Məhkəmə qərarları › İş №1(049)-270/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-270/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-270/2024 16.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 17:20 xx xxxx 1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-323/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 7(002)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və xx.xx.2024cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 09 avqust 2024-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,733 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən həmin tarixdə saat 15:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri M.M.Axund küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynindəki şalvarının sağ yan cibindən sellofan bükümdə qeyd edilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 1997-ci il tarixdən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə və metamfetamindən inyeksiya üsulu ilə istifadə etmişdir. Həbsdən çıxandan sonra heç bir yerdə işləməmişdir. 09 avqust 2024-cü il tarixdə saat 15 radələrində Köhnə Bakı-Astara yolunun Velədi kəndindən keçən hissəsində tanımadığı şəxsdən bir bükümdə 30 manata şüşə adlanan metamfetamin almışdır. Həmin metamfetamini şalvarının sağ cibinə qoymuşdur. Təxminən yarım saat keçəndən sonra evə qayıdanda küçə ilə piyada gedən zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşmışlar. Özlərini təqdim edib Lənkəran ŞRPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bütün bunlar videoçəkilişlə qeydə alınmışdır. Ona üzərində narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. O şalvarının sağ yan cibinə qoyduğu bir sellofan bükümdə olan metamfetamini və şalvarının sol yan cibində qoyduğu 1 ədəd “İnfinix” markalı telefonu təqdim etmişdir. Həmin vaxt üstü yoxlanılmış və digər hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin metamfetamin bükümü elektron tərəzidə çəkilmiş və çəkisi 0,79 qram olmuşdur. Sonra həmin bükümü qablaşdırılaraq götürmüşlər. Polis əməkdaşları onu şöbəyə gətirib protokol tərtib etmişlər. O protokolu imza etmişdir. Sonra onu vəkillə təmin edib şübhəli şəxs qismində tutmuşlar. Polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 09 avqust 2024-cü il tarixdə Lənkəran şəhəri M.M.Axund küçəsi ev 2/2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Şahid1 raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 09 avqust 2024-cü il tarixli qərarə əsasən o, Şahid1 və Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 09 avqust 2024-cü il tarixdə saat 15 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 15:40 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.M.Axund küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu və bu səbəbdən onun üzərini yoxlayacağını demişlər. Həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefonla çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs küçədə saxladıqdan sonra elə həmin yerdə videoçəkilişlə üstünü yoxlamağa başlamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən 1 ədəd “İnfinix” markalı mobil telefonu, 1 ədəd alışqanı, arxa sağ cibindən pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər şəffaf sellofan bükümü təqdim edərək bildirmişdir ki, bükümdə el arasında “şüşə” adlanan metamfetamin vardır. Bundan sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üstünü yoxlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa daha heç nə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,79 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş alışqan, 13 manat pul əskinasları və 40 qəpik özünə qaytarılmışdır. Telefon da Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə “şüşə” adlanan metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini istifadə etməkdən ötrü alaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üstünü yoxladıqdan sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində bu barədə protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Rəman Əliyevin üstünü yoxlanması haqqında çəkiliş bir ədəd diskə köçürülərək raport və materialla birlikdə təhqiqatçıya verilmişdir. Təqsirləndirilən şəxs şöbədə müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis kapitanı Coşqun Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bir bükümdə psixotrop maddə metamfetamini kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin metamfetamini tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2024-cü il tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. 09 avqust 2024-cü il tarixli, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsin üstünün yoxlanması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi 0,79 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 19/603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,733 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2024-cü il tarixli, 646 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-323/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 7(002)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 01 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 15 avqust 2024-cü il tarixli, 3106 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda deyildir. Lənkəran ŞİHB-nin xx.xx.2024-cü il tarixli, xx-xx/2726 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Lənkəran şəhəri M.M.Axund küçəsi ev 2/2-də qeydiyyatda olmaqla valideynləri və qardaşı ilə birlikdə yaşamış və yaşayış yeri müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 11 avqust 2024-cü il tarixli, 4(049)-129/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmışdır. «Sübutların qiymətləndirilməsi» haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə 0,733 qram psixotrop maddə metamfetamin və şəxsin üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 1 ədəd DVD diski maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,683 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, şəxsin üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 1 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 avqust 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,683 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,683 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar