Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-25/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/14, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında Lənkəran şəhəri, “kiçik bazar” adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi-0,464 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 21 iyul 2024-cü il tarixdə, saat 02:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan köynəyin sol döş cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün, Lənkəran şəhərində yerləşən Kiçik Bazar adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata 1 büküm metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri H.Əliyev prospektində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-nin dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması ondan soruşulmuşdur. O da əynində olan köynəyin sol döş cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmişdir. Həmin kütlənin metamfetamin olduğunu bildirmişdir. Həmin şəxsi axtarış video ilə çəkilmişdir. O, yalnız özü istifadə etmək üçün psixotrop maddə əldə etmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir büküm şəffaf sellofan bükümdə olan metamfetamini Lənkəran şəhərində yerləşən Kiçik Bazardan üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata almışdır. O, polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Etdiyi əməldən çox peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında dindirilmiş Şahid1 Ağaəli oğlu ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər-rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə tərəfindən raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur. İTB-nin polis sahə rəisi Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da tədbirin keçirilməsində iştirak etmişlər. 21 iyul 2024-cü il tarixdə, saat 02:00-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Məhəmməd Abdullazadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmişdir, bundan sonra videoçəkiliş vasitəsi və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sol döş döş cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə bükümün psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Corn” markalı mobil telefonu aşkar olunmuşdur. Bundan başqa vətəndaşın üzərində qanunla qadağan edilən əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur. Üzərindən aşkar edilmiş həmin kütləni Lənkəran şəhəri, Kiçik Bazar deyilən ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışında dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 Şahid1 Ağaəli oğlunun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İş üzrə 21 iyul 2024-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki köynəyin sol döş cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd psixotrop maddə olan metamfetaminin çəkisi 0,54 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, “Kiçik Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 01 bükümdə, 10 manat pulun qarşılığında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2024-cü il tarixli, 19/562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddəyə bənzər kütlə......” sözlər və imzalar olan zərfdəki, 1ədəd bükümdə təmiz çəkisi: -0,464 qram olan ağ rəngli kristalardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024cü il tarixli, 602 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 08 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə tibbi ekspertizasının 22 iyul 2024-cü il tarixli 671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 06 sentyabr 2024-cü il tarixli, 3476 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 21 iyul 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 21 iyul 2024-cü il tarixdə saat 02:00-da saxlanılmışdır. 22 iyul 2024-cü il tarixli, 0141/03 nömrəli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Lənkəran Rayon Məhkəməsin 1(049)-262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər rayon X5 rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən gozləndiyi Lənkəran şəhəri ərazisində saxlanılaraq, Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2024-cü il tarixli, 0141/04 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 (bir) ədəd bükümdə, xalis çəkisi 0,464 qram olan psixotrop maddə metafetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə, xalis çəkisi 0,414 qram olan psixotrop maddə metafetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diski isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 1047 nömrəli, 01 oktyabr 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Lənkəran şəhəri, X6 küçəsi 78/14, mənzil 8 ünvanında anası X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etraf edib peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin miqdarını, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,414 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 0,414 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-25/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-25/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver