Məhkəmə qərarları › İş №1(049)-251/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-251/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-251/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:40 xx xxxxxxx 1970-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 02 fevral 2023-ci il tarixdə, Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 3 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,694 qram; 0,421 qram; 0,406 qram; ümumi təmiz çəkisi 1,521 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 02 fevral 2023-ci il tarixdə saat 16:45-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Girdəni kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, istifadə etdiyi narkotik vasitəni əsasən Lənkəran şəhəri, “kiçik bazar” ərazisindən almışdır. Sonuncu dəfə 02 fevral 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri “kiçik bazar” ərazisinə getmişdir. Orada əvvəllər də narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmışdır. Ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Həmin şəxs də üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan şəxsi istifadəsi üçün 15 manat qarşılığında 3 ədəd büküm heroin alıb istifadəsi üçün üzərində saxlamışdır. 02 fevral 2023-cü il tarixində saat 16 radələrində yaşadığı Lənkəran rayonu, Girdəni kəndində aldığı heroin üzərində olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz saxlanılması barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O, əynindəki şalvarın sağ yan cibinə qoyduğu 3 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümlərdə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 3 bükümdə olan heroin elektron tərəzidə çəkildikdə çəkisi 1,60 qram olmuşdur. Sonra həmin bükümlərdə olan heroin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Sonda tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 də olmuşdur. 02 fevral 2023-cü il tarixdə təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndində piyada hərəkət etdiyini görmüş, onu nəzarətə götürmüşlər. Çünki üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmiş, ona yaxınlaşan olmamış, özü də heç kimə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs Girdəni kəndində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış və onun üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı olduğunu bildirmişlər, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində araşdırmanı təhqiqatçı davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu halda, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən 3 ədəd büküm çıxarıb təqdim etmişdir. 3 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,60 qram olmuşdur. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 02 fevral 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 fevral 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 02 fevral 2023-ci il tarixdə, saat 16:45 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Lənkəran rayonu, Girdəni kəndində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 03(üç) ədəd bükümündə narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni “kiçik bazar” ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli, 19\151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, təmiz çəkiləri- 0,694 qram; 0,421 qram; 0,406 qram; ümumi təmiz çəkisi 1,521 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 138 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 04 fevral 2023-cü il tarixli, 4(049)-46/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Şəhər Psixatriya Xəstəxanasının arayışından görünür ki, Fərəcov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Girdəni kəndində arvadı və 2000-ci il təvəllüdlü oğlu ilə birlikdə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 17 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,694 qram; 0,421 qram; 0,406 qram; ümumi təmiz çəkisi 1,521 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,371 qram qalığı və 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış 1,371 qram heroin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini və əldə etdiyi narkotik vasitənin miqdarını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış üç ədəd bükümdə 1,371 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış üç ədəd bükümdə 1,371 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar