Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-284/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 12:45 xx xxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 20 iyul 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 150,00 manat olmaqla, iki uşaq üçün hər ay 300,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1792/2020 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs 7220,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdib edib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci ildə Mələk və xx.xx.2015-ci ildə Qismət adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Arzu ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 150,00 manat olmaqla, iki uşaq üçün hər ay 300,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Bu barədə icra sənədi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Aliment pulunu ödəsə də, işləyə bilmədiyi üçün aliment ödənişlərində gecikmələr yaranmış, nəticədə aliment borcu yığılmışdır. İcra məmuru tərəfindən tərtib edilmiş protokola əsasən Lənkəran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Qətnamə üzrə aliment borcundan Arzuya 4480,00 manat ödəniş etmişdir. Hazırda yığılmış aliment borcundan 1500 manat ödəniş etmək istəsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onunla razılaşmayaraq aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci ildə Mələk və xx.xx.2015-ci ildə Qismət adlı iki uşağı doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 150,00 manat olmaqla, iki uşaq üçün hər ay 300,00 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs fəhlə işləyir. Aylıq 500,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmuruna müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmuru tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan cəmi 4480,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Təqsirləndirilən şəxs tərəfindən təklif edilən 1500 manat aliment pulunu qəbul etmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1792/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Lənkəran rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 8(049)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik tam yerinə yetirilməmiş, icra sənədi üzrə cəmi 4480,00 manat ödəniş edilmiş, 7220,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(049)-1792/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində olmaqla hər ay hər uşaq üçün 150,00 manat olmaqla, iki uşaq üçün hər ay 300,00 manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(049)-1792/2020 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 8(049)-44/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, təqdimat təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(049)-1792/2020 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1051/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin könüllü icrası tələb edilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Axtarışda olan şəxsin tutulması barədə 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilmişdir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində qeyd olunan qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nin Separadi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əhmədov X3 rayonu, Tükəvilə kəndində anası və qardaşı ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84- 2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Əhmədov X3 Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(049)-1792/2020 nömrəli icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs həm ibtdai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi ifadələr verməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmini və ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixədək 2 gün həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş baqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-284/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-284/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver