Məhkəmə qərarları › İş №1(049)-277/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-277/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-277/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 8(səkkiz) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 8 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəllərində Lənkəran rayonu Göyşaban kəndində, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,372 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,922 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 07 mart 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Paşa Təhməzov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2rilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda anası ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları onun evinə daxil olmuş və onu evindən götürərək Lənkəran ŞRPŞ-nə aparmışlar. Lakin onun üzərinə yerində deyil, polis şöbəsində baxış keçirmişlər. Onu polis şöbəsinə apararaq təzyiq göstərmiş, 3 büküm narkotik vasitə olan heroinin ona məxsus olduğunu deməsini bildirmişlər. O da göstərilən təzyiqlərə görə ibtidai istintaq dövründə həmin heroinlərin ona məxsus olduğunu bildirmişdir. Lakin o ümumiyyətlə heroin qəbul etmir. Həmin günün axşamı tiryək qəbul etmiş, tiryəkdən başqa heç bir narkotik vasitə qəbul etməmişdir. Narkotik vasitə tiryəki tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs son sözündə ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Təxminən, 2 ilə yaxın bir müddətdir ki, narkotik vasitə heroindən tüstüüsün udmaq yolu ilə qəbul edir. Narkotik vasitənin qanunsuz dövriyyəsinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30 dekabr 2022-ci il tarixdə xəstəliyimlə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Ağciyərlərinə su yığılıb daşlaşır, bu səbəbdən də səhhəti yaxşı deyil. Bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran rayonunda bir neçə yerdən, adını bilmədiyi şəxslərdən alır. Sonuncu dəfə 07 mart 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran rayonu Göyşaban kəndinə gedib əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi axtarmağa başlamış, bir az axtardıqdan sonra onu tapmışdır. Həmin şəxsə yaxınlaşaraq narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də olduğunu demişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün 15 manat qarşılığında üç ədəd bükümdə narkotik vasitə heroin almış və ağrıları olan zaman qəbul etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bir neçə saat sonra evə qayıdan zaman - Lənkəran şəhəri Paşa Təhməzov küçəsində hərəkətdə olan zaman üç şəxs ona yaxınlaşmışdır. Həmni şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran şəhərrayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O da həmin şəxslə razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, Murad Adilzadə adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da İntiqam Hüseynov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil şöbəyə gələndən sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərimdə hər hansı bir qanunsuz əşya olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O, cins şalvarının sağ yan cibindən üç ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfində onun üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,05 qram olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitə heroin var, şəxsi istifadəsi üçün tutulmamışdan bir neçə saat əvvəl Lənkəran rayonu Göyşaban kəndində tanımadığı şəxsdən 15 manat qarşılığında almışdır. Bundan sonra təhqiqatçı həmin bükümləri qablaşdırmış, üzərində imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri P.Təhməzov küçəsi ev 4, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlayaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyi tərəfindən yoxlanılmış, daha sonra icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən müvafiq icazə alınanadan sonra əməliyyat qrupu yaradılmışdır. O qrupun rəhbəri təyin edilmiş, qrup üzvləri isə polis sahə rəisi Rafael Quluzadə və polis nəfəri Şahid3 olmuşdur. Onun rəhbərliyi altında 07 mart 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhəri P.Təhməzov küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Müəyyən müddət həmin küçədə hərəkətdə olmuş, ətrafı nəzərdən keçirmişlər. Daha sonra Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Bir az onu izlədikdən sonra yaxınlaşmaq qərarına gəlmişdir. Diqqətli bir şəkildə ona yaxınlaşmış, özlərini Lənkəran ŞRPŞ əməkdaşı kimi təqdim etmişdir, Təqsirləndirilən şəxs da onların ona yaxınlaşmaqlarının səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs barəsində icraatına daxil olmuş və mötəbərliyi yoxlanılan əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyərək üzərində şəxsi axtarış keçirilməsinin vacibliyini izah etmiş və onu şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən gələməyə razı olmuşdur. Polis şöbəsinin inzibati binasına gələndən sonra araşdırmanın davam etdirilməsi təhqiqat bölməsinin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmiş, sonuncu da əynində olan şalvarının sağ yan cibindən üç ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin gün, bir neçə saat əvvəl öz istifadəsi üçün Lənkəran rayonu Göyşaban kəndində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Tərtib edilən protokol bizə ucadan oxunmuş, heç bir narazılıq qeydə alınmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs 6 mart 2023-cü ildə deyil, 7 mart 2023-cü ildə yaşadığı evində deyil, evinin yaxınlığında Lənkəran şəhəri Paşa Təhməzov küçəsində Mühafizə Polisinin yanında saxlanılmış, onun üzərində axtarış isə polis şöbəsinə aparıldıqdan sonra keçirilmişdir. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə buna görə həmin ifadələri təkrarlamağa zərurət görmür. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 07 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 1,05 qram olan üç ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 mart 2023-cü il tarixli 19/267 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş üç ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,372 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,922 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatı üçün 0,15 qram (hər ob.-0,05 qr) heroin istifadə edilmiş, 0,772 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-88/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, Lənkəran rayon məhkəməsi tərəfindən təqdim edilmiş hökmün və Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən təqdim edilmiş qərarın surətindən, habelə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 20 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Əskərov X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 9 ay müddətinə azadlıqdan müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 2 ay 14 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(049)- 117/2022 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağa Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 7(002)-1612/2021 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 8 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 mart 2023-cü il tarixli vaxtından əvvəl azad edilməsi müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,372 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,922 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qaytarılmış qalıq qalan 0,772 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Əskərov X2 şəhəri Paşa Təhməzov küçəsi ev 4, mənzil 26-da yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Tibbi sənədlərə əsasən anamnezində keçirmiş «Psixopatik maddələrin istifadəsi nəticəsində yaranan psixoaktiv pozuntu” qeyd edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsin onun 06 mart 2023-cü ildə yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq aparılması və polis şöbəsində fiziki və psixi təzyiqlərə məruz qalması barədə ifadəsinə qiymət verərək, hesab edir ki, həmin ifadələr iş materiallarında olan sübutlarla təkzib olunmaqla barəsində bəraət hökmü çıxarılması üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 mart 2023-cü il tarixli 245 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Lənkəran rayon prokurorluğunun 80C-2023 №-li material üzrə 13 mart 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi barədə çıxışları ilə bağlı Lənkəran rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və qeyd olunan xüsusatlar öz təsdqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxslərin üzərində hər hansı psixotrop maddə olmaması, onların polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə heroinin qoyulması, 06 mart 2023-cü ildə yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq aparılması, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəməkimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, onun əməlində cinayətin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi aşağıdakı təhlükəli sayılır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırki işin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən və Lənkəran Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmünə əsasən həmin cəzasını çəkib qutardıqdan 2 il müddət keçməmiş yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə dövlət ittihamçısının çıxışının təqsirləndirilən şəxs barəsində şərti məhkum etmənin ləğv edilməsi və CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan azadlıqdan məhreum etmə cəzası ilə hazırki hökmlə təyin ediləcək cəzanın qismən birləşdirilməkdə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi barədə çıxışına qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının həmin çıxışı əsassızdır. Belə ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunan cinayət hüquq normasının məzmunundan müəyyən olunur ki, şəxs cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Hazırki işin hallarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl azad etmə müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən o qeydiyyatdan çıxarılmış, həmin günü saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin təqsirləndirilən şəxsin ona istinad edilmiş əməli cəzanın çəkilməmiş hissəsi ərzində törətməsi cinayət işinin materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə CPM-nin 21.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə istinad edilən əməli Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəzanın çəkilməmiş hissəsi ərzində törətməsinə şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı və təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkdikdən sonra cinayət törətməsi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 mart 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,772 qram çəkidə bir bükümdə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,772 qram çəkidə 3 bükümdə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar