Məhkəmə qərarları › İş №1(049)-279/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-279/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-279/2024 24.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, əlilliyə görə pensiya alan, Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(049)- 260/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 dekabr 2024-cü il tarixdə, saat 10.49-da Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki o, 2024-cü ilin sentyabr ayının əvvəlində, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 1,208 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 10 sentyabr 2024-cü il tarixdə, saat 16:35 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılankən əynində olan köynəyin sol ön cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini inkar edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əməliyyatçılar onu Dodonun təndirxanasının qabağında saxlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasının 3-cü mərtəbəsinə qaldırmışlar. Orada əməliyyatçılardan Rahid təpiklə onun sinəsini vurmuş, onun dişlərini qırmışdır. Sonradan Rahid onun cibinə metamfetamini qoyub onu Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə, qəbirstanlıqla üzbəüz olan YDM-nin yanına aparıb, orada çəkiliş apararaq onun üzərindən həmin metamfetamini aşkar etmişdir. Ona çəkilişdən qabaq bildirmişlər ki, çəkiliş zamanı cibindən metamfetamini çıxarıb desin ki, onu tanımadığı şəxsdən 20 manata almışdır. Verilən sulllara cavab olaraq bildirmişdir ki, əməliyyatçılar 03 nəfər olmuş, onlardan Rahid onu yumruq və təpiklə vurmuş, onun iki dişini sındırmış, məhkəməyə, sanksiyaya gətirildikdən sonra yenidən polis şöbəsinə qayıdacağına görə qorxduğundan hakimə hadisəni olduğu kimi deməmiş, SPİD xəstəsidir, ciyərləri serozdur, son 03 ayda narkotik vasitələrdən istifadə etmir, yalnız spirtli içki içmişdir. Şəxsi axtarışın videogörüntüləri olan DVD diskə baxış keçirildikdən sonra təqsirləndirlən şəxs bildirmişdir ki, döyülməsi barədə Bakı İstintaq Təcridxanasında olduğu zaman şikayət etməmiş, hesab etmişdir ki, bunu məhkəmə iclasında desə daha doğru olar. Son sözündə məhkəmədən ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərli olaraq o, ibtidai istintaq zamanı bildirmişdir ki, valideynləri ilə birlikdə yaşayır. İİ qrup əlildir, QİÇS xəstəliyinin daşıyıcısıdır. Aldığı əlillik pensiyası ilə dolanır, bəzən iş olan zaman fəhləliklə məşğul olur. 9 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələri inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitə və psixotrop maddələri Lənkəran şəhərinin müxtəlif yerlərində adını bilmədiyi, üzdən tanıdığı şəxslərdən alır. Sonuncu dəfə 10 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri mərkəzi bazar ərazisinə gedib orada üzdən tanıdığı şəxsdən psixotrop maddə almış, ağrıları olan zaman qəbul etmək uçün köynəyinin sol ön cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olduğu zaman mülki geyimdə olan tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən birinin əlində mobil telefon olmuş və videoçəkiliş aparmışdır. Həmin şəxslər özlərini polis əmədkaşı kimi təqdim etmişlər, həmin şəxslərdən biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumatı olduğunu demiş, ona təklif etmişdir ki, üzərində qanunsuz nəsə varsa, təqdim etsin. O da köynəyinin sol ön cibində olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Rahid adlı polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 1,3 qram olmuşdur. Bundan sonra həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində ətraflı şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Videoçəkiliş yekunlaşmış və onu polis şöbəsinə aparmışlar. Yusif adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da İntiqam Hüseynov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil şöbəyə gələndən sonra onun izahatı alınmışdır. Həmin metamfetamini Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət əməlini törətmədiyini bildirsə də, onun həmin əməli törətməsi, şahid ifadələri, şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs göstərilən dəlillərinə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə tam, hərtərəfli və obyektiv münasibət bildirmək üçün məhkəmə hesab edir ki, ilk olaraq ibtidai araşdırma orqanın əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi və nəhayət əməlin hüquqi tövsifi həll olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamla bağlı gəldiyi yekun nəticəni təsdiq edən sübutların dairəsi aşağıdakılardır:

1. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.

2. “Təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.

3. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 10 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs köynəyinin sol cibindən ilkin çəkisi 1,3 qram olan psixotrop maddə metamfetamin, şalvarının sol yan cibindən isə bir ədəd “Huavei” markalı mobil telefon aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin və ona məxsus olduğunu bildirmişdir.

4. Məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2024-cü il tarixli 19/650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış şəffaf sellofanda metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 1,208 qram olan ağ rəngli kristallardan ibarət olan maddə - metamfetamindir.Tədqiqatdan sonra metamfetaminin qalığı 1,158 qram olmuşdur. Ekspertiza xərci 65 manat təşkil eləyir.

5. Məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkolojı xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur.

6. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Həmin işlə bağlı məhkəmə iclasında təqsirləndirlən şəxs göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli biir. Əvəllər 4 dəfə məhkum olunmuşdur, əsasən CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin özünə məxsusdur və satış məqsədi olmadan özü istifadə edir. Bununla bağlı hər hansı polis əməkdaşı və ya digər şəxslər tərəfindən ona qarşı hər hansı hədə qorxu, fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmişdir. Təxminən 6- 7 ildir ki, iki gündən bir bədənindəki ağrılarla əlaqədar metamfetamindən istifadə edir. Əlavə olaraq bildirdi ki, 2-ci qrup əlil olmaqla SPİD xəstəsidir, ayağında qanqrenə var, atası isə xərçəng xəstəsi olduğuna görə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş edir.

7. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 863 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir.

8. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə şübhəli və xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində xx.xx.2024-cü ildə ondan aşkar olunmuş psixotrop maddə-metamfetaminin özünə məxsus olduğunu, başında ağrılar olduğuna görə onu şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri Mərkəzi bazar əırazisindən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığını, ağrıları olan zaman qəbul etmək üçün köynəyinin cibinə qoyduğunu, həmin gün saat 16 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olduğu zaman mülki geyimdə olan üç şəxsin ona yaxınlaşdığını, onlardan birinin əlində mobil telefon olmaqla videoçəkiliş apardığını, həmin şəxslər özlərinin polis əməkdaşları olduqlarını, onlardan birinin onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində qanunsuz nəsə varsa təqdim etməyini, o da, cibində olan bir ədəd bükümü çıxarıb təqdim etdiyini, daha sonra onu polis şöbəsinə apardıqlarını, saxlanılarkən və polis şöbəsinə gətirilərkən, eləcə də polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansi fiziki zorun tətbiq olunmadığını göstərmişdir.

9. Şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərindən metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirlən şəxs həmin maddənin özünə məxsus olmasını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxış iclası zamanı üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetaminin ona məxsus olmadığını, həmin əşyanın məhz polis əməkdaşı Rahid tərəfindən döyülərək üzərinə qoyulduğunu bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiə hüququ təmin olunmaqla ibtidai istintaq zamanı verdiyi xx.xx.2024 və xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs kimi verdiyi ifadələrinin sübut qismində qəbul olunmasının yolverilməzliyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, məhz polis əməkdaşı Rahid tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün onun diktə etdiyi formada, yəni metamfetaminin özünə məxsus olması barədə ibtidai araşdırma zamanı əleyhinə ifadələr vermişdir. Məhkəmə ilk olaraq həmin dəlilə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşı tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusat məhkəmə-tibbi ekspertizasını rəyi ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilmiş və bununla bağlı tərtib olunmuş həmin tarixli 863 nömrəli rəylə müəyyən olunur ki, onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı ekspertə məlumat verməmişdir. X7 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşı tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli şübhəli və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşı tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işə əlavə edilmiş məhkumun tibbi kitabçasının surəti və Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavabı ilə təkzib olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki saidin önündə və qarnın ön divarında köhnə çapıq toxuması, hər iki yuxarı və aşağı ətraflarda, hər iki qasıq büküşündə postinyeksion döyənəklər aşkar edilmişdir. Göründüyü kimi, təqsirləndirlən şəxs döyüldüyünü və dişlərinin qırıldığını göstərsə də, onun göstərdiyi xüsusatlar yuxarıda göstərilmiş sənədlərlə inkar olunur. Bundan əlavə təqsirləndirlən şəxsin göstərdiyi hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə bir daha təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdu. Həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 var imiş. 10 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində rəhbərliyi altında Lənkəran rayonu Şəhidlər Xiyabanı küçəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin ərazidə mütəmadi hərəkətdə olan Təqsirləndirilən şəxs aşkar etmək imiş. Qısa bir müddət sonra Seyranı aşkar etmişlər. Şahid3 videoçəkiliş etməyə başlamış, videoçəkiliş müşayiəti ilə Seyrana yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Seyran da razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs köynəyinin yuxarı sol cibindən bir ədəd şəffaf sellofan büküm, şalvarının cibindən də bir ədəd “Huawei” markalı mobil telefon çıxarıb təqdim etmiş, üzərindən aşkar edilmiş predmetin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Predmet elektron tərəzidə çəkildikdə çəkisi 1,3 qram olmuşdur. Həmin predmet ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, şöbədə protokol tərtib edilərək imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxsi heç kəs döyməmiş və ya söyməmişdir. Onlara Seyranın narkotik vasitələrinin satışı ilə bağlı məlumat daxil olmamışdır. Ona metamfetamini satan şəxsi müəyyən edə bilməmişlər. Seyran Lənkəran ŞRPŞ-nin MSY-nə daxil olmamışdan əvvəl yoxlanılıb və onun bədəni üzərində hər hansı bir xəsarətin olması aşkar olunmamış, onu küçədə saxlamışlar və bu barədə videoçəkiliş də aparılmış, saxlanıldığı yer onun evinə yaxın ərazi olmuş, Seyranın dişi sınmamış və ona təpik vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 da Rahid Əsgərovun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən təqsirləndirlən şəxsi Şəhidlər Xiyabanı küçəsində saxlayıb çəkliş aparılmaqla üzərində olan metamfetamini aşkar etmişlər. Onu əvvəllər tanımamışdır. Onu şöbəyə gətirmişlər və onu döyən olmamışdır. Əməliyyat məlumatı Rahidə daxil olmuşdur Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd olunan bu hallar Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə münasibətdə məhkəmədə verdiyi ifadəsinin məntiqli və ardıcıl olmadığını təsdiq edir, ümumiyyətlə onun məhkəmədə verdiyi müvafiq məzmunlu ifadəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən azad olunmaya hesablanmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, məhkəmə düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə ibtidai araşdırma orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş və məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə Təqsirləndirilən şəxsin üzərindən 1,208 qram olan psixotrop maddə metafetaminin aşkar olunması, onun məhz ona məxsus olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, İşdə olan şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan tələbnamə, hökmün və qərarın surətlərindən görünür ki, Əskərov X4 Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(049)-260/2023 saylı hökmü ilə Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirili bilinərək 01 il 06 ay müddətindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşə əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsinin məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Nizami Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə 1.158 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı qeydə alınmış videoçəkilişə dair 01 ədəd DVD diski maddi sübut qismində tanınmışdır. İşdə olan DSMF-nun 1 saylı Lənkəran - X5 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olmaqla İİ dərəcəli əlilliyə görə pensiya alır. İşdə olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, təqsirləndirlən şəxsin harada yaşaması barədə heç bir məlumat olmadığı üçün onun ailə tərkibi barədə arayış və xasiyyətnamənin verilməsi imkan xaricindədir. Əməlin hüquqi tövsifinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunduğu CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə iclasında müəyyən olundu ki, Nizami Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkolojı xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 1,158 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkolojı xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 1,158 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar