Məhkəmə qərarları › İş №1(049)-258/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-258/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-258/2024 10.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, pensiyaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 10 dekabr 2024-cü il tarixdə saat 17.29-da baxaraq, məhkəmə müəyən etdi: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutlarının məcmusu əsasında təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 20 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Fizuli küçəsində yerləşən "Qalayçılar məhləsi" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,465 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 22 iyul 2024-cü il tarixdə, saat 21 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 21:00 dəqiqədə Lənkəran şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olan çəkidə psixotrop maddə olan metamfetamin bir ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakı hərəkət edilməmiş, ona psixi təsir göstərilməmiş, ibtidai istintaq zamanı könüllü olaraq ifadələr vermişdir. O, əvəllər məhkum olunmuşdur. Üstündən aşkar olunmuş metamfetamini 20 iyul 2024-cü il tarixdə, saat 19 radələrində "Qalayçılar məhləsi" adlanan yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 40 manata almışdır. Aldığı metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etmək məqsədilə cibində qoymuşdur. 22 iyul 2024-cü il tarixdə,saat 21 radələrində Lənkəran şəhəri Nizami küçəsində piyada hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlayıb Lənkəran polis şöbəsinə gətirmişlər. Orada vəkilin iştirakı ilə və polis işçisinin mobil telefonunun video kamerası ilə çəkiliş aparılmaqla üzərində axtarış aparmışdır. O əynində olan şalvarının cibində olan bir bükümdə metamletamini, "Samsung" markalı mobil telefonunu və 5 ədəd 1 manatlıqdan ibarət cəmi 5 manat pulunu çıxardıb masanın üzərinə qoymuşdur. O da həmin bükülünün içərisində metamfetamin olduğunu və özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün və şahid ifadələri ilə yanaşı, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə ambulator-narkoloji ekspertizalarının rəyləri, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Amil Abdinovun 16 sentyabr 2024-cii il tarixli raportu, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkil Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyəti də olmamışdır. 2024-cü ilin iyul ayının əvvəllərindən etibarən ŞRPŞnin cinayət-axtarış bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarım əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Sonuncu dəfə 22 iyul 2024-cü il tarixdə, saat 12 radələrində ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən 22 iyul 2024-cü il tarixdə Lənkəran şəhər-rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, ŞRPŞnin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 21:00 dəqiqədə Lənkəran şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs baş təhqiqatçı, polis mayoru Vurğun Məmmədovun xidməti otağına aparmışlar. Vurğun Məmmədov tərəfindən, onun, Şahid2 və Lənkəran rayon Vəkil bürosunun vəkili Ədalət Muradovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Vurğun Məmmədov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, Şahid2 "Samsung Galaxy" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Vurğun Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Baş təhqiqatçı Vurğun Məmmədov, Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sol yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu, 5 ədəd 1 manatlıqdan ibarət 5 manat pulu və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. X4 Hüseynovdan həmin bükülünün içərisində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs da bükülünün içərisindəkinin metamfetamin olduğunu və həmin metamfetamini 2 gün əvvəl Lənkəran şəhərində "Qalayçılar məhləsi" deyilən ərazidə özü istifadə etmək üçün üzdən tanıdığı,amma adını bilmədiyi bir nəfərdən 40 manata aldığını bildirmişdir. Bundan sonra, Vurğun Məmmədov üzərində qanunla qadağan olunmuş başqa hər hansı bir əşyanın olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra, X4 Hüseynovun üzərində axtarış aparmış,amma təqdim etdiyi 1 bükümdə olan metamfetaminə bənzər kütlədən başqa onun üzərindən heç nə aşkar olunmamışdır. Vurğun Məmmədov içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd bükülünü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,51 qram olduğunu görmüşdür. Bundan sonra, Vurğun Məmmədov içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd bükülünü bir ədəd zərlə qoymuş və həmin zərfin üzərinə DİN-nin 135 nömrəli möhürünü vurmuşdur. Vurğun Məmmədov, müdafiəçisi Ədalət Muradovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir.Bundan sonra, Şahid2 videoçəkilişi dayandırmışdır. Vurğun Məmmədov 5 manat pulu Təqsirləndirilən şəxs qaytarmışdır. Vurğun Məmmədov protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Vurğun Məmmədov, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefonu protokola əlavə edib götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, Şahid2 da Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə barədə protokoldan, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin bir ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2024-cti il tarixli, 19/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə" sözlər və imzalar olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Tədqiqatdan sonra qalıq çəkisi 0,415 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2024-cii il tarixli, 617 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Amil Abdinovun 16 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oglunun üzərindən aşkar olunaraq götürülmüş xeyli miqdarda bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,465 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq və 20 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri Fizuli küçəsində yerləşən "Qalayçılaı məhləsi" deyilən ərazidə 40 manat müqabilində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,465 qram olan psixotrop maddə olan metamfetamin satmış arıq bədən quruluşlu qarabuğdayı, boyu 160-170 sm, 50-55 yaşlarında olan naməlum şəxsin kimliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,465 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,415 qram çəkidə psixotrop maddə olan metamfetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılır, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSlİ-nin tələbnaməsi və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildən başlayaraq 2010-cu ilədək müxtəlif maddələrlə təqsirli bilinərək 4 dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İşə əlavə olunmuş “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli arayışından və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəlikləri şöbəsində xx.xx.2008-ci il tarixdən qeydiyyatda durur, diaqnozu bel fəqərələrinin vərəmli spondiliti qızğın dövr mərhələsində və ağ ciyərlərinin ocaqlı vərəmli infiltrasiya mərhələsindədir. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, pensiyaçı olmaqla bel fəqərələrinin vərəmli spondiliti qızğın dövr mərhələsində və ağ ciyərlərinin ocaqlı vərəmli infiltrasiya mərhələsində diaqnozu ilə xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Tərlan Hüseynovun əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd oluna Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 0,415 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,415 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar