Məhkəmə qərarları › İş №1(049)-253/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-253/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-253/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 20 avqust 1984-cü ildə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri M.Əsədov küçəsi ev 3/13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 26 iyul 2024-cü il tarixdə Lənkəran şəhəri kiçik bazar ərazisndə 5 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan mənbədən, öz istifadəsi üçün, xeyli miqdarda, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi-0,485 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 16:30- da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılaraq, ünvanı ünvan 2 keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Separadi kəndində yaşayır, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum edilmişdir. Özü narkotik vasitə və psixotrop maddələrdən 8 ildir ki, istifadə edir. 26 iyul 2024-cü il tarixdə, axşam saatlarında onu Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona hədə-qorxu gələrək üzərindən guya metamfetamin olmasına dair sənədlərə imza etdirmişlər. Onun üzərində heç bir narkotik vasitə və ya psioxtrop maddə olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 51-53 və 63-65-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, «özünü elan olunmuş ittiham üzrə təqsirli bilir. Tutduğu əməlindən peşmandır. İşin mahiyyəti üzrə göstərmiş ki, qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Bədəninin ağrısından əziyyət çəkir. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatdadır. Beş ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 26 iyul 2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri kiçik bazar ərazisində əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. O, həmin şəxsdən psixotrop maddə istəmişdir. Həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 5 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O həmin şəxsdən aldığı psixotrop maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. Elə həmin günü yəni 26 iyul 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin bir büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,55 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamin bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Psixotrop maddə olan metamfetamin qəbul etməklə cinayət törətdiyini başa düşür, o psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop maddələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdir.» Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 26 iyul 2024-cü il tarixdə, saat 16.30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotorp maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini saxlanlan günü Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 26 iyul 2024-cü il tarixdə, saat 16.30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotorp maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini saxlanlan günü Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 26 iyul 2024-cü il tarixdə, saat 16.30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, yaxınlaşaraq özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotorp maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini saxlanlan günü Lənkəran şəhəri “Kiçik Bazar” adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Cinayət işinin 31-35-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 iyul 2024-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin 45-48-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli, 19/584 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,485 qram olan ağ rəngli kristiallardan ibarət psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Tədqiqatdan sonra qalıq 0.435 qram olmuşdur. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 622 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların və opoioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 16.30-da saxlanılmış, həmin gün saat 17.05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-76-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 28 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 113-118-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabre 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0.485 qram psixotrop maddə metamfetmin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0.435 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Əzimov X1 şəhəri, M.Əsədov küçəsi, ev 3/13 ünvanında arvadı, xx.xx.2007 və xx.xx.2006-cı il təvəllüdlü övladları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 99-111-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamə və hökmdən görünür ki, Əzimov X1 Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0.485 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 26 iyul 2024-cü il tarixdə onun Lənkəran Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Əzimov X1 Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 29 iyul 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.435 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.435 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar