Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-290/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhəmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında CM-nin) 148-ci maddəsi ilə cinayət işinin başlanmaqla icraata qəbul olunması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması haqqında hökm çıxarılması ilə bağlı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayət verərək, X3 barəsində CM-nin 148-ci maddəsi ilə cinayət işinin başlanmaqla icraata qəbul olunması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması haqqında hökm çıxarılmasını xahiş etmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayətçi Anar İsayev barəsində şikayət verilmiş şəxs Arif Məmmədovun onu bir neçə nəfər tanışının yanında təhqiramiz ifadələrlə təhqir etdiyini, nalayiq davrandığını bildirib sonuncunun cinayət məsuliyyətinə cəlb edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə baxış iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X3 barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ilə barışmış və barışdığını nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətindən imtina etdiyini və barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X3 ilə barışdığını və ondan heçbir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs, Arif Məmmədovun barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcürbəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3№-li Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); Azərbaycan Respublikası CPM-in 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin CPM-in 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-in 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2, 39.1.9, 41.7 və 87.6.15-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.9-cu maddəsinə (zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda) əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-290/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-290/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver