Məhkəmə qərarları › İş №1(049)-253/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-253/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-253/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(049)-242/2022 saylı hökmü ilə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla həbs olunduğu tarixədək orada yaşamış, və 09 fevral 2023-cü il tarixdə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 07 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,1765 qram, 0,151 qram, 0,167 qram, 0,194 qram, 0,178 qram, ümumi təmiz çəkisi 0,866 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 22:00-da Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Göyşaban kəndində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. 07 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində evdən mağazaya gedərkən polis nəfərləri onu saxlamışlar. Sonradan onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən metamfetamin ona verilərək, polislər tərəfindən ona təzyiq göstərilmişdir ki, o, həmin metamfetaminin özünə məxsus olduğunu etiraf etsin. Buna etiraz etdiksə polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq, döyülmüşdür. Həmçinin təhdid edilərək, həmin narkotiki boynuna almayacağı təqdirdə dostlarının da buna görə həbs edilərək, polis şöbəsinə gətiriləcəyi ona bildirilmişdir. Əvvəllər də narkotik vasitə qəbul edilməsi ilə əlaqədar azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin artıq uzun müddət idi ki, heç bir narkotik vasitədən istifadə etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan narkotik maddə metamfetamin ona məxsus olmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə bölmənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 07 fevral 2023-cü il tarixli qərarə əsasən o Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri polis serjantları Şahid2 Məhəbbət oğlu və Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 07 fevral 2023-cü il tarixdə saat 21 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 22:00da Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində yol ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər 5 büküm kütləni təqdim etmişdir. şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid2 Məhəbbət oğlu, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən beş bükümdə 0,95 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, o, həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 08 fevral 2023-cü il tarixli 19/169 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs məxsus 5 ədəd büküm....." sözlər və imzalar olan bir ədəd zərfdəki 5 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: - 0,176 qr: -0,151 qr: -0,167 qr: - 0,194 qr: -0,178 qram: ümumi təmiz çəkisi: 0,866 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 10 fevral 2023-cü il tarixli 166 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durur.” Lənkəran Rayon Məhkəməsinin 1(049)-424/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Əskər Dadaşovun 19 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 01 (bir) gün müddət-bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 17 may 2023-cü il tarixli, 07 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində şəxsi iş xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum Lənkəran rayon İcra və Probasiya şöbəsində qeydiyyata düşməmişdir. Yəni, məhkumun 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 22:30-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 4(049)-51/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd bükümdə 0,866 qram çəkidə psixotrop maddə - metamfetamin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq qalmış 0,666 qram hissəsi Lənkəran şəhərrayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə baxışı zamanı baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən DVD disk-dən müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarın sağ yan cibindən içərisində 5 bükümü çıxarıb təqdim edərək, şifahi sorğu zamanı təhqiqatçıya bükümlərin içərisində “şüşə” olduğunu, həmin kütlənin ona məxsus olduğunu, Lənkəran şəhəri, “Kiçik bazar” ərazisində adını bilmədiyi şəxsdən 25 manata aldığını və ağrıları olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış aparıldıqda Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı predmet, əşya aşkar edilmədi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon prokurorunun köməkçisi X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsində AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə baxış iclasında, Təqsirləndirilən şəxs onun saxlanılması zamanı polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsini bildirmiş və həmin məlumat Lənkəran Rayon Məhkəməsi tərəfindən Lənkəran rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi Lənkəran ŞRPŞ-nin Liman PB-də bir neçə polis əməkdaşı tərəfindən polis şöbəsində döyülməsi və işgəncəyə məruz qalması faktı alınmış izahatlar, məhkəmə-tibbi ekspertizasının rəyi və materiala əlavə edilmiş sənədlərlə təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə rədd edilməlidir.” Sözügedən Qərarın təsviri hissəsində göstərilənlərə əsasən həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X5, anası X2 və qardaşı X4 ilə birlikdə Lənkəran rayonu, Göyşaban kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı üzərindən çıxan psixitrop maddənin ona məxsus olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən metamfetaminin ona verilərək özünə məxsus olmasını bildirməsi barədə polislər tərəfindən ona təqyiq göstərilərək, təhdid edilməsi, həmçinin təhdid edilərək, həmin psixotrop maddənin ona məxsus olduğunu boynuna almayacağı təqdirdə dostlarının da buna görə həbs edilərək, polis şöbəsinə gətiriləcəyinin ona bildirilməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-424/2022 saylı 01 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzası iki günü hesabı ilə hesablanaraq, həmin cəza hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 fevral 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,666 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(049)-242/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzası iki günü hesabı ilə hesablansın, həmin cəza hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,666 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar