Məhkəmə qərarları › İş №1(049)-260/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-260/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-260/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, subay, orta təhsilli, işləməyən, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 79 qeydiyyatda olmaqla yaşamış, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzası 06 ay azaldılaraq 01 il 05 ay 27 gün müddətinə endirilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin fevral ayında, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,285 qram, 0,225 qram, 0,261 qram, 0,199 qram ümumi təmiz çəkisi 0,970 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 13 fevral 2023-cü il tarixdə saat 15:50-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan gödəkcəsinin sol yan cibindən 4 ədəd sellofan bükümlərin içərisindən həmin narkotoik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin qızıdırıb tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 20 manata 4 büküm heroin almışdır. Həmin heroinin qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində yaşadığı küçə ilə piyada evinə gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Sonra vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin, o da həmin vaxt üzərində saxladığı 4 bükümdə heroini polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində aşkar ediləcəyini bildiyi üçün əynində olan qış gödəkcəsinin sol yan cibindən içərisində heroin olan 4 ədəd sellofan bükümü və elektron tərəzini çıxarıb təqdim təqdim edərək, təhqiqatçıya bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Heroin bükümlərini təqdim edərkən bükümlər elektron tərəzinin plastik qapağının içərisində olmuşdur. Təqdim etdiyi 4 ədəd büküm heroini Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını ünvanını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını demişdir. Elektron tərəzini isə heroin alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxlamışdır. Tərəzi əvvəllər işləsə də sonradan işləməmişdir. Bunu o sonradan təhqiqatçıya bildirmişdir. Buna görə onun iştirakı ilə tərəziyə baxış keçirərkən tərəzinin işləməməsi onlara məlum olmuşdur. O, heroini tutulduğu gün gündüz saatlarında Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata almışdır. Həmin heroini şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış və heç kəsədə istiafdə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Əlilliyə görə 250 manat təqaüd alır. Həmin pul ilə özünə narkotik vasitə alır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 15:50-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərinin təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbənin rəsinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Ceyhun Cahangirzadə tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qış gödəkcəsinin sol yan cibindən elektron tərəzi və üzərində 4 ədəd bükümdə heroini çıxarıb təqdim edərək, təhqiqatçıya bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Sonra o şalvarının sağ arxa cibindən özünə məxsus mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış aparıldıqda şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd kibrit qutusu aşkar edilmişdir. Üzərindən başqa hər hansı predmet, əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd sellofan bükümlərə baxış keçirdikdə bükümlərin içərisində heroinə bənzər maddə aşkar edilmişdir. Həmin 4 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, onların ümumi çəkisi 1,07 qram olmuşdur. Təhqiqatçı tərəfindən Seyran Səkərovdan təqdim etdiyi bükümlər barədə soruşduqda, Seyran həmin 4 ədəd bükümlərinə içərisində olan maddənin heroin olduğunu, onları Lənkəran şəhər Kiçik bazar adlanan ərazidə üzdən tanıdığı adını ünvanını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, elektron tərəzini isə heroin alarkən onu aldatmasınlar deyə istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş 4 bükümdə heroin və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədilə kağız zərfə qoyularaq zərf möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar təqsdiqini tapmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin çəkisi 1,07 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur, həmin kütləni 13 fevral 2023-cü il tarixdə Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manat qarşılığında almışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarına əlavə edilmiş “əşyaya baxış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qablaşdırılaraq götürülmüş bir ədəd paketdə olan tərəziyə baxış keçirilmiş və həmin elektron tərəzinin işləmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 14 fevral 2023-cü il tarixli 19/198 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,285 qram; -0,225 qram, -0,261 qram, -0,199qram, ümumi təmiz çəkisi -0,970 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 15 fevral 2023-cü il tarixli 185 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınaması məsləhət görülür. Əskərov X3 Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il, 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı rəhbər tutularaq barəsində amnistiya tətbiq edilmiş və cəzası 06 ay azaldılaraq 01 il 05 ay 27 gün müddətinə endirilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu atası 1945-ci il təvəllüdlü X5, anası 1952-ci il təvəllüdlü X4 və qardaşı 1980-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 4(049)-64/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,285 qram; - 0,225 qram, -0,261 qram, -0,199qram, ümumi təmiz çəkisi -0,970 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,810 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu və yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 fevral 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,810 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 13 fevral 2023-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,810 qram təşkil edən narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar