Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-254/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 15:22 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, 02 avqust 1978-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Lənkəran rayonu, Viravul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində həmkəndlisi Emil adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd bükümdə, ayrı-ayrılqda çəkiləri 0,254 qram, 0,239 qram, 0,411 qram, 0,326 qram, ümumi təmiz çəkisi 1,230 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini 30 manata almaqla qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə saat 13:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibində 4 ədəd ağ rəngli sellofan bükümlərin içərisində həmin çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabani küçəsində yerləşən, şəhərin «kiçik bazar» adlanan ərazisinə özünə narkotik vasitə almaq üçün getmişdir. Lakin əvvəllər aldığı, üzdən tanıdığı şəxlərlə rastlaşa bilməmişdir. O, həmin küçədə təsədüfən Emil ilə rastlaşmışdır. Emil həmkəndlisidir, aralarında heç bir düşmənçilik və qərəzçilik yoxur. Emilin də narkotik vasitə qəbul etdiyini bilir. O, Emilə bu əraziyə narkotik vasitə almaqdan ötrü gəlsə də özü üçün narkotik vasitə ala bilmədiyini və bədənində ağrıların çoxaldığını bildirmiş, Emildən qəbul etmək üçün narkotik vasitə istəmişdir. Emil də ona az öncə şəxsi istifadəsi üçün 9 bükümdə heroin aldığını dedikdən sonra sonuncudan xahiş etmişdir ki, 4 bükümünü ona versin. O da ona əvəzində 30 manat verəcəyini əlavə etmişdir. Emil də onunla razılaşaraq ondan 30 manat alıb əvəzinə 4 büküm heroin vermişdir. Sonra Emillə sağollaşıb ayrılmışdır. Həmin gün saat 13:00-da həmin küçədə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmni şəxslər ona özlərini təqdim etdikdən sonra həmni şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçisinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin vaxt üzərində olan 4 ədəd bükümdə heroini şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində anasının ağır xəstə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə 3-cü dərəcəli əlil olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, ona təhkim edilmiş inzibati ərazi olan Lənkəran rayonu Viravul kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. O, icraatına daxil olmuş bu məlumatların qərəzsizliyini bir neçə mənbədən yoxladıqdan sonra həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyi qarşısında raportla çıxış etmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə verildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinin aşkar edilməsi məqsədilə əməliyyat qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi barədə əmr imzalanmışdır. Həmin əmrə əsasən qrupun rəhbəri o, üzvləri isə əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Pərviz Yusubzadə müəyyən edilmişdir. 04 fevral 2023-cü il tarixdə saat 13 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə çıxıb müşahidələr aparmağa başlamış, bir müddət müşahidə apardıqdan sonra sonuncunu küçədə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Təqsirləndirilən şəxs şübhəli hərəkətlərini görüb ona yaxınlaşmış, özlərini təqdim edib, Təqsirləndirilən şəxs barəsində aldığı əməliyyat məlumatları ilə bağlı saxlanıldığını və qeyd edilən yerdə münbit şərait olmadığı üçün üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Polis şöbəsinə gələnə kimi Təqsirləndirilən şəxs nəzarətdə saxlamışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı və videoçəkiliş müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əlini əynində olan şalvarın sağ yan cibinə salıb oradan 4 ədəd sellofan büküm çıxarıb təqdim etmiş və bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Götürülən bükümlər elektron tərəzidə çəkildikdə ümumi çəkiləri 1,39 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri Lənkəran rayonu Viravul kənd sakini olan Emil adlı şəxsdən şəxsi istifadəsi üçün 03 fevral 2023-cü il tarixdə 30 manat qarşılığında aldığını demişdir. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə saat 13:00-da saxlanılmış, saat 13:10-da isə şübhəli şəxs qismində tutulmuşdur. 04 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən dörd ədəd sellofan bükümdə, ilkin çəkisi 1,39 qram olan narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, Emil adlı şəxsdən öz istifadəsi üçün 30 manat qarşılığında aldığını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli, 19/157 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram, 0,239 qram, 0,411 qram, 0,326 qram, ümumi təmiz çəkisi 1,230 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatı üçün – 0,2 qram (hər ob.-0.05 qram) heroin istifadə edilmiş, 1,030 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 140 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-48/2023 №-li qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad olunmuşdur. `Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Maddi sübut kimi tanınma haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ümumi təmiz çəkisi 1,230 qram heroin və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin ekspertizadan sonra qalıq qalan hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 övladları – xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X4 ilə birlikdə Lənkəran rayonu, Viravul kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü, ailədə yeganə qazanc gətirən şəxs olmasını, 3-cü dərəcə əlilliyi olması, əməlindən səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 04 fevral 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və «ev dustaqlığı» qətimkan tədbirində saxlanıldığı 3(üç) ay 18(on səkkiz) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 7(yeddi) ay 6 (altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1,030 qram narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və «ev dustaqlığı» qətimkan tədbirində saxlanıldığı 3(üç) ay 18(on səkkiz) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 7(yeddi) ay 6 (altı) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonun Viravul kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1,030 qram heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-254/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-254/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver