətrafda toplaşmış şəxslərin sayı, patrul avtomobilində videomüşahidə kamerasının və səsyazan vasitənin işlək vəziyyətdə olması, həmin vasitələrin təmir üçün göndərilməsi barədə göstərdikləri xüsusatlar arasında ziddiyyətlər mövcuddur. Bundan başqa, zərər çəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xidməti avtomobildə olan alkotester vasitəsilə müayinədən imtina etdiyini, həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs saxlayan zaman onun səs-küy salması, onlara tabesizlik göstərməsi, onları söyməsi barədə mobil telefon vasitəsilə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat verdiklərini göstərsələr də, məhkəmənin müvafiq sorğularına əsasən Lənkəran ŞRPŞ-dən daxil olmuş məlumatlarda, patrul avtomobilində quraşdırılmış videokamera və səs qeydlərinin iki aydan artıq müddətdə saxlanılmaması səbəbindən görüntünün təqdim edilməsinin mümkün olmadığı, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və idarə etdiyi “Mercedes-Benz E 240 minik" markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra onun hərəkətləri barədə DYPB-nin YPX inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs2 tərəfindən “Yol-patrul xidməti haqqında təlimat’ın 13.13-cü bəndinə əsasən raportla şöbə rəhbərliyinə məruzə edildiyi, həmin raport şöbənin növbətçi hissəsində “şöbənin törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında” 2008 sayla qeydiyyata alınaraq araşdırma istintaq bölməsinin müstəntiqi, polis mayoru Aqşin Axundova həvalə edildiyi, radio-cihaz, bort kompüter, alkotester və digər xüsusi vasitələr patrul avtomaşınına təhkim olunduğu, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiqin göndərişi əsasında müayinəyə göndərildiyi və müvafiq rəy alındığı, buna görə də, Təqsirləndirilən şəxs barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati protokol tərtib olunmadığı üçün "nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə" protokol tərtib edilmədiyi göstərilmişdir. Beləliklə, iş üzrə zərər çəkmiş şəxslər olan Lənkəran DYPB-nin YPX inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmasından sonra sonuncu alkotester müayinəsindən keçirilməmiş, həkimnarkoloqa aparılması adı ilə birbaşa Lənkəran ŞRPŞ-yə aparılmış, şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiq tərəfindən müayinəyə göndərilmiş, Təqsirləndirilən şəxs hərəkətləri barədə polis şöbəsinin növbətçi hissəsinə ona istinad edilən xuliqanlıq hərəkətləri törədilən zaman deyil, polis şöbəsinə gətirildikdən sonra məlumat verilmişdir. YPX maşınında olan və YPX inspektoruna təhkim edilmiş xüsusi texniki vasitələrin isə ümumiyyətlə təmir üçün göndərilmədiyi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 №-li Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.10cu bəndinə görə YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Həmin Qaydaların 7.11-ci bəndinə görə nəqliyyat vasitəsinin dayandırılması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi dayandırılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. Tabesizlik göstərildikdə YPX inspektoru saxlanılmış nəqliyyat vasitəsinin sonrakı hərəkətinin mümkünlüyünü istisna edən tədbirlər görür (təkərin fırlanmasının qarşısını alan, bloklayan texniki qurğudan və ya digər vasitələrdən istifadə etməklə), bu barədə növbətçi hissəsini məlumatlandırır, şahidlərin iştirakı ilə polis əməkdaşının qanuni sərəncamı və ya tələbinə qərəzli tabesizliyə görə pozuntu haqqında raport tərtib edir, qanun pozuntusunu törətmiş şəxsin ən yaxın daxili işlər orqanına gətirilməsi üçün tədbirlər görür, müvafiq görüntüləri təqdim edir. Həmin Qaydaların 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. Eyni zamanda, şahidlər Şahid3 və Şahid1 də ifadələrində sonuncunun avtomobilində olan şəxslərin qadın və kişi olması, hadisə yerində 3 polis əməkdaşı və iki polis maşını olması, eləcə də PPXB-yə məxsus xidməti avtomobilin olması əraziyə 25-30 nəfər şəxsin toplaşması, hadisənin baş vermə müddəti və Təqsirləndirilən şəxs polis əməkdaşlarından ayırmaları kimi göstərdikləri xüsusatlar həm şahidlərin öz ifadələri, həm də zərər çəkmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil edir. Zərər çəkmiş şəxslərin ifadələrində göstərdikləri ilə şahid ifadələrində qeyd edilənlərin biri digərini təkzib edən xüsusatlar mövcuddur. Şahid qismində dindirilmiş Şahid4 isə ifadəsində ümumiyyətlə heç vaxt Təqsirləndirilən şəxs nə “Gərmətük dairəsi” adlanan ərazidə və ya başqa yerdə YPX əməkdaşları ilə davadalaş və ya mübahisə etməsinin şahidi olmadığını bildirmişdir. Eyni zamanda, müvafiq mobil operatorlara edilmiş sorğuların cavablarına əsasən Şahid1 və Şahid4 adlarına qeydə alınmış mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdə “Gərmətük dairəsi” adlanan ərazidə anten dairələrində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. CPM-nin 42.2.4-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi təqsirəndirilir ona görə ki, o, dövlət yol polisinə aid “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanunamüvafiq tədbirləri nəticəsində arxa sol oturacaqda əyləşdikdən sonra xidməti vəzifəsi ilə əlaqədar sərxoşluq müayinəsindən keçmək üçün Zərərçəkmiş şəxs1 avotomobili idarə edib bir qədər getdikdən sonra sonuncunun sifət nahiyəsindən sillə və yumruqla vuraraq alın nahiyəsində sıyrıq kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs həmin maddə üzrə də özünü təqsirli bilməsə də, onun CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə-tibbi ekspertinin ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsi ilə özünü təqsirli bilməməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tənqidi yanaşaraq, hesab edir ki, həmin dəlillər iş materialları, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla tam təkzib edilməklə cinayət məsuliyyətindən boyun qaçırmağa yönələn formal mülahizələrdən ibarətdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci, himayəsində azyaşlı uşaqlarının olmasını isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 18 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 il 05 ay 15 gün müddət bir günə iki gün hesablanmaqla, 02 il 11 ay müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 132 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdən 18 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 il 05 ay 15 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 2 il 11 ay cəza müddətindən çıxılsın və onun üzərində qəti olaraq 07 ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 132 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar