Məhkəmə qərarları › İş №1(049)-283/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-283/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-283/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-378/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 2 il 7 ay 14 gündən ibarət hissəsi çəkilməmiş qalmış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-90/2023 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,411 qram, 0,424 qram, ümumi təmiz çəkisi 0,835 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Mirmustafaxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümlərdə və çəkilərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. İndiyədək istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində piyada yol gedərkən polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Üzərində şəxsi axtarış aparılarkən o, əynindəki şalvarın cibində saxladığı narkotik vasitəni çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, B.Mirsalayev küçəsi, ev 30 ünvanında yaşayır və daimi olaraq heç yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində ayrı-ayrı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhəri, “böyük bazar” adlanan yerə tərəf getmiş, üzdən tanıdığı narkotik vasitə və psixotrop maddə satıcısı olan şəxslə rastlaşıb ondan 15 manata iki bükümdə heroin almış və üzərində saxlamışdır. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, iki bükümdə heroini öz istifadəsı üçün almışdır. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində o, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz seçimi əsasında dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməyə başlanmışdır. Əvvəlcə ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. O da əynindəki şalvarın cibindən iki ədəd narkotik vasitə heroin bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və içərisində qəhvəyi rəngli, “kakos” deyilən narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Onun polis əməkdaşlarına təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir, daha sonra bu barədə protokol tərtib edilmişdir. O özü də həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. O özü qrupun rəhbəri olmuş, onunla birlikdə əməliyyat müvəkkili Şahid2 və polis sahə rəisi Şahid3 da tədbirin keçirilməsində iştirak etmişlər. xx.xx.2023-cü il tarixdə axşam saat 16:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Mirmustafaxan küçəsində saxlayıb Lənkəran ŞRPŞ-nin inzibati binasına aparmışlar. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Murad Adilzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz seçimi əsasında vəkil dəvət olunaraq dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sol yan cibindən 2 ədəd sellofana bükülmüş kütlələr çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş və həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Bükümlərin çəkisinin 0,93 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ilə bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Həmin bükümləri xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən cəmi 15 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi də protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş video görüntülər olan diskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:00-dan başlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin bükümlərdəki narkotik vasitələr elektron tərəzidə çəkilərkən cəmi çəkisinin 0,93 qram olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2023-cü il tarixli 19/285 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr...” sözləri və imzalar olan 1 ədəd zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,411 qram və 0,424 qram, ümumi təmiz çəkisi 0,835 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat obyektinin hər birinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,735 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Özcan Quluzadənin sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,735 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd CD disk maddi sübut qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair tərib edilmiş xx.xx.2023-cü il tarixli 276 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə gətirilmiş və həmin gün saat 16:50də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-90/2023 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-378/2022 nömrəli hökmündən, Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 85 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixədək qeyd olunan hökm üzrə onun üzərində azadlığın məhdudlaşdırılması cəzasının 2 il 7 ay 14 gündən ibarət hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1805 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, B.Mirsalayev küçəsi, ev 30 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə üzvləri arvadı X6, övladları - 2004-cü il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən onun könüllü olaraq narkotik vasitəni təqdim etdiyini, həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, habelə, təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini, əvvəlki hökm üzrə ona təyin edilən cəza tədbirindən nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni növlü cinayəti törətdiyini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-378/2022 nömrəli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş qalan 2 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 1 il 3 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə birləşdirilməlidir. Məhkəmə işin faktiki hallarına görə Təqsirləndirilən şəxs hazırki iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edərkən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə deyil, qismən birləşdirməklə qəti cəza təyin edilməsini qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/285 nömrəli rəyinin və Təqsirləndirilən şəxs barəsində polis əməkdaşlarının tərtib etdiyi “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolun nəticələrini müqayisə edərək narkotik vasitənin çəkisinin məhkəmə-bioloji ekspertizası tərəfindən daha dəqiq müəyyən edilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin xalis çəkisinin ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda - 0,835 qram olmasını qəbul edir. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, 2 bükümdə cəmi 0,735 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-378/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş qalan 2 il 7 ay 14 gündən ibarət hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 1 il 3 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə qismən birləşdirilərək ona qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 2 bükümdə cəmi 0,735 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin verilmədiyi və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar