Məhkəmə qərarları › İş №1(049)-267/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-267/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-267/2024 21.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran şəhəri, Koroğlu küçəsi ev 62-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki o, 23 iyul 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanda yaşayan digər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 iyul 2024-cü il tarixdə, saat 17:30 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 3irilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam olaraq təsdiq edir. Bir ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin vasitələri çox zaman Lənkəran şəhəri Qala Xiyabanı ərazisində, ‘Ağ çiçəyim” gül mağazasının yaxınlığında yaşayan, öz evində narkotik vasitə satan Şahid3 alır. Cavidlə uzun illərdir ki, münasibəti var. Bir ilə yaxın müddətdir ki, narkotik vasitəni Caviddən alır. Sonuncu dəfə 24 iyul 2024-cü il tarixdə Cavid adlı şəxsin evinə getmiş, Cavidə 30 manat pul verib öz istifadəsi üçün iki büküm heroin və bir büküm metamfetamin almış, qəbul etmək üçün üzərində olan boş siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu da şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan tanımadığı iki şəxs ona yaxınlaşaraq özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim edib polis şöbəsinə dəvət etmişlər. İnzibati binada vəkilin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı şalvarının sol yan cibindən siqaret qutusu, sağ yan cibindən isə istifadəsində olan “Redmi” markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində olan iki büküm heroin və bir büküm metamfetamin götürülmüşdür. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulmuş, o da iki bükümdə heroin, bir bükümdə metamfetamin olduğunu, Caviddən aldığını demişdir. Bundan sonra protokol tərtib edilmiş və o, da imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra suallara cavab olaraq bildirdi ki, mütəmadi olaraq narkotik vasitə və ya psixotrop maddə istifadə etmir, ayda 1-2 dəfə istifadə etmişdir. Hazırda əməlindən çox peşmandır. Hərbi xidmətdən sonra psixi problemləri olmuş, hazırda psixiatriya dispanserində qeydiyyatdadır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Koroğlu küçəsi ev 62-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdu. Həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa əməliyyat müvəkkili Şahid2 olmuşdur. 24 iyul 2024-cü il tarixdə saat 17 radələrində rəhbərliyi altında Lənkəran şəhəri H.Aslanov Xiyabanına çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədləri çox vaxt həmin ərazidə mütəmadi hərəkətdə olan Təqsirləndirilən şəxs aşkar etmək imiş. Qısa bir müddət sonra Azərə yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə gəlməli olduğunu demişlər. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz imiş. Təqsirləndirilən şəxs onlarla razılaşmış və yolda Azəri nəzarətdə saxlayaraq şöbənin inzibati binasına gəlmişlər. Şöbədə araşdırmanın davam etdirilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Vurğun Məmmədova yaxınlaşmışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən seçilən müdafiəçi - Lənkəran rayon vəkil bürosunun vəkili olan Ədalət Muradov şöbəyə dəvət edilmişdir. Daha sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Azərin üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmış, şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd siqaret qutusu, sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirən zaman içərisindən 1 ədəd kristalşəkilli, 2 ədəd isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Kristalşəkili maddə elektron tərəzidə çəkildikdə çəkisi 0,47 qram, 2 ədəd qəhvəyi rəngli maddə elektron tərəzidə çəkildikdə isə çəkiləri 0,08 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş bükümlər ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Azərin üzərindən aşkar edilmiş telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zaman bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhəri “Ağ çiçəyim” mağazasının yaxınlığında yaşayan Cavid adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Keçirilmiş əməliyya-axtarış tədbirləri nəticəsində həmin şəxsi Lənkəran şəhəri Hacı Nəsir küçəsi ev 6-da qeydiyyatda olan Şahid3 olması müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, da iştirak etmişdir. 24 iyun 2024-cü il tarixdə, təxminən saat 17.30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Aslanov küçədə piyada hərəkət etməsi müəyyən olunaraq Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd siqaret qutusu, sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirən zaman içərisindən 1 ədəd kristalşəkilli, 2 ədəd isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zaman bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhəri “Ağ çiçəyim” mağazasının yaxınlığında yaşayan Cavid adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Keçirilmiş əməliyya-axtarış tədbirləri nəticəsində həmin şəxsi Lənkəran şəhəri Hacı Nəsir küçəsi ev 6-da qeydiyyatda olan Şahid3 olması müəyyən edilmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş, imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. O, özü də, Təqsirləndirilən şəxs də narkotik vasitə qəbul edir. Dəfələrlə olmuşdur ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə vermişdir, lakin heç vaxt pul və ya başqa bir şey müqabilində satmamışdır. Təqsirləndirilən şəxs polisdə hədə qorxu gəlindiyi üçün onun əleyhinə ifadə vermişdir. O, hazırda istintaq təcridxanasında öz işi ilə bağlı saxlanılır. Hazırkı iş üzrə istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, çünki o, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Şahid3 ibtidai istintaq zamanı verdiyi, cinayət işinin 84-86-cı vərəqlərində olan və məhkəmə iclasına elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, təxminən, 10 ilə yaxın müddətdir ki, narkotik vasitələr qəbul edir. İstifadə etdiyi narkotik vasitəni çox vaxt Bakı şəhərində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə hər hansı bir məlumata malik olmadığı şəxslərdən alır. Aldığı narkotik vasitə və psixotrop maddə metamfetamini xırda bükümlərə ayırır, daha sonra həmin bükümləri Lənkəran şəhəri ərazisində tanıdığı bəzi şəxslərə sataraq yenidən istifadəsi üçün narkotik vasitə almaqdan ötrü pul əldə edir. Təxminən, 4-5 gün əvvəl Bakı şəhərində olduğu zaman “Kubinka” deyilən əraziyə gedib orada əvvəllər gördüyü və narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, üzdən tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış, narkotik vasitə aludəçisi olduğunu demiş və ona narkotik vasitə heroin, həmçinin psixotrop maddə metamfetamin satmasını istəmişdir. Həmin şəxs də ona etiraz etməmişdir. Həmin şəxsə 60 manat verib ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını demişdir. Həmin şəxs də ona, təxminən, 1 qram heroin və 2 qrama yaxın metamfetamin vermişdir. O, Lənkəran şəhərinə qayıtdıqdan sonra yaşadığı evdə aldığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özündə olan elektron tərəzidən istifadə etməklə çəkmiş, xırda bükümlərə bölmüşdür. Aldığı narkotik vasitə heroindən və metamfetamindən özü də istifadə etmişdir. 24 iyul 2024-cü il tarixdə saat 16 radələrində əvvəl də ondan narkotik vasitə almış Lənkəran şəhər sakini, uzun illərdir ki, tanıdığı Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir. Ona 30 manat pul verib həmin məbləğ müqabilində Azərə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməyini istəmişdir. O da Azərə bir büküm metamfetamin və 2 büküm heroin vermişdir. Azərə əvvəllər də narkotik vasitə və psixotrop maddə satmışdır. Onların arasında olan alış-veriş bir ildir ki, davam edir. Azər ondan heroin və metamfetamin aldıqdan sonra yaşadığı ünvandan çıxıb getmişdir. Azərdən sonra dayısı oğlu Elvin də ondan istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verməyini istəmişdir. Elvin onlarda qaldığı müddətdə ona narkotik vasitə və psixotrop maddəni o verirmiş. O da ona 1 büküm metamfetamin və 2 büküm heroin vermiş, lakin pay vermiş, pul almamışdır. Təxminən, saat 19 radələrində Elvinlə birlikdə yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istədiyi zaman mülki geyimdə olan üç şəxs onlara yaxınlaşmışlar, özlərini təqdim edib Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını demişlər. Həmin şəxslər onlara narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmaqları barədə məlumatları olduğunu deyib onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib vəkillərin siyahısını ona təqdim etmişlər, daha sonra seçdiyi Müdafiəçi şöbəyə dəvət edilmişdir. Daha sonra müdafiəçilərin iştirakı ilə o və Elvin Kərimovun üzərinə axtarış həyata keçirməyə başlamşlar. Üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etsin. O da əynində olan şalvarın sağ yan cibindən istifadə etdiyi elektron tərəzini, içərisində heroin və metamfetamin bükümləri qoyduğu kiçik ölçülü plastmas qabı, 3 ədəd plastik kartı, sol yan cibimdən isə istifadə etdiyi “Redmi” markalı mobil telefonu və pulunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi plastmas qabın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin bükümləri olduğunu, onları istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin plastmas qaba baxış keçirilərkən içərisində metamfetamin olan 1 ədəd sellofan büküm və içərisində narkotik vasitə heroin olan 9 ədəd sellofan büküm olması müəyyən edilmişdir. Elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisini təyin etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 60 manat qarşılığında aldığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 0,54 qram, 9 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə çəkisi 0,29 olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümlər ekspertizaya təqdim olunması məqsədilə ilə 2 ədəd ayrı zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Elektron tərəzi də ayrıca zərfdə qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar edilmiş 3 ədəd 10 manatlıq, 13 ədəd 1 manatlıq pul əskinasları isə ona qaytarılmışdır. “Redmi” markalı mobil telefonu və 3 ədəd plastik kartı isə götürülmüşdür. Bundan sonra Elvin Kərimova təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya varsa, təqdim etsin. Elvin Kərimov əynində olan şalvarın sol yan cibindən 1 ədəd kiçik ölçülü oyuncaq qabı, sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon və arxa cibindən isə 1 ədəd plastik bank kartı çıxarıb təqdim etmiş, təqdim etdiyi oyuncaq qabın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin qaba baxış keçirilən zaman içərisində 1 ədəd psixotrop maddə metamfetamin və 2 ədəd narkotik vasitə heroin bükümü olması müəyyən edilmişdir. Elvin həmin heroin və metamfetamin bükümlərini öz istifadəsi üçün yaşadığı ünvanda ondan aldığını bildirmişdir. Elvindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisinin 0,48 qram, 2 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,10 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə iki ədəd ayrı zərfdə qablaşdırılmış və möhürlənmişdir. Elvindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və 1 ədəd plastik kart götürülmüşdür. Şəxsi axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Sonda isə protokl tərtib edilmiş və imzalanmışdır. Həmin predmetləri həm istifadə etmək, həm də satmaq məqsədilə əldə etmişdir. Satmağında məqsəd isə yenidən narkotik vasitə və psixotrop maddə almaq üçün pul əldə etmək olmuşdur. Saxlanılan gün Lənkəran şəhər sakini tanışı olan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə satmış, həmçinin qohumum Elvin Kərimov yaşadığı evdə narkotik vasitə və psixotrop maddə vermişdir. Elektron tərəzini bir ilə yaxın müddətdir ki, Lənkəran şəhəri mərkəzi bazarında almışdır. Almaqda məqsədi narkotik vasitə və psixotrop maddəni satmaq üçün xırda bükümlərə bölmək olmuşdur Cinayət işinin 28-30-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 24 iyul 2024-cü il tarixli ‘şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibində olan siqaret qutusunun içərisindən ilkin çəkisi 0,47 qram olan psixotrop maddə metamfetamin, ilkin çəkiləri 0,08 qram olan narkotik vasitə heroin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə, ona məxsus olduğunu, Cavid adlı tanışında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 42-46-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2024-cü il tarixli 19/573 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatın dəyəri 65 manatdır. Tədqiqatdan sonra qalıq çəki 0.384 qramdır. Cinayət işinin 91-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 02 avqust 2024-cü il tarixli, 2258 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azd oğlunun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 115-116-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Əşyanın maddi sübut kimi tanınması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,434 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,384 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmışdır və psixotrop maddə saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 119-125-cı vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, cinayət məsuliyyəti yaratmayan, az miqdarda, yəni 0,065 qram çəkidə olan narkotik vasitə heroinin aşkar edilmə faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün müvafiq sənəd surətləri maddi sübutla birlikdə Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir Cinayət işinin 102-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 97-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 30 iyul 2024-cü il tarixli, 556 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında “emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmə halları ilə” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə, saat 17.30-da saxlanılmış və həmin gün saat 18.10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 26 iyul 2024-cü il, saat 18.00-da MSY-dən azad ediilmişdir. Cinayət işinin 95-96-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X2 şəhəri, Koroğlu küçəsi, ev 62-də atası ilə birlikdə yaşayır, yaşadığı dövrdə ondan şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq, həmin şahidin məhkəmə iclasında verdiyi ifadələri işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmadığı, eləcə də ibtidai istintaq zamanı verdikləri ifadələrlə tam ziddiyyət təşkil etdiyi, ibtidai istintaq zamanı verilən ifadələrin hadisədən az müddət sonra verilməsi ilə hadisə haqqında daha obyektiv və müffəssəl məlumat verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid3 məhkəmə istintaqında verdiyi ifadə sübut kimi qəbul edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, şahidin məhkəmədə verdiyi ifadəsi təqsirləndirilən şəxsin ifadəsi ilə də tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Şahid3 məhkəmədə verdiyi ifadələri özünün barəsində aparılan cinayət təqibi ilə əlaqədar olaraq gələcəkdə ona qarşı istifadə edilə biləcək mümkün sübut kimi istifadə edilməsinin qarşısının alınması məqsədi ilə verilmiş və özünə münasibətdə gələcəkdə cinayət məsuliyyətindən yayınmağa yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə, Şahid3 məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəni sübut kimi qəbul edilərək ittihamın həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 0.434 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təyin edilcək cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş psixotrop maddənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş xeyli miqdarından az miqdarda çox olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən hallarıın, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının, eləcə də psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı etirafedici ifadələr verməsinin nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicəsi azadlıqda olduğu təqdirdə daha effektiv ola bilər. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il, saat 17.30-dan 26 iyul 2024-cü il, saat 18.00-də tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının üç gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.384 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli, 615 saylı nömrəli rəyini nəzərə almaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdən 26 iyul 2024-cü il tarixədək tutulduğu 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 06 gün, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.384 qram psixotrop maddə metametamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar