Məhkəmə qərarları › İş №1(049)-28/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-28/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-28/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 03 oktyabr 1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq övladları xx.xx.2004-cü il təvəllüdlü Röyad Ələkbərov, xx.xx.2006-cı il təvəllüdlü Yunis Ələkbərov və xx.xx.2013-cü il təvəllüdlü Yasin Ələkbərlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər uşağa hər ay 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızına ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(049)-2519/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 24 iyun 2021-ci il tarixdə 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək zərərçəkmiş şəxs Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızına 9620,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızı ilə 2003-cü ildə evlənmiş, 10 sentyabr 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan 3 övladları doğulmuşdur. Evləndikdən sonra Kəminə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Kəminə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün, hər ay 120,00 manat olmaqla, aylıq 360,00 manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızına ödəməlidir. Bu barədə icra sənədi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Bakı şəhərində fəhlə işləmiş, aylıq qazancı 450,00 manat olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar icra müddətində Kəminəyə aliment borcundan ödəniş etməmişdir. Qalıq aliment borcunu ödəyə bilmədiyindən qətnaməni icra etməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşiman olmasını, hazırda zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini, heç bir aliment borcunun olmamasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində balanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə evlənmiş, birgə nikadan 3 övladları doğulmuşdur. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Rəşad uşaqları ilə maraqlanmamış, bir ailə kimi yaşamaqları mümkünsüz olması ilə əlaqədar nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün, hər ay 120,00 manat olmaqla, aylıq 360,00 manat sabit pul məbləğində aliment tutularaq tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkmiş, icra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməmişdir. Zərərçəkmiş şəxs Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızı məhkəmə çıxışında bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış və zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(049)-2519/2019 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq övladları xx.xx.2004-cü il təvəllüdlü Röyad Ələkbərov, xx.xx.2006-cı il təvəllüdlü Yunis Ələkbərov və xx.xx.2013-cü il təvəllüdlü Yasin Ələkbərlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər uşağa hər ay 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızına ödənilsin. İcraata başlama haqqında 13 yanvar 2020-ci il tarixli Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş qərardan görünür ki, Lənkəran rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(049)-2519/2019 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Tələbin könüllü icrası barədə 13 yanvar 2020-ci il tarixli bildirişdən görünür ki, Lənkəran rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(049)-2519/2019 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 3(049)-642/2021 nömrəli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(049)-384/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. Lənkəran Şəhər, rayon polis şöbəsinin 29 noyabr 2022-ci il tarixli, 154-38495-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində tutularaq Lənkəran ŞRPŞ-nin MSY-yə yerləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 03 dekabr 2022-ci il tarixli, 8744 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. 12 yanvar 2023-cü il tarixli Quliyeva (Ələkbərova) Kəminə Vaqif qızı tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 9620,00 manat maddi ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə, yəni Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(049)-2519/2019 nömrəli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixədək yaranmış 9620,00 manat aliment borcunun məhkəmə istintaqı dövründə ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icrata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar