Məhkəmə qərarları › İş №1(049)-26/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-26/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-26/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin iyul ayında, Lənkəran şəhərində, məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,232 qram, 0,324 qram, 0,207 qram, 0,295 qram, ümumi təmiz çəkisi 1,058 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 16 iyul 2022-ci il tarixdə, saat 15:20 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri Səməd Vurğun küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Liman polis bölməsinin ünvanı ünvan 2 və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin, şalvarının sol yan cibindən isə üzərində narkotik vasitə heroin izləri olan bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı polis əməkdaşı Şahid1 tərəfindən zor tətbiq edimiş, sonuncu onu aldadaraq ona “bu narkotik vasitəni boynuna al barəndə heç bir tədbir görülməyəcək” demişdir. O, da buna görə boynuna almışdır. İttiham aktında qeyd edilən narkotik vasitə və elektron tərəzi ona məxsus deyil və üzərindən aşkar edilməmişdir. Ona demişlər ki, həmin narkotiki boynuna almasa 350 qram verəcək və 3 nəfər də onun üzünə qarşı narkotik vasitə satdığını deyəcək. O, da məcbur olub yazılanlara imza etmişdir. Polis Şöbəsində olarkən polis əməkdaşları narkotik vasitə və elektron tərəzini cibinə qoymuş və daha sonra axtarış keçirilmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 47-48 və 57-59-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, “o, həyat yoldaşı, 2 və 5 yaşlı qızları ilə birlikdə yaşayır. Özü usta kimi fəaliyyət göstərir. Narkotik vasit heroindən bir ildən az müddətdir ki, tüstünü udmaq yolu ilə qəbul edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən alır. Elektron tərəzini isə narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün Lənkəran şəhəri bazar ərazisində tanımadığı şəxsdən alıb üzərində saxlamışdır. 16 iyul 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri mərkəz bazar ərazisinə gəlmişdir. Orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış, ondan narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də satmaq üçün üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəxsdən 20 manat qarşılığında 4 büküm narkotik vasitə heroin alaraq ağrıları olan zaman qəbul etmək üçün üzərində saxlamışdır. 16 iyul 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran rayonu Liman şəhəri Səməd Vurğun küçəsində piyada hərəkətdə, aldığı narkotik vasitə və elektron tərəzi də üzərində olan zaman mülki geyimdə olan, əvvəllər görmədiyi və tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Liman polis bölməsinin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi və üzərində şəxsi axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri, həmçinin elektron tərəzini harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün tərəfindən ona təqdim edilən siyahıdan seçdiyi müdafiəçini dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişin müşayiəti ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan cins şalvarın sol yan cibində olan elektron tərəzini və sağ yan cibində olan 4 ədəd narkotik vasitə heroin bükümünü çıxarıb stolun üzərində qoymuşdur. Ondan həmin bükümlərin nə olduğu soruşulan zaman bükümlərdə “kokos”, yəni heroin olduğunu, istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilmiş dörd bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 1,13 qram olmuşdur. Sonra həmin bükümlərdə olan heroin və elektron tərəzi ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmiş, zərfin üstünə o və müdafiəçisi Ədalət Muradov imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq o və müdafiəçisi tərəfindən imzalanmışdır.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 16 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri, S.Vurğun küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən dörd büküm narkotik vasitə heroinə oxşar maddə, şalvarının sol yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri ərazidə tanımadığı şəxsdən aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi zorakılıq tətbiq edilməmiş, təqsirləndirilən şəxs könüllü surətdə polis bölməsinə gəlmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. 16 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri, S.Vurğun küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən dörd büküm narkotik vasitə heroinə oxşar maddə, şalvarının sol yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri ərazidə tanımadığı şəxsdən aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Onun tərəfindən, habelə onun yanında təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi zorakılıq tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. 16 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri, S.Vurğun küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən dörd büküm narkotik vasitə heroinə oxşar maddə, şalvarının sol yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitəni istifadə etmək üçün Lənkəran şəhəri ərazidə tanımadığı şəxsdən aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və imzalanmışdır. Onun tərəfindən, habelə onun yanında təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi zorakılıq tətbiq edilməmişdir. Cinayət işinin 28-29-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, sol yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kütlənin çəkisi 1.13 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 16 iyul 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, şalvarının sağ yan cibindən 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, sol yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüş, həmin kütlənin çəkisi 1.13 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və elektron tərəzinin özünə aid olduğunu bildirmişdir. Cinayət işinin 42-43-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2022-ci il tarixli, 19/798 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.232, 0.324, 0.207 və 0.295 qram olmaqla ümumi təmiz çəkisi 1.058 qram olan maddə heroindir və kimyəvi tərkibinə görə eynidirlər. Aşkar edilmiş elektron tərəzi üzərində heroin izləri vardır. Ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış beş) manatdır. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli, 790 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 101-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, tədqiqat keçirildikdən sonra qalan 0.898 qram çəkidə heroin və elektron tərəzi maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 5(049)-258/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ayrı-ayrı bükümdə narkotik vasitə ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində heroin izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama dair sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 69-70-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 675 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı Şahid1 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə tutulmasını və xx.xx.2022-ci il tarixdə, yəni təxminən 48 saat ərzində tibbi ekspeetizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə və elektron tərəzi aşkar edilməsini etiraf etməsini, yalnız satış niyyətinin olmamasını bildirməsini, məhkəmə araşdırması zamanı isə ümumiyyətlə üzərində heç bir narkotik vasitə və elektron tərəzi olmamasına dair ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən narkotik vasitə heroin və elektron tərəzi aşkar edilməsinə dair hissəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 16 iyul 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15.20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-68-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 94-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 77-81-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış, nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələri və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017 və xx.xx.2019 təvəllüdlü iki nəfər azyaşlı uşağı var və ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşadığı müddətdə onun barəsində şikayət daxil olmamış, lakin aparılan ictimai işlərdə heç vaxt iştirak etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə və həmin narkotik vasitənin çəkilməsi üçün elektron tərəzi əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 790 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.898 qram narkotik vasitə heroin və elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.898 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar