Məhkəmə qərarları › İş №1(049)-293/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-293/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-293/2023 27.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Liman şəhəri, X16 küçəsi ev 173/3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, Lənkəran şəhəri mərkəzi bazarında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X10 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Liman şəhəri X16 küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvanı ünvan 1 və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. O, Lənkəran rayonu, Liman şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Liman şəhəri ərazisində günorta radələrində çayxanada olarkən Liman şəhər Polis bölməsinin əməkdaşları onu saxlayaraq qara rəngli maşınla polis bölməsinə aparmışlar. Saxlanıldığı tarixi dəqiq xatırlamır. Bundan sonra həmin gün polis əməkdaşları onunla birlikdə yaşadığı evə gedərək, orada axtarış aparıblar və heç nə tapmayıblar. Polis bölməsində olarkən polis əməkdaşları ona marixuana verərək, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna alamasını bildiriblər və deyiblər ki, əgər boynuna almasa üzərinə başqa bir narkotik vasitə qoyacaqlar. Polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, qorxduğu üçün çəkiliş zamanı həmin marixuananın özünə məxsus olduğunu bildirmişdir. Özü siqaret belə çəkmir və narkotikdən heç vaxt istifadə etməmiş, lakin spirtli içki qəbul etmişdir. Onu bir gün polis bölməsində saxladıqdan sonra videoçəkilişlə üzərinə baxış keçiriblər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilməmişdir. Saxlanıldığı gündən sonrakı gün o, polislər tərəfindən Lənkəran Polis İdarəsinə və X1 aparılmışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, həyat yoldaşı və 25 yaşlı oğlu ilə birlikdə yaşayır, iki qızı evlidir, 3 nəvəsi var. 30 ilə yaxındır ki, taksi sürücüsü kimi fəaliyyət göstərir, bu yolla ailəsini dolandırır. Özünə məxsus olan “Megan” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Narkotik vasitə olan qurudulmuş marixuanadan 1-2 dəfə istifadə etmişdir. Sonuncu dəfə nə zaman istifadə etdiyini xatırlamır. 12 aprel 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar ərazisinə gedib orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə qurudulmuş marixuana almış, həmin bükümü vinston markalı siqaret qutusunun içərisinə, qutunu da şalvarının sağ yan cibinə qoymuşdur. Düşünmüşdür ki, boş zamanında qəbul etsin. 13 aprel 2023-cü il tarixdə, axşam saatlarında Lənkəran şəhəri X16 küçəsində evi istiqamətində hərəkətdə olan zaman üç tanımadığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini X10 əməkdaşı kimi təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu, bu səbəbdən də üzərində X10 inzibati binasında şəxsi axtarış keçirilməli olduğunu deyib onu Liman polis bölməsinə dəvət etmişlər. O da müqavimət göstərməyin mənasız olduğunu görüb təkliflərini qəbul etmişdir. İnzibati binada özünü Coşqun Qasımov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu deyib vəkillərin siyahısın təqdim etmiş və müdafiəçi seçməyini istəmişdir. O da İntiqam Hüseynov adlı vəkili seçmişdir. Həmin müdafiəçi polis bölməsinə dəvət edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş predmet olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarının sağ yan cibində olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutuya polis əməkdaşı tərəfindən baxış keçirildikdə içərisində olan, sellofan torbaya bükülmüş marixuana aşkar edilmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış həyata keçirmiş, lakin qanunsuz predmet aşkar edilməmişdir. Həmin bir ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 7,41 qram olmuşdur. Büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində o və vəkil, həmçinin təhqiqatçı imza etmişdir. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində marixuana var, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat qarşılığında almışdır. Sonda isə protokol tərtib edilmiş, onlar da imza etmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə Lənkəran rayonu, Liman şəhəri, Sabir küçəsində digər polis əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbiri keçirmişlər və o, da əməliyyatda iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq, onların tərəfindən Liman polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlanılmışdır və polis əməkdaşları tərəfindən Şevrolet Aveo markalı avtomobillə polis bölməsinə aparılmışdır. Polis bölməsində Tahir Sultanovun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Tahir Sultanov üzərində olan siqaret qutusunun içərisində olan marixuananı çıxarıb təqdim etmişdir və şifahi sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu polis əməkdaşlarına bildirmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarışda o, özü də iştirak etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X10 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması ilə əlaqadar ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında tərəfindən xatırladığı qədər 10 aprel 2023-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilərək, Təqsirləndirilən şəxs yaşadığı Liman şəhəri ərazisində, X16 küçəsində piyada hərəkətdə olarkən yaşadığı evdən 200 metr aralıda, işıq dirəyinin altında, dəmir yolunun yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə yolun hər iki tərəfində yaşayış evləri var idi. Əməliyyat-axtarış qrupunun rəhbəri o, özü olmuşdur və tədbir zamanı videoçəkiliş aparılmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evinə daxil olunmamış və onu evinə baxış keçirilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə polis əməliyyat müvəkkili Şahid1 icratına Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz saxlaması ilə əlaqadar əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə əməliyyat qrupu yaradılmışdır və o, özü də əməliyyat qrupuna daxil edilmişdir. İştirak etdiyi əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri ərazisində piyada hərəkətdə olarkən saxlanmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs Liman polis bölməsinə polis əməkdaşı Şahid1 məxsus olan avtomobillə aparılmış və polis bölməsində onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş polis əməkdaşı Şahid3 tərəfindən aparmışdır. Şəxsi axtarış zamanı hal şahidi iştirak etməmişdir. Həmin gün bir neçə əməliyyat tədbiri keçirdikləri üçün Təqsirləndirilən şəxs Liman şəhərinin dəqiq hansı ərazisində saxladıqlarını xatırlamır. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun 66 yaşı vardır və Liman şəhərində yerləşən çayxananın qarşısında taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır və o, da taksi fəaliyyəti ilə məşğul olur. Onlar tarixini dəqiq xatırlamadığı vaxtda günorta saat 10 – 11 radələrində Sultanla birlikdə çayxanada olarkən bir polis əməkdaşı Sultanı çağırmışdır. Bu zaman bir nəfər mülki geyimdə olan şəxs də onlara yaxınlaşmışdır və Sultanı tutub aparmışlar. Həmin şəxslər X12 markalı avtomobilə mindirərək aparmışlar və avtomobil çayxanadan 10-12 metr aralıda dayanmışdı. Bundan 2-3 gün sonra Sultanı yenidən görmüşdür. Sultanın siqaret çəkdiyini heç vaxt görməmişdir. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. Belə ki, onun pəncərəsi Sultanın həyətinə baxır. 12 aprel 2023-cü il tarixdə görmüşdür ki, 2 nəfər polis geyimində və 2 nəfər mülki geyimdə şəxslər Təqsirləndirilən şəxsla birlikdə onun həyətinə girmişlər. Sultanı polis maşını ilə gətirmişdilər və onun əlinə qandal vurulmuşdu. Həmin vaxt Sultanın evində heç kəs yox idi və günortadan bir az qabaq idi. Həmin şəxslər Sultanla birlikdə bir müddət evdə olduqdan sonra birlikdə çıxıb getdilər. O, özü həmin həyətdə 33 ildir ki, yaşayır. Oğlu həbsdədir və həmin gün oğlu üçün yola salmaq üçün sovqat hazırlamışdı və bu səbəbdən də tarix onun yadında qalmışdır. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Şaka” ləqəbi ilə tanıyır. O, Sultana bir müddət əvvəl hissə-hissə ödənişlə Renault Magan avtomobili də satmışdır və ilkin olaraq ona 2.500 manat ödəmişdir. 12 avqust 2023-cü il tarixdə Sultan ona zəng edərək 5.000 manat pul istəmişdir. Telefon danışığında bildirmişdir ki, onu tutublar və ona təcili olaraq pul lazımdır. O, Sultana bildirmişdir ki, onda həmin məbləğdə pul yoxdur və bir neçə zəngdən sonra telefonunu söndürmüşdür. Həmin tarix onun ad günündən bir gün əvvəl olduğu üçün tarixi dəqiq xatırlayır. Sultanla mütəmadi telefon danışıqları olur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd Vinston adlı siqaret qutusunda olan şəffa selofana bükülmüş narkotik maddə olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maruxuanaya bənzər kütlə olan 1 ədəd şəffa selofanda olan büküm elektron tərəzidə çəkilmiş və kütlənin çəkisinin 7,41 qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin kütlə marixuanadır və ona məxsusdur. Həmin kütləni Lənkəran rayonu Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 15 manata alaraq, öz istifadəsi üçün saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 14 aprel 2023-cü il tarixli 19/456 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 7,031 qram olan bitki mənşəli kütlə tərkibində olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertizanın dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 14 aprel 2023-cü il tarixli 440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qərarı əsasında keçirilmiş əlavə ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 24 avqust 2023-cü il tarixli 829 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq (narkomaniya) sindromu aşkar edilməmişdir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istindadə etdiyi 050 531 79 25 saylı mobil nömrə, polis əməkdaşları Şahid1 istifadəsində olan 010 521 11 02 saylı mobil nömrə, Şahid2 istifadəsində olan 050 373 37 03 saylı mobil nömrə, Şahid3 istifadəsində olan 050 547 96 61 saylı mobil nömrələrin götürülərək 10 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək olan müddətə onların hansı ərazilərdə olmaları ilə bağlı anten dairələrinin çıxarılması və yoxlanması barədə məhkəmənin verdiyi sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 15184 nömrəli məktuba əlavə edilmiş CD diskdən görünür ki, 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və polis əməkdaşları Şahid1, Şahid2 və Vəliyev X4 rayonu, Liman şəhərində anten dairəsində olmuşlar. “Sübutların qiymətləndirilməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd selofan bükümdə, təmiz çəkisi 7,031 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 6,981 qram qalığı və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra geri qaytarılmış 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 6,981 qram olan narkotik vasitə qurudulmuş marixuana Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmışdır. Məhkəmə baxışı zamanı baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən DVD disk-dən müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd Vinston adlı siqaret qutusunda olan şəffa selofana bükülmüş narkotik maddə olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maruxuanaya bənzər kütlə olan 1 ədəd şəffa selofanda olan büküm elektron tərəzidə çəkilmiş və kütlənin çəkisinin 7,41 qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin kütlə marixuanadır və ona məxsusdur. Həmin kütləni Lənkəran rayonu Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 15 manata alaraq, öz istifadəsi üçün saxlamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə tutulmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər Rayon X11 polis bölməsi tərəfindən təqdim edilmiş 3-13-96-1/2- 1305/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğuna görə 13 aprel 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirilmiş, Lənkəran ŞRPŞ-nin təhqiqatçısı X14 PB-nin inzibati binasında video çəkilişlə üzərinə şəxsi axtarış keçirmiş, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində narkotik vasitə olduğunu bildirərək təqdim etmişdir. Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə və Liman PB-nə gətirilməmişdir.” Lənkəran Şəhər Rayon X11 polis bölməsi tərəfindən 3-13-96-1/2-1579/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş “polis orqanına gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “üzərindən narkotik vasitə aşkar edilməsi” səbəbindən 13 aprel 2023cü il tarixdə saat 20:10-da polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 tərəfindən Lənkəran ŞRPŞ-nin Liman PB-nə gətirilmiş və həmin gün saat 21:40-da X9 təhvil verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Tahirov X3 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 173/3 ünvanında yaşayır və ailə üzvləri – X2, X5, X7 və X8r və o, yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu olan X5 Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən psixi təsirə məruz qaldığına görə təqsirini etiraf etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs məhkəmə istintaqında olduğu kimi ibtidai istintaqda da, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin edilməsi özülüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi ifadələrinin aşkara çıxarılmasını təmin edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi onun gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının “təqsirləndirilən şəxsin cinayət işinin materillarında gösətrilən tarixdə yəni 13 aprel 2023-cü il tarixdə axşam saatlarında deyil, 12 aprel 2023-cü il tarixdə günorta saatlarında Liman şəhəri ərazisində çayxanada olarkən Liman şəhər Polis bölməsinin əməkdaşları onu saxlayaraq qara rəngli maşınla polis bölməsinə aparması, bundan sonra həmin gün polis əməkdaşları onunla birlikdə yaşadığı evə gələrək, orada axtarış aparmaları, polis bölməsində olarkən polis əməkdaşlarının ona marixuana verərək, çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna alamasını bildirmələri, boynuna almayacağı təqdirdə üzərinə başqa bir narkotik vasitə qoyacaqlarını bildirməsi, polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, bir gün polis bölməsində saxladıqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilməsi” barədə göstərdikləri məhkəmə istintaqında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, anten məlumatlarla bağlı götürülmüş CD disk, Lənkəran Şəhər Rayon X11 polis bölməsi tərəfindən təqdim edilmiş 3-13-96-1/2-1305/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-13-96-1/2-1579/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktublar, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, Şahid5 və Şahid6 ifadələrinə qiymət verərək, hesab edir ki, həmin şahidlərin ifadələri Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin şahidlər Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitənin olubolmamasına deyil, yalnız Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən tutulması yeri, tarixi və təqsirləndirilən şəxsin yaşadığı mənzildə axtarış elan edilməsi ilə əlaqədar ifadələr vermiş, sonuncunun üzərində narkotik vasitələrin olub-olmamasından məlumatlı olmamışlar. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və övladının “Cəbrayılın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq əsas cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayonu, Liman şəhəri, X16 küçəsi ev 173/3 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi naroloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,981 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 aprel 2023-cü ildən 15 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Liman şəhəri, X16 küçəsi ev 173/3 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi naroloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,981 qram təşkil edən narkotik maddə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar